Görkəmli alim, təvazökar
insan
On il bundan əvvəl onun 70 illik yubileyi barədə yazmaq şərəfinə nail
olmuşdum. Sürətlə
ötən aylar, illər bir-birini
əvəzləyib dəyişsələr də, bu müddət ərzində alimin
intellekt mücrüsündə heç vaxt dəyişilməyən
motivləri, saralıb - solmayan həmişəyaşıl
çalarları yenə də gördüm.
Zənnimcə, bu motivlərin, bu çalarların ən dəyərlilərindən
biri də onun şəfqətli
bir həkim, fədakar alim
böyüklüyü ilə
yanaşı, qibtə ediləsi təvazökarlıq,
saflıq, paklıq zirvəsinə yüksəlməsidir. Bu meyarlar alimin
mənəviyyat dünyasını İlisu
dağlarının sinəsindən süzülüb
gələn ecazkar şəlalələrə,
qənirsiz sərv ağaclarının füsunkar
gözəlliklərinə bənzədir. Onun
dəyişməz əqidəsi Vətənə, xalqa, millətə olan məhəbbət
duyğularında mətinləşib, dönməzləşib.
Alimin həyat və
yaradıcılığının ayrı-ayrı fraqmentlərinə
nəzər saldıqca mənəviyyat ucalığı və
zənginliyi daha aydın nəzərə
çarpır. Haqqında söhbət
açacağımız alim
yaranmasının 90 illik yubileyinə
hazırlaşan Azərbaycan Tibb Universitetinin 80 yaşlı müəllimlərindən
biri – Nevrologiya
kafedrasının müdiri, Əməkdar
elm xadimi, professor Şərif Mahalovdur.
Bu il Azərbaycan Nevroloqlar Assosiyasiyasıının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan bölməsinin prezidenti, Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru,professor Şərif İslam oğlu Mahalovun doğum gününün 80, həkimlik və elmi-pedaqoji fəaliyyətinin 55 ili tamam olur. Akademik S.N.Davidenkov məktəbinin və N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunun nevrologiya elmi məktəbinin yetirməsi olan Şərif müəllim öz ətrafında daim işıqlı və şəfqətli bir aura yarada bilən görkəmli alimlərdən, qayğıkeş müəllimlərdən, təvazökar ziyalılardandır.
Ş.Mahalov tarix boyu çoxsaylı dəyərli alimlər yetişdirmiş Qax rayonunun İlisu kəndində 1939-cu il sentyabrın 15-də dünyaya göz açıb. 1947-ci ildə Qax rayonundakı natamam beynəlmiləl məktəbin I sinfinə gedib, 1951-ci ildən təhsilini Zaqatala şəhər 2 saylı rus orta məktəbində davam etdirib. Həmin məktəbi əla qiymətlərlə bitirərək, 1958-ci ildə Samara Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə daxil olub. 1960-cı ildən təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirib. 1964-cü ildə institutu bitirərək, Zaqatala Mərkəzi rayon xəstəxanasında işə başlayıb. Bundan sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kurs keçərək nevroloq ixtisasına yiyələnib.
Dörd il praktik həkim vəzifəsində çalışdıqdan sonra ATİ-nin sinir xəstəlikləri kafedrasında aspiranturaya qəbul olunub və vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edib. Gənc alim 1971-ci ildə həmin kafedranın assistenti vəzifəsində saxlanılıb. Kafedrada müalicəvi və pedaqoji işlərlə məşğul olmaqla yanaşı, elmi axtarışlarını da davam etdirərək yeni istiqamətli tədqiqat işləri aparıb. 1987-ci ildə N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunda “Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, professor elmi adına layiq görülüb və 1991-ci ildə ATİ-nin I nevrologiya və tibbi - genetika kafedrasının müdiri vəzifəsinə seçilib. 2011-ci ildə ATU-nun nəzdində fəaliyyət göstərən I və II Nevrologiya və tibbi genetika kafedraları birləşdirilib, həmin kafedranın müdiri vəzifəsinə professor Ş.Mahalov seçilib.
Şərif müəllim tərəfindən ilk dəfə Azərbaycanda kliniki, kliniki-genioloji, populyasion, elektrofizioloji və biokimyəvi tədqiqat üsullarından istifadə edilərək miopatiyalar, amiotrofiyalar, irsi ataksiyalar, Hantinqton xoreyası, Tomsen miotoniyası hərtərəfli öyrənilib. O, ailədaxili və ailələrarası korrelyasiyalar, həmçinin ailəvi və sporadik müşahidələrin tutuşdurulması sayəsində xəstəliyin ilkin təzahürlərinə, kliniki əlamətlərinin meydana çıxmasına, gedişinə, elektrofizioloji və biokimyəvi göstəricilərinə aid böyük variabellik aşkar edib və onların ədəbiyyatda dərc olunan materiallarla müqayisəsini aparıb.
