Ekran və efir
məkanı
canlı ana dilinin
güzgüsüdür
Teleməkanda ədəbi
dil monitorinqi
Ana dilimiz bizim ümummilli, mədəni-mənəvi özünüifadəmizdir. Bu həqiqəti dövlət siyasəti səviyyəsinə qaldıran ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir”.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev ana dilimizin qorunmasını və zənginləşdirilməsini həmişə milli varlığımızın ən önəmli məsələsi kimi diqqətdə saxlamış, ümummilli liderin ideya və əməllərinin ən layiqli davamçısı Prezident İlham Əliyev də bu yöndə bir sıra tədbirləri ardıcıl olaraq gerçəkləşdirmiş, nəticədə, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı mükəmməl hüquqi-normativ baza yaradılmışdır.
Ölkə başçısı İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramını təsdiq edən sərəncamında deyilirdi: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Həmin dövlət proqramında televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunması məqsədilə ölkə mediasında çalışan mütəxəssislərin dil hazırlıqlarının, nitq mədəniyyətinin yüksəldilməsi üçün bədii şuraların yaradılması, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, “dəyirmi masa”lar, konfranslar, televiziya və radio verilişləri təşkil edilməsi kimi vəzifələrin müəyyənləşdirilməsi bu məsələnin dövlətimiz və xalqımız üçün çox yüksək önəm daşıdığını göstərir.
Ana dilinin geniş işləkliyi, onun yazılı və şifahi qollarının təmizliyinin qorunub saxlanması ilə bağlı nöqsanlar, arzuolunmaz hallar son illərdə geniş ictimaiyyətlə yanaşı, dövlət rəhbərliyini də ciddi narahat edir. Ədəbi dilin ən geniş işlədildiyi canlı auditoriya olan kütləvi informasiya vasitələrində onun norma və istifadə tələblərinin gözlənilməsi ilə bağlı Prezident İlham Əliyevin xəbərdarlığı və tapşırığı ilə son iki ildə bir sıra müzakirələr keçirilmiş, əməli tədbirlər müəyyən edilmişdir. Yazılı medianın və teleradio məkanının fəaliyyətində yol verilən nöqsanları aşkara çıxarmaq və onun qarşısını almaq üçün dil mütəxəssislərinin iştirakı ilə monitorinqlərin keçirilməsi də belə təsirli tədbirlərdəndir.
Milli dilimizin qorunması və inkişafı sahəsində son 20 ildə atılmış kompleks addımların davamı olaraq, 2002-ci ildə yaradılmış Milli Televiziya və Radio Şurası 25 iyun 2003-cü ildə “Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi qaydalar” qəbul etmişdir. Şura 2011-ci ildən başlayaraq “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində ədəbi dil normalarına əməl edilməsi ilə bağlı mütəmadi monitorinqlər aparır, mövcud nöqsanlarla bağlı hesabatlar dərc etdirir.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Elektron Mediaya Yardım Fondunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi üzrə bu ilin avqust--sentyabr aylarında aparılmış monitorinqin nəticələrinə dair Milli Televiziya və Radio Şurasının bu yaxınlarda keçirdiyi konfransda bütün bunlar barədə geniş, ciddi müzakirə aparılmışdır. Toplantıda iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov ölkə mediasında dövlət dilindən düzgün istifadə sahəsində nöqsanların yolverilməz olduğunu söyləmiş, Prezident İlham Əliyevin 1 noyabr 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın da məhz bu problemin aradan qaldırılmasına yönəldiyini vurğulamışdır.
MTRŞ dil monitorinqi qrupunun hazırladığı həmin konfransda dilçi alimlərin, dövlət rəsmilərinin, KİV rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin müzakirəsinə təqdim edilmiş hesabatda əksini tapan bir sıra səciyyəvi qüsur və nöqsanları oxucuların nəzərinə çadırırıq.
Televiziya yayımlarının ümumi monitorinqi zamanı 564-ü (18 faiz) xəbər, 2 min 554-ü (82 faiz) qeyri-xəbər olmaqla, fonetik, leksik, qrammatik və üslubi səviyyədə 3 min 120 (“Space”– 417, “Lider”–596, “ATV”–750, “İTV”–474, “Xəzər”– 491, “ARB”–392), reklamlarda 108 (68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi), dublyaj filmləri və verilişlərdə 388 (310-u fonetik, 18-i leksik, 33-ü qrammatik, 27-si üslubi) norma pozulması faktı qeydə alınmışdır. Bədii filmlər üzrə 195 faktdan 155-i fonetik, 8-i leksik, 15-i qrammatik, 17-si üslubi; cizgi filmləri üzrə 106 faktdan 77-si fonetik, 10-u leksik, 10-u qrammatik, 9-u üslubi, sənədli film və dublyaj verilişləri üzrə 87 faktdan 79-u fonetik, 8-i qrammatik səviyyədədir.
