“Mediasiya prosesinin
həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
¹ 385
Bakı şəhəri,
5 sentyabr 2019-cu il
“Mediasiya
haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart
tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli
Fərmanının 1.9-cu bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Mediasiya
prosesinin həyata keçirilməsi Qaydası” təsdiq
edilsin (əlavə olunur).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
Mediasiya
prosesinin həyata keçirilməsi QAYDASI
Ümumi
müddəalar
1.1.
Bu Qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun
24-cü maddəsinə uyğun olaraq
hazırlanmışdır və mediasiya prosesinin həyata
keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Mediasiya
prosesi “Mediasiya haqqında” Azərbaycan Respublikasının
Qanununa (bundan sonra - Qanun), bu Qaydaya, bu Qaydaya uyğun olaraq
hazırlanmış mediasiya təşkilatının daxili
qaydasına (olduğu halda) və mediatorların peşəkar
etik davranış qaydasına uyğun olaraq həyata
keçirilir.
2.
Mediasiya prosesində tərəflər
2.1.
Mediasiya prosesinin tərəfləri – hüquqi və fiziki
şəxslər (o cümlədən, hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən
fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə
razılıq vermiş inzibati orqanlardır.
2.2.Tərəflərin
hüquqları aşağıdakılardır:
2.2.1.
mediasiya təşkilatını və ya mediatoru seçmək
və onlardan imtina etmək;
2.2.2.
mediasiyanın aparılmasında şəxsən və ya
etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak
etmək;
2.2.3.
mediasiya prosesi və onun mümkün nəticələri barədə
məlumat almaq;
2.2.4.
qarşılıqlı razılaşma əsasında Qanuna
uyğun olaraq mediasiya prosesinin tətbiqinin, onun həyata
keçirilməsinin və başa
çatdırılmasının bütün şərtlərini
sərbəst şəkildə müəyyən etmək;
2.2.5.
öz mülahizələrinə əsasən maddi və
prosessual hüquqlarından istifadə etmək;
2.2.6.
tələblərinin həcmini artırmaq və ya azaltmaq;
2.2.7.
mübahisənin həll edilməsi ilə bağlı təkliflər
vermək;
2.2.8.
qarşılıqlı razılaşma əsasında
“mediasiya prosesinin tətbiqi barədə müqavilə”yə əlavə
və dəyişikliklər etmək;
2.2.9.
mediatorla ayrı-ayrılıqda görüşlər
keçirmək;
2.2.10.
Qanunla müəyyən olunmuş digər hüquqları həyata
keçirmək.
2.3.
Tərəflərin vəzifələri
aşağıdakılardır:
2.3.1.
barışıq sazişinin icrasını təmin etmək;
2.3.2.
mediasiya prosesinin konfidensiallığını qorumaq;
2.3.3.
Qanuna, bu Qaydaya, habelə “mediasiya prosesinin tətbiqi barədə
müqavilə”nin şərtlərinə riayət etmək;
2.3.4.
Qanunla müəyyən olunmuş digər vəzifələri
yerinə yetirmək.
3.
Mediator
3.1.
Mediator – peşəkar əsasda mediasiya prosesinin həyata
keçirilməsi üçün tərəflərin cəlb
etdiyi və ya mediasiya təşkilatı tərəfindən
təyin olunmuş, Qanunun tələblərinə cavab verən
fiziki şəxsdir.
3.2.
Qanunun tələbləri nəzərə alınmaqla,
mediatorun hüquqları aşağıdakılardır:
3.2.1.
öz istəyi əsasında fərdi qaydada və ya mediasiya
təşkilatı vasitəsilə mediasiya fəaliyyətini
həyata keçirmək;
3.2.2.
tərəflərlə razılaşdırılmış
xidmət haqqı almaq;
3.2.3.
mediasiya prosesində hər iki tərəflə birgə və
ya ayrı-ayrılıqda görüşlər keçirmək,
əməkdaşlıq etmək, onlara şifahi və
yazılı tövsiyələr vermək;
3.2.4.
konfidensiallıq prinsipini gözləməklə, ictimaiyyəti
öz fəaliyyəti haqqında məlumatlandırmaq;
3.2.5.
nümayəndə ilə təmsil olunan tərəflə
nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə
saxlamaq;
3.2.6.
