Basqalın
tarixinə dair yeni arxeoloji tapıntılar
Basqal
Azərbaycanda orta əsr şəhər mədəniyyəti
elementlərini və ənənələrini özündə
yaşadan tarixi yerlərimizdəndir. Xatırladaq ki,
Basqalın yaxın ətrafında insanlar hələ
eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq
ənənəvi təsərrüfat sahələri ilə məşğul
olublar. Eramızdan əvvəl I minilliyin sonu–bizim eranın əvvəllərində
Basqalətrafı ərazilərdə, xüsusilə, intensiv
həyat olub. Ötən əsrin 70–90-cı illərində
Qırlartəpə, Qalalar və Kürdüvan ərazisində
aparılmış arxeoloji qazıntı və kəşfiyyat
işləri zamanı Basqalətrafı ərazilərin
tarixini özündə yaşadan olduqca zəngin maddi mədəniyyət
qalıqları aşkara çıxarılmışdır.
Əfsuslar
olsun ki, yüzilliklər boyu nəinki Azərbaycanın, eləcə
də Cənubi Qafqazın çox mühüm sənətkarlıq,
xüsusən də ipək, boyakarlıq və dəmirçilik
məmulatları istehsalı mərkəzi olan Basqalın
tarixi bugünədək lazımı səviyyədə
öyrənilməmişdir. Lakin bu gün xüsusi minnətdarlıq
hissi ilə demək olar ki, Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin “Basqal Dövlət Tarix-Mədəniyyət
Qoruğu haqqında” 3 oktyabır 2018-ci il tarixli sərəncamından
sonra Vətənimizin bu dilbər güşəsinin də
gözdən uzaq, könüldən iraq olduğu dönəm
artıq keçmişdə qaldı. Artıq bir ildir ki,
Prezidentimizin həmin sərəncamından irəli gələn
vəzifələrə uyğun olaraq Basqalın nümunəvi
turizm mərkəzinə çevrilməsi istiqamətində
çox mühüm işlər görülməkdədir. Təbiidir
ki, Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri
bərpa və konservasiya işləri aparmaq üçün
ilkin olaraq orada arxeoloji tədqiqatlar aparılmasına ehtiyac
vardı. Elə bu məqsədlə də Dövlət Turizm
Agentliyinin müraciəti əsasında AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutu tərəfindən sentyabr ayının
üçüncü ongünlüyündən başlayaraq,
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində
arxeoloji tədqiqat işləri aparılmaqdadır.
Basqalda
arxeoloji tədqiqtlara ilkin olaraq qəsəbənin
Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri
ərazisində başlanıldı. Məqsəd Basqal ərazisində
yaşayışın nə zamandan
başlandığını, ərazidə əhalinin məskunlaşma
dinamikasını, tikinti və yaşayış
qalıqlarının stratiqrafiyasını, şəhər
elementlərinin tarixi inkişaf prossesində nə dərəcədə
qorunduğunu, sakinlərin məişət və mədəniyyətini
öyrənməkdir.
Arxeoloqlar
artıq Basqalın şimal qala divarlarının bir hissəsini
və Basqal hamamının kürəbənd
qalıqlarını aşkara çıxararaq öyrənmişlər.
Sovet dönəmində klub kimi istifadə olunan,
yanğına məruz qaldıqdan sonrakı illərdə isə
istifadəsiz qalan məscidin ərazisində aparılan tədqiqatlar
zamanı xüsusilə maraqlı tapıntılar aşkar
olunub.
Ümumi
sahəsi 161 kvadratmetr olan məscidin 111 kvadratmetrində
artıq ilkin arxeoloji tədqiqatlar, əsasən, başa
çatdırılmışdır. Nəticədə, orada
XI əsrdən etibarən bu günədək formalaşan və
3,5 metr qalınlığı olan 6 tikinti qatı qeydə
alınmışdır. Həmin tikinti qalıqlarının
da ən möhtəşəmi 2 m x 2 m ölçüdə
olan daş sütunlar üzərində inşa olunmuş və
32,4 kvadratmetr sahəni əhatə edən məscid binasıdır.
