Görkəmli
kinorejissor, Xalq artisti Rasim Ocaqovun xatirəsi anılıb
Bu gün
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi,
rejissor, operator, SSRİ və respublika dövlət
mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 86-cı
ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə
tanınmış incəsənət və mədəniyyət
xadimləri, yaxınları ikinci Fəxri xiyabana gələrək
sənətkarın məzarını ziyarət edib,
önünə tər çiçəklər düzüblər.
Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti
tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə
kinooperator sənətinin zəngin imkanlarının üzə
çıxarılması və təkmilləşdirilməsində
onun əməyi təqdirəlayiqdir. Operator işi və
sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin
çəkilişində novator üsul və metodlardan
bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin
incilərindən sayılan bir çox kino və televiziya
filmlərinin ustalıqla yaradılmasına nail olub. Onun çəkdiyi həqiqi sənət nümunələri
Azərbaycan kinematoqrafiyasının “qızıl fond”una
daxildir. Məzmun rəngarəngliyi, fəal
vətəndaşlıq mövqeyi və müasirlik
duyğusu ilə yanaşı, obrazların incə psixologizmi
və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas
cəhətlərini təşkil edib.
Ekran əsərləri ilə milli kino sənətimizə
dəyərli töhfələr vermiş Rasim Ocaqovun filmləri
həmişə yaşayacaq. Mərhum sənətkar deyirdi: “Kino
işi ağır sənətdir. Əvvəl
istəyirsən elə film çəkəsən ki, valideynlərinin
qarşısında utanmayasan. Vaxt gəlir
elə film çəkmək istəyirsən ki,
övladlarının yanında utanmayasan”. İllər ötür, yeni-yeni ekran əsərləri
yaradılır, ancaq onun çəkdiyi filmlər hər zaman
sevilə-sevilə baxılır.
Xalq qəzeti.- 2019.- 23
noyabr. S. 9.