“Globus Travel” Azərbaycanda turizm

sektorunun müxtəlif sahələrində fəaliyyət göstərir

 

Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilib. Gözəl təbiəti, qədim  tarixi abidələri, zəngin mətbəxi, qonaqpərvərliyi, dövlət tərəfindən bu sahəyə ayrılan diqqət, sahibkarlara yaradılan şərait, viza sisteminin sadələşdirilməsi bu sahənin inkişafına  rəvac verir.

 

Son illər  dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün müxtəlif istiqamətlərdə fəal işlər görülür. Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imici, respublikamızın dünyada sabitlik adası kimi qəbul edilməsi, ölkəmizə marağın artmasına səbəb olub və turizm sahəsinin də inkişafına zəmin yaradıb. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti  sayəsində əldə olunub və Azərbaycana beynəlxalq miqyasda böyük nüfuz qazandırıb.

Azərbaycana səfər edən hər bir qonaq əmindir ki, burada yüksək xidmət, qonaqpərvərliklə yanaşı, təhlükəsiz və xoş mühitlə qarşılaşacaq, eyni zamanda, gözəl istirahətdən zövq alacaqdır.

Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Dövlət başçısı  dəfələrlə öz çıxışında bu məsələyə xüsusi diqqət yetirərək qeyd edib ki, Azərbaycandakı kurort mərkəzləri dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır.  Bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, minlərlə, bəlkə də, on minlərlə yeni iş yeri açılacaqdır. Respublikamıza  gələn turistlərin sayı daha çox olacaq və Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir.

Qeyd edək ki, turizmin inkişafı ilə bağlı son vaxtlar  ölkə Prezidenti  bir neçə   sərəncam  verib    onların icrası istiqamətində  tədbirlər  həyata keçirilib. Dövlət başçısının  2016-cı il 1 sentyabr tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında", habelə 20 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamları  ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsir  göstərilib. Cənab Prezidentin də  qeyd etdiyi kimi, "ASAN viza" sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin edib.

Strateji Yol  Xəritəsində qeyd olunur ki, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir. Bu məqsədlə 20 aprel 2018-ci il tarixli  Prezident sərəncamına əsasən,  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi  təşkil olunub. Bütün bunlar  turizm  sektorunda əsaslı yeniliklərin yaranmasına  şərait  yaratmışdır. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin  yaradılması  turizm  sahəsində  idarəçilik sisteminin  təkmilləşdirilməsinə mühüm töhfədir. Agentlik  yarandığı vaxtdan  bu sahənin sürətli inkişafını təmin etmək üçün yeni  layihələr həyata keçirir. Xüsusilə  sahibkarların, şirkət rəhbərlərinin fəaliyyətinin koordinasiya olunmasının  təmin edilməsi  ilə bağlı mühüm işlər görür.

Məlumdur ki, turizm tələbinin ödənilməsi üçün lazım olan müxtəlif xidmətlər yeni iş yerləri üçün mənbə rolunu oynayan fəaliyyət növləri yaradır. Bu səbəbdən turizm inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə sosial inkişafın vacib elementi hesab olunur. Regionlar, eləcə də ümumilikdə, ölkə üzrə potensial imkanlardan tam və səmərəli istifadə, bu imkanları ölkənin milli maraqları çərçivəsində yerli və xarici turistlərin cəlb edilməsinə yönəldilməsi qarşıda duran başlıca vəzifələr kimi qəbul  olunmalıdır. Turizmin regionlarda inkişafı bu müəssisələrin səmərəli fəaliyyəti, onların hər birinin turizm məqsədilə istehsal etdiyi məhsulun həcmi, iş yerlərinin təşkili və həmçinin, yaratdığı ­infrastruktur sferası ilə müəyyənləşir.

