Müsabiqədə qalib layihə seçildi

 

Heydər Əliyev Fondundan verilən məlumata görə, münsiflər heyətinin qərarına əsasən, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

 

Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib, 1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, 1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildə SSRİ Rəssamlar İtiffaqının üzvlüyünə qəbul olunub.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar rəssam fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.

Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir. Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey şəxsi kolleksiyalarda saxlanılır.

 

Xalq qəzeti.- 2019.-7 sentyabr.- S.5.