Tədbirlər davam edir

 

Dünən Üzeyir Hacıbəyli beynəlxalq festivalının növbəti tədbiri Ağcabədi rayonunda keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil olunmuşdur.

 Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “O, olmasın, bu, olsun” musiqili komediyası nümayiş etdirilmişdir.

Paytaxtımızda da tədbirlər davam etdirilmişdir. Azərbaycan Dövlət Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert proqramı nümayiş olunmuşdur. Konsertdə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına estrada-simfonik orkestri (bədii rəhbər və dirijor Vasif Axundov) və solistlər -- Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli, Könül Məmmədli iştirak etmişlər.

Beynəlxalq Muğam Mərkəzində isə Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Xalq artisti, pianoçu Murad Hüseynovun çıxışları maraqla qarşılanmışdır. Konsertdə İ.S.Bax, İ.Haydn, S.Raxmaninov, F.Şopen, İ.Brams, L.Bokkerini və başqalarının əsərləri səsləndirilmişdir.

Azərbaycanın mahir pianoçusu, Xalq artisti Murad Hüseynov musiqimizi dünyanın mötəbər səhnələrində layiqincə təmsil edən sənətkarlardandır. Fransanın məşhur "Mezzo”musiqi telekanalında çıxış edən ilk azərbaycanlı musiqiçi bu günə kimi dəfələrlə dünyanın məhşur kollektivləri ilə bir səhnəni bölüşüb.

Veliçka Yoçeva Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunudur. Hazırda Kanadada yaşayan ifaçı bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla yanaşı, Monreal Universitetində elmi fəaliyyətini davam etdirir. Veliçka Yoçeva Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış etdi.

Kamera və orqan musiqisi zalında isə “Gənclərə dəstək” layihəsi çərçivəsində konsert keçirilmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 26 sentyabr.- S.7.