Tolerantlıq
ənənələri Azərbaycanı dünyanın bənzərsiz
multikulturalizm mərkəzinə çevirib
Əsrlərboyu ölkəmizdə
bütün dinlərin, bütün etnik qrupların nümayəndələri
bir ailə kimi sülh, mehribanlıq, dostluq,
qarşılıqlı anlaşma şəraitində
yaşamışlar. Azərbaycan
çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və
bu, bizim böyük sərvətimizdir. Dini və
etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir.
Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar
olması istiqamətində atılmış bütün
addımların arxasında dini və milli
dözümlülük, tolerantlıq və multikultural dəyərlər
dayanır.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bugünlərdə Bakıda keçirilən Dünya
dini liderlərinin II sammitinin açılışında Azərbaycanın
dövlət başçısının
çıxışı ölkəmizin ictimai-siyasi və
etnik-mədəni gerçəkliyi ilə bağlı
ümumbəşəri önəm daşıyan həqiqətləri
bir daha dünyaya bəyan etdi. Dünyanın 5 qitəsindən 70-dən
çox dövlətin, 25 ənənəvi din və dini təriqətin
lider və təmsilçilərinin, 10-dək nüfuzlu beynəlxalq
təşkilatın 500-ə yaxın yüksək səviyyəli
nümayəndəsinin, o sıradan Rusiya Federasiyası subyektləri başçılarının və
dini rəhbərlərinin iştirak etdiyi bu nüfuzlu bəşəri
məclis ölkəmizdə tarixən formalaşmış
milli və dini dözümlülük, tolerantlıq ənənələrinin
müstəqillik illərində dövlət siyasəti səviyyəsində
himayə və inkişaf etdirilməsinin Azərbaycanı bənzərsiz
bir multikultural dəyərlər məkanına çevirdiyinin
növbəti təsdiqi oldu.
Xatırladaq
ki, Prezident İlham Əliyev Dünya dini liderlərinin 2010-cu
ilin 26 aprelində keçirilən I Bakı sammitinin
açılış mərasimində bu nüfuzlu məclisi
2008-ci ildə Bakıda təşkil edilmiş Avropa
Şurasının mədəniyyət nazirlərinin
iclasına ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü
ilə İslam Əməkdaşlıq Təşkilatının
nazirlərinin də dəvət edilməsi ilə “Bakı
prosesi” adı almış mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun, multikulturalizmə aid məsələlərin
birlikdə müzakirəsi prosesinin davamı
adlandırmışdı. Avropa Şurası
Baş katibinin o zamankı müavini Qabriella Battaini-Draqoni isə
bildirmişdi ki, 2008-ci ildə bir xəyal olan “Bakı prosesi”
artıq reallığa çevrilib. “Bakı
prosesi” və mədəniyyətlərarası dialoq
forumları bir yerə toplaşıb dünyamızı
narahat edən məsələləri müzakirə etmək
üçün çox mükəmməl bir fürsət
yaratmışdır.
Doğrudan
da, Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası
dialoqun inkişafına, qarşılıqlı anlaşma və
insani həmrəylik kimi bəşəri dəyərlərin
təşviqi və təkamülünə öz töhfəsini
vermək məramı ilə evsahibliyi etdiyi Dünya dini liderlərinin
II Bakı sammiti Prezident İlham Əliyevin təşəbbüsü
ilə başlanan və həyata keçirilən “Bakı
prosesi”, “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri
çərçivəsində təşkil olunmuş beynəlxalq
tədbirlərin, o cümlədən Dünya dini liderlərinin
I Bakı sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası
və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin
müxtəlif mədəniyyətlər və dinlər
arasında əlaqələrin genişlənməsinə,
qarşılıqlı etimad mühitinin yaradılması
işinə töhfələrinin məntiqi davamıdır.
Bakıda
keçirilmiş əvvəlki beynəxalq forumlarda da birmənalı
olaraq təsdiqləndiyi kimi, Dünya dini liderlərinin II
sammitində də Azərbaycanda tolerantlıq ənənəsinin
qədimliyinə və çağdaş multikulturalizm dəyərlərinin
bütün dünya üçün örnək olmasına
bir daha nəzər salınaraq, dövlət
başçısı İlham Əliyevin “bizim böyük sərvətimiz”
adlandırdığı bu mənəvi zənginliyin
ümumbəşəri önəmi dönə-dönə
vurğulandı.
Göründüyü kimi, Azərbaycan zaman-zaman
müxtəlif sivilizasiyaların qovuşduğu məkan
olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik
mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin
və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm
və tolerantlıq tarixən azərbaycanlıların həyat
tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən,
dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər
bir vətəndaşının gündəlik həyat tərzinə
çevrilmişdir. Azərbaycan
xalqının zəngin multikultural keçmişi təkcə
xalqımızın bugünkü tolerant yaşam tərzi ilə
deyil, həm də yaratmış olduğu ədəbi-bədii,
elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə
yaşayır.
