Tarixi
mirasın tolerantlıq dərsləri
Noyabrın
16-sı Beynəlxalq Tolerantlıq Günüdür. AZƏRTAC bununla bağlı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İcraçı direktoru Rəvan Həsənovun “Tarixi
mirasın tolerantlıq dərsləri” sərlövhəli məqaləsini
təqdim edir.
Bəşəriyyət
tarixi təkamül prosesinin qanunlarına tabe olan, bir-birini ara
vermədən əvəzləyən və sonsuz dəyişikliklərdən
ibarətdir. Harmoniyanın və ahəngdarlığın əldə
olunması yolunda qazanılan bütün uğurlar məhz bu
transformasiyanın nəticəsidir. Nəsillərin minilliklər
boyu topladığı zəngin təcrübə, saysız
uğurlar əslində, elə bir potensialdır ki, onun
öyrənilməsi və təbliği vacib olmaqla
yanaşı, həm də insanlığı narahat edən
bütün taleyüklü suallara aydın və əhatəli
cavablar verir.
Lakin
onu da təəssüf hissi ilə qeyd etmək lazımdır
ki, tarixin sınaqlarından, həyat təcrübəsindən
çıxmış müdriklik dərsləri gələcəyə
uzanan yolları heç də həmişə
işıqlandırmır. Bunun səbəbi isə tarixi təcrübənin
azlığından deyil, bəşəriyyətin
unutqanlığından, əvvəlki dövrlərdə
buraxılan səhvlərdən ibrət dərsi
almamasından, onları yenə də təkrar etməsindən
irəli gəlir.
1995-ci
ilin noyabr ayının 16-da UNESKO-nun “Dözümlülük
prinsipləri haqqında” Bəyannaməsi elan olunub. Bu
günü dünya Tolerantlıq Günü kimi qeyd edir. 1997-ci
ildə isə BMT-nin Baş Assambleyası xüsusi qətnamə
ilə üzv dövlətlərə həmin tarixin beynəlxalq
səviyyədə qeyd olunmasını təklif edib. Bu əlamətdar
bayram irqindən, dilindən, dinindən, sosial mənşəyindən
asılı olmayaraq, bütün insanların bu günü və
gələcəyi naminə onlar arasında etnik və mədəni
müxtəlifliyin düzgün, səmimi dərk edilməsi,
qarşılıqlı dialoqun, əməkdaşlığın,
birgə yaşayış normalarının qurulmasının
vacibliyini bir daha xatırlatmaq, onları daim gündəmdə
saxlamaq üçün təsis olunub. Beynəlxalq sənədlərdə
“tolerantlıq” kimi təsbit olunmuş bu prinsip dünyanın
etnik və mədəni müxtəlifliyinin, özünü
ifadə tərzlərinin, fərdiliyin düzgün dərk
edilməsinə yönəldilib. Həmin sənədi birincilər
sırasında dəstəkləyən Azərbaycan
Respublikası indi bütün dünyada həm də etnomədəni
münasibətlərə, fərdiliyə, özünü
ifadə tərzlərinə tolerant münasibət göstərən
nümunəvi dövlət kimi tanınır. Odur ki, biz
“ümumbəşəri mədəniyyət” dedikdə, onun
bütün etnik mədəniyyətlərin toplusu, bəşəriyyətin
ortaq tarixi-mədəni irsi olduğunu xüsusi qeyd etməliyik.
Onu da vurğulamalıyıq ki, müasir dövrdə
tolerantlıq prinsipləri həm də dünyada sülh və
təhlükəsizliyin, qarşılıqlı faydalı əməkdaşlığın,
xalqların hüquq bərabərliyinin, mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun bərqərar olunmasına
istiqamətləndirilmiş beynəlxalq səylərin
ayrılmaz tərkib hissəsidir.
