Azərbaycan bu gün çox
güclü hərbi
potensiala malikdir
Biz çox güclü ordu
yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə
də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan
Ordusu onu məhv edə bilməsin. Düşmənin
bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli
məntəqələri Azərbaycan Ordusu tərəfindən
məhv edilə bilər.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
On illərdən bəri həll edilməmiş
qalan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi region ölkələrinin
inkişafına ciddi şəkildə mane olmaqdadır.
Doğrudur, Azərbaycan digər Qafqaz ölkələrinə
nisbətən sürətlə inkişaf edir. Ancaq ölkəmizin
məcburən sürükləndiyi bu münaqişə
olmasaydı, Azərbaycan indikindən qat-qat artıq sürətlə
inkişaf edərdi. Ekspertlərin fikrincə, region ölkələrinin
inkişafının qarşısını alan faktorların ən
başlıcası beynəlxalq aləmdəki ikili standart
müəllifləri və antiazərbaycan qüvvələrin
himayədarlıq etdiyi işğalçı Ermənistan rəhbərliyidir.
Zaman beynəlxalq
təşkilatların daha tez və Azərbaycanın ərazi
bütövlüyünün bərpası çərçivəsində
həll etmək istədiyi münaqişənin önünə
daha bir kötük diyirləmişdir. Bu kötük ölkədəki
sosial-iqtisadi problemlərin əlində əsir-yesir
qalmış Ermənistan əhalisinin etiraz aksiyaları nəticəsində
hakimiyyətə gəlmiş, populist küçə
adamı imicindən uzaqlaşa bilməyən Nikol
Paşinyandır. O, nəinki problemin həllinə töhfə
verə bilmədi, hətta məsələnin daha da qəlizləşməsinə
səbəb olan məsuliyyətsiz bəyanatlarla “tarixə
düşdü”. Bu populist siyasətçi açıq
şəkildə etiraf edir ki, Ermənistan sülh
danışıqlarına deyil, müharibəyə
üstünlük verir. Belə olan halda isə Azərbaycanın
başqa yolu qalmır.
Məhz o
səbəbdən də Azərbaycan Prezidenti İlham
Əliyev ermənilərə xatırladır ki, bir neçə
il əvvəl Ermənistan döyüş meydanında
üzləşdiyi məğlubiyyətdən bu günə qədər
də özünə gələ bilmir: “Bu gün Azərbaycan
bayrağı Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının vaxtilə işğal altında olan
torpaqlarında dalğalanır. Gün gələcək ki,
bizim bayrağımız Şuşada və Xankəndidə
dalğalanacaqdır”.
Daim
sülh tərəfdarı olmuş Azərbaycan rəhbərliyi
münaqişənin başlandığı günlərdən
bəri işğalçılara dövri olaraq
xatırladır ki, Ermənistanın
işğalçılıq siyasətinin gələcəyi
yoxdur: “Azərbaycan öz ərazi
bütövlüyünü onsuz da bərpa edəcəkdir.
Ancaq Ermənistan son illər ərzində bölgədə gedən
regional əməkdaşlıq proseslərindən tam təcrid
olunmuş vəziyyətdədir. Onlar siyasi səhnədə
məğlub olublar, bütün aparıcı beynəlxalq təşkilatlar
Azərbaycanın mövqeyini dəstəkləyir”.
Xatırladaq
ki, BMT, onun Təhlükəsizlik Şurası, ATƏT,
İslam Əməkdaşlıq Təşkilatı, Avropa
Parlamenti, AŞPA, digər təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünü tanıyır və Ermənistan
--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunmasını tələb edən çoxsaylı qərar
və qətnamələr qəbul etmişlər. Yəni, bu,
Ermənistanın siyasi məğlubiyyətidir. Onlar diplomatik
arenada məğlubiyyətə uğrayıblar. Dağlıq
Qarabağda keçirilmiş qondarma “referendum” heç bir
ölkə tərəfindən tanınmayıb, beynəlxalq
təşkilatlar da bunu tanımayıblar. Bu, bir daha təsdiqləyir
ki, Dağlıq Qarabağ Azərbaycanın
torpağıdır, Azərbaycanın əzəli
torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir.
