Zaqatala: Abad yollar
inkişafdan xəbər
verir
On beş ildən
artıqdır ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə
bölgə müxbiri vəzifəsində
çalışıram. Bu rayonların bəlkə
də elə bir kəndi qalmayıb ki, orada icra
başçısının səyyar görüşündə,
qəbulunda, hansısa sosial obyektin
açılışında və ya təməlinin qoyulmasında
iştirak etməyim. Etiraf edim ki, bu, fəaliyyətə
başladığım ilk illərdə digər rayonlarda olduğu kimi,
Zaqatalanın da bəzi kəndlərinə çətinliklə
gedirdik. Çünki yollar narahat idi. İndi isə Zaqatalada həmin problem tarixin arxivinə
göndərilib. Rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə ilə
söhbətlərimizdə ulu öndər Heydər
Əliyevin yol barədə söylədiyi məşhur ifadə
dəfələrlə yada salınıb.
Rayon rəhbəri ilə budəfəki söhbətimizdə
də gündəliyə gələn ilk məsələ məhz
yol məsələsi oldu. Çünki
Mübariz müəllimin fikrincə, abad yollar təkcə
iqtisadiyyatı inkişaf etdirmir, həm də rayonun
qonaq-qarasının çoxalmasına, süfrəmizin təamlarından
daha çox əcnəbinin dadmasına səbəb olur ki, bu
da məhz ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin
əsas istiqamətlərindən idi.
Son bir ildə
bu sahədə həyata keçirilmiş tədbirlərə
gəlincə isə, öyrəndim ki, rayonda avtomobil
yollarının yenidən qurulması və əsaslı təmiri
sahəsində
xeyli iş görülüb, magistral və kəndlərarası
avtomobil yollarında, şəhərin küçələrində
cari təmir işləri aparılıb. Zaqatala rayonunun yol-nəqliyyat
infrastrukturunun yaxşılaşdırılması ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları
ilə ayrılmış vəsaitlər hesabına 29,8
kilometr uzunluğunda Qorağan –
Qax –Zaqatala avtomobil yolunun Qax – Zaqatala hissəsinin və Yevlax –Zaqatala – Gürcüstan ilə
dövlət sərhədi avtomobil yolunun 35 kilometr
uzunluğunda Zaqatala – Balakən – Mazımçay hissəsinin
əsaslı təmiri və yenidən qurulması işləri
başa çatdırılıb. Ötən il, eyni
zamanda, 37 kilometr uzunluğunda
Əliabad – Muğanlı – Faldarlı – Qandax – Yengiyan –
Əliabad avtomobil yolunun tikintisi davam etdirilib, 42 kilometr uzunluğunda Zaqatala – Dəmir yolu
stansiyası – Üçüncü Tala – Dağlı –
Muğanlı avtomobil yolunun yenidən qurulması işlərinə
başlanılıb.
Ancaq
bugünkü Zaqatala həqiqətləri təkcə yeni yolların çəkilməsi
və ya köhnə yolların bərpası ilə
yekunlaşmır. Rayonda genişmiqyaslı
tikinti-quruculuq və abadlıq işləri də
aparılmaqdadır. Məsələn, ötən il Zaqatala Rayon Məhkəməsi
üçün yeni inzibati binanın tikintisi başa
çatdırılaraq istifadəyə verilib. Şəhərin
Şəhriyar küçəsində Fövqəladə
Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli
yaşayış binasının tikintisi davam etdirilib, Mosul və
Mazıx kənd uşaq bağçalarında yenidənqurma və
təmir işləri aparılaraq yeni inventar və
avadanlıqla təchiz edilib. Yaponiya səfirliyinin
maliyyə dəstəyi ilə rayonun Qandax və Kəpənəkçi
kəndlərində 2 ədəd subartezian quyusu qazılaraq
sakinlərin istifadəsinə verilib.
