Maraqlı konsert
proqramı
Üzeyir Hacıbəyli XI Beynəlxalq
Musiqi Festivalı çərçivəsində Azərbaycan
Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Fəxrəddin
Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Məlumat
üçün bildirək ki, bu orkestr 1964-cü ildə məşhur
Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət
Əmirovun təşəbbüsü ilə
yaradılmışdır. Orkestrin baş dirijoru və bədii
rəhbəri respublikanın Xalq artisti, Dövlət
mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1995-ci ildən
1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik
etmişdir. O vaxtdan orkestrə respublikanın Xalq artisti Teymur
Göyçayev rəhbərlik etmiş, 2018-ci ildən etibarən
bu kollektivin bədii rəhbəri və baş dirijoru Xalq
artisti Fəxrəddin Kərimovdur.
Kollektiv
dünyanın bir çox məşhur səhnələrində,
nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici
ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə
təmsil etmişdir. Orkestrin repertuarı Azərbaycan və
xarici ölkə bəstəkarlarının əsərlərindən
ibarətdir.
Dünənki
konsertdə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə
Azər Dadaşovun fortepiano və orkestr üçün
konsertini, Rusiyanın tanınmış violin
ifaçısı Alyona Bayeva isə SSRİ Xalq artisti Rodion
Şedrinin “Concerto Cantabile” violin və simli orkestr
üçün konsertini (Bakıda ilk dəfə səslənir)
ifa etmişdir.
Bundan
başqa, konsertin proqramına K.Yenkinsin simli orkestr
üçün “Palladio” və P.Hindemitin simli kvartet
üçün “Minimax” (Bakıda ilk ifa) əsərləri də
daxil idi.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 24 sentyabr.- S.7