“Əlilliyi olan
şəxslərin hüquqları sahəsində dövlət
monitorinqinin həyata keçirilməsi Qaydası”nın təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
¹ 400
Bakı şəhəri,
9 sentyabr 2019-cu il
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.20-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2019-cu il 9 sentyabr
tarixli
400 nömrəli Qərarı ilə
təsdiq
edilmişdir.
Əlilliyi
olan şəxslərin hüquqları sahəsində dövlət
monitorinqinin həyata keçirilməsi
QAYDASI
1.
Ümumi müddəalar
1.1. Bu Qayda "Əlilliyi olan şəxslərin
hüquqları haqqında" Azərbaycan Respublikası
Qanununun 38.2-ci maddəsinə əsasən
hazırlanmışdır və əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin həyata
keçirilməsi qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin
hüquqlarının təminatı, təşviqi və
qorunması dövlətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə
dövlət tərəfindən "Əlilliyi olan şəxslərin
hüquqları haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin
hüquqlarının dövlət monitorinqi aparılır.
2.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin məqsədi
2.1.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin məqsədi bu sahədə dövlət
siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin
öyrənilməsi, çatışmazlıqların və
həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin
və tədbirlərin müəyyən edilməsidir.
3.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqini həyata keçirən subyektlər
3.1. Azərbaycan
Respublikasında əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqi Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi
(bundan sonra - Nazirlik) tərəfindən həyata
keçirilir. Nazirlik monitorinqi Nazirlik yanında Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət), Nazirliyin
tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi (bundan sonra – DOST Agentliyi) və strukturuna daxil olan digər
qurumlar vasitəsilə həyata keçirir.
3.2. Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin həyata
keçirilməsi məqsədilə Nazirliyin əməkdaşlarından
ibarət daimi fəaliyyət göstərən komissiyalar
yaradılır. Əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin nəticələrindən
asılı olaraq, komissiyanın tərkibində zərurət
yarandıqda müvafiq mütəxəssislər,
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
o cümlədən ekspertlərdən ibarət
yardımçı işçi qrup yaradıla bilər.
Yardımçı işçi qrupun üzvləri
ictimai əsaslarla fəaliyyət göstərir.
3.3.
Əlilliyi olan şəxslər və onları təmsil edən
ixtisaslaşmış qeyri-hökumət təşkilatları
əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqi prosesində iştirak edə bilərlər.
4.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi istiqamətləri
4.1.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi istiqamətləri
aşağıdakılardır:
4.1.1. müyəssərlik (iş, təhsil, səhiyyə
və digər sosial mühitin, ictimai, nəqliyyat və
kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin
xüsusiyyətlərinə uyğunluğu);
4.1.2. inklüzivlik (əlilliyinin növündən,
formasından və dərəcəsindən asılı
olmayaraq, yaşadığı yerdə layiqli həyat səviyyəsinin
təminatı üçün əlilliyi olan şəxsə
müyəssərliyin təmin edilməsi);
4.1.3. əlilliyə görə ayrı-seçkilik
(əlilliklə bağlı istənilən fərqqoyma,
istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən
müyəssərliyə nail olmaq üçün
ağlabatan uyğunlaşmadan imtina);
4.1.4. ağlabatan uyğunlaşma (əlilliyi olan
şəxslər tərəfindən əsas insan
hüquqlarının və azadlıqlarının digərləri
ilə bərabər səviyyədə həyata keçirilməsinin
təmin olunması məqsədilə zəruri və
mümkün uyğunlaşma və düzəlişlər
edilməsi).
5. Müyəssərliyin
müşahidəsi
5.1.
