Azərbaycan Turizm Sammiti
- 2019
Noyabrın 29-da Bakı Konqres Mərkəzində
Dövlət Turizm Agentliyinin təşkilatçılığı
ilə “Azərbaycan Turizm Sammiti 2019” keçirilib. Sammitə
turizm sahəsinin təmsilçiləri, hökumət və
ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun
nümayəndələri daxil olmaqla 1500-dən çox
iştirakçı qatılıb.
Dövlət
Turizm Agentliyindən verilən məlumatda bildirilir ki, sammitdə
Agentliyin sədri Fuad Nağıyev ötən ilki sammitdən
etibarən turizm sahəsində görülən işlərdən
və gələcək planlarından danışıb. O qeyd
edib ki, Agentlik həyata keçirilən tədbirlər nəticəsində
turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən
biri kimi dinamik inkişaf tempini davam etdirir.
Fuad
Nağıyev bir illik dövrü əhatə edən statistik
göstəricilərə diqqət çəkərək 2019-cu
ilin yanvar - oktyabr ayları ərzində Azərbaycanı ziyarət
edənlərin ötən ilin eyni dövrü ilə
müqayisədə 10,9 faiz çox olunduğunu qeyd edib. O, cənab
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva tərəfindən turizm sahəsinin inkişafına
xüsusi diqqət yetirildiyini vurğulayıb və göstərilən
dəstəyə görə ölkə rəhbərliyinə
təşəkkürünü bildirib.
Turizmin
inkişafı ilə yanaşı, turistləri ölkəmizə
cəlb edən mədəni və tarixi dəyələrimizi
qorumağın vacibliyini qeyd edən Fuad Nağıyev Agentliyin
tabeliyindəki qoruqların turizm potensialından səmərəli
istifadəni təmin etmək üçün kompleks işlər
aparıldığını diqqətə
çatdırıb.
Azərbaycan
Turizm Bürosunun baş icraçı direktoru Florian
Zenqstşmid bir il ərzində həyata keçirilən fəaliyyətin
məhsuldarlığına toxunaraq gələcək planlar və
layihələr, qlobal və regional bazarlarda aparılan marketinq
strategiyası barədə məlumat verib.
O, “Bir
daha bax” şüarı ilə Azərbaycanın turizm
potensialının və yeni turizm brendinin beynəlxalq
platformalarda uğurlu təqdimatından, dünya üzrə 3
milyardadək insana çatdırılmasından bəhs edib.
Turizm sənayesində
mövcud vəziyyəti, səfərlərin marketinq və təbliğatı
məsələlərini müzakirə etmək məqsədilə
sammit çərçivəsində müxtəlif
mövzular üzrə sessiyalar keçirilməsinin sahənin
gələcək inkişafına ciddi təsir göstərəcəyi
vurğulanıb.
Samirə Əliyeva
Xalq qəzeti.- 2019.- 30 noyabr.- S.7.