Yonulmuş
çay daşından olan sütunların inşasında bərkidici
material kimi gəc məhlulundan istifadə olunmuşdur.
Basqal
binalarının, demək olar ki, hamısı yonulmuş
çay və ya qaya daşından istifadə olunmaqla inşa
edilib. Məscidin cənub-qərb tərəfindəki sütunun
yanında kürsü aşkar olunub. Kürsünün
altı bir neçə cərgədən ibarət daşla
hörülərək üstü sarı torpaq və gəclə
suvanıb. Maraqlıdır ki, kürsü ilə məscidin cənub-qərb
sütunu arasında bişmiş kərpicdən inşa
olunmuş vanna da qeydə alınıb. Görünür, həmin
vanna məscidin təmiri zamanı palçıq və ya gəc
məhlulu hazırlanması məqsədinə xidmət edib.
Vanna içərisində böyük miqdarda
daşlaşmış vəziyyətdə aşkar olunan gəc
qalığı da bunu deməyə əsas verir.
Məscidin
döşəməsi təmizlənərkən orada üzərində
20 sm x 20 sm x 5 sm ölçüdə olan bişmiş kərpic
töküntüsü qeydə alındı. Bu isə o deməkdir
ki, məscid binasının üstü bişmiş kərpicdən
ibarət minarə ilə tamamlanıb. Xatırladaq ki, məscidin
eni 1,3 metr olan ilkin mehrabı, həm də eni 3 metr olan sonradan
tikilmiş mehrabı da bişmiş kərpiclə inşa
olunub.
Məscidə
giriş şərq tərəfdən olub. Giriş
qapısının sağında və solunda 1m x 1m
ölçüdə olan və bir-birindən 3 metr məsafədə
bişmiş kərpicdən tikilmiş sütunları birləşdirən
tağın da bişmiş kərpicdən inşa edildiyi
ehtimal olunur.
Xatırladaq
ki, bir müddət öncə ərazi təmizlənərkən
oradan məscidin kitabəsi də tapılıb. Həmin kitabədə
Basqal məscidinin 1568-ci ildə “həqiqətlərin
bürhanı Sufi-Dərvişin əmri ilə” inşa
olunduğu bildirilir. Ötən əsrin 80-ci illərində məscid
ərazisindən tapılaraq oradakı yardımçı
binanın divarına bərkidilmiş digər bir kitabədə
isə Şeyx Məhəmməd və onun oğlu Şeyx Səfainin
adı çəkilir. Bütün bunlar isə yerli sakinlərin
həmin məscidi heç də təsadüfən “Şeyx
Məhəmməd məscidi” adlandırmadığından xəbər
verir.
Tədqiq
olunan ərazidə qeydə alınan 6 tikinti qatının hər
biri orta hesabla 160 illik dövrü əhatə edir.Tikinti
qatlarının əhatə etdiyi bütün tarixi dövrlərdə
məscidin və digər tikililərin döşəməsi
sarı torpaq və gəc qarışığından ibarət
məhlulla suvanaraq hamar vəziyyətə gətirilib.
Maraqlıdır ki, öyrənilən sahədə qeydə
alınan tikinti qatlarının hamısı müxtəlif
xarakterli və müxtəlif təyinatlı bina
qalıqları ilə olduqca zəngindir. Qazıntı sahəsinin,
demək olar ki, bütün səmtlərində bu və ya
digər dərəcədə dağıntıya məruz
qalan, yaxud da ən azı, bünövrəyə yaxın hissəsi
nisbətən daha yaxşı mühafizə olunmuş tikinti
qalıqlarının hamısı bir-birinin yanında və
ya üstündə qeydə alınıb. Bu isə son 1000 il ərzində
Basqal ərazisində həyatın nə dərəcədə
intensiv olduğunun göstəricisidir.
Maraqlıdır
ki, arxeoloji axtarışlar zamanı aşkara çıxan
digər maddi mədəniyyət qalıqları, xüsusən
də rəngarəng çeşidli keramika nümunələri
də Şeyx Məhəmməd məscidinin məhz XVI əsrin
ortalarında inşa olunduğunu təsdiqləyir.
