“Cümhuriyyət ilini dünya necə keçirdi? 

 

Ötən il müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Yubileyin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev xüsusi sərəncam imzaladı və 2018-ci ili “Cümhuriyyət ilielan etdi. Maraqlıdır ki, il boyu yubiley tədbirləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da təntənə ilə qeyd olundu. Azərbaycanın diplomatik korpusunun səyi nəticəsində dünyanın müxtəlif guşələrində yubiley tədbirləri keçirildi. Amerika, Avropa və Asiyanın iri şəhərlərində təşkil olunan yubiley tədbirlərində AXC-nin yaranması, fəaliyyəti, tarixi əhəmiyyəti barədə ətraflı söhbət açıldı, bununla bağlı sərgilər təşkil olundu, mərasimlərdə filmlər nümayiş etdirildi.

Qardaş Türkiyənin əksər şəhərlərində yubiley tədbirləri əsl bayrama çevrilmişdir. Azərbaycanın Türkiyədəki səfirliyinın Ankaradakı Heydər Əliyev Parkında təşkil etdiyi tədbir xüsusi qeyd olunmalıdır.Mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, generallar, diplomatlar, deputatlar, görkəmli ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, qazilər, bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan təntənəli mərasimdə iştirak edənlərə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Türkiyə parlamentinin sədrinə, hökumət və dövlət təmsilçilərinə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və inkişaf istiqamətləri barədə ətraflı məlumat verən Prezidentin köməkçisi bildirib ki, müstəqilliyimizin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır.

Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Pakistanda da ­AXC-nin yubileyi təntənə ilə qeyd olunmuşdur. Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərindəki “Serena” mehmanxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirdiyi rəsmi qəbulda Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Usman İbrahim, Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Nasir Cancua, ölkənin tanınmış ictimai-siyasi xadimləri, səfirlər, diplomatlar, ölkə ordusunun yüksək rütbəli zabitləri və İslamabadda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts UniversitetininCohenkino zalında “Əli və Ninofilminin təqdimatı keçirilib. Tədbirdə universitetin müəllim və tələbələri, Bostonda yaşayan Azərbaycan icmasının nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer HüquqDiplomatiya Məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji roluna toxunub, “Əli və Nino” romanının tarixi əhəmiyyətini və bugünkü aktuallığını qeyd edib, əsərin onda böyük təəssürat yaratdığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını bildirib.

Fransada fəaliyyət göstərən Azərbaycan Dostları Assosiasiyası il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirmişdir. Assosiasiya Fransa-Qafqaz Dostluq Birliyinin prezidenti, Kot-d-Or regionunun senatoru Alen Uper, Fransa Parlamentinin sabiq üzvü, Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Frasua Manselin təşəbbüsü və bu ölkədəki səfirliyimizin dəstəyi ilə Fransa Senatında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı debat-konfrans təşkil edib. Tədbir Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin təqdimatı ilə başlayıb. Səfir təqdimatda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyət dövrü və yaradıcıları barədə konfrans iştirakçılarına geniş məlumat verib.

Londonda Heydər Əliyev Fondununbu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan rəsmi qəbul keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Nərgiz Paşayeva, Böyük Britaniyada akkreditə olunmuş diplomatik korpusun, dövlət qurumlarının və parlamentin nümayəndələri və adamları iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Qeyd edib ki, cəmi 23 ay ömrü olan respublika qısa müddətdə ciddi uğurlara imza atıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub, qadınlara ilk dəfə seçki hüququ verib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın bu gün dünyada uğurlu daxilixarici siyasət yürüdən, inkişaf edən demokratik dövlət kimi tanındığını vurğulayıb.

Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, videoaudiomateriallar və sənədli film nümayiş etdirilib, musiqi proqramı təqdim olunub.

Ölkəmizin Çindəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Pekində rəsmi qəbul təşkil edib. Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı 100 il əvvəl müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömrü dövründə böyük nailiyyətlərə imza atdığını, siyasi, iqtisadi sahələrdə islahatlar həyata keçirdiyini, bir çox ölkələrdən də əvvəl qadınlara seçki hüququnu təmin etdiyini deyib. Vurğulanıb ki, Paris Sülh Konfransında müstəqilliyi tanınan Xalq Cümhuriyyəti bir çox ölkələrlə diplomatik əlaqələr yaratmışdı.

AXC-nin hüquqi varisi olan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistanın hərbi təcavüzü də daxil olmaqla çətin vəziyyətlə üzləşdiyini diqqətə çatdıran səfir ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkəmizin ağır dövrü arxada qoyaraq inkişaf yoluna qədəm qoyduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, respublikamızın beynəlxalq arenada mövqeləri güclənir.

Çin xarici işlər nazirinin müavini Kun Suanyou ölkəsi adından Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

MDB ölkələrində də yubileylə bağlı geniş tədbirlər keçirilmişdir. Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna, Belarus və digər ölkələrdə AXC-nin yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.

Yubileylə bağlı keçirilən beynəlxalq tədbirlərin miqyası çox genişdir. Bu onu göstərir ki, ölkəmizin dünya miqyasında nüfuzu artmış, Azərbaycanın tarixi dövlətçilik ənənələri dünya ölkələri tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Hazırladı:

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 5 yanvar.- S.5.