Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə

arasında genişlənən əməkdaşlıq və strateji

tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Komissiyanın sayca 8-ci iclasında iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrin, birgə regional layihələrin hazırki vəziyyətinin müzakirə olunması, gələcək əməkdaşlıq perspektivləri və atılacaq addımlar haqqında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 18 mart tarixli sərəncamı ilə Azərbaycan və Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib. Azərbaycan tərəfdən komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Qarşı tərəfi isə Türkiyənin Vitse-prezidenti Fuad Oktay təmsil edəcək.

Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi Ərəstü Həbibbəyli AZƏRTAC-a iki ölkənin iqtisadi əlaqələrində prioritetlər və komissiyanın iclasına hazırlıq barədə danışıb.

- Cari il sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İlk növbədə qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” məfkurəsini əsas tutan ölkələrimizin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələri hər keçən gün daha da inkişaf etməkdədir.

 Məlum olduğu kimi, dost, qardaş və strateji müttəfiq olan Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında iqtisadi əməkdaşlıq getdikcə dərinləşir və son illər yeni xarakter almağa başlayıb. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümunəsi olan münasibətlərimizin iqtisadi sahədə ağırlığı müstəqilliyimizin ilk illərində daha çox qardaş Türkiyənin üzərinə düşürdü. Türkiyənin Azərbaycanın qeyri-neft sektorunda ən böyük investor olması da bunu təsdiq edir. Türk şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna təxminən 3 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir. Son illərdə isə Azərbaycanın iqtisadi qüdrəti artdıqca və xarici sərmayə imkanları çoxaldıqca investisiya qoyuluşu üçün etibarlı strateji tərəfdaş olan Türkiyə seçilmişdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin həcminə görə Türkiyə birinci yeri tutur. İndiyədək Azərbaycanın Türkiyədəki ümumi investisiyalarının həcmi 15 milyard ABŞ dollarını ötüb və bu rəqəmin getdikcə daha da artacağı gözlənilir. Hazırda Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın investisiyaları hesabına tikilmiş, Türkiyənin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət etməsinə imkan yaradan “Star” neft emalı zavodu son 30 ildə Türkiyədə həyata keçirilən ən böyük real sektor sərmayəsi layihəsidir.

Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi də ildən-ilə artmaqdadır. 2018-ci ildə ticarət dövriyyəmiz 3,4 milyard ABŞ dolları, 2019-cu ilin ilk 7 ayı ərzində 2,3 milyard ABŞ dolları həcmində olub. Bu göstəriciyə görə Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, hazırda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları artıq müəyyənləşdirilib. Saziş imzalandıqdan sonra bu məhsullar üzrə illik tarif kvotaları çərçivəsində idxal gömrük rüsumları tutulmayacaq. Təbii ki, hər iki ölkənin hədəfi ticarət dövriyyəsini daha da artırmaqdır.

Xüsusi qeyd etmək lazımdır ki, yarandığı ilk dövrdən etibarən Hökumətlərarası Birgə Komissiyanın iki qardaş dövlət arasında iqtisadi əməkdaşlıq sahəsində özünəməxsus yeri var. Məlum olduğu kimi, 1992-ci il noyabrın 2-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi”nə uyğun olaraq Birgə Komissiyanın yaradılmasına qərar verilmişdir. Komissiya iqtisadi əməkdaşlıqla bağlı məsələləri operativ şəkildə müzakirə edərək, qərar verən və mütəmadi olaraq görülən işlərlə bağlı hər iki ölkənin ali rəhbərlərinə hesabat verən vacib bir platforma kimi nəzərdə tutulub.

1996-cı il aprelin 12-də hər iki ölkə prezidentinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Komissiyanın Azərbaycan və Türkiyənin iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən tərəflər arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın qurulması və dərinləşdirilməsi üçün əməkdaşlıq mexanizmi funksiyasını həyata keçirməsi nəzərdə tutulub. İkitərəfli iqtisadi əməkdaşlığın təhlili, o cümlədən ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşları, birgə müəssisələrin yaradılması, əlaqələndirmə işlərinin həyata keçirilməsi məhz komissiyanın əsas vəzifələrindən biri kimi müəyyən edilib. Komissiyaya həmsədrliyi həyata keçirən dövlət orqanı – Nazirlər Kabineti ölkə üzrə əlaqələndirici qurum kimi fəaliyyət göstərir və növbə ilə hər iki tərəfdə komissiyanın iclasları keçirilir.

Komissiyanın ilk iclası 1997-ci il fevralın 26-da Ankarada baş tutub. 1997-ci ildən indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7 iclası olub. Bu iclaslarda vacib əməkdaşlıq istiqamətləri ilə yanaşı, ortaya çıxan cari problemlərin həlli ilə bağlı qarşıya qoyulan vəzifələr hər iki tərəfdən gündəliyə çıxarılır. Ümumilikdə isə iki qardaş ölkə arasında həlli mümkün olmayan məsələ yoxdur. Əsas məqsəd isə dəyişməz olaraq qalır - iqtisadi əlaqələrdəki ortaq inkişaf imkanlarını və perspektivlərini müəyyənləşdirmək və daha da gücləndirmək.

