Qədirbilənlik milli
dəyərlərin
mötəbər qoruyucusudur
Hər il yanvarın ortalarında
Azərbaycanda yaranmış Şərqin ilk operası “Leyli və
Məcnun”un ərsəyə gəlməsinin
ildönümü ölkəmizdə öyünclü sənət
hadisəsi kimi yad edilir. Bu unudulmaz tarixin 111-ci ildönümü ərəfəsində ilk milli operamızın
yaradıcı truppasının fəal
iştirakçısı olmuş Mirmahmud Kazımovskinin ad və
soyadını daşıyan, sənət sevgisini
yaşadan nəvəsi ilə müsahib olduq.
Xatırladaq ki, Kazımovskilər ailəsi milli teatr və televiziya tariximizdəki sanballı xidmətləri ilə sənətsevərlərə yaxşı məlumdur. Baba Kazımovski – Mirmahmud Mirələkbər oğlu milli oyanış və istiqlal mübarizəsi dövründə teatr sənətinə gəlmiş, görkəmli aktyor, pedaqoq, müxtəlif janrlı səhnə əsərlərinin müəllifi, rejissor kimi məşhurlaşmışdır.
Professional teatr xadimilərinin ilk nəslinə mənsub olan bu fədakar ziyalı zəngin və şərəfli yaradıcılıq yolu keçmiş, 1938-ci ildə respublikanın Əməkdar artisti adına layiq görülmüşdür. 1897-ci ildən səhnəyə qədəm qoymuş, 58 illik ömrünün 42 ilini milli teatrımızın inkişafına həsr etmiş Mirmahmud Kazımovski 1906-cı ildə yaradılmış Bakı Müsəlman Teatrının ilk üzvlərindən biri və təşkilatçısı olmuşdur.
XX əsrin əvvəllərindən Mirmahmud Kazımovski peşəkar artist kimi tanınmağa başlamış, Qoqolun “Müfəttiş”ində Filippoviç, Nəcəf bəy Vəzirovun “Pəhləvani Zəmanə” əsərində Cahangir bəy, Şəmsəddin Saminin “Gavə” əsərində zabit və kəndli rollarında, “Müsibəti-Fəxrəddin” əsərində Əhməd rolunda, eyni zamanda, bir sıra Qərbi Avropa dramaturqlarının tamaşalarında uğurla çıxış etmişdir. Şekspirin “Otello” faciəsi onun yaradıcılığında xüsusi yer tutmuşdur. Mirmahmud Kazımovskinin milli teatr tariximizdə xidmətlərindən biri də Azərbaycan qadınlarının səhnəyə gələ bilmədikləri bir dövrdə onları məharətlə əvəz etməsi olmuşdur.
Mirmahmud Kazımovski sovet dövründə aktyorluqla yanaşı, pedaqoqluq da etmiş, dramaturgiya ilə də məşğul olmuşdur. O, teatr sahəsində Ə.Haqverdiyev, H.Cavid, S.S.Axundov, C.Məmmədquluzadə, Cəfər Cabbarlı kimi görkəmli simalarla əməkdaşlıq etmişdir. Azərbaycan kinosu sahəsində də rejissor kimi fədakarlıqla çalışan Mirmahmud Kazımovski adını “Neft və milyonlar səltənətində”, “Bismillah”, “Bakılılar”, “Kəndlilər”, “Sovqat” filmlərinin tarixçəsinə yazmışdır.
Atasının sənət yolunu, həmin nəslin professisonallıq ənənəsini ləyaqətlə davam etdirən oğul Rauf Kazımovskinin adı isə Azərbaycan milli efir və ekran yaradıcılığı tarixinə görkəmli radio və ilk televiziya rejissoru kimi yazılmışdır. Onun radio üçün hazırladığı “O olmasın, bu olsun” tamaşası “Qızıl fond”a daxil olmuş, televiziyada quruluş verdiyi “Leyli və Məcnun” tamaşası ilə bu şöhrətli əsər ilk dəfə kütləvi auditoriyaya çıxarılmışdır. Rauf Kazımovskinin çəkdiyi 7 film Azərbaycan kino sənətində yeni bir yön açmışdır. Onun yaradıcılığının çiçəklənən vaxtında – 48 yaşında dünyasını dəyişməsi formalaşmaqda olan milli televiziya rejissorluğu sahəsində ciddi itki sayılmışdır.