Qanunla müəyyən olunmuş digər hüquqları həyata
keçirmək.
3.3.
Mediatorun vəzifələri aşağıdakılardır:
3.3.1.
mediasiya zamanı tərəflərin razılığı
çərçivəsində hərəkət etmək;
3.3.2.
mediasiya başlananadək tərəflərə
mediasiyanın məqsədlərini, onların hüquq və
vəzifələrini izah etmək;
3.3.3.
mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri
geri qaytarmaq;
3.3.4.
iki ildə bir dəfədən az olmayaraq təşkil olunan
Qanunda nəzərdə tutulmuş ixtisasartırma
kurslarında iştirak edərək müvafiq sertifikat almaq;
3.3.5.
bu Qaydaya, mediatorların hazırlığı və
ixtisaslarının artırılması ilə bağlı təlim
qaydasına, mediasiya reyestrinin aparılması qaydasına,
habelə mediatorların peşəkar etik davranış
qaydasına əməl etmək;
3.3.6.
mediasiyanın davam etdirilməsinin mübahisənin həllinə
gətirməyəcəyi qənaətinə gələrsə,
mediasiyanı aparmaqdan imtina etmək və ya tərəflərin
yazılı razılığı ilə mediasiyanın
prosesinə xitam vermək;
3.3.7.
bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulan
mediasiya prinsiplərinə riayət etmək;
3.3.8.
mediasiya Şurası tərəfindən Qanuna uyğun olaraq qəbul
olunan qərarları icra etmək;
3.3.9.
mediasiya prinsipləri əsasında mediasiyanı həyata
keçirə bilmədikdə, dərhal öz-özünə
etiraz etmək;
3.3.10.
Qanunda nəzərdə tutulmuş qadağa və məhdudiyyətlərə
əməl etmək;
3.3.11.
Qanunla müəyyən olunmuş digər vəzifələri
yerinə yetirmək.
4.
Mediasiya prosesi
4.1.
Mediasiya prosesi tərəflər arasında bağlanılan
“mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında
və ya Qanunun 28-ci və 29-cu maddələrinə uyğun
olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata
keçirilir.
4.2.
Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin
azaldılması və onları razı salacaq şəkildə
mübahisənin həllini təmin etmək məqsədilə
həyata keçirilir.
4.3.
Mediasiya könüllülük, tərəflərin hüquq
bərabərliyi və əməkdaşlığı,
mediatorların qərəzsizliyi və müstəqilliyi,
mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq
prinsipləri əsasında həyata keçirilir.
4.4.
Mediasiya prosesi tərəflərin qarşılıqlı
razılıq əsasında müəyyən etdiyi dildə
aparılır.
4.5.
Mediasiya prosesi baxılan hər bir mübahisə ilə
bağlı işin halları, tərəflərin istəkləri,
mübahisənin tez həll edilməsi zərurəti nəzərə
alınmaqla həyata keçirilməlidir.
4.6.
Mediasiya prosesinin ümumi müddəti 30 gündən
artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi
nəzərə alınaraq, tərəflərin
razılaşması ilə mediasiya prosesinin müddəti daha
30 gün müddətinədək uzadıla bilər. Mediasiya
prosesinin keçirilməsinin konkret müddəti ümumi
müddət nəzərə alınmaqla, “mediasiya prosesinin tətbiqi
barədə müqavilə” ilə müəyyən olunur.
5.
Mediasiya prosesinin mərhələləri
5.1.