İş yeri, təhsil, səhiyyə və digər sosial
mühitin, ictimai nəqliyyat və kommersiya infrastrukturunun
müyəssərliyinin müşahidəsi zamanı
aşağıdakılar həyata keçirilir:
5.1.1. müyəssərlik problemləri və
onların həlli istiqamətlərinin müəyyənləşdirilməsi;
5.1.2. qabaqcıl təcrübələrin
araşdırılması;
5.1.3. əlilliyi olan şəxslər və
onların ailələri arasında sorğuların
keçirilməsi;
5.1.4. müyəssərlik üzrə qiymətləndirmələrin
nəticələrinin təhlili;
5.1.5. cəmiyyətin maarifləndirilməsi.
6.
İnklüzivliyin müşahidəsi
6.1.
İnklüzivliyin müşahidəsi zamanı
aşağıdakılar həyata keçirilir:
6.1.1. təhsilin bütün pillə və səviyyələri
üzrə inklüzivliyin təmin edilməsi;
6.1.2. təhsildə inklüzivliyin təmin
olunmasında müşahidə olunan problem və
çatışmazlıqların aradan qaldırılması;
6.1.3. əməyin inklüzivliyinin təmin
olunması;
6.1.4.
peşə-əmək təlimlərinin inklüzivliyinin təmin
edilməsi.
7.
Əlilliyə görə ayrı-seçkiliyin və ağlabatan
uyğunlaşdırma qaydalarına riayət olunmasının
müşahidəsi
7.1.
Əlilliyə görə ayrı-seçkiliyin və
ağlabatan uyğunlaşdırma qaydalarına riayət
olunması ilə bağlı aşağıdakılar həyata
keçirilir:
7.1.1. cəmiyyətin həyatında əlilliyə
görə ayrı-seçkilik hallarının müşahidəsi,
ayrı-seçkiliyə qarşı cəmiyyətin və
öz hüquqları barədə əlilliyi olan şəxslərin
maarifləndirmə ehtiyaclarının müəyyənləşdirilməsi;
7.1.2. əlilliyə görə
ayrı-seçkiliyin qarşısının alınması
sahəsində qanunvericiliyin təkmilləşdirilməsi;
7.1.3. ağlabatan uyğunlaşdırma sahəsində
məlumatlılığın müşahidəsi;
7.1.4. ağlabatan uyğunlaşdırmanın təmin
edilməsi sahəsində müşahidənin
aparılması.
8.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi
8.1. Xidmət
tərəfindən DOST Agentliyi ilə birlikdə cari ilin
sonuncu rübündə müşahidələrin
aparılması barədə əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin
növbəti il üçün tədbirlər
planı hazırlanaraq, təsdiq olunmaq üçün
Nazirliyə təqdim olunur.
8.2. Bu Qaydanın 3.2-ci bəndinə və təsdiq
edilmiş tədbirlər planına uyğun olaraq komissiya
yaradılır.
8.3. Tədbirlər
planında aşağıdakı məlumatlar qeyd edilir:
8.3.1. tədbirlər planını təsdiq edən
dövlət orqanının adı;
8.3.2. tədbirlər planı üzrə növbəti
il üçün həyata keçiriləcək
müşahidələr;
8.3.3. əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin həyata
keçirilməsinin başlanma və bitmə tarixləri;
8.3.4. müşahidələr zamanı
aparılmalı olan qiymətləndirmələr;
8.3.5. müşahidələrin həyata
keçirilmə üsulları;
8.3.6. müşahidələrin aparılması məqsədilə
yaradılmış komissiyanın tərkibi.
8.4. Tədbirlər
planı təsdiq edildikdən sonra ictimai müzakirəyə
çıxarılması məqsədilə Nazirliyin internet
səhifəsində yerləşdirilir.
9.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi müddəti
9.1.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqi planlı (növbəti) və plandankənar
(növbədənkənar) qaydada həyata keçirilir.
9.2.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqi planlı (növbəti) qaydada həyata
keçirildikdə, bu Qaydanın 8-ci hissəsinə uyğun
olaraq tədbirlər planı hazırlanıb təsdiq edilməlidir.
9.3.