Multikulturalizm ingilis dilindən tərcümədə
“çoxlu mədəniyyətlər” deməkdir. Bu
çoxqütblü mənəvi dəyər ayrıca
götürülmüş ölkədə və
bütövlükdə, dünyada müxtəlif millətlərə
və dinlərə məxsus insanların mədəni
müxtəlifliklərinin qorunması, inkişafı və
harmonizasiyasına, azsaylı xalqların ərazisində
yaşadıqları dövlətlərin milli mədəniyyətinə
inteqrasiyasına yönəldilmişdir. Çağdaş
multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri
daxilində müxtəlif etnomədəni tərəflərin
dinc yanaşı yaşaması və öz mədəni
xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə
etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə
tutulur. Multikulturalizm mədəniyyətlərin
və sivilizasiyaların canlı dialoqunun zəruri vasitəsidir.
Multikultural və tolerant dəyərlər ümumbəşəri
xarakter daşıyır. Azərbaycanda
multikulturalizm, tolerantlıq və dini
dözümlülüyün dövlət siyasəti səviyyəsində
inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim
dövlətçilik tarixi və bu ənənələrin
inkişafı müəyyən edir. Tarixə nəzər
salsaq, görərik ki, Azərbaycanda mövcud olmuş Qafqaz
Albaniyası, Atabəylər, Səfəvilər, Qacarlar
dövlətləri dövründə, eləcə də
dövlətçiliyin itirildiyi XIX əsrdə və XX əsrin
əvvəllərində, eləcə də Azərbaycan Xalq
Cümhuriyyəti və sovet zamanlarında ölkəmizin ərazisində
yaşayan digər etnik xalqların və dini qrupların dinc
birgəyaşayışı və qarşılıqlı zənginləşməsi
şəraitində davam etmiş tolerantlıq və
multikulturalizm ənənələri XX əsrin sonlarında
ümummilli lider Heydər Əliyevin dövlətçilik
ideologiyasına çevirdiyi azərbaycançılıq zəminində
bərpa edilmiş və nizama salınmışdır. Azərbaycan multikulturalizminin siyasi əsasları
ölkə Konstitusiyasının bəndlərində,
qanunvericilik aktlarında, fərman və sərəncamlarda
öz əksini tapmışdır.
Azərbaycanın
zəngin mədəni-mənəvi irsinin və tolerantlıq ənənələrinin
mövcudluğunun bu gün beynəlxalq aləmdə etiraf
edilməsi müstəqil dövlətimizin xarici aləmdə
apardığı məqsədyönlü, ardıcıl
iş nəticəsində əldə edilmiş ciddi nailiyyətlərindəndir.
Mövcud milli-mədəni müxtəliflik və
etnik-dini dözümlülük mühiti ölkəmizi
çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya
miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz
məkanı etmişdir. Azərbaycan Respublikasında bu
gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin
qorunmasına yönəldilən və uğurla həyata
keçirilən dövlət siyasəti multikulturalizm sahəsində
əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin
xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini,
cəmiyyətdə bu istiqamətdə qazanılmış
unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin
gücləndirilməsini zəruri edir.
Lakin tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən
bəri təbii-tarixi dəyər kimi formalaşsa da sistemli
olmamışdır. Onun bütün vacib xüsusiyyətləri,
mənəvi və psixoloji potensialı, dini
loyallığı, bəşəri dəyərlərə
açıqlığı azərbaycanlıların həyat
tərzinə çevrilmişdir. Bu həyat
tərzinin düzgün qiymətləndirilərək,
hüquqi və siyasi müstəvidə öz yerini tapması
isə məhz ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər rəhbərliyi
və müstəsna səyləri ilə Azərbaycan
xalqının multikultural ənənələrinin
qorunması sahəsində həyata keçirilən siyasi xətti
son 16 ildə böyük rəhbərin layiqli
davamçısı Prezident İlham Əliyev inamla davam və
inkişaf etdirir.
Azərbaycançılıq
məfkurəsinə uyğun olaraq tolerantlığın və
mədəni, dini, linqvistik müxtəlifliyin
qorunmasını təmin etmək, habelə Azərbaycanı
dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və
mövcud multikultural modelləri tədqiq və təşviq
etmək məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 15 may 2014-cü il tarixli sərəncamı ilə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılmış, 11 yanvar 2016-cı il tarixli sərəncamı
ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir.
Son illərdə dünyada olan münaqişələrin
bir çoxu qanlı savaşlarla, dağıntı və fəlakətlərlə
müşayiət olunub. Bunların bir çoxu məzhəblərarası,
dindaxili toqquşmalardır. Siyasətçilər,
politoloqlar bildirirlər ki, bunun səbəbi məhz
tolerantlıq mühitinin və multikultural dəyərlərin
həmin ölkə və cəmiyyətlərdə lazımi
səviyyədə olmamasındadır. Digər
bir səbəb insanlar arasında müxtəlif və zərərli
bölücülük təbliğatın
aparılmasıdır. Tarixin qanlı dərsləri
sübut edir ki, din savaşa, toqquşmalara xidmət etməli
deyil. Din müharibə üçün yaranmayıb, o, ali bir inanc kimi insanları xoş niyyətlərin
qaynağı olan imana, dincliyə, birgə yaşayış
yoluna çağırır.
