Şaxta baba
personajı necə yaranıb?
Yeni il yeni ümidlər, arzular deməkdir. Təqvim ili
sona çatdıqca, dünyanın hər yanında bir təşviş, həyəcan
başlayır. Təbiət
qışın ağ örpəyinə
bürünür, Yeni
il bayram əhval-ruhiyyəsi özü
ilə ürəklərə
sevgi və hərarət gətirir. Hər bir xalq
ilin sona çatmasını yüksək
əhvalda, özünəməxsus
şəkildə qeyd
edir. İllər keçsə də, hər il
dekorasiya və üslub dəyişsə
də, əsrlər boyu formalaşmış yeni il adət-ənənələri
dəyişməz qalır.
Bəs uşaqları sevindirən Santa Klaus və
Şaxta baba obrazları necə yaranıb?
Maraqlıdır ki, daha çox
Şaxta baba kimi tanıdığımız
bu personaj Qərbdə əsasən
Santa Klaus adı ilə
məşhurdur.
Rus folklorunda,
xüsusilə, nağıllarda
Şaxta baba qışın sərt, lakin ədalətli ruhu kimi təsvir
edilir. Məsələn; “Morozko” nağılında
mehriban və zəhmətkeş qızı
Morozko – Şaxta baba dondurur, daha sonra donunu
açır, qəddar
və tənbəl qızı isə ömürlük dondurur.
Ona görə bu gün də bir sıra Şimal
xalqları belə xoşagəlməz hadisələrdən
qaçmaq üçün
Şaxta babanı yola gətirmək və ürəyinə yol tapmaq məqsədilə
təntənəli gecələrdə
evlərinin yanında
çörək, ət
qoyur, şərab süzürlər ki, ruh qəzəblənməsin
və ova mane olmasın,
bitkiləri yox etməsin.
“Şaxta baba, hardan gəlmisən?” – sualını tez-tez verən uşaqları sevindirən nurani ağsaqqal harada yaşayır?! Bu barədə bir çox əfsanələr
dolaşır. Bəziləri deyir ki, Şaxta
baba Şimal qütbündəndir, digərləri
isə Laplandiyadan olduğunu söyləyirlər.
Santa Klaus obrazının
yaranması
Bu gün Qərbdə
Yeni ildə gəlişi ilə insanlara xoş əhval-ruhiyyə bəxş
edən, uşaqların
arzularını reallaşdıran
Santa Klaus obrazının XIX əsrin əvvəllərində
yarandığını bilirdinizmi? 1823-cü ildə Kolumbiya Universitetində Şərq
və yunan ədəbiyyatı müəllimi
Klement Klark Mur İsa Məsihin doğum günü olan Milad bayramı
ərəfəsində yazdığı
“Milad bayramı ərəfəsidir və
ya Santa Klausun gəlişi” adlı mənzum nağılı
həyat yoldaşı
və uşaqlarına
oxudu. Bununla da Santa Klaus obrazı
formalaşmağa başladı.
Müəllif Santa Klausu mehriban,
qayğıkeş varlıq
kimi təsvir edirdi. Onun təsəvvüründə
Santa Klaus səkkiz maralın
qoşulduğu kirşə
ilə gəlir, evlərə bacadan girir, uşaqlara hədiyyə paylayırdı.
Nədənsə, Mur yaratdığı bu obraz barədə
olan əsərini nəşr etdirməyə
tələsmirdi. Lakin dostlarından
biri onun bu əsərini müəllifdən xəbərsiz
"Sentinel" qəzetinə apardı. Bununla da həmin obraz haqqında daha çox insan xəbərdar oldu. Əsərin populyarlıq qazanmasının
nəticəsidir ki,
1844-cü ildə əsər
təkrar nəşr edildi.
Maraqlıdır ki, Santa Klausun obrazını ilk dəfə
1862-ci ildə karikaturaçı
rəssam Tomas Nast çəkib. O, 24 il ərzində Santa Klausu "Harper's Weekly" jurnalının
üz qabığı
üçün çəkib.
Rəssam Klausu Şimal
qütbündə təsvir
etmişdi. Gərgin zəhmət
nəticəsində meydana
gəlmiş bu şəkil qısa müddət ərzində
populyarlıq qazanır.
Hətta
vətəndaş müharibəsi
dövründə ABŞ Prezidenti
Abraham Linkoln Nastdan xahiş etmişdi ki, Santa Klausu şimallılarla birgə
çəksin.
Tomas Nast daha sonra
uşaqlar üçün
Santa Klausun həyatından
sevindirici və şən məqamları
təsvir edən şəkillər çəkməyə
başlayır və bu şəkillər
“Harper Weekly” jurnalı və
digər nəşrlərdə
işıq üzü
görür.
1885-ci ildə naşir
Luis Pranq Santa Klausun imicində dəyişiklik
edir və onu qırmızı kürkdə təsvir edir. Bununla da indi Şaxta babanın niyə qırmızı kürk geyindiyi aydın olur. Luis
Prank, həmçinin ABŞ-a rəngli litoqrafiya
texnikası ilə ərsəyə gələn
Milad təbrik açıqcaları ənənəsini
gətirmiş oldu. Bununla da artıq Santa Klaus qırmızı kürkdə
tanınmağa başladı.