Ailə şəcərəsini böyük həvəs və sədaqətlə davam etdirən nəvə – Raufun oğlu Ələkbər Kazımovski televiziya filmləri yaradıcılığı sahəsində istedadlı rejissor kimi tanınmış, qısa müddətdə 15-dən artıq ekran əsərinə quruluş vermiş, gənc yaşlarında Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Təəssüf ki, Ələkbərin də ömür yolu atası kimi yarımçıq qırılmış, onun da vaxtsız ölümü dərin hüzn doğurmuş, ölkəmizdə televiziya rejissorluğunun inkişafına növbəti zərbə olmuşdur.
Kazımovskilər ailəsinin digər davamçıları da bu gün incəsənət sahəsində çalışır, milli mədəniyyətimizin tərəqqisinə xidmət göstərirlər.
Bugünlərdə Rauf Kazımovskinin o biri oğlu, babasının adını daşıyan Mirmahmud Kazımovski redaksiyamıza gəlmişdi. Müsahibimiz ilk olaraq Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın milli incəsənətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan, xüsüsən, Azərbaycan muğamının dünyada tanıdılması üçün gerçəkləşdirdiyi tədbirlərdən böyük məmnunluqla söhbət açdı.
Dünyaya gözünü tanınmış incəsənət adamlarının çevrəsində açan Mirmahmud bildirdi ki, atası Rauf Kazımovski incəsənətin müasir sahələri ilə məşğul olsa da, bütün varlığı ilə muğama bağlı idi. Sevincli anlarında da, kədərlı olanda da muğama qulaq asır, daha çox Cabbar Qaryağdıoğlunun səs yazılarını səsləndirirdi. Bu da səbəbsiz deyildi. Ailələrində Cabbar Qaryağdıoğlu şəxsiyyətinə və sənətinə hədsiz sevginin nə ilə bağlı olduğunu açıqlayan Mirmahmud daha sonra bildirdi:
– İlk təhsilini professional teatr rejissorluğumuzun banisi Hüseyn Ərəblinski ilə birlikdə alan babam Mirmahmud onunla möhkəm dost imiş. Bu yaxınlıq babamı da Hüseynlə birlikdə teatr sənətinə gətirmişdir. Onların gəncliyi milli ziyalılarımızın atası sayılan, istedadlı soydaşlarımızın təhsil, elm və sənət sahəsində yolgöstərəni olan Həsən bəy Zərdabinin yaxın əhatəsində keçmişdir. 1906-cı ildə Bakıya gələn gənc müəllim və publisist Üzeyir Hacıbəyli da bu çevrəyə düşmüşdür.
Babamın atama dediklərindən belə bir məlumat bizə çatıb ki, o zaman 22 yaşlı Üzeyir Hacıbəylini ilk milli operamızı yaratmağa məhz Həsən bəy həvəsləndirmişdir. Bu işdə ünlü xanəndə Cabbar Qaryağdıoğlunun da ciddi təsiri və köməyi olmuşdur. Əvvəla, Şuşada Əbdürrəhim bəy Haqverdiyevin hazırladığı “Məcnun Leylinin qəbri üstündə” tamaşasında Cabbar Qaryağdıoğlunun yaratdığı Məcnun obrazı o zaman hələ uşaq olan Üzeyir bəyin qəlbinə bir toxum kimi düşmüş və musiqiyə bələd olması artdıqca onda həmin tamaşanı ayrıca operaya çevirmək arzusunu cücərtmişdi. İkincisi, Cabbar Qaryağdıoğlu 1908-ci il yanvarın 13-də (yeni təqvimlə 25-də – T.A.) Tağıyev Teatrında həyata vəsiqə alan Şərqin ilk operasının tamaşaya qoyulmasında Üzeyir Hacıbəyliyə və Hüseyn Ərəblinskiyə çox kömək eləmişdi. Operanın səhnəyə qoyulmasında bacarıqlı aktyorluğundan əlavə, həm də gözəl səsi olan babam da yaxından iştirak etmiş, Leylinin anası, altıncı və yeddinci ərəb rollarını oynamışdır.
Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar, musiqi xadimi, Xalq artisti Cabbar Qaryağdıoğlu ilə babamın tanışlığı və dostluğu da elə o zaman yaranmış və illər keçdikcə davam edib möhkəmlənmişdi. Atam da həmişə onu “Cabbar əmi” – deyə xatırlayır, sənətindən məftunluqla söz açırdı. O bildirirdi ki, Cabbar əmi muğamın sirli pərdələrini aça-aça insanı ilahi bir gözəllik məqamına yüksəldir, başa düşənlərə misilsiz bir zövq bəxş edir. Atam həm də təəssüflə deyirdi ki, biz bu sənətkarın qədrini layiqincə bilmirik, vaxtilə oxuyanda başına qızıl səpilən Cabbarın qızıldan heykəlini qoymuruq.
Bax beləcə babadan ataya, ondan da biz nəvə-nəticələrə müqəddəs bir Cabbar əmi sevgisi keçib. Biz Kazımovskilər ailə bioqrafiyamızın belə bir bənzərsiz sənət xadimi ilə bağlılığı ilə fəxr edirik. Təbii ki, Cabbar əmi ilə bağlı görülməli işlər bizi də qayğılandırır.
Nəvə Mirmahmud söhbətin
bu yerində bildirdi:
– Son 15 ildə Cabbar Qaryağdıoğlu kimi musiqi korifeylərinin sonrakı nəsillərə
əmanət qoyub getdiyi muğam sənətinin dövlət
səviyyəsində himayə
olunması, onun qorunması və inkişafının yüksək
səviyyədə təmin
edilməsi Kazımovskiləri
hamıdan çox sevindirir və razı salır. Prezident İlham Əliyevin sərəncamları
ilə bir zaman Yasamal qəbiristanlığında
Cabbar Qaryağdıoğlunun
yeri itməkdə olan məzarının abadlaşdırılması, ölməz
sənətkara qəbirüstü
abidə qoyulması,
150 illik yubileyinin təntənə ilə keçirilməsi, ölkəmizdə
muğam sənətinin
şərəfinə yaradılmış
misilsiz Muğam evində bu sənətin qüdrətli
simaları sırasında
Cabbar əminin də büstünün olması olduqca sevindiricidir.
Lakin bir məsələ hələ
də həllini gözləyir. Bu da
ondan ibarətdir ki, 1948-ci ildə respublika hökuməti Bakıda Fəxri xiyabanının yaradılması
haqqında qərar verəndə bu işin özülünün
xalqımızın 15 görkəmli
şəxsiyyətinin məzarlarının
buraya köçürülməklə
qoyulması nəzərdə
tutulmuşdu. Nədənsə, sonrakı illərdə hətta erməni Yeremyanın məzarı da Fəxri xiyabana
köçürülsə də, Vidadinin, Seyid Əzimin, Sabirin məzarları ilə yanaşı, Cabbar Qaryağdıoğlunun
da qəbri əvvəlki yerində qalmışdır.
Müsahibimiz sonda bildirdi ki, görkəmli şair Mikayıl Müşfiqin nəşinin
qalıqlarının tapılması
ilə bağlı mətbuatda gedən yazılara Prezident İlham Əliyevin həssas münasibəti sənətsevərlərdə belə bir ümid
yaradır ki, respublika hökumətinin
71 il əvvəl çıxardığı gərəkli
bir qərarın da yerinə yetirilməsi, nəhayət,
başa çatdırılacaq.
Müstəqillik illərində dillərə
düşən bir məsəl yarandı: “Unutsaq – unudularıq”. Nə yaxşı ki, xalqımızın qədirbilənliyi
ona bəla gətirən unutqanlığına
həmişə üstün
gəlir. Qədirbilənlik hər sahədə gərəklidir, yaxşılarının
çoxalmasına xidmət
edir. Sənətə və sənətkara
münasibətdə isə
qədirbilənlik milli
dəyərlərin mötəbər
qoruyucusudur.
T. AYDINOĞLU
Xalq qəzeti.-2019.- 15 yanvar.- S.10.