Tolerantlıq müxtəlif sahələri əhatə
edir və fərqli formaları var. Tolerantlıq etnoslar
arasında da, dində də, insanın dilinə, həyat tərzinə
münasibətdə də, ekologiyada da mövcuddur. Tolerantlıq
başqalarına dözümlü yanaşmaqdır. Əgər ölkəmizin aparıcı dini olan
İslamı götürsək, bu ruhi-mənəvi inanc
kodeksi başqa dinlərə dözümlü yanaşmaqda
üstün mövqeyini, tarixən sübut etmişdir. Çünki bu din başqa səmavi, peyğəmbəri
və kitabı olan dinləri inkar etmir.
Azərbaycan xalqının keçdiyi tarixi yola nəzər
salarkən görürük ki, biz daim tolerant olmuşuq. Əgər
tolerant xalq olmasaydıq, yaşadığımız coğrafiyada
bizimlə birgə məskunlaşan müxtəlif dinlərin
nümayəndələrini, etnosları assimilyasiyaya məruz
qoyardıq. Digər dinlərin fəaliyyətinə
isə imkan verməzdik. Azərbaycan əhalisinin
96 faizi müsəlmandır. Amma ölkəmizdə
müsəlman icması ilə yanaşı, yəhudi,
xristian, krişna şüuru, baptist, adventist icmaları da var.
Azərbaycanda 13 kilsə, o cümlədən Qafqaz
Albaniyasının varisi sayılan alban-udi kilsəsi, 7 sinaqoq fəaliyyət
göstərir. Azərbaycan, demək olar ki, yəhudilərin
İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət
göstərdiyi bir ölkədir.
Bütün bunlar göstərir ki, Azərbaycan xalqı
digər dinlərə tolerant yanaşır. Bu siyasət
Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməkdədir. Dövlət
başçısı görüşlərində, eyni
zamanda, ölkəmizdə keçirilən mədəniyyətlərarası
və sivilizasiyalararası toplantılarda Azərbaycan
tolerantlığa nümunə kimi təqdim olunur. Bizim tolerantlığımız Azərbaycan
xalqının bu coğrafiyada olan digər xalqlarla münasibətlərində
özünü göstərir və nümunə olaraq mənimsənilir,
öyrənilir. Heydər Əliyev Fondunun
həm ölkə daxilində, həm də xaricdə həyata
keçirdiyi tədbirlərdə də biz
tolerantlığımızı və multikultural dəyərlərimizi
geniş şəkildə təqdim edə bilmişik.
Multikulturalizm və tolerantlıq bir-birinə oxşar dəyərlərdir. Lakin multikulturalizmin
özünəməxsus xüsusiyyətləri var.
Multikulturalizm müxtəlif mədəniyyətlərin bir
arada dinc şəraitdə yaşamasının təmin edilməsidir.
Əlbəttə, multikulturalizm dünyanın
müxtəlif bölgələrində də var.
Multikulturalizmin nəzəri olaraq mənimsənilməsi bu
anlayışın zahiri tərəfidir, əsas məsələ
onun praktikada necə həyata keçirilməsidir.
Azərbaycan multikulturalizmin praktikada yüksək səviyyədə
gerçəkləşdiyi ölkələrdəndir. Bizim multikulturalizm nümunəmiz
bu gün dünyanın 13 ali məktəbində
“Azərbaycan multikulturalizmi” fənni üzrə tədris
olunur.
Nəhayət, multikultural və tolerant dəyərlər
ümumbəşəri xarakter daşıyır. Biz bu dəyərləri
qoruyur və təbliğ edirik. Ziyalılarımız,
din xadimlərimiz cəmiyyətimizdə həm etnoslar, həm
də dinlərarası tolerant münasibətlərin
inkişafı üçün nə lazımdırsa edirlər.
Azərbaycanın milli marağına, milli və
dini birliyimizə ziyan vurmaq istəyənlərə
qarşı isə barışmaz olmalıyıq.
Multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib
hissəsi olaraq, ölkədə dövlət–din münasibətlərinin
yüksək səviyyədə tənzimlənməsinə,
respublikamızda yaşayan azsaylı xalqların və etnik
qrupların etnik-mədəni dəyərlərinin
qorunmasına, nəticədə, cəmiyyət daxilində
inteqrasiya proseslərinin güclənməsinə səbəb
olur. Dərinləşən inteqrasiya prosesləri isə
etnik və ya dini zəmində baş verə biləcək
münaqişələrin qarşısını alır,
ictimai sabitliyi təmin edir, bununla da cəmiyyətin tərəqqisinə
xidmət göstərir.
Zərif MEHDİYEVA, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının II kurs tələbəsi
Xalq qəzeti.- 2019.- 23 noyabr. S. 6.