Ölkənin turizm sisteminin inkişafı və fəaliyyəti turizm şirkətləri tərəfindən həyata keçirilir və onlar turizm sisteminin inkişafında müstəsna rol oynayırlar. Turizm sahəsinə informasiya texnologiyaları və informasiya sistemlərinin tətbiqi bu sektorun inkişafının yeni aspektlərinin formalaşmasına səbəb olur. İnformasiya texnologiyaları turizmi insanın həyat fəaliyyətində əsas yerlərdən birinə çevrilməsinə yaxınlaşdırır. Biz də müntəzəm olaraq innovativ yeniliklərdən istifadə edərək, fəaliyyətimizi bu istiqamətdə qurur və ölkəmizin təqdimatını yüksək səviyyədə təqdim  etməyə çalışırıq. Azərbaycanda  turizm sahəsində  sahibkarlığın  inkişaf tempi ildən- ilə artır və sahibkarlara  dövlət tərəfindən xüsusi  dəstək  göstərilir.

Biz  ”Globus Travel”  turizm şırkətini  2002-ci ildə Tovuz  rayonunda təsis etmişik. Şirkətimiz 17 il ərzində böyük inkişaf yolu keçmişdir. Bütün bu illər ərzində çoxsaylı nailiyyətlərə imza atmışıq. Bundan əlavə, ölkədə olan azsaylı şirkətlərdən biriyik ki, turizm sektorunun bütün sahələrində fəaliyyət göstəririk. Bu sahələrdən bəzilərini – daxili turizmi xarici turizmi, B2B satış platformasını, hava yolu nümayəndəliyini, gəlmə turizmi  və MİCE-ni nümunə kimi göstərə bilərik. “Globus Travel” Beynəlxaq Hava Nəqliyyatı Assosiasiyasının və Azərbaycan Turizm Assosiasiyasının üzvüdür və bu sektorda olan bütün digər qurumlarla sıx əməkdaşlıq edir.

Hazırda Azərbaycanda bir neçə  rəsmi ofisimiz fəaliyyət göstərir. Bakı və Gəncə şəhərlərinin hər birində 2, Şəmkir və Tovuz rayonlarında isə 1 ofisimiz var. Biz bununla müştərilərimizə maksimum yaxın olmağa çalışırıq. Əməkdaşlarımız yüksək təlim görmüş peşəkar turizm menecerləridir və istənilən müştərinin səyahət ehtiyaclarına uyğun təklifləri təqdim etməyə hazırdır.

Geniş B2B şəbəkəmiz olduğuna görə, daim çağrı mərkəzimiz və satış platformamız ilə subagent və korporativ şirkətlərə də turizm xidmətləri təqdim edə bilirik. Ümumiyyətlə, müasir dövrdə istənilən sektorda yüksək səmərəliliyi təmin etmək üçün texniki innovasiyaların tətbiqi zəruridir. Turizm sektoru da istisna deyil. Rəsmi ölkə nümayəndəsi olduğumuz IATI online B2B satış sistemi vasitəsilə subagentlərlə iş proseslərimizin böyük bir qismini texnoloji müstəviyə gətirməyə nail olmuşuq. Bu sistem vasitəsilə subagentlər online şəkildə aviabilet, otel, transfer, tur, kirayə evlər, tibbi turizm, viza dəstəyi, yaxta kirayəsi, qatar və avtobus biletləri daxil olmaqla çoxsaylı turizm xidmətlərindən bəhrələnə bilərlər.

Bizim şirkətimizin əsas hədəfi və seçdiyi yol ölkəmizi layiqincə təmsil etmək, eyni zamanda, Azərbaycana səfər edən qonaqlara yüksək xidmət göstərərək onları  məmnun etməkdir. Ölkənin turizm sahəsində inkişafı və onun beynəlxalq aləmdə təmsili öhdəliyi milli turizm təşkilatlarının payına düşür.

Biz də öz üzərimizə düşən  öhdəlikləri uğurla yerinə yetimək üçün mövcud imkanlardan maksimum istifadə etməyə çalışırıq.

 

Eldəniz SƏFƏROV,

“Globus Travel” şirkətinin baş direktoru

 

Xalq qəzeti.- 2019.- 7 sentyabr.- S.7.