20 Yanvar mövzusu sənət
əsərlərində
Azərbaycan Respublikası
Prezidenti Administrasiyası rəhbərinin sərəncamı
ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu
ildönümünün keçirilməsi ilə
bağlı tədbirlər planı”nda mədəniyyət
ocaqlarında faciəyə həsr olunmuş ədəbi-bədii
tamaşaların göstərilməsi, bədii və sənədli
filmlərin nümayiş etdirilməsi də nəzərdə
tutulmuşdur.
Məlum olduğu kimi, o qanlı gecənin ruhunu
yaşadan sənət əsərləri yaradılıb. Bu gün
azadlıq eşqinin coşduğu Qanlı Yanvar gecəsinin
müdhiş əhvalını əks etdirən filmlərimiz,
rəsm, musiqi əsərlərimiz, heykəltaraşlıq
nümunələrimiz bizi həmin müdhiş gecənin real
mənzərələri ilə yenidən
görüşdürür. Bu sənət
əsərləri əsl tarixdir, xalqın, millətin qeyrət,
azadlıq uğrunda mübarizə salnaməsidir.
Hazırda ölkəmizdə elə bir muzey, elə bir
kitabxana yoxdur ki, orada xalqımızın qanlı
yaddaşına çevrilmiş 20 Yanvar faciəsi ilə
bağlı əsərlər toplanmasın. Bu faciənın bədii təcəssümünə
çevrilmiş belə əsərlərlə təkcə
anım günlərində deyil, hər zaman tanış
olmaq mümkündür. Amma anım günlərində
mədəniyyət müəssisələri bu tədbirlərə
xüsusi hazırlaşır. Yanvar faciəsinin
29-cu ildönümü ərəfəsində
kitabxanalarımızda, muzey və kinotetrlarımızda şəhidlərin
xatirəsi anılır, onların qəhrəmanlıqlarına
həsr olunan filmlər nümayiş etdirilir, kitablardan və
rəsm əsərlərindən ibarət sərgilər
açılır. Belə tədbirlər
gənc nəslin qəhrəman Vətən
övladlarını yaxından tanımasında, onların vətənpərvərlik
tərbiyyəsində çox əhəmiyyətli rol
oynayır.
Tariximizin 20 Yanvar səhifəsi Azərbaycan kino xadimlərinin
daha çox müraciət etdiyi mövzulardandır. Elə hadisələrin
baş verdiyi həmin gecə operatorlarımız bu qətliamın
ən ağrılı anlarını ekranın
yaddaşına köçürmüşlər. “Azərbaycanfilm” kinostudiyasının nəzdində
fəaliyyət göstərən “Salnamə” sənədli
filmlər studiyasında da faciə ilə bağlı və
ümumilikdə Azərbaycan tarixinin qanlı səhifələrinə
həsr edilmiş kifayət qədər ekran əsəri
istehsal olunmuşdur.
Qeyd edək
ki, 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və
anım mərasimləri də hər il
“Salnamə” studiyası tərəfindən lentə
alınır. Bütün bunlar gələcək
nəsillərə ötürüləcək tarixi sənədlərin
əsasını təşkil edir.
Son illər studiyada vətənpərvərlik
mövzusunda yeni filmlər ərsəyə gətirilib. Bu filmlərdə
1988-ci ildən bəri ölkəmizə qarşı həyata
keçirilən düşmənçilik siyasəti,
xalqımızın başına gətirilən faciələr
fərqli rejissor yozumlarında xronoloji ardıcıllıqla
kinolentin yaddaşına köçürülüb. “Azadlığa gedən yollar” sənədli filmində
20 Yanvar faciəsi süjet xəttinin əsasını təşkil
edir. Bu sıraya “Xatirələrdə
yaşanan ömür”, “Vətən qeyrəti”, “Mən evə
qayıdıram” filmlərini də əlavə etmək olar.
Hərbi vətənpərvərlik mövzusunda
çəkilmiş “Mən evə qayıdıram” bədii
filmi ötən əsrin 90-cı illərinin real hadisələrini
əks etdirir. Film Azərbaycanın hərbi təyyarəçilərinin
qəhrəmanlıq hekayətindən bəhs edir.
Rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi də
faciənin real hadisələri əsasında lentə
alınmışdır. Filmdə Azərbaycan, ABŞ, İran, Rusiya və
Türkiyənin tanınmış aktyorları çəkilmişlər.
Film dünyanın bir çox ölkələrinin
ekranlarında göstərilib.
20 Yanvar faciəsinə həsr olunmuş musiqi əsərləri
də şəhidlərin xatirəsinin yad edilməsində
önəmli rola malikdir. Son illər ərzində Qanlı Yanvara və
şəhidlərə həsr olunmuş 20-dən artıq
musiqi əsəri yazılmışdır. Vaxtilə
görkəmli bəstəkarlar Cövdət Hacıyevin
“Şəhidlər” simfoniyası (1990), Hacı Xanməmmədovun
solist və xalq çalğı alətləri orkestri
üçün “Əlimdə sazım ağlar” poeması
(1991), Azər Rzayevin “Bakı-90” simfoniyası, Vasif
Adıgözəlovun ”Qəm karvanı” oratoriyası və
digər əsərlər faciənin miqyasını
notların dili ilə göstərib. Qanlı tarixdən
keçən 29 il müddətində bu
nümunələrin sırasına yeni-yeni əsərlər
daxil olub, faciəyə sənət dili ilə yanaşmalar
nümayiş etdirilib.