Prezident
İlham Əliyevin fikrincə, Ermənistan--Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur: “Dəfələrlə
demişəm, bir daha demək istəyirəm bunu hamı
bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki,
bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti
yaradılsın. Dəfələrlə demişəm və
bir daha demək istəyirəm ki, bugünkü Ermənistanın
ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu təsdiqləyən
çoxsaylı kitablar, xəritələr var. Bu, tarixdir,
tarixi həqiqətdir. Bunu bilməyənlər də bilsinlər
və ən önəmlisi Azərbaycan gəncləri bunu
bilsinlər. Bilsinlər ki, indiki Ermənistanın
böyük hissəsi Azərbaycanın tarixi
torpağıdır. Biz bunu heç vaxt unutmuruq və
unutmayacağıq”.
Xatırladaq
ki, dövlət başçımız bu il mayın 27-də
“Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika
Günü münasibətilə keçirilmiş rəsmi qəbulda
geniş nitq söyləmişdi. Orada qeyd edilirdi ki, ölkəmizin
hərbi qüdrəti güclənir. Ağdərə,
Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi,
Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat
nəticəsində böyük torpaq sahəsi
işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin
artırılması nəticəsində bu gün Azərbaycan
Ordusu beynəlxalq reytinqlərdə güclü ordular
sırasındadır.
Bu, belə
də olmalıdır. Çünki biz müharibə şəraitində
yaşayırıq. Müharibə hələ bitməyib. Belə
olan halda hərbi potensialımızın gücləndirilməsi
əsas prioritet məsələlərdən biri
olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar
atılıb.
İşğalçılar
da daxil olmaqla heç kəsin yaddından çıxmayıb
ki, ötən ilin iyun ayın ayının 26-da Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 100 illik yubileyi münasibətilə
Bakının “Azadlıq” meydanında təntənəli hərbi
parad keçirilmişdi. Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva,
dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri,
hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları,
yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn
nümayəndə heyətlərinin rəhbərləri,
müharibə veteranları və paytaxt ictimaiyyətinin
nümayəndələri Azərbaycan Ordusunun hərbi paradda
nümayiş etdirilən texnika, silah və sursatını, eləcə
də, kadr potensialını izləmişdilər.
Müdafiə,
Daxili işlər, Fövqəladə hallar nazirliklərinin,
Dövlət təhlükəsizliyi, Dövlət sərhəd
və Xüsusi Dövlət mühafizə xidmətlərinin,
eləcə də Türkiyə Respublikası Silahlı
Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək
şəxsi heyəti iştirak etdiyi təntənəli mərasimdə
240-dan çox hərbi texnika, gəmilər, 70-dən
artıq uçuş vasitəsi, o cümlədən
silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli
texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan
müdafiə sistemləri, helikopterlər, pilotsuz
uçuş aparatları kimi müxtəlif növ ən yeni
silah və texnikalar nümayiş olunmuşdu.
Ən
maraqlı məqam isə o idi ki, İrəvanda
çoxballıq zəlzələ effekti verən bu hərbi
paradın tribunasında Azərbaycan rəhbərliyi və hərbçilərimizin
yanında Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş
Ərəb Əmirlikləri, Gürcüstan, İran,
İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə
Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə
dayanmışdı. Bu faktlardan xəbərdar olan Nikol
Paşinyanın Azərbaycana müharibə
çağırışları səsləndirməsi, sadəcə
ağıldankəmlik əlamətidir.
Məhz həmin
hərbi paradda geniş nitq söyləyən Azərbaycan
Prezidenti İlham Əliyev dünya ictimaiyyətinə, Ermənistanın
himayədarlarına və işğalçı ölkənin
rəhbərliyinə açıq və konkret mesajlar göndərmişdi:
“Bundan sonra Azərbaycan Ordusu hər
an hazır olmalıdır ki, öz ərazi
bütövlüyünü bərpa etsin. Biz istəyirik ki,
münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın
apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir
daha demək istəyirəm ki, biz bu vəziyyətlə
heç vaxt barışmayacağıq. Biz çox
güclü ordu yaratmışıq. Düşmən bilməlidir
ki, onun bir dənə də olsun hərbi və ya strateji
obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Düşmənin bütün hərbi obyektləri,
bütün strateji əhəmiyyətli məntəqələri
Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər…
Ona görə, hesab edirəm ki, məsələnin tezliklə
danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın
ərazi bütövlüyünün tezliklə bərpa edilməsi
qarşı tərəfin də marağında
olmalıdır”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2019.- 4
sentyabr.- S.1-2.