Azərbaycan–Rusiya humanitar

əlaqələri uğurla inkişaf edir 

 

Azərbaycanla Rusiya arasında əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu gün bir-birinin suverenliyinə hörmətlə yanaşan Azərbaycan–Rusiya münasibətləri hər iki ölkənin milli maraqlarına xidmət edir. Bu, regional stabilliyin əsas faktorudur. Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrindən danışarkən demişdir: “Mədəniyyət sahəsində çox sıx qarşılıqlı fəaliyyət var... Amma biz münasibətlərin gələcəkdə də fəal inkişafına istiqamətlənmişik.”

 

 Rusiya dövləti də bu əməkdaşlığa xüsusi önəm verir.Rusiya Prezidenti Vladimir Putin bununla bağlı demişdir: “Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verirlər. Bakıda bizim iki iri ali məktəbin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Ölkələrimizin təhsil, mədəniyyət və elm sahələrində əlaqələrini gələcəkdə də hər cür stimullaşdırmaq niyyətindəyik. Xüsusilə qeyd edirəm, biz Prezidentlə Soçidə də bu haqda danışmışıq. Biz bunu görürük və biz bunu – Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk”.

Bu günlərdə Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Rusiyanın rəsmi dairələri ilə bütün görüşlərində ölkələrimiz arasında humanitar əməkdaşlığın vəziyyəti və gələcək perspektivləri ilə bağlı maraqlı fikirlər söyləmişdir: “Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, iki ölkə arasında humanitar əlaqələr uğurla inkişaf edir. Xüsusilə də, təhsil sahəsində intensiv təmaslar mühüm əhəmiyyətə malikdir. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir. Bununla yanaşı, Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Eyni zamanda, 2019-cu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb”.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin yenidən bərpa edilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. ­1993-cü il sentyabrın əvvəllərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən ulu öndər Heydər Əliyevin Moskvaya işgüzar səfəri zamanı Azərbaycan və Rusiya dövlətləri arasında etimadın bərpası və sıx əməkdaşlığın inkişafı naminə zəruri tədbirlərin həyata keçirilməsi haqqında razılıq əldə olunmuşdur.

Əslində, bu münasibətlərin təməlində tarixi, mədəni əlaqələr durur. Böyük Nizami rus qadınının gözəlliyinə, müdrikliyinə və mənəvi saflığına əsl himn qoşmuş, rus poeziyasında isə Azərbaycan qadınının – Şamaxı gözəlinin poetik obrazı rus torpağının dahi oğlu A.S.Puşkinin şeirlərində əbədiləşdirilmişdir. Bu gün Bakıda Puşkinin abidəsinin ucaldılması Rusiya mədəniyyətinə ölkəmizdə mühüm dəyər verildiyinin canlı ifadəsidir.

Mədəni əlaqələrin ən yaxşı ənənələri bu gün də davam etdirilir. Niyazi, M.Rostropoviç, T.Salahov, R.Behbudov, M. və R.İbrahimbəyovlar, A.Məlikov, M.Maqomayev, P.Bülbüloğlu və digərlərinin adları Rusiya-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olmuşdur. Mədəni sahədə əməkdaşlıq təbii əsaslarla, iki ölkənin mənəvi və intellektual zənginliyi naminə inkişaf edir. Qara Qarayev, Müslüm Maqomayev və Azərbaycanın digər mədəniyyət və incəsənət xadimlərinin yubileyinin Rusiyanın paytaxtında və digər şəhərlərində yüksək səviyyədə keçirilməsi Rusiyada Azərbaycan mədəniyyətinə verilən yüksək qiymətin nəticəsidir.

Ölkəmiz Rusiyada keçirilən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir. Rusiyada Azərbaycan mədəniyyəti günləri, Azərbaycan kinosu günləri, Rusiyada keçirilən beynəlxalq kino və teatr festivallarında Azərbaycan nümayəndələrinin iştirakı bu münasibətlərin inkişafının bariz nümunəsidir.

