Cəfər Cabbarlı haqqında film çəkilir
Bu il böyük
yazıçı-dramaturq Cəfər Cabbarlının 120
illik yubileyi tamam olur.
Bu münasibətlə Prezident İlham Əliyev xüsusi sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır”.
Yazıçının yubileyinə həsr edilmiş yeni bədii-sənədli filmdə dramaturqun həyat və yaradıcı fəaliyyətindən ətrafı bəhs olunacaq. “ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən lentə alınan filmdə, eyni zamanda, Cəfər Cabbarlının çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakından söhbət açılacaq.
Filmin rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, məsləhətçisi professor Asif Rüstəmli, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Ekran əsərində Cəfər Cabbarlı rolunu aktyor Şəmistan Süleymanlı ifa edir.
Qeyd edək ki, filmin ədibin 120 illik yubileyi ərəfəsində təqdimatı planlaşdırılır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 8
yanvar.- S.6.