“Dəli bir ağlamaq keçir
könlümdən”
Milli qəhrəmanlarımız
Bu şah misra ilə rədiflənən məşhur şeir 1990-cı ilin Qanlı yanvar günlərində dinc xalqımızın üstünə qoşun yeritmiş, günahsız soydaşlarımızı qətlə yetirmiş qırmızı imperiya rəhbərliyinə qarşı ümumxalq ittihamının bədii ifadəsi kimi dillər əzbərinə çevrilmişdi, yanıqlı könüllərə təsəlli və ümid çiləmişdi:
Torpaqda haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.
O zaman bu “dəli bir ağlamaq”, əslində, milyonlarla ürəkdən qaynayıb-daşan, göz yaşlarından süzülüb, qəzəb və nifrət selinə çevrilən üsyan idi, günahsız həmvətənlərimizin intiqamına dəlisov bir çağırış idi. Həmin şeir müəllifi– tanınmış telejurnalist, qeyrətli soydaşımız Alı Mustafayevin özünün də Qarabağ münaqişəsinin ilk günlərindən ön cəhbəsində olduğu Haqq davamızda mübarizə andına çevrildi:
Mənası
bir imiş toyun, yasın da,
Bu qara
zülmətin, ağ libasın da.
Durub haqq
evinin astanasında
Dəli
bir ağlamaq keçir könlümdən.
Lakin
Alı Mustafayev dağlar qədər ağır hüznün
göz yaşlarını silib mübarizəyə daha əzmlə
qoşuldu. O, 20 Yanvar şəhidlərinin mübarizəsinin
davamında harada oldusa, düşmənin üstünə
yeridi–Qarabağın oda qalanan məntəqələrində
də, Kremlin ali iclas salonlarının kluarlarında da,
ekrandakı reportaj, müsahibə, şərh və
çıxışlarında da. Düşmənlərin
raketlə vurub saldığı vertolyotdan sağ
çıxan cəsur telejurnalist sağalıb ayağa
qalxandan sonra yenə odlu nöqtələrdən geri çəkilmədi.
1990-cı ilin 20 noyabrında isə azərbycanlı qanına
susamış erməni cəlladlarının növbəti
vandallığının–Qaradağlı qurbanlarının
sorağına yol alan hərbi vertalyot Ağdərənin Qarakənd
istiqamətində raketlə məhv edildi. Həlak olanlar
arasında Azərbaycanın dövlət və hökumət
rəhbərləri, yüksək çinli hərbçilər
və ekipaj üzvləri ilə yanaşı, belə səfərlərdə
həmişə mikrofonu əlində, operatoru yanında olan
qorxubilməz reportyor Alı Mustafayev də olmuşdu...
Bütün
bunlar barədə Mədəniyyət Nazirliyinin sifarişi ilə
“Salnamə” sənədli filmlər studiyasında çəkilmiş
“Milli qəhrəman Alı Mustafayev” filminin təqdimat mərasimində
hüzn qarışıq bir öyünclə söhbət
açıldı.
Yasamal
rayonundakı Heydər Əliyev mərkəzində
keçirilən məclisdə filmin rejissoru, istedadlı
kinemotoqrafçı Kəmalə Musaqızı bildirdi ki, dövlətin
dəstəyi ilə son illərdə 215 Milli qəhrəmandan
81-i haqqında sənədli film çəkilib. Ənənəyə
uyğun olaraq, şəhid qəhrəmanlarımızın
xatirəsinin geniş anıldığı 20 Yanvar
Ümumxalq Hüzn Günü ərəfəsində onlar barəsində
çəkilmiş sənədli filmlər həftəsi
keçirilir. Vətənpərvər qüvvələrin və
Yasamal rayonu ərazisində təhsil alan kursantların
iştirak etdiyi bu mərasimdə isə Milli qəhrəman
Alı Mustafayev barədə çəkilmiş film ilk dəfə
paytaxt ictimaiyyətinin nümayəndələrinə təqdim
edilir.
Sonra 30 dəqiqəlik
sənədli film nümayiş etdirildi. Salondakılar
mübariz jurnalist, istedadlı şair, qeyrətli vətəndaş
Alı Mustafayevin kino obrazının yaradıldığı
filmə böyük maraqla tamaşa etdilər.
Bakı Dövlət Universiteti jurnalistika fakültəsində Alı Mustafayevin müəllimi olmuş professor Nəsir Əhmədli, Milli qəhrəmanın tələbəlik və iş yoldaşı olmuş Əməkdar jurnalist Tahir Aydınoğlu, Milli qəhrəman Asif Məhərrəmovun qardaşı, Qarabağ döyüşlərinin iştirakçısı Ədalət Məhərrəmov ekran əsərində Alı Mustafayevin bitkin və təsirli obrazının yaradıldığını söylədilər, belə filmlərin yeni nəslin yurda sevgi və mubarizlik ruhunda tərbiyəsində önəmini vurğuladılar.
Milli qəhrəmanın bacısı Maral Mustafayeva qardaşının xatirəsinin əbədiləşdirilməsinə layiqli töhfə olan sənədli filmin ərsəyə gətirilməsinə görə dövlətimizin rəhbərliyinə və yaradıcı heyətə ailələri adından minnətdarlığını bildirdi.
Mərasimdə xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq mübarizəsi və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anıldı, onların ruhuna dualar səsləndi.
T. TURAN
Xalq qəzeti.- 2019.- 17
yanvar.- S.7.