Soltan və
İsmayıl Hacıbəyovların
yubileylərinə həsr
olunmuş elmi konfrans
XI Beynəlxalq
Üzeyir Hacıbəyli Musiqi Festivalı dünən də
öz işini davam etdirmişdir. Azərbaycan Bəstəkarlar
İttifaqında görkəmli bəstəkar, SSRİ Xalq
artisti Soltan Hacıbəyovun 100 və onun oğlu,
tanınmış bəstəkar İsmayıl Hacıbəyovun
70 illiyinə həsr olunmuş elmi konfrans
keçirilmişdir.
Konfransda bildirilmişdir ki, bu il görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Respublika Dövlət mükafatı laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illik yubileyidir. Soltan Hacıbəyov Qarabağın musiqi beşiyi sayılan Şuşada anadan olmuşdur. Azərbaycan simfonizminin təməlini qoymuş ilk bəstəkarlardan biri olan Soltan Hacıbəyov iki simfoniyanın, “Gülşən” baletinin, “İskəndər və çoban” uşaq operasının, simfonik, xalq çalğı alətləri orkestri, kvartet üçün müxtəlif janrlı əsərlərin, musiqili komediyaların, dram tamaşalarına musiqilərin, “Karvan” simfonik lövhəsinin müəllifidir.
Bəstəkarın oğlu İsmayıl Hacıbəyov haqqında bəhs edən natiqlər bildirmişlər ki, o, 1949-cu il sentyabrın 2-də anadan olub. Onun piano üçün “Albomdan səhifələr” süitası, “Üç İdilliya”, fleyta və simli orkestr üçün “Konsertştük”, “Divertisment”, “Füruzə” operası, “İstəklər” triosu və başqa əsərləri musiqi sənətimizin dəyərli nümunələridir. Tədbirdə bəstəkarın kamera əsərləri səsləndirilmişdir.
Dünən, həmçinin festival çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri və solistlər Rusiyanın Xalq artisti, violonçel ifaçısı Sergey Roldugin, P.İ.Çaykovski adına XIII beynəlxalq müsabiqəsinin II yerin mükafatçısı, pianoçu Miroslav Kultışev və beynəlxalq müsabiqələr laureatı, truba ifaçısı İsrafil Rəsulov çıxış etmişlər. Proqrama D.Şostakoviç, Y.Haydn, R.Ştraus və başqa bəstəkarların əsərləri daxil idi.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 25 sentyabr.- S.7.