“Şollerin arxivi” filmi
Almaniyada uğur
qazandı
“Şollerin arxivi” filmi Almaniyanın
“Best Independents” festivalında “Ən yaxşı azad film”
seçilib. Bu barədə filmin ssenari müəllifi,
quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin
Qasımov məlumat verib. Bildirib ki, film almanların Azərbaycana
gəlişinin 200 illiyi münasibətilə və Prezident
İlham Əliyevin imzaladığı müvafiq sərəncama
dəstək olaraq çəkilib. Ekran işi Avropa mədəniyyətinə
azərbaycanlıların sədaqətindən, Azərbaycan–Almaniya
dostluğundan, ölkəmizin multikultural dəyərlərindən
bəhs edir.
Triller
janrında çəkilmiş ekran əsərinin operatoru
Fahir Səmədoğlu, montajçısı Faiq
Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov,
Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən
Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb
Ərdəbilli və başqaları rol alıblar.
Süjet
xətti ötən əsrin 40-cı illərində Azərbaycanda
yaşamış alman mənşəli Şollerlər ailəsinin
həyatı üzərində qurulmuş filmin çəkilişləri
Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə
alman ailəsinin timsalında insan faciəsi göstərilib,
eyni zamanda, xalqımızın multikultural dəyərlərə
sadiq qalması nəzərdən qaçmayıb. Filmdə
baş verən hadisələr real həyatdan
götürülüb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2019.- 9 yanvar.- S.5.