Alim 297 ailədən olan 578 insan üzərində müşahidələr aparıb və onlar bu gün də professor Ş.Mahalovun nəzarəti altındadır. O, 10 mindən çox insan haqqında məlumat toplayıb, unikal xəstələr üzərində müşahidələr aparılmasına nail olub. Həcminə və dərinliyinə görə professor Ş.Mahalovun təqdim etdiyi elmi-tədqiqat işinin materiallarının keçmiş SSRİ-də analoqu olmayıb. İnkişaf etmiş xarici ölkələrdə də belə materiallar məhduddur. Mütəxəssislər etiraf edirlər ki, çox nadir hallarda bir tədqiqatçının əlində bu qədər tutarlı zəngin material olur.
Professor Ş.Mahalovun Hantinqton xoreyası, Tomsen miotoniyası və irsi ataksiyaların patogenezinin öyrənilməsi üzrə işləri böyük maraq doğurur. O, ilk dəfə Hantinqton xoreyası zamanı qeyri-iradi hərəki pozulmaların yüksəkliyi ilə dofaminin ekskresiya səviyyəsi arasında mənfi korrelyasiyanın olmasını aşkar edibdir. Alim dofamin mübadiləsi pozulmasının həlledici rol oynadığı bu ağır xəstəliyin patogenetik mexanizmi haqqında əsaslandırılmış hipotez irəli sürüb. Ş.Mahalov elektromioqrafiya (EMQ) və elektroneyromioqrafiyanın (ENMQ) kompleks tətbiqi əsasında xəstəliyin mərhələlərini obyektiv əks etdirən meyarlar təklif edib və dünya təcrübəsində ilk dəfə olaraq, Hantinqton xoreyası, spino-serebellyar ataksiyalı xəstələrin qohumlarını müayinədən keçirərək sübut edib ki, EMQ və ENMQ-də alınan dəyişikliklər xəstəliyin kliniki təzahürlərinin üzə çıxmasını qabaqlayır. O, aşkar edilmiş xəstələrin müalicəsi üçün tələb olunan vəsaiti və xəstəliyin səviyyəsinin aşağı düşməsi zamanı edilən qənaətin ölçüsünü hesablayıb.
Professor Şərif Mahalov apardığı epidemioloji tədqiqatlara əsasən hələ keçən əsrin 80-ci illərinin əvvəllərində ölkəmizdə tibbi-genetik xidmətin strukturunu vermişdir. Alim Bakı, Gəncə, Şəki və Lənkəran şəhərlərində 4 zona üzrə tibbi-genetik kabinet yaratmağı tövsiyə edib. Təklif olunan tibbi-genetik xidmət strukturu və Azərbaycanda sinir sisteminin irsi xəstəliklərinin azalması üzrə konkret model keçmiş SSRİ-nin başqa regionlarında analoji tədbirlər üçün tövsiyə edilib. Qeyd etmək lazımdır ki, Azərbaycan aliminin sadalanan bütün araşdırmaları postsovet məkanındakı MDB ölkələrində analoqu olmayan tədqiqatlardır.
Professor Ş. Mahalov Azərbaycanda
angionevrologiyanın da
inkişafına xüsusi
diqqət yetirir. Şərif
müəllimin rəhbərliyi
altında beyin insultunun yayılması, onun əsas risk faktorları, kliniki təzahürləri və
strukturu, biokimyəvi dəyişikliklər, hemorragik
transformasiya, insultdansonrakı
əlilliklər, həmçinin
Bakıda işemik insultun kəskin mərhələsində tibbi
yardımın və müalicənin təşkilinin
vəziyyəti öyrənilib.
O, ATU-nun Nevrologiya kafedrasının
çoxillik təcrübəsinə
əsaslanaraq, Bakıda
30 çarpayılıq neyro-damar
şöbəsinin təşkilinin
vacibliyini tövsiyə
edib və bu şöbənin funksional strukturunu verib.
Keçən əsrin 90-cı illərində
Azərbaycanda müharibə
nəticəsində Qarabağ
regionunda çoxlu sayda uzun müddət
müalicə tələb
olunan yaralı və kontuziya almış əsgər var idi. Bu problem
professor Ş. Mahalovun diqqətindən
kənarda qalmayıb.
Onun rəhbərliyi altında
Qarabağ müharibəsini
keçmiş şəxslərdə
dəyişiklik – “Posttravmatik
stres sindromu” aşkar edilib. Bu sindrom “Qarabağ
sindromu” kimi səciyyələndirilib. Ş.Mahalov və əməkdaşları
Qarabağ müharibəsi
veteranlarında “Qarabağ
sindromu”nun olmasının
etiraf edilməsinin vacibliyini əsaslandırıb
və onların psixososial reabilitasiyası proqramı kompleksini işləyib hazırlayıblar.