Ümumbəşəri
mədəniyyət zəngin, rəngarəng və
çoxşaxəlidir. O, tarix boyu Yer üzündə
yaşamış bütün xalqların, nəsillərin
topladığı misilsiz mirasa - təcrübəyə
söykənir. Bu unikal və universal dəyərlər sistemi
etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq,
hamıya və hər kəsə məxsusdur. Onu
insanlığın ən qiymətli sərvəti olaraq
müxtəlif dövrlərdə dünyanın bütün
xalqlarının içərisindən çıxmış
dühalar əl-ələ verərək yaradıblar.
Heç bir etnos, heç bir nəsil bu əvəzolunmaz xəzinəni
- dünya mədəniyyətini öz adına
çıxara, mənimsəyə, saxtalaşdıra və ya
inhisarı altına ala bilməz.
Mədəniyyətin
yaradıcı gücü onun ruhundadır. Bu ruh hər
birimizin qəlbinə, təfəkkürünə hakim kəsilərək,
bizim həyat eşqimizi, qurub-yaratmaq, sülh və əmin-amanlıq
içərisində yaşamaq həvəsimizi qüvvətləndirir.
Mədəniyyətin insanlar arasında yaydığı ruh nəsilləri
düzgün yol seçməyə, sabitlik, davamlı
inkişaf şəraitində yaşamağa sövq edir. Bu
zaman mədəni müxtəlifliyin qorunması
taleyüklü əhəmiyyət danışmağa
başlayır.
Bəşəriyyət
daim harmonik inkişafın formulunun, alqoritmlərinin
axtarışındadır. Bu axtarış isə yalnız
bütün xalqların birliyi, onların hər birinin qlobal
quruculuq işinə layiqli töhfələri hesabına
öz bəhrəsini verməkdədir.
Azərbaycan
müasir dövrün həyəcan, narahatlıq doğuran
çağırışlarına özünün ən
böyük uğurlarından biri – multikulturalizmin Azərbaycan
modeli ilə cavab verməkdədir. Bu, həm də onunla əlamətdardır
ki, dəyişən, yeniləşən dünyada Azərbaycan
xalqının mədəni müxtəlifliyə
qayğısı, onun inkişafında, daha da möhkəmlənməsində
marağı dünyanın diqqət mərkəzindədir və
bu proses beynəlxalq səviyyədə uğurla dəstəklənir.
Minilliklərin
bir-birini əvəz etdiyi dövrdə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev seçim
yolunun xalqlar və dinlər arasında bərabərliyin və
qarşılıqlı faydalı əməkdaşlığın
olduğunu göstərmişdir. Azərbaycan xalqı onun bu
istiqamətdə bütün müdrik tövsiyə və
çağırışlarını yekdilliklə dəstəkləmişdi.
Bu xalqımızın tarixi missiyasında əsaslı
dönüşə səbəb olub. Ulu öndər Heydər
Əliyevin kursunun layiqli varisi olan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev həmin birlik,
bərabərlik konsepsiyasına yeni nəfəs verib, onu daha
da zənginləşdirərək təkmilləşdirib,
reallaşdırıb. Bu proses davamlı və mükəmməl
olan Azərbaycan multikulturalizmi modeli kimi formalaşıb,
ölkəmizi sosial-mədəni müxtəlifliyin unikal xəzinəsinə
çevirib.
Multikulturalizm
siyasəti bu gün Azərbaycan xalqının qiymətli sərvətidir.
Lakin bu xəzinə həm də beynəlxalq münasibətlərdə
mühüm dəyərə malikdir və hazırda
sivilizasiyalar, mədəniyyətlər arasındakı
dialoqun qurulmasını sürətləndirən, onun
effektivliyini artıran mühüm amillərdən biridir. Azərbaycanın
multikulturalizm modeli daim inkişafdadır və davamlı olaraq
yeni-yeni əməkdaşlıq, anlaşma yollarının
axtarışındadır.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin təməli beş
il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev tərəfindən qoyulub. Mərkəz
multikulturalizm siyasətinin daha möhkəm təməl üzərində
qurulması və inkişafı məqsədilə dövlətimizin
başçısının verdiyi dəyərli tövsiyələr
əsasında ötən müddət ərzində ölkəmizdə
xalqlar və fərqli konfessiyalar arasında tarixi birgəyaşayış
həyat tərzinin möhkəmləndirilməsi,
inkişafı və təbliği istiqamətində fəaliyyətini
gücləndirib, yeni yaradıcılıq platformasını
formalaşdıra bilib. Eyni zamanda, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi dünyada sosial-mədəni, etnik
və dini müxtəlifliyin qorunması, xalqlar və
konfessiyalar arasında səmərəli dialoqun qurulması, Azərbaycan
reallıqlarının beynəlxalq ictimaiyyətə
çatdırılması üçün fəaliyyətini
ölkə ərazisi ilə məhdudlaşdırmayıb, sərhədləri
aşaraq, öz baxışlarını,
araşdırmalarını və təkliflərini beynəlxalq
müstəviyə də çıxara bilib.