Mediasiya danışıqlar şəraitində həyata
keçirilir və aşağıdakı mərhələlərdən
ibarətdir:
5.1.1. mediasiya prosesinə hazırlıq;
5.1.2. mediasiya prosesinin başlanılması;
5.1.3. tərəflərin mübahisənin mahiyyətini
açıqlaması;
5.1.4. tərəflərin hər biri ilə
ayrı-ayrılıqda danışıq;
5.1.5. mübahisənin həlli üçün təkliflərin
hazırlanması;
5.1.6. mediasiya prosesinin yekunlaşdırılması;
5.1.7. mediasiya prosesinə xitam verilməsi;
5.1.8. barışıq sazişinin icrası.
6.
Mediasiya prosesinə hazırlıq
6.1.
Mediasiya üçün müraciət edən tərəf
mediasiya təşkilatı və ya mediatora mübahisənin
xarakteri barədə qısa məlumat, mübahisənin tərəflərinin
və əgər vardırsa, mediasiyada onları təmsil edəcək
vəkilin və ya nümayəndənin əlaqə məlumatlarını
təqdim edir.
6.2.
Mediasiya prosesi başlayanadək tərəflər öz
mövqelərini qiymətləndirir, barışıq və
güzəşt imkanlarını nəzərdən
keçirir və əgər ehtiyac vardırsa, müvafiq sahənin
mütəxəssisi (vəkil, hüquqşünas, müvafiq
texniki sahədə mütəxəssis və s.) ilə məsləhətləşməlidirlər.
6.3. Tərəflər
özlərinin və ya mediatorun təşəbbüsü ilə
işin daha yaxşı başa düşülməsinə
köməklik edə bilən əlavə məlumat və digər
sənədləri də mediator və digər tərəfə
təqdim edə bilərlər. Tərəflərdən hər
hansı biri belə məlumat və sənəd təqdim
etmişdirsə, mediator qarşı tərəfə də
öz mövqeyini izah edən belə məlumat və sənədləri
təqdim etməyi təklif edə bilər. Tərəfin
razılığı olmadan belə məlumat və ya sənədlərin
məzmunu digər tərəfə açıqlana bilməz.
6.4.
Mediasiya təşkilatı və ya mediator mediasiya prosesi
başlamazdan əvvəl mediasiya sessiyasında iştirak edən
tərəflərə öz xidmət haqqı və xərcləri
barədə məlumat verməlidir.
6.5.
Mediasiya təşkilatı və ya mediatora müraciət
üçün müvafiq formalar mediasiya təşkilatı
və ya mediator tərəfindən müəyyən edilir.
7.
Mediasiya prosesinin başlanılması
7.1.
Mediasiya prosesi tərəflərdən birinin digər tərəfə
mediasiya prosesinin tətbiqi barədə yazılı formada məlumatları
(tərəflərin adları və rekvizitləri, mübahisənin
predmeti, xərclərin ödənilməsi şərtləri
və qaydası, əgər tərəflər arasında digər
razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi
haqqında tərəflərin öhdəlikləri və həmin
öhdəliyə əməl etməməyə görə məsuliyyət),
həmçinin tərəflərin qarşılıqlı
razılaşdığı mediator (mediatorlar) və ya
mediasiya təşkilatı vardırsa, bu barədə məlumatı,
olmadıqda isə bu barədə təklifləri əks etdirən
təklifin göndərildiyi andan başlanılmış
sayılır.
7.2.
Əgər bu Qaydanın 7.1-ci bəndində qeyd edilən təklif
göndərilməmişdirsə, Qanunun 28-ci və 29-cu maddələrində
nəzərdə tutulmuş hallarda iqtisadi mübahisələr,
həmçinin ailə və əmək münasibətlərindən
irəli gələn mübahisələr üzrə mediasiya
tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi
andan, digər hallarda isə Qanunun 22-ci maddəsində nəzərdə
tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə”
bağlanıldığı andan başlanılmış
sayılır.
7.3.
Mediator mediasiyada iştirak edən tərəflərlə
mediasiya prosesinin keçirilməsinin tarixini, saatını və
yerini razılaşdırır və ya Qanunun 21.8-ci və
29.2-ci maddələrində nəzərdə tutulmuş
hallarda mediasiya prosesinin keçirilmə tarixi, saatı və
yerini əks etdirən bildirişi tərəflərə
göndərir.