Ümumi
sahəsi 9953 kvadratmetr olan 78 fərdi
yaşayış evinin istifadəyə verilməsi, sahibkarlar tərəfindən 4,1 milyon manat həcmində yeni
ticarət, xidmət, turizm və istirahət obyektlərinin,
hündürmərtəbəli yaşayış
binalarının tikintisinin
aparılması, şəhərdə “Günəş
Plaza” şadlıq sarayının açılışı
da son bir ilin göstəricilərindəndir. Yaxud, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ əlillərinin və
şəhid ailələrinin mənzill şəraitinin
yaxşılaşdırılması üçün 3 fərdi yaşayış evinin istifadəyə verilməsini də
bu sıraya əlavə edə bilərik.
Təbii
ki, Zaqatala həm
də mühüm kənd təsərrüfatı
rayonlarındandır. Burada kənd təsərrüfatı
üçün ənənəvi sahələrdən olan
fındıqçılığın, həmçinin qərzəkli
meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə
ötən il
sentyabrın 29-da I
Beynəlxalq fındıq, qoz və şabalıd festivalı
keçirilib. Rayon icra hakimiyyətinin
təşkilatçılığı ilə reallaşan
festivalda ölkəmizdə fəaliyyət göstərən
xarici ölkə səfirliklərinin rəhbər və təmsilçiləri,
nazirlik və dövlət qurumlarının nümayəndələri,
Milli Məclisin deputatları, həmçinin fındıq
istehsalçıları və ixracatçıları, şəhərin
qonaqları və rayon sakinləri iştirak ediblər. Festivalın əsas məqsədi ölkəmizin, eləcə
də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm
potensialını daha geniş nümayiş etdirməkdir.
Tədbirin sonunda respublikanın
tanınmış incəsənət ustalarının
iştirakı ilə möhtəşəm konsert proqramı
təşkil olunub. Fərəhləndirici haldır ki,
bu gün dünyanın 25 ölkəsinə fındıq
ixrac edən Azərbaycanda istehsal edilən fındıq məhsulunun
80 faizə qədəri məhz
Zaqatala rayonundan göndərilir.
Məlumat
verildi ki, tütünçülüyü inkişaf etdirmək
məqsədi ilə dünya bazarının təklifinə
uyğun olaraq rayonda əsasən ətirli və qiymətli
tütün sortları olan “Berley” və “Virciniya”nın yetişdirilməsinə
üstünlük verilir. Bu məqsədlə “Azərtütün”
MMC-də əvvəlki illərdə istifadəyə
verilmiş 60 ədəd odla tütün qurutmaxanası, 5000
kvadratmetr sahəsi olan anbar binası, 7320 kvadratmetrlik müasir
texnologiyaya əsaslanan
şitillik təsərrüfatları
tütün istehsalını artırmağa imkan verir. Fermerlər arasında
tütünçülüyün ixrac potensiallı olması
barədə geniş maarifləndirmə tədbirləri davam
etdirilir. Ötən il 750 hektar sahəyə
tütün əkilərək 2265 nəfər mövsümi
işə cəlb edilib.
Baramaçılığın
dirçəldilməsi və gələcəkdə
yaş barama istehsalının və tədarükünün
artırılması məqsədi ilə rayonda 2016-cı ilin
payız mövsümündə Meşələrin mühafizəsi
və bərpası müəssisəsi tərəfindən 8460 ədəd, icra hakimiyyətinın
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri
və bələdiyyələr tərəfindən 138 min 520 ədəd
olmaqla, cəmi 146 min 980 ədəd, 2017-ci ilin payız
mövsümündə isə
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri
və bələdiyyələr tərəfindən 129 min ədəd tut tinginin əkilməsi
təmin edilib.
Gələcəkdə
yem bazasının bərpa edilməsi nəticəsində
rayonda barama istehsalının 350 tona
çatdırılması nəzərdə tutulmuş,
2018-ci ildə proqnozlaşdırılmış 40 ton
barama istehsalı əvəzinə rayonun kümçüləri 48 ton 104,4
kiloqram məhsul tədarük edərək “Şəki-İpək
ASC”-yə təhvil veriblər.
