Azərbaycan Avropanın enerji

təhlükəsizliyində fəal iştirak edir 

 

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və böyük səyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”  Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında mühüm rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsinə müsbət  təsir göstərib. Məhz bu müqavilə ilə Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlayıb. Azərbaycan öz zəngin neft resurslarının dünya bazarlarına daşınması üçün əlverişli imkan əldə edib.

Bu baxımdan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri region və Avropanın enerji təhlükəsizliyi üçün mühüm önəm daşımaqla yanaşı, Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsinə səmərəli şərait yaradıb, eyni zamanda, ölkənin tranzit potensialının güclənməsinə müsbət təsir göstərib.

Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşınır. Bundan əlavə, bu boru kəməri vasitəsilə digər xam neftkondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. 

Ötən illər ərzində “Əsrin müqaviləsi” sayəsində ölkəmizin imkanları ardıcıl şəkildə genişləndirilib. Qaz ehtiyatları 1 trilyon kubmetrdən çox olan “Şahdəniz” qaz kontraktı üzrə saziş bağlanılıb. Xəzər dənizini Qara dənizlə birləşdirən yeni bir ixrac marşrutu-Bakı-Supsa neft kəməri tikilib. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi Azərbaycanı dünyada, həm də qaz ölkəsi kimi tanıdıb. 

Bütün bunlarla bərabər, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub.  2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması istiqamətində tarixi addım atılıb.

Bu məqamda onu da qeyd edək ki, Cənub Qaz Dəhlizi formalaşana qədər sözügedən istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. 2012-ci il iyunun 26-da Azərbaycanla Türkiyə  arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları tərəfindən həmin saziş ratifikasiya edilib. 2013-cü il iyunun 30-da isə TAP layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazının Avropa bazarına birbaşa çıxışı reallaşdırılıb. 2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin gerçəkləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul olunub.  

Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz - 2”,  respublikamızdan  başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri,  Türkiyə ərazisindən keçən TANAP və  Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin həyata keçirilməsinə başlanılıb.  

Ötən il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasiiqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək dedi: “TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”.

Dövlətimizin başçısı, həmçinin bildirdi ki, TANAP birgə həyata keçirilən birinci layihə deyil. Bundan əvvəl -- 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd edilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı reallaşıb. Keçən il isə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. Bütün bunlar isə onu göstərir ki, iki qardaş ölkənin birgə təşəbbüsü ilə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə Azərbaycan-Türkiyə  qardaşlığı dayanır.

TANAP-la Türkiyəyə bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək.

Yeri gəlmişkən, ötən il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi  keçirildi Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu.

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə həmin ölkədən Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Artıq TAP-ın TANAP-la birləşməsi reallaşıb. Bu, Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində mühüm irəliləyiş hesab edilir   2020-ci ildə təbii qazın Avropaya çatdırılacağına əminlik yaradır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2019.- 6 yanvar.- S.1; 6.