Radio yayımları üzrə monitorinq zamanı 219-u (22 faiz) xəbər, 796-sı (78 faiz) qeyri-xəbər olmaqla, 1017 (“İctimai”–101, “Azad Azərbaycan”–61, “Antenn”–31, “100.5 FM”–143, “106 FM”–92, “Jazz FM”–30, “Space 104 FM”–83, “Xəzər”–32, “Media FM”–56, “Araz FM”–112, “Avto FM”–93, “ASAN”–183) norma pozulması faktı qeydə alınmışdır.
Azərbaycan dilinə xarici dil təsirlərinin mövcudluğu danılmazdır. Ana dilimizi mənfi təsirlərdən qorumaq, xüsusən onu xarici dillərin basqısından xilas etmək üçün çıxış yolları tapılmalıdır. Məsələn, dünyanın bəzi ölkələrində “Dil polisi” deyilən nəzarət mexanizmindən istifadə edilir. Çağdaş tamaşaçını ekran-efir nitqinin düzgünlüyü, səlisliyi ilə bərabər, verilişin mövzu və məzmunu da çox maraqlandırır. Teleradio proqramlarında işlədilən hər bir söz, ifadə düzgün səslənməlidir.
Monitorinq zamanı bir sıra aparıcı jurnalistlərin səsləri düzgün tələffüz etməmələrinə rast gəldik. Sonu “k” ilə bitən çoxhecalı Azərbaycan sözlərində (habelə Azərbaycan dili fonetikasına uyğunlaşmış bəzi alınmalarda) həmin səs y samitinin kar qarşılığı ([x΄] işarəsi) ilə deyilməlidir, bəzən yanlış olaraq “k” və “y” kimi tələffüz edilir. Məsələn: “100.5 FM”: “ Klub rəhbərliyi idman direktoru təyin [etməylə] [etməx′nən] [gələcəydə] [gələcəx′də] bu kimi problemlərin yaranmasının qarşısını almaq niyyətindədir”.
Sözün ədəbi dildəki düzgün yazılış qaydası onun orfoqrafik normasıdır. Telekanallarda adların orfoqrafiya qaydalarına uyğun yazılmaması ilə diqqəti daha çox “cəlb” edən verilişlər də az deyil. Buna misal olaraq ATV-nin “ATV maqazin 10 larla”, “Xəzər”in “5 də 5” və “O başdannan” verilişlərini göstərə bilərik. Dilçilikdə müəyyən miqdar saylarının bu cür yazılış qaydası olmadığından “10 lar” ifadəsi veriliş boyu daha çox, III şəxsin cəmi kimi səslənir. Bu qüsur dəfələrlə qeyd edilsə də heç bir tədbir görülməmişdir.
Monitorinq zamanı diqqəti cəlb edən mənfi faktlardan biri də tələffüz üslublarıdır. Aparıcıların nitqində dialekt xüsusiyyətli tələffüz halları çox müşahidə edilir. “Space” – “Praym-şok”: “Didim axı, üreyim partlayır, qurban olum, sən mənim nağadar saxlıyceysan belə gözümü?” ATV – “10-dan sonra”: “E - eh, eh, diyir mən nə hayda, süz nə hayda”. Aparıcılar başqa peşə sahibləri olduqları üçün tamaşaçılar belə hallarla tez-tez qarşılaşmalı olurlar.
Teleradio dilində səslənən hər bir söz, o cümlədən verilişlərin adı leksik normaya uyğun olmalıdır. Verilişlərin adında alınma sözlərdən daha çox istifadə edildiyinin şahidiyik. Məsələn, teleyayımlarda-- “Space”də “Praym-şok”; “Lider”də “Retro-Lounge”, “Texnopark”, “Avtoqraf”, “Solo”, “Fortuna”, “Təmir menyusu”; “ATV”də “Stand up”; “İTV”də “Antrakt”, “Oberton”, “Xəzər”də “Harmoniya”, “ARB”də “Turist”, “Kriminal”, “Rezonans”; radioyayımlarda-- “Anten”də “Meqapolis”; “100.5 FM”də “Poliqon”, “Multivitamin”; “106 FM”də “İnvestor”; “ASAN”da “Obla Air” və s.
Verilişlərinə yad adlar qoyan
telekanallar siyahısında
“Lider”, radiokanallar arasında isə “100.5 FM”
liderlik edir. Nəinki
verilişlərin, hətta
telekanalların adları
arasında da xarici sözlər ilə ifadə olunanlar az deyil:
“Lider”, “Space”, “Antenn”,
“Jazz FM”; “Space 104 FM”, “Media FM”, “Avto FM”.