Rayon rəhbəri ilə söhbətimizdə əhaliyə
göstərilən xidmətin səviyyəsinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər də yada salındı. Qeyd edildi ki, əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması istiqamətində
lazım olan işlər görülüb. Rayonun Lahıc, Bəhmətli
və Kürdəmir kəndlərinə müxtəlif
diametrli borularla magistral qaz xətlərinin çəkilişi
aparılıb, şəhər, qəsəbə və kənd
yaşayış məntəqələrində qaz xətlərində
təmir işləri davam etdirilib.
Yaşayış
məntəqələrinin elektrik enerjisi ilə təminatı sahəsində də
müvafiq tədbirlər həyata keçirilib. Məsələn, “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti Zaqatala elektrik şəbəkəsi
tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə
təmin edilməsi məqsədilə gündəlik fəaliyyət
dövründə ortaya çıxan bütün məsələlərin
operativliklə və yüksək səviyyədə həll
edilməsinin nəticəsidir ki, bu sahədə heç bir
problem qalmayıb. Yuxarı Tala kəndinin Şimşək ərazisindəki
yeni yaşayış massivində və Meşleş kəndində
əhalini fasiləsiz enerji ilə təmin etmək
üçün yeni müasir tipli 160 kva-lıq kompleks
transformator məntəqələri quraşdırılıb və 0,4 kv-luq
şəbəkə çəkilmişdir.
Öyrəndik
ki, rayonun
yaşayış məntəqələrində əhalinin
içməli su ilə təminatının
yaxşılaşdırılması sahəsində
aparılan işlər də
davam etdirilib, yararsız vəziyyətdə olan su xətləri
dəyişdirilib, xətlərdəki
sızmaların qarşısı alınıb, müxtəlif
ərazilərdə yararsız hala düşmüş borular dəyişdirilərək
yeniləri ilə əvəz edilib.
Rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyevin
ölkədə neft kapitalını insan kapitalına
çevirmək barədə çağırış və
tövsiyələri Zaqatalada da daim diqqət mərkəzindədir.
Rayonda 2010-2018-ci illər ərzində 30 məktəb binası tikilib, 8 məktəb əsaslı təmir olunub,
Uzunqazmalar, Höytala və Car kənd ümumi orta məktəbləri
üçün modul tipli binalar quraşdırılıb. Bu məktəblərin hər birində müasir
standartlara cavab verən işıqlandırma, isitmə və
daxili su şəbəkələri quraşdırılıb.
Məktəblərin hamısı müasir təhsil
standartlarına cavab verən tədris vəsaitləri, əyani
vasitələrlə təmin edilib.
Azərbaycanda
həyata keçirilən sosialyönümlü siyasətin
mühüm tərkib hissəsinə çevrilmiş səhiyyə
sahəsi Zaqatalada da qayğı və diqqətlə əhatə
olunur. Son illər dövlət büdcəsi və digər mənbələr
hesabına
Müalicə-Diaqnostika
Mərkəzi, Vərəm
dispanseri və 9 tibb
müəssisəsi tikilib.
Rayonda Mərkəzi Xəstəxana və 6 tibb müəssisəsi əsaslı
təmir olunub, Yaponiya səfirliyinin
maliyyə dəstəyi ilə
Mərkəzi Xəstəxanaya
1 ədəd “Nissan” markalı
ambulans verilib.
Sonda bir daha yol barədə. Oxucuların nəzərinə
çatdırım ki,
bunları məhz yolda qeydə almışam. Zaqatalada elə həmsöhbətim olmayıb ki,
onunla şəhəri və ya rayonun digər
yaşayış məntəqələrini gəzməyim.
Bu dəfə də belə oldu. Gəzdik,
gördük və abad yollar, rahat küçələr imkan
verdi ki, gördüklərimizin
hamısını rahatca qeydə alaq. Abad yollar
həqiqətən inkişafdan xəbər verir. Zaqatalada olduğu kimi.
İlqar HƏSƏNOV
Xalq qəzeti.-
2019.- 12 yanvar.- S.7.