Sumqayıt 70 illiyini böyük uğurlarla qarşıladı

 

Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Son 16 il Azərbaycanın müasir tarixinə sosial-iqtisadi, siyasi və mədəni inkişafın dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində respublikamız dinamik tərəqqi yolu keçib, özünün nadir iqtisadi inkişaf modelini dünyaya təqdim edib. Ölkənin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.

Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, hazırda isə beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməkdədir. Bütün bunların sayəsində təbii olaraq Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.

Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində də möhtəşəm nailiyyətlər əldə edilib. On beş il ərzində iqtisadiyyat üç dəfədən çox artıb. Azərbaycanda yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb, 15 min kilometr yol çəkilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud təmir edilib.

Bütün bunlar 70 illiyi təntənəli şəkildə qeyd edilən Sumqayıtın timsalında da aydın nəzərə çarpır. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə söylədiyi geniş nitqində əvvəlcə şəhərin tarixi haqqında danışıb. Bildirib ki, qədim tarixi olan Sumqayıt şəhər kimi 70 il bundan əvvəl yaradılıb və sürətlə inkişaf edib. Burada bir çox sənaye müəssisələri istifadəyə verilib. Sumqayıtın zavodlarında Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də keçmiş Sovet İttifaqının digər respublikalarından gələn kadrlar işlə təmin olunub. Ancaq əfsuslar olsun ki, şəhərin yaranmasının birinci mərhələsində ekoloji tarazlığa fikir verilməyib: “Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək”.

Dövlətimizin başçısı nitqində dahi öndərin fəaliyyəti dövründə Sumqayıtın keçmiş Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etdiyini, burada yeni yaşayış binalarının tikildiyini, sosial obyektlər yaradıldığını, parklar, xiyabanlar salındığını xatırladıb. Prezident İlham Əliyev 1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər yerində, eləcə də Sumqayıtda tənəzzül dövrünün yaşandığını, o vaxtkı respublika rəhbərliyinin öz məsuliyyətini tam dərk etmədiyini, proseslərin diqqətdən kənarda qaldığını da vurğulayıb.

Ölkə rəhbəri nitqində həmin dövrdə Azərbaycanda inkişafın, demək olar ki, nəzərə çarpmadığını, durğunluğun başladığını qeyd edib: “Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü”.

Azərbaycan Prezidenti o dövrü xarakterizə edərək, qeyd edib ki, 1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. İqtisadi sahədə vəziyyət acınacaqlı idi, eyni zamanda, Dağlıq Qarabağda, respublikamızın digər yerlərində, o cümlədən, Sumqayıtda erməni millətçiləri baş qaldırmışdı. Əfsuslar olsun ki, respublika rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi.

Dövlətimizin başçısı nitqində bütün bunlarla bərabər, tarixi bir həqiqəti də xatırladıb: “Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi”.

Prezident İlham Əliyev daha sonra Sumqayıt hadisələrinin erməni millətçiləri tərəfindən törədildiyini, şəhərdə on nəfərə yaxın ermənini öldürənin milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsinin olduğunun müəyyənləşdirildiyini, düşmən təxribatlarından istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyasının daha geniş vüsət aldığını və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş verdiyini xatırladaraq bildirib: “Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi”.

Dövlətimizin başçısı qeyd edib ki, ulu öndərin Sumqayıta həmişə çox isti münasibəti olub. Həm sovet vaxtında, həm də müstəqillik dövründə dəfələrlə bu şəhərdə olub: “Mən də bu siyasəti davam etdirirəm. Mənim Sumqayıta bugünkü səfərim 15 il ərzində sayca 24-cü səfərdir. Yəni, bu, özlüyündə göstərir ki, Sumqayıta daim diqqət, qayğı göstərilir”.

Prezident İlham Əliyev son 16 ildə Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görüldüyünü, ilk növbədə, infrastrukturun müasirləşdirildiyini, 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyasının istifadəyə verildiyini, qazlaşdırmanın səviyyəsinin 100 faizə çatdırıldığını, içməli su probleminin həllini tapdığını, şəhərdaxili yolların yenidən abadlaşdırıldığını, Bakı-Sumqayıt yolunun tikildiyini, Bakı-Sumqayıt qatarının artıq fəaliyyət göstərdiyini, verilmiş kredit hesabına şəhər nəqliyyatı üçün müasir avtobuslar gətirildiyini bildirib. Eyni zamanda, şəhərin kommunal təsərrüfatının, o cümlədən, lift təsərrüfatının təqribən 80 faiz yeniləndiyini, Sumqayıtda 1300-dən çox hündürmərtəbəli binanın təxminən mininin artıq dam örtüyünün vurulduğunu, burada “ASAN xidmət” mərkəzinin yaradıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev nitqində Sumqayıtın inkişafı istiqamətində həyata keçirilən digər tədbirlərə də diqqət yetirib. Şəhərdə məskunlaşan məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını, səhiyyə obyektlərinin yeniləndiyini, burada yeni sənaye parklarının yaradıldığını, “SOCAR Polymer”, karbamid və digər zavodların işə salındığını, bütün bunların nəticəsində isə Sumqayıtın Cənubi Qafqazın ikinci sənaye şəhərinə çevrildiyini, şəhər bulvarının vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonası kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

 

Vaqif BAYRAMOV,

Xalq qəzeti.- 2019.- 23 noyabr. S. 5.