Son illər
20 Yanvar faciəsi və şəhidlərə həsr
olunmuş musiqi əsərlərinin arasında Arif Mirzəyevin
“Yanvar passionları” matəm messası, Nazim Quliyevin “Şəhidlər”
operası, Oqtay Rəcəbovun “Çingiz” oratoriyası, Zabitə
Məmmədovanın solist, xor və orkestr üçün
“Elegiya” əsərini qeyd edə bilərik.
Bu mövzuda yaradılan rəsm əsərlərində
təkcə faciə deyil, həm də xalqın qəhrəmanlıq
ruhunun nümayişi əsas motivləri təşkil edir. Ulu öndər Heydər
Əliyevin 1995-ci il yanvarın 18-də
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində keçirilən “Qanlı Yanvar” rəssamlıq sərgisindəki
çıxışından sonra bədii əsərlərdə
şəhidlərin ölməzliyini və müqəddəsliyini
təcəssüm etdirən obrazlar yaradılmağa
başlandı. Rəssamlıq sahəsində
bu şərəfli tariximiz, bəlkə də, daha canlı,
ifadəli və obrazlı təsvir edilməyə
başlandı.
Xalq rəssamı
Fərhad Xəlilov belə əsərlərin vacibliyinə
toxunaraq deyib: “Xalq yaxşı günləri yaşadıqca
faciələrinin də unudulmaması naminə onları gələcək
nəsillərə çatdırmalıdır. Tarixin belə qanlı səhifələrinin yaddan
çıxmaması üçün ən yaxşı vasitələrdən
biri də rəsm əsərləridir. Belə
əsərlər nə qədər çox olarsa, həmin
tarixi dünya xalqlarının diqqətinə
çatdırmaq da bir o qədər mümkünləşər
və asanlaşar”.
Xalq rəssamı Mikayıl Abdullayevin rənglərin
harmoniyasından yoğrulan “Nakamların dəfni” əsərinə
tamaşa etdikcə, həqiqətən, öz xalqının
qəhrəmanlığından qürur duyursan. Bu əsərdə
20 Yanvar faciəsini yaşayan bir xalqın müqəddəs
ruhu əks olunur. Eyni zamanda, bu faciəni
törədən cəlladlara qarşı rəssamın hədsiz
nifrəti aydın duyulur.
Görkəmli
fırça ustalarından Rasim Babayevin “Təcavüz”, Kirman
Abdinin plakat janrında işlədiyi bir sıra silsilə əsərlərində,
rəngkar Hacırza Fərzəliyevin “Ağlı-qaralı
dünya”, Fikrət İbrahimovun “Gələcək naminə”,
Həmzə Abdullayevin “Çərxi-fələk”,
İsmayıl İsmayılovun “Haqq tərəzisi”, Qafar
Seyfullayevin “Öncə Vətəndir...”, Asim Səmədovun
“Ruhlar” və s. tablolarında qanlı şənbə gecəsinin
ağrı-acılı yaşantıları öz bədii
ifadəsini tapıb.
Qrafika ustaları Arif Hüseynovun “Qara tağlı
natürmort”, Fəxrəddin Əliyevin “Qara Yanvar” və Arif
Ələsgərovun “20 Yanvar” əsərləri də
xalqımızın imperiya təcavüzünə məruz
qaldığı gecəyə həsr olunmuş bədii sənət
nümunələri olmaqla yanaşı, bizi düşmənə
qarşı daim ayıq-sayıq olmağa səsləyir. Xalq rəssamı Ağəli
İbrahimovun fikrincə, 20 Yanvar faciəsi təsviri sənətin
əbədi mövzularından biridir: “Bu tarix yaddaşlardan
silinməyəcək və indiyədək olduğu kimi,
bundan sonra da 20 Yanvar Azərbaycan rəssamlarının vətəndaşlıq
mövqeyindən daim müraciət etdiyi mövzu kimi qalacaq. Xalq rəssamları Kamil Nəcəfzadə, Xanlar
Əhmədov və başqaları da bu mövzuda yaddaqalan sənət
əsərləri yaradıblar.”
20 Yanvar hadisələri ilə bağlı xalçaçı rəssam Fəxrəddin Əli “Şəhidlər” adlı iri həcmli xalçanı araya-ərsəyə gətirib. Əsərin ortasında 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhid ruhları ifadəsini tapıb. 20 Yanvar motivi Bakıdakı qırğının təsviri ilə yadda qalır. Bütün xalça boyunca qərənfil obrazı aparıcıdır. 1991-ci ilin 20 Yanvarında bu xalça-əsər ziyarətə gələn on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi Şəhidlər xiyabanının girişindən asılmışdır. Bir neçə gün ərzində xalça orada qaldı, sonra Milli Azərbaycan Tarix Muzeyinə təhvil verildi. Hazırda həmin əsər orada saxlanılır.
Bu mövzuya həsr olunmuş sənət əsərlərində, heykəltəraşlıq və memarlıq nümunələrində həm tarix yaşadılır, həm də xalqımızın qəhrəmanlığı təbliğ olunur.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 6 yanvar.- S.5.