7.4.
Qanunun 21.8-ci və 29.2-ci maddələrində nəzərdə
tutulmuş hallarda tərəflər və ya onlardan biri
mediasiya sessiyasında iştirak etmədikdə və ya
iştirak etməkdən yazılı şəkildə imtina
etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə
müqavilə”ni imzalamağa razı olmadıqda, mediator
sessiyada iştirak edən və etməyən tərəfləri
qeyd etməklə müvafiq olaraq “Mediasiya sessiyasında
iştirak edilməməsi” və ya “İlkin mediasiya
sessiyasında iştirak edilməməsi” ilə bağlı
arayışı həmin şəxslərə təqdim
edir.
7.5.
Mediator bu Qaydaya əsasən müəyyən olunmuş tarix,
saat və yerdə mediasiya prosesini açır.
7.6.
Mediator öz açılış nitqi ilə tərəflərə
mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və
qaydalarını, mediasiyanın məqsəd və prinsiplərini,
tərəflərin hüquq və vəzifələrini,
mediasiya prosesində özünün funksiyalarını,
mediasiya prosesinin mərhələlərini və müddətini,
habelə barışıq sazişinin hüquqi nəticələrini
ətraflı izah edir.
7.7.
Mediator hər hansı tərəflə qohum, dost və ya tanış olması barədə məlumatları,
müstəqilliyinə və ya qərəzsizliyinə təsir
edə biləcək və ya təsir etmək ehtimalı olan,
tərəflərdə onun müstəqilliyi və ya qərəzsizliyi
ilə bağlı hər hansı bir şübhə yaratmaq
ehtimalı olan və ya maraqların toqquşmasına səbəb
olacaq məlumatların olub-olmamasını tərəflərə
açıqlamalıdır. Əgər hər hansı belə
məlumat açıqlanarsa, tərəflər belə məlumatla
yazılı şəkildə tanış olmalı və
mediatorun mediasiyanı aparmasına yazılı razılıq
verməlidirlər.
7.8.
Mediatorun nitqi sadə və aydın dildə ifadə edilməlidir.
7.9.
Mediator tərəfləri təqdim edir, əgər tərəflər
arasında ayrı razılaşma yoxdursa, ilkin olaraq mübahisənin
mediasiya yolu ilə həll edilməsi üçün
müraciət edən tərəfə, daha sonra isə digər
şəxslərə söz verir.
7.10.
Mediasiya prosesində həll edilməsi nəzərdə
tutulan mübahisələr mediasiyada iştirak etməyən
üçüncü şəxslərin və ya məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud
fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin
hüquqlarına toxunduqda mediator (mediasiya təşkilatı),
tərəflər və ya onlardan biri həmin mübahisələr
üzrə mediasiya prosesindən imtina edirlər.
7.11. Tərəflər
mediasiya prosesində bilavasitə və ya nümayəndələri
vasitəsilə iştirak edə bilərlər. Mediator tərəflərə
şəxsən iştirak etməyi tövsiyə edir və
şəxsən iştirak etməməyin potensial mənfi nəticələrini
izah edir. Tərəflər mediasiya prosesində vəkillərin,
tərcüməçilərin, müvafiq sahədə
ekspert və mütəxəssislərin köməyindən
istifadə edə bilərlər. Tərəflərin
razılaşması ilə mediasiya prosesində digər şəxslər
də iştirak edə bilər.
8. Tərəflərin
mübahisənin mahiyyətini açıqlaması
8.1.
Mediasiya prosesi başlanıldıqdan sonra tərəflər
baxılması və razılaşdırılması tələb
olunan mübahisəli məsələlərin dairəsini
müəyyən edirlər.
8.2.
Mediator həmin məsələlərlə bağlı hər
bir tərəfə müdaxiləsiz olaraq öz mövqeyini
tam şəkildə izah etməyə, həmçinin
mübahisənin həlli yolları və arzuolunan nəticələr
barədə fikirlərini ifadə etməyə imkan
yaradır.
8.3.