Müasir Şaxta baba
“Coca-Cola”nın reklamında
1930-cu ildə “Koka Kola” şirkəti reklamda Santa
Klaus obrazından istifadə
etdi, bu reklamda Çikaqodan olan rəssam Xeddon Sandblom Santa Klausu “Coca-Cola”nın
qırmızı-ağ rənglərinin
harmoniyasında təsvir
edib. Bununla da müasir
Santa Klausın obrazı
meydana gəlib. Əgər ilkin obrazda Santa Klaus cırtdan boylu təsvir olunurdusa, müasir obrazda “Koka Kola”nın reklamında tamaşaçılar nəhəng
Şaxta baba ilə tanış oldular. Maraqlıdır ki, Sandblom
Santa Klausun obrazını
yaradarkən prototip kimi dostu və
qonşusu Lu Prentisin görüntüsündən istifadə
edib.
Başqa bir fakt. Bəzən provoslav
xristianlarının müqəddəs
saydığı şəxslərdən
biri olan IV əsrdə yaşamış
ruhani Müqəddəs
Nikolay Çudotvoretsin
bir sıra cəhətlərini Şaxta
baba ilə eyniləşdirirlər. Belə ki,
daim kasıblara yardımı ilə tanınan yepiskop bu xeyirxahlığı həmişə gizli edərmiş. O, hədiyyələri
pəncərə önünə
qoyarmış. Katolik inancına
görə, bir dəfə evin bütün pəncərələri
bağlı olur və o, pulu boruya qoymalı olur. Əfsanəyə görə, qızıl
qəpiklər qurumaq üçün sobaya asılmış corabların
içinə düşür.
Elə o vaxtdan katolik inanclı insanlar Milad və Yeni il hədiyyələrini
odun peçinin yanında asılmış
corabın içinə
qoyurlar.
Sovet dövründə
1920-ci ildən başlayaraq sovet dövründə cərəyan etmiş din əleyhinə olan təbliğat kampaniyası
nəticəsində Yeni
il küknar ağacı, Şaxta baba və Milad
bayramı kimi anlayışları qadağan
olundu, bütün bunlar xalqı aldatmaq, zərərli anlayış kimi qəbul edilirdi. Lakin bu mübarizə və qadağalar çox da davam
etmədi. Yeni ilin
rəmzi olan “yolka” bir müddət
sonra XX əsrin 30-cu illərində Kremldə də quraşdırılmağa
başlandı.
Bundan sonra Şaxta
baba personajı daha populyarlaşdı və onu uşaq
bağçalarına, məktəblərə
və eləcə də, evlərə dəvət etməyə başladılar. 1937-ci il yanvarın 1-ində
SSRİ-də ilk dəfə
Şaxta babanın yanında onun nəvəsi Qar qız görünməyə
başlandı.
Şaxta babanın vətəni
– Laplandiya
Bu gün Finlandiyanın
şimal əyaləti
olan Laplandiya başda olmaqla, Şaxta babanın bir sıra ölkələrdə
iqamətgahları var. Belə
ki, Rusiyada bununla bağlı bir sıra layihələr
həyata keçirilib. 1991-ci ilin əvvəllərində
“Şaxta babanın evi” və “Şaxta
babanın poçtu” yaradılıb. 1995-ci ildə Kola yarımadasında
yerləşən Laplandiya
qoruğunda “Əfsanəvi
Laplandiya – Şaxta babanın mülkiyyəti”
layihəsi başlanıb.
Bu layihəyə əsasən Şaxta babanın iqamətgahı
Çunozerskdə yaradılıb.
Belarusda
da Şaxta babanın rəsmi iqamətgahı var. İlk
dəfə olaraq
2003-cü il dekabrın 25-də “Belovejskaya
puşa” milli parkının ərazisində
Şaxta baba və Qar qız
qonaqları salamlayıblar.
Elə o
vaxtdan təkcə Yeni ildə deyil, ilboyu qonaqları
qarşılayır. Maraqlıdır ki, Belarusda ilk rəsmi Şaxta baba sözügedən milli parkın direktor müavini Vyaçeslav Semakov olub. Daha sonra o, ikillik karyerası barədə “Mən necə Şaxta baba oldum” və “Şaxta baba və onun kökü
“ kitablarını yazıb.
Ukraynaya
Yeni ili
qarşılamaq üçün
gələn turistlər
Şaxta babanı
2004-cü ildən İvano-Frankovsk
vilayətinin Pistın
kəndində yaradılmış
iqamətgahda görə
bilərlər.
Şaxta babanın vətəni hesab edilən Laplandiyada Rovaniemi şəhərindən doqquz
kilometr uzaqlıqda salınmış Santa Klaus kəndi
Yeni ildə ən çox ziyarət edilən və turistlərin marağına səbəb
olan əyləncəli
məkanlardan biridir. Məhz Santa Klaus kəndi öz sehrli və mistik ab-havası ilə yanaşı, həm də turistlərə zəngin əyləncə xidmətləri
təklif edir. Buraya gələn hər bir turist
özünü sanki nağıllar aləmində
hiss edir.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2019.- 4
yanvar.- S.6.