Alimin indiki elmi istiqaməti epilepsiya sahəsinə yönəlib. Bu xəstəliklə
əlaqədar problem o qədər aktualdır
ki, hazırda həkimlərin və alimlərin birgə səyi sayəsində nevrologiyada yeni epileptologiya istiqaməti yaradılıb.
Bu xəstəliyə dünyanın hər yerində rast gəlinir və Yer üzündə 75 milyona qədər insan bundan əziyyət
çəkir. Nevrologiya
kafedrasının əməkdaşları
professor Ş.Mahalovun rəhbərliyi
altında son 20 ildə
Azərbaycanda ilk dəfə
olaraq epilepsiyanın əsaslı epidemiologiyası,
onun ayrı-ayrı klinik formalarının xarakteristikası, qadınlarda
epilepsiya, epilepsiyalı
xəstələrin həyat
tərzi və keyfiyyəti öyrənilib
və bu mövzuda sanballı dissertasiyalar müdafiə
olunub. Respublikada epilepsiyanın hərtərəfli
öyrənilməsi üçün həm ixtisaslaşdırılmış tibbi, həm də sosial, psixoloji, hüquqi yardımın təşkil olunmasına dair xüsusi strukturlar təklif olunub. Hazırda professor Ş. Mahalovun rəhbərliyi altında
epilepsiyanın aktual problemlərinə həsr
edilmiş 1 doktorluq, 8
namizədlik işi hazırlanır. Ümumiyyətlə,
onun rəhbərliyi altında 1 doktorluq və
16 namizədlik dissertasiyası
yerinə yetirilib. Alim çap olunmuş 251 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın
müəllifidir. Professor Ş. Mahalov uzun illər
Səhiyyə Nazirliyinin
baş nevropatoloq-mütəxəssisi,
ATU-nun FD 03.015 Dissertasiya Şurasının
sədri, AAK-ın Ekspert
Şurasının üzvü
olub. Şərif müəllim onlarca
xarici ölkədə
keçirilən elmi konqres və simpoziumlarda məruzələrlə
çıxış edib.
Professor Ş. Mahalov dəfələrlə Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin və
ATU-nun Fəxri fərmanlarına
və digər mükafatlara layiq görülüb.
Şərif müəllim həm
nəcib və təvazökar bir insan, həm təcrübəli həkim
və yüksək erudisiyalı alim, həm də vətənpərvər ziyalı
kimi tanınır. Minlərlə xəstəyə həyat bəxş edən professor onu əhatə edən gənc həkimlərə,
tələbələrə, rezidentlərə daim biliklərini, dünyagörüşlərini
artırmağı tövsiyə
edir. O, bildikləri
ilə nə öyünür, nə də kifayətlənir, həmişə axtarır,
öyrənir və öyrədir. Şərif
müəllim 51 ildir ki, ATU-da çalışır
və onun 28 ilini kafedraya rəhbərlikdə keçirərək,
böyük bir kollektivin hörmətini qazanmış nüfuzlu alimlərdən, qayğıkeş
müəllimlərdəndir.
Professor Ş.Mahalov 2010-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin onun çoxillik qüsursuz xidmətlərinə verdiyi
yüksək qiyməti
– “Əməkdar elm xadimi”
fəxri adına
layiq görülməsini
ATU kollektivinin əməyinə
verilən qiymətlərdən
biri kimi dəyərləndirərək, ölkə başçısına
səmimi təşəkkür
və minnətdarlığını
bildirib. Bu təltifdən
ruhlanan alim nevrologiya elminin inkişafı yolunda yeni cığırlar açıb, sanballı nailiyyətlər əldə
edib.
Şərif müəllim həm də qayğıkeş ailə başçısıdır. Oğlu
– tibb elmləri doktoru İslam Mahalov ATU-nun I Mamalıq və ginekologiya kafedrasının gənc və perspektivli aparıcı professorlarındandır,
qızı Vəfa Mahalova Almaniyanın Bilefeld şəhərindəki
Betel Epilepsiya Mərkəzində
həkim-nevroloq kimi fəaliyyət göstərir.
Professor Ş. Mahalovun müdriklik zirvəsinə
yüksələn 80 illik
şərəfli ömür
yolu gənclərimiz üçün əsl örnəkdir.
Mübariz ALLAHVERDİYEV,
ATU-nun İnsan
anatomiyası və tibbi
terminologiya kafedrasının professoru
Xalq qəzeti.- 2019.- 15 sentyabr.- S.7.