Mehriban xanımın Rusiyaya rəsmi səfəri çərçivəsində Mosvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılması mədəni əlaqələr çərçivəsində mühüm addım kimi dəyərləndirilməlidir. Bu tarixi bina ötən əsrin ortalarında Azərbaycan pavilyonu olub, indi o, yenidən bərpa edilib. Azərbaycan belə mühüm beynəlxalq sərgi meydanında iştirak edəcək və öz nailiyyətlərimizi nümayiş etdirəcəyik.

Humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakter daşıyır. Paytaxtımızda Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Humanitar Forum mütəmadi keçirilir. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə qayğıkeş və hörmətli münasibət hamıya məlumdur.

Mehriban xanım mətbuata verdiyi açıqlamada bildirib: “Azərbaycanda çoxminli rusdilli icma var, bu icma ölkəmizin ümumi inkişafına layiqli töhfə verir, çoxsaylı sərgilər keçirilir. Azərbaycanda Rusiya Mədəniyyəti günləri keçirilib. Gələn il qarşılıqlı tədbir – Rusiyada Azərbaycan Mədəniyyəti günləri keçirilməsi planlaşdırılır. Dediyim kimi, bu sahədə bizim münasibətlərimiz nümunəvidir. Bu, çox vacibdir, çünki bu sahə həqiqətən insanları, xalqları yaxınlaşdırır. Biz də bu ortaq humanitar məkanı qoruyub saxlamaqda maraqlıyıq.”

Birinci vitse-prezident, həmçinin diqqətə çatdırıb ki, son vaxtlar Moskvada mədəniyyət sahəsi ilə əlaqədar təşkil edilən ikitərəfli görüşlər məhsuldar olub, müəyyən razılaşmalar əldə edilib. Biz bu əlaqələri davam etdirmək niyyətindəyik. Xüsusən regional mədəni təşkilat və müəssisələrlə əlaqələrin qurulmasında maraqlıyıq. Çünki bu gün dünyada daha müasir metodlar tətbiq edilir. Mədəniyyət sahəsində müasir idarəetmə və metodologiyalara keçid dövründə bu təcrübələrin mübadiləsi vacibdir.

Mədəni əlaqələr müasir və yenilənən hər iki dövləti tanımaq baxımından əhəmiyyət kəsb edir. Muzey işi, kitabxana, konsert müəssisələri arasında birgə layihələr və təqdimatlar, yaradıcı kollektivlərin birgə qarşılıqlı əlaqələri, müxtəlif şəhərlərdə tədbirlərin reallaşması birgə əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir.

Bu münasibətlərin inkişafında Heydər Əliyev Fondunun mühüm xidmətləri var. Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyeva demişdir: “Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu”. İndi fondun təkilatçılığı ilə Rusiyada bir sıra layihələr reallaşdırılır. Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması Sankt-Peterburqun və Azərbaycanın mədəni həyatında çox mühüm hadisə olmuşdur. Bu sənədi Leyla Əliyeva və kitabxananın baş direktoru Vladimir Zaytsev imzalamışlar. Leyla Əliyeva fondun adından kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan kitablarını hədiyyə etmişdir.

Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi açılmışdır. Mərkəzin açılış mərasimində iştirak edən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əlaqələrin inkişafından məmnun olduğunu bildirmişdir. Nazir demişdir: "Biz humanitar sahədə əlaqələrə xüsusi önəm veririk. Bir qədər əvvəl həm Azərbaycanda, həm də Rusiyada ölkələrimizin mədəniyyət illəri keçirilmişdir. Biz yalnız ikitərəfli formatda əməkdaşlıqla kifayətlənmirik. Əlaqələr MDB çərçivəsində də inkişaf edir. Burada Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin açılışı humanitar sahədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün yeni addımdır".

Əlbəttə, Azərbaycan–Rusiya humanitar əməkdaşlığının əhatə dairəsi çox genişdir. Rusiya ilə münasibətlər yaxınlaşdıqca bu əlaqələr daha intensiv xarakter alır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 30 noyabr.- S.4.