Ötən dövrdə Birgə Komissiyanın həmsədrləri və tərkibi də münasibətlərin dinamikasına uyğun olaraq hər iki tərəfdən bir neçə dəfə dəyişdirilib. Hazırda Azərbaycan-Türkiyə əməkdaşlığı siyasi, iqtisadi, hərbi, enerji, mədəni və bütün digər sahələrdə bir-biri ilə koordinasiya edilən ən yüksək səviyyədədir. Bu mənada, 2010-cu ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə əməkdaşlığımız yeni mərhələyə yüksəlib. Dövlət başçılarının rəhbərliyi ilə mütəmadi keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları bütün sahələrdə əlaqələrimizin daha da genişlənməsi və dərinləşməsinə böyük töhfə verir. Strateji müttəfiqlik səviyyəsinə uyğun olaraq Hökumətlərarası Birgə Komissiyanın da həmsədrlik səviyyəsi yüksəldilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 18 mart tarixli sərəncamı ilə komissiyanin yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfdən Komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Türkiyə tərəfindən isə həmsədr vəzifəsini Vitse-prezident Fuad Oktay həyata keçirəcək. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtadək Azərbaycan Respublikası ilə xarici ölkələr arasında Hökumətlərarası Birgə Komissiyalardan yalnız Gürcüstanla Birgə komissiyaya Baş Nazir sədrlik edirdi. Türkiyədə yeni təsis olunmuş vəzifə olan Vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Birgə komissiyalara həmsədrlik edir.

Ümumiyyətlə, hazırda Azərbaycan Respublikası ilə 52 xarici ölkə arasında İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya və işçi qrup mövcuddur. Hökumətlərarası birgə komissiyalar Azərbaycanın xarici iqtisadi siyasətində mühüm platforma və alətlərdən biridir. 2019-cu ildə ABŞ, Britaniya, Çin, İran, Əfqanıstan, İsveçrə, Qətər, Monteneqro, Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasında mövcud birgə komissiyaların iclasları keçirilib.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sentyabrın 16-da keçiriləcək iclasında iki qardaş ölkə arasında mövcud iqtisadi vəziyyət, əməkdaşlığın hazırkı durumu, ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində məsələlər müzakirə ediləcək. 2019-2021-ci illəri əhatə edəcək Fəaliyyət Planının razılaşdırılması nəzərdə tutulur. Bu fəaliyyət planı ticarət-iqtisadi, nəqliyyat, rabitə, yüksək texnologiyalar, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə ildən-ilə dərinləşən münasibətlərimizdə qarşıda duran vəzifə və hədəflərə nail olunması istiqamətində atılacaq addımları əhatə edəcək.

Bundan başqa, Azərbaycan-Türkiyə münasibətlərində daim gündəlikdə olan Naxçıvan Muxtar Respublikasından Türkiyəyə məhsul ixracı üzrə əməkdaşlıq imkanları, o cümlədən bu məhsulların Türkiyənin ərazisinə idxal rüsumu ödənilmədən, güzəştli şərtlərlə daxil olmasına, ixrac əməliyyatlarında tətbiq edilən prosedurların asanlaşdırılması ilə bağlı məsələlər də birgə komissiyada müzakirə ediləcək. Strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından tam istifadə edilməsi və digər xarici dövlətlərin bu layihəyə cəlb edilməsi məqsədilə birgə işlərin aparılması da hər iki tərəfin gündəliyindədir.

Ümumiyyətlə, hər iki ölkə geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihələr üzərində işləyirlər. Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik” mövqeyi əməkdaşlığımızın əsas prinsiplərindəndir. Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi yalnız iki ölkə üçün deyil, həm də region və bütövlükdə dünya üçün faydalıdır. Bu mənada, son illər ikitərəfli əlaqələrimizin davamı olaraq, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli, Azərbaycan-Gürcüstan-İran-Türkiyə dördtərəfli formatları regionda əməkdaşlıq imkanlarının genişləndirilməsində qardaş ölkələrimizin xüsusi çəkisini bir daha göstərir.

Sonda bir məlumatı da oxucuların diqqətinə çatdırmaq istərdim. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən komissiyanın ayrıca operativ informasiya resursu - AzeTurCommission (@AzeTurCom) Tvitter səhifəsi yaradılıb.  Qeyd etmək istərdim ki, bu, Azərbaycanın 52 ölkə ilə mövcud Hökumətlərarası komissiyaların  təcrübəsində bir yenilikdir. Bu Tvitter hesabından Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən iki qardaş ölkənin hərtərəfli əlaqələri ilə bağlı ən son məlumatlar, hadisələr, əlamətdar günlər haqqında məlumatlar paylaşılır. Məqsəd virtual aləmin müasir imkanlarından istifadə edərək, Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, komissiyanın fəaliyyəti, əməkdaşlığımızın ən müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə hər iki ölkənin ictimaiyyətinə daha operativ məlumat çatdırmaqdır.

 

 Xalq qəzeti.- 2019.- 14 sentyabr.- S.5.