Mediator müzakirələr zamanı aktiv dinləyici qismində
çıxış edir, müvafiq qeydlər aparır, zərurət
yaranarsa mühüm əhəmiyyətli halları müəyyənləşdirmək
üçün tərəflərə suallar verir.
8.4.
Müzakirələr zamanı tərəflər bir-birlərinə
və mediatora qarşı hörmətlə yanaşmalı,
şərəf və ləyaqətə xələl gətirən
kobud, təhqiramiz sözlərə və hərəkətlərə
yol verməməlidirlər.
8.5.
Müzakirələr mübahisəyə çevrilərsə
və ya tərəflər bir-birləri ilə
danışıqdan imtina edərsə, mediator tərəflərə
onların hər biri ilə ayrı-ayrılıqda
danışıqlar aparılmasını təklif edə bilər.
9. Tərəflərin
hər biri ilə ayrı-ayrılıqda danışıq
9.1.
Mediator mediasiya prosesinin istənilən mərhələsində
öz təşəbbüsü ilə və ya tərəflərin
tələbi ilə onlarla ayrı-ayrılıqda danışıqlar
apara bilər. Bu halda tərəflərlə aparılan belə
ayrı-ayrılıqda danışıqlar zamanı
açıqlanan məxfi məlumatların
konfidensiallığı təmin olunmalıdır.
9.2.
Danışıqların sonunda mediator müzakirə olunan məsələləri
ümumiləşdirə, tərəflərdən hər
hansı əlavələrinin olub-olmadığını, həmçinin
müzakirə olunan məsələlər barədə digər
tərəfə hansı məlumatları verə biləcəyini
soruşa bilər.
10.
Mübahisənin həlli üçün təkliflərin
hazırlanması
10.1.
Mübahisənin həlli üçün təkliflərin
hazırlanması mərhələsində tərəflər
təkliflər verir, təklif olunan variantları təhlil edir
və öz fikirlərini bildirirlər.
10.2.
Mediasiya prosesində tərəflər öz mövqelərinə
və mübahisənin həlli şərtlərinə dair təkliflərini
yazılı və ya şifahi şəkildə bildirirlər.
Təkliflər bildirilərkən Azərbaycan
Respublikasının qanunvericiliyi, üçüncü şəxslərin
hüquqları və qanunla qorunan maraqları nəzərə
alınmalıdır.
10.3.
Mübahisənin həlli üçün təkliflərin
hazırlanması mərhələsində təqdim olunan təkliflər
barışıq sazişinin şərtlərinin
icrasının mümkünlüyü baxımından tərəflər
və əgər vardırsa, onların nümayəndələri
tərəfindən qiymətləndirilir.
10.4.
Mediasiya prosesinin hər hansı mərhələsində
mediator mübahisənin həlli məqsədilə tərəflər
üçün öhdəlik nəzərdə tutmayan
şifahi və ya yazılı təklifi irəli sürə
bilər. Hər iki tərəfə açıqlanan belə
barışıq təklifi tərəflərin
qarşılıqlı razılığı ilə verilir.
11.
Mediasiya prosesinin yekunlaşdırılması
11.1.
Əgər tərəflər mediasiya nəticəsində
barışıq əldə edirlərsə, mediator tərəflərin
xahişi ilə barışıq sazişinin
hazırlanmasına kömək edə bilər. Mediator tərəflərin qarşılıqlı
razılığı ilə barışıq sazişinin
şərtlərini müəyyən edir və tərəflərə
bildirir.
11.2.
Barışıq sazişi tərəflər arasında
yazılı formada bağlanılır. Barışıq
sazişində Qanunun 33.1-ci maddəsində qeyd olunan məlumatlar
göstərilir.
11.3.
Barışıq sazişi tərəflər və mediator tərəfindən
imzalanır. Barışıq sazişinin nüsxələri
tərəflərin və təqdim ediləcəyi
orqanların (qurumların) sayına uyğun olaraq tərtib
olunur. Barışıq sazişi imzalandığı gün
tərəflərə təqdim edilməlidir.
Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim
edilməli olan nüsxəsini tərəflərdən biri həmin
nüsxənin ona təqdim edildiyi tarixdən 1 (bir) iş
günü müddətində müvafiq orqana (quruma) təqdim
edir.
11.4.
Barışıq sazişi qüvvədə olan qanunvericiliyə
və Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin
müddəalarına zidd olmamalıdır.
11.5.
Barışıq sazişi təmsilçi vasitəsilə
bağlanıla bilər. Təmsilçiyə verilən
etibarnamədə onun bu səlahiyyətləri xüsusi olaraq
göstərilməlidir.
11.6.
Qanunun 29.3-cü maddəsinə uyğun olaraq qanunvericiliyə
əsasən ilkin mediasiya sessiyasında iştirak tələb
edilən hallarda tərəflərdən biri və ya hər ikisi
mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə,
habelə Qanunun 3.3-cü və 26.4-cü maddələrinə
əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən
imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və
“İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə
bilməməsi” ilə bağlı arayışı tərəflərə
təqdim edir.
12.
Mediasiya prosesinə xitam verilməsi
12.1.
Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir:
12.1.1. tərəflər
arasında barışıq sazişi bağlanıldıqda;
12.1.2. mübahisənin tərəflərin
qarşılıqlı razılaşması ilə həllinin
mümkünsüzlüyü mediator tərəfindən
müəyyən edildikdə;
12.1.3. tərəflər və ya onlardan biri mediasiya
prosesindən imtina etdikdə;
12.1.4. tərəflərin mediasiya prosesinin müddətinin
uzadılmasına dair müraciətləri
olmamışdırsa, bu Qaydanın 4.6-cı bəndinə
uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə;
12.1.5. tərəf olan fiziki şəxs öldükdə,
hüquqi şəxs ləğv edildikdə və ya fəaliyyəti
dayandırıldıqda;
12.1.6. tərəflərdən biri məhkəmə
tərəfindən ölmüş elan edildikdə və ya
itkin düşmüş hesab edildikdə;
12.1.7. tərəflərdən birinin fəaliyyət
qabiliyyətli olmaması və ya məhdud fəaliyyət
qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən
edildikdə;
12.1.8. mediator və ya mediasiya təşkilatı
Mediasiya Şurasının üzvlüyündən
çıxarıldıqda, həmçinin mediator və ya
mediasiya təşkilatı mediasiya prosesindən imtina etdikdə
(Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş
mübahisələr üzrə isə yalnız sonrakı
mediasiya sessiyasında imtina etdikdə);
12.1.9.
Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində
göstərilən arayış tərtib olunduqda.
12.2. Bu Qaydanın 11.1.2–11.1.8-ci yarımbəndlərində
nəzərdə tutulan halların mediatora məlum olduğu
tarixdən 3 (üç) gün müddətində mediasiya
prosesinə xitam verilməsi haqqında mediator tərəfindən
protokol tərtib olunur və imzalanır. Mediasiya prosesinə xitam
verilməsi haqqında protokol mediator tərəfindən tərtib
olunaraq, imzalandığı tarixdən 1 (bir) gün müddətində
tərəflərə (nümayəndələrə) təqdim
edilməlidir. Protokola mediasiyaya dair konfidensial məlumatların
daxil edilməsinə yol verilmir.
12.3.
Mediasiya prosesinə aşağıdakı gündən xitam
verilir:
12.3.1. barışıq sazişinin
imzalandığı gündən;
12.3.2.
Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan
arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində
nəzərdə tutulan protokolun tərəflərə təqdim
edildiyi gündən.
13.
Barışıq sazişinin icrası
Barışıq sazişi Qanunun 34-cü maddəsinə
uyğun olaraq icra edilir.
14.
Keçid müddəa
Bu
Qaydanın ilkin mediasiya sessiyası ilə bağlı müddəaları
2020-ci il iyulun 1-dən qüvvəyə
minir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş Naziri
Xalq qəzeti.- 2019.- 8 sentyabr.- S.2.