Bu məqamda qeyd
edək ki, dövlət başçısı
İlham Əliyev
2015-ci ilin noyabrında
Milli Elmlər Akademiyasının 70 illiyi
ilə bağlı toplantıdakı nitqində
dövlət dilinin kənar təsirlərdən
qorunmasının və
saflığının təmin
olunmasının vacibliyini
xüsusi qeyd etmiş, dilimizdə yad kəlmələrin lüzumsuz işlədilməsinin
yolverilməz olduğunu
bildirmişdir.
Teleradio məkanında dil normalarının pozulması
hallarına reklamlarda daha çox rast gəlinir. Nəzərə
alınmalıdır ki,
ekran və efirdə dəfələrlə
görüntülənən və eşitdirilən reklam mətnini, zaman keçdikcə, tamaşaçı və
dinləyici bir norma, ədəbi
fakt kimi qəbul edir. Bu səbəbdən reklamların dil xüsusiyyətlərinə diqqət
yetirmək çox vacib məsələdir.
Çox
təəssüf ki, efir-ekran reklamlarının
ədəbi dil normalarına uyğun olanları yox dərəcəsindədir.
Reklam mətnlərinin
üzərində təsadüfi
tərcüməçilər çalışır və
ortaya bu sayaq qeyri-peşəkarlıq
nümunələri çıxır. Dilin qrammatik
xüsusiyyətlərini bilmədən
rus və ingilis dillərindən tərcümə edilən
reklam mətnlərində
əcaib, anlaşılmaz
ifadə və sözlərin yaratdığı
mənalar çox gülünc səslənir.
Narahatlıq doğuran hallardan
biri də reklam edilən məhsulların adlarının
əcnəbi dildə
(orijinalda olduğu kimi) yazılaraq tamaşaçıya göstərilməsidir.
Reklamlarda göstərilən
“Express kredit”, “Head & Shoulders”, “Melissa
Group”, “Dalğa Beach-aquapark
recort”, “Biopower”, “Mr.
Fix”, “Dulce Gold” və
s. kimi söz və ifadələrin yazılışı dilimizin
imla qaydalarına uyğun deyil.
Bir neçə fakt da qrammatik səhvlər
barədə: “ və
ən az 10 yaş cavanlaşacağınız
saç əkimi və yalnız üzünüzü güldürən
“Xətai Estetik Klinikası”nda”, “Dayanma, snikerslə!”, “bir yumadan heyranedici ləkə təmizlənməsi”
və s. Reklamlardakı
titr və subtitrlərdə bir sıra orfoqrafik, leksik, tələffüz zamanı isə orfoepik səhvlərə yol verilir.
Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər də dil normalarına uyğun olmalıdır. Materialı kadr
arxasından səsləndirən
diktor – aparıcı da çox diqqətli
olmalı, mətnin informativ, səlis, aydın, ədəbi-bədii
şifahi danışıq
dilinə uyğun çatdırılmasına çalışmalıdır.
Bəzi hallarda səsləndirmədəki
çatışmazlıqlar izləyicini yorur, canlılıq itir. Uşaq obrazlarını böyüklərin,
bəzən də bir neçə obrazı bir aktyorun səsləndirməsi
əcnəbi məhsul
olan dublyaj materialını bir qat da yadlaşdırır.
Cizgi filmlərində
də belə məqamlara xüsusi peşəkarlıqla yanaşılması
tələb olunur. Çünki gənc nəsilin tərbiyəsində cizgi
filmlərinin rolu əvəzsizdir; burada nəzakətsiz, qaba, vulqar ifadələrin, jarqonların işlənməsinə
həssaslıqla yanaşılmalıdır.
Uşaqların zərərli informasiyadan
qorunması haqqında
Azərbaycan Respublikasının
Qanununda onların mənəvi, psixi, fiziki və sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatlara yol verilməməsi tələb
olunur.
Teleradio məkanı canlı ana dilinin güzgüsüdür. Ona ləkə
salmağa heç kəsin haqqı yoxdur. Mərhum Xalq şairimiz Bəxtiyar Vahabzadə, haqlı olaraq, deyirdi:
Bu dil bizim ruhumuz,
Eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə
Əhdi-peymanımızdır...
Təranə İSMAYILOVA,
BDU-nun Azərbaycan
dilçiliyi kafedrasının
baş müəllimi,
MTRŞ-nin monitorinq qrupunun üzvü
Xalq qəzeti.- 2019.- 5 yanvar.- S.5.