“Əsrin müqaviləsi” ilə qoyulan təməl

Azərbaycanın firavan gələcəyini təmin etdi 

 

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

Heydər ƏLİYEV

Ümummilli lider

 

1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalandı. Təxminən 400 səhifə olan və 4 dildə tərtib edilən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı.

Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə  hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldı. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

“Əsrin müqaviləsi”nin bağlanmasının 25 illiyi ilə bağlı jurnalistlərin suallarını cavablandıran SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib: “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın iqtisadi vəziyyəti çox ağır idi. Respublikamız yenicə müstəqillik əldə etmiş, keçmiş müttəfiq respublikalarla əlaqələr kəsilmişdi. Bundan başqa, həmin dövrdə SSRİ rəhbərliyi tərəfindən Azərbaycanın neft sənayesinə bir o qədər fikir verilmirdi. Müstəqillik illərində isə “Günəşli”, “Azəri-Çıraq” yataqları açılsa da, ancaq “Günəşli”nin 200 metrə qədər sahəsində işləmək mümkün idi”.

X.Yusifzadə “Əsrin müqaviləsi”nin ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu vurğulayıb: “Çünki bu müqavilə Azərbaycanın iqtisadi inkişafını təmin etdi. Azərbaycanda tez bir zamanda inkişaf etdiriləcək, sosial inkişafı reallaşdıracaq ayrı bir sahə də yox idi. Neftin hasil olunması, açılmış yataqların işə salınması üçün ümummilli lider neftçiləri toplayaraq belə qərara gəldi ki, mütləq xarici şirkətlərlə əməkdaşlıq etməliyik. Özümüzə qalsaydı, gərək 30-40 il gözləyəydik. Əlbəttə, bunun əleyhdarları da var idi. Amma belə bir sosial vəziyyətdə 30-40 il gözləyə bilməzdik. “Əsrin müqaviləsi” respublikanın sosial vəziyyətində dönüş yaratdı. Əgər biz 1997-ci ildə maksimum 9 milyon ton neft hasil edirdiksə, 2010-cu ildə 51 milyon ton neft hasil etdik. Bundan sonra xarici ölkələrin bizə inamı artdı, müqavilələrin sayı 35-ə çatdı. Neftdən gələn gəlirlər respublikamızın sosial vəziyyətinin düzəlməsini təmin etdi”.

Xatırladaq ki, ilk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə - 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatıb. Keçən il ölkədə 38,8 milyon ton neft hasil olunub. Son 25 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox artıb.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılıb. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətə çevrilib.   Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edilir.

Yeri gəlmişkən, burada mühüm bir hadisəni də xatırlatmaq istərdik. Belə ki, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirildi. Saziş Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmi şəxsləri  tərəfindən imzalandı. Sazişdə əsasən BP layihənin operatoru olaraq qaldı. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olundu.

Həmin gün–14 sentyabr ölkəmizin tarixinə çox əlamətdar bir gün kimi yazılıb. Bununla da “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayıb. Yeni sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə saziş imzalanıb. Bu sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu müqavilənin çox böyük əhəmiyyəti var.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma da əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP – 30,37 faiz, “AzACG” (SOCAR) – 25 faiz, “Chevron” – 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Statoil” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TP” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2019.- 18 sentyabr.- S.1.