“Mirzə Cəlilin Azərbaycanı” 

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında “Mirzə Cəlilin Azərbaycanı” adlı tammetrajlı sənədli filmin çəkilişi davam edir.

 

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvan şəhərində, Nehrəm kəndində, Ağcabədi rayonundaQori şəhərində lentə alınıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub.

Rejissor Tahir Tahiroviç bu barədə danışarkən deyib: "Ağcabədinin Kəhrizli kəndində yaradılan ev muzeyində olduq. Orada böyük ədibin  həyat  və yaradıcılığına aid eksponatlar,  ailəsinə məxsus məişət əşyaları, o cümlədən  yazıçının əsərləri,  müasirlərinə aid sənədlər, "Molla Nəsrəddin” jurnalının nömrələri   nümayiş olunur.”

 Filmə C.Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan "Molla Nəsrəddin” jurnalı  ilə bağlı  maraqlı  faktlar da daxil edilmişdir.

 Rejissor  deyir: "Mən ssenariyə bir az fərqli yanaşdım. İstəyirəm ki, Mirzə Cəlilin yaratdığı obrazları real olaraq tamaşaçılara  göstərək. Mirzə Cəlilin obrazları bu günbizim aramızda yaşayırlar. Məgər bu gün Kefli İsgəndərlər, Şeyx Nəsrullahlar yoxdurmu?  Təbii ki, Mirzə Cəlil haqqında indiyə kimi yetərincə film çəkilib. Ancaq bu filmdə siz Mirzə Cəlili olduğu kimi görəcəksiniz.  Biz sizə Mirzə Cəlilin Azərbaycanını göstərəcəyik”.

Filmin ssenari müəllifi  Nadir Bədəlov, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Film noyabr ayında hazır  olacaq.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq  qəzeti.- 2019.- 7 sentyabr.- S.8.