Lakin
tolerantlıq heç də həmişə səmimiyyətlə
qarşılanmır. Təəssüf ki, dövrün
gerçəklikləri, tələbləri və
çağırışları ilə barışmaq istəməyənlər,
proseslərə korporativ maraqlar çərçivəsindən
yanaşanlar, dünyanı yenidən xaosa sürükləmək,
etnik, dini və ya irqi zəmində qarşıdurma yaratmaq istəyənlər
hələ də vardır. Onların fəaliyyətini məhdudlaşdırmaq,
təhdidləri, münaqişə ocaqlarını aradan
qaldırmaq məqsədilə, dünyanın bütün
sağlam fikirli tərəqqipərvər qüvvələri
birləşməlidirlər. Bu səylərin mərkəzində
isə multikulturalizm ideyaları və tolerantlıq səyləri
dayanır.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət
göstərdiyi ötən beş il ərzində bir sıra
uğurlara imza atıb, dünyanın onlarca ölkəsindən
olan intellektualları, sağlam düşüncəli tədqiqatçıları,
mütəxəssisləri bir araya gətirərək, ölkə
və beynəlxalq miqyaslı mühüm layihələri
reallaşdıra bilib. Əminliklə demək olar ki, bu
gün Azərbaycan multikulturalizmi regionda və dünyada
sabitliyə, təhlükəsizliyə, etnomədəni
müxtəlifliyin qorunmasına, mədəniyyətlərin
dialoquna qarşı yönəldilmiş bir çox təhdidlərə
layiqli humanitar cavabdır.
Bu
addımlar sırasında “Bakı prosesinin” mühüm əhəmiyyəti
vardır. 2008-ci ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
təsis olunan həmin proses Azərbaycanı növbəti
dialoq məkanına çevirməklə yanaşı,
dövlətimizin sülh və əməkdaşlıq səylərini
bir daha dünyaya tanıdıb.
Davamlı
inkişaf yolu ilə inamla addımlayan Azərbaycanın məqsədi
regionda və dünyada sülhün, mehriban qonşuluq
münasibətlərinin, hüquq bərabərliyi və
qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri əsasında əməkdaşlığın
bərqərar olunmasıdır. Bu məqsədlər təcavüzkar
Ermənistanla müqayisədə Azərbaycan
Respublikasının beynəlxalq münasibətlərdə
mövqeyini və nüfuzunu xeyli gücləndirməkdədir.
Odur ki, dünya birliyi Azərbaycanın təkcə ərazi
bütövlüyünün bərpa olunmasına yönəlik
səylərini deyil, həm də onun dünyada sabitliyin, əmin-amanlığın,
mədəniyyətlər arasında dialoqun qurulması istiqamətində
fəaliyyətini dəstəkləyir.
Tolerantlıq
Günü Azərbaycanda formal bayram deyildir. O, qədim Azərbaycan
torpağında minilliklər boyu xalqların, dinlərin
qarşılıqlı anlaşma şəraitində birgəyaşayışının
təməlini qoymuş əcdadlara ehtiramının, etnik,
dini mənsubiyyətindən asılı olmayaraq, bütün
vətəndaşlarımızın xoşbəxt gələcəyə
ümidlərinin təntənəsidir.
Rəvan Həsənov
Xalq qəzeti.- 2019.-
16 noyabr. S. 7.