20 Yanvar mövzusunda ekran əsərləri 

 

Müxtəlif illərdə lentə alınan “Azadlığa gedən yollar”, “Qəsd”, “Matəm”, “Şəhidlərdən şəhidlərə”, “Bakıda insan ovu”, “Şəhidlər və qazilər”, “Şəhidlik zirvəsi”, “Cənubda Şimal küləyi” kimi sənədli film nümunələri 20 Yanvar faciəsinin ağrılarını yaşadan sənədli kino əsərləridir. “Salnamə” sənədli filmlər studiyasında çəkilən bu ekran əsərlərində o dövrün real mənzərəsini görmək və dəyərləndirmək mümkündür.

 Qanlı Yanvar gecəsinin hadisələrini kinolentə köçürən və sənədli film yaddaşımızı yaradan “Salnamə” studiyasının kino tariximizə önəmli səhifələr yazdığını vurğulamalıyıq. Həyatlarını təhlükəyə ataraq tarix üçün videofakt yaradanların çəkdiyi nümunələr faciənin real miqyasını əks etdirir.

Həmin o kadrların müəlliflərindən biri, kinorejissor, Əməkdar incəsənət xadimi Tofiq Məmmədov mövzu ilə bağlı xeyli sayda sənədli filmin yaradıldığını deyir: – “Salnamə” sənədli filmlər studiyasının əməkdaşları o günlərdə, mən deyərdim ki, qəhrəmanlıq nümayiş etdirdi. Televiziyanın fəaliyyətini dayandırmasına, eləcə də çəkiliş üçün çox az imkanların olmasına baxmayaraq tarix üçün gərəkli olan faktlar lentə alındı. O vaxt indiki kimi texniki imkanlar da yox idi. Sadəcə olaraq, biz o faktları əlimizdəki çox baha kinolentlərə, videolentlərə köçürməyə çalışdıq və buna nail olduq. Yəni sənədli filmlərin imkanı daxilində o dövrün texnologiyası ilə lazımi qədər material çəkildi və bu gün də telekanallar həmin kadrlardan istifadə edirlər.

 Rejissor sənədli filmlərdən fərqli olaraq 20 Yanvar mövzusunda bədii kinokadrların kasadlığına da münasibət bildirdi. Onun fikrincə, bu mövzuda film çəkmək elə də asan deyil: “Kinematoqrafiya sifarişlə işlənən yaradıcılığı qəbul etmir. Bu yolla yaranan kino əsərləri tezliklə unudulur. O dövrü gözünün qarşısına gətirərək, prosesləri təxəyyülündən keçirib, sözün əsl mənasında, sənətkarlıq baxımından yüksək olan nümunə yaratmaq vacibdir. Burada insani meyarlar, xarakterlərin açılması, faktın bədii həlli və tamaşaçıya qəbul etdirilə bilməsi o qədər də asan deyil.

 20 Yanvar hadisələrinə bir neçə filmində özünəməxsus rejissor yozumu verən tanınmış rejissor, Xalq artisti Vaqif Mustafayevin fikrincə, tamaşaçını bu kimi mövzulara cəlb etmək, ideoloji baxımdan demək istədiklərini çılpaqlığı ilə göstərə bilmək üçün mütləq fərqli, bir az da dolayı baxış vacibdir: “Azərbaycan xalqının başına gələn bu faciə bizim bir millət olaraq həm də qürur mənbəyimiz, fəxarətimizdir. Ona görə də onun uyğun ekran həllini tapmaq, emosiyalardan, yaradıcı insanın içərisindəki yanğıdan yuxarıda olan sənətkarlıq “mən”i lazımdır. Unutmayaq ki, istənilən işdə vətəndaş mövqeyi, təəssübkeşliyi ön planda olmalıdır. Mən bugünədək çəkdiyim filmlərdə məhz bu prinsipə əməl etmişəm. 20 Yanvar mövzusuna gəlincə, sırf onunla bağlı bədii filmim olmasa da, ­ümummilli lider Heydər Əliyevə həsr etdiyim 12 seriyalıq kinoepopeyamın

2 filmində bu mövzu fərqli rakursdan işlənərək bədii həllini tapıb. Bundan başqa, ssenari müəllifi olduğum “Ləqəbi “İKA”dır” filmimdə də bu tarixi fakta xüsusi diqqət yetirilib. Amma ümumən Azərbaycan kinematoqrafçıları bu mövzuya mütləq müraciət etməlidirlər. Çünki bu tarixi faktın uğurlu ekran həlli bizim üçün çox vacibdir”.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 10 yanvar.- S.3.