Diqqəti
cəlb edən məqamlardan biri də odur ki, tədqiq olunan ərazidə
Şeyx Məhəmməd məscidindən daha əvvəlki
dövrlərə aid edilən digər tikinti qalıqları
da aşkar olunub. Öyrənilən ərazinin mərkəzi
hissəsində yer səthindən 2,3 metr dərinlikdə,
şimal-cənub istiqamətində aşkar olunan möhtəşəm
bina qalığı xüsusilə diqqəti cəlb edir.
Uzunluğu 2,2 metr, salamat qalmış hissədə
hündürlüyü 70 sm olan həmin divar
qalığı səliqə ilə yonulmuş qaya
daşlarından inşa edilib və daxili səthi gəc məhlulu
ilə suvanıb. Aşkar olunan bina qalıqlarının abidənin
stratiqrafiyası baxımından orada qeydə
alınmış ayrı-ayrı tikinti dövrlərinə
müvafiqliyi isə orta əsrlərdə Basqal ərazisində
yaşayışın kifayət qədər intensiv
olduğundan xəbər verir. Təbiidir ki, ərazidə
bütün dövrlərdə yaşayışın
davamlı və intensiv olması, bu səbəbdən də
zaman-zaman köhnəlmiş tikintilərin yeniləri ilə əvəzlənməsi
nəticəsində oradakı tikililərin əksəriyyəti
çox ciddi şəkildə dağıntıya məruz
qalmışdır. Yəni, sonrakı dövrlərə aid
binalar dövr etibarı ilə onlardan 50-100 il əvvələ
aid olan binaların dağıntıları üzərində
inşa olunmuşdur. Bu cəhətdən Basqalın XI-XV əsrlərə
aid binaları daha çox dağıntıya məruz
qalmışdır. Həmin tikililər isə yuxarıda qeyd
olunduğu kimi, xarakter və təyinatı etibarı ilə
çox müxtəlifdir. Lakin dağıntılar içərisindən
üzə çıxarılan irili-xırdalı tikinti
qalıqlarının özü belə, bütövlükdə,
ayrı-ayrı dövrlərdə Basqalın memarlıq
görkəminin necə olması barədə təsəvvür
formalaşdırmağa kifayət edir.
Ərazidə
aparılmış ilkin arxeoloji tədqiqatlar Basqalın, həqiqətən
də, orta əsrlərdə Azərbaycanın çox
mühüm ticarət və sənətkarlıq mərkəzlərindən
biri olduğunu bir daha təsdiqlədi.
Arxeoloji
axtarışlar zamanı oradan tapılan rəngarəng
çeşidli keramika, dəmir, boyaq və daş məmulatı
nümunələri, xüsusən də toxuculuq sənətinə
aid artefaktlar Basqal ustalarının yaradıcı
fantaziyasının hüdudlarının nə qədər
geniş olduğundan xəbər verir.
Göründüyü
kimi, Basqalda yeni başlanan və qısa müddət ərzində
davam etdrilən arxeoloji tədqiqatlar yetərincə uğurlu
nəticələr verib. Bu isə ölkə Prezidenti cənab
İlham Əliyevin 13 oktyabr 2018-ci il tarixli sərəncamı
əsasında həyata keçirilməkdə olan
Böyük Basqal layihəsinin elə tarixi baxımdan da nə
dərəcədə aktual olduğundan xəbər verir.
Əmin olmaq istərdik ki, Böyük Basqal layihəsinin
icrası ilə bilavasitə məşğul olan Dövlət
Turizm Agentliyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu
ilə birlikdə Basqal və ona bitişik ərazilərdə
tarix və mədəniyyətimizin hələ də torpaq
altında uyumaqda olan sirlərinin və dəyərlərinin
aşkara çıxarılaraq öyrənilməsi
üçün bundan sonra da səylərini əsirgəməyəcəklər.
Qafar Cəbiyev,
Xalq qəzeti.- 2019.-
16 noyabr. S. 10.