Dövlət orqanlarının, təşkilatlarının,
habelə fiziki və hüquqi şəxslərin müraciətlərinə
əsasən təcili və təxirəsalınmaz tədbirlərin
görülməsi zərurəti müəyyən edildikdə,
əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqi plandankənar (növbədənkənar)
qaydada həyata keçirilir.
9.4.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin plandankənar (növbədənkənar)
qaydada həyata keçirilməsi “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq
aparılır.
9.5. Bu Qaydanın 9.2-ci bəndinə əsasən əlilliyi
olan şəxslərin hüquqları sahəsində dövlət
monitorinqi ildə 1(bir) dəfə həyata keçirilir. Əlilliyi
olan şəxslərin hüquqları sahəsində dövlət
monitorinqi başlandığı tarixdən etibarən 3 (üç)
aydan çox davam edə bilməz.
10.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin həyata keçirilməsi
üsulları
10.1.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqi aşağıdakı üsullarla həyata
keçirilir:
10.1.1. əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin məqsədləri
üçün binalara, tikililərə və avadanlıqlara
baxış keçirilməsi;
10.1.2. ictimai sorğuların aparılması.
10.2. Bu Qaydaya uyğun yaradılmış komissiya əlilliyi
olan şəxslərin hüquqları sahəsində dövlət
monitorinqinin həyata keçirilməsi üçün
müvafiq sahə üzrə dövlət və yerli
özünüidarəetmə orqanlarına, fiziki və
hüquqi şəxslərə sorğu vermək və məlumatlar
almaq hüququna malikdir.
11.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin informasiya və kommunikasiya texnologiyaları təminatı
11.1.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqinin aparılması məqsədilə
"Əlilliyi olan şəxslərin hüquqları
haqqında" Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə
əsasən yaradılmış reyestrdən istifadə
edilir.
11.2.
Əlilliyi olan şəxslərin reyestrinə əlilliyi olan
şəxslərin hüquqları sahəsində dövlət
monitorinqi üzrə aşağıdakı məlumatlar əlavə
olunur:
11.2.1. il ərzində əlilliyi olan şəxslərin
hüquqları sahəsində həyata keçirilməsi nəzərdə
tutulan dövlət monitorinqlərinin başlanma və bitmə
tarixləri;
11.2.2. əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin
aparılması məqsədilə yaradılmış komissiyanın
tərkibi;
11.2.3. əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin
müşahidələri zamanı həyata keçirilən
qiymətləndirmələr;
11.2.4. əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin nəticələri;
11.2.5. əlilliyi olan şəxslərin
hüquqları sahəsində dövlət monitorinqinin nəticələri
üzrə hesabatlar və statistik məlumatlar.
11.3.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
dövlət monitorinqi üzrə 11.2-ci bənddə qeyd
olunan məlumatlar ictimaiyyətin irad və təklifləri üçün
açıq olmalıdır.
12.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
həyata keçirilmiş dövlət monitorinqinin nəticələri
12.1.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində
həyata keçirilən dövlət monitorinqinin nəticələri
əsasında komissiya tərəfindən hesabat tərtib
olunur.
12.2. Tərtib
olunmuş hesabat komissiya tərəfindən müvafiq tədbirlərin
görülməsi üçün Nazirliyə təqdim
edilir.
12.3. Təqdim
olunmuş hesabat əsasında hər hansı bir dəyişiklik
aparılmasına ehtiyac olarsa, o zaman Nazirlik tərəfindən
təkliflər hazırlanaraq ictimaiyyətin rəy və təklifləri
nəzərə alınmaqla, həmçinin aidiyyəti
dövlət orqanları ilə razılaşdırılmaqla,
müvafiq qərar qəbul olunması üçün Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
Novruz Məmmədov
Azərbaycan
Respublikasının Baş Naziri
Xalq qəzeti.- 2019.- 12 sentyabr.- S.2.