Mingəçevir Şəhər Dövlət
Rəsm Qalereyasında
20 Yanvar şəhidlərinə
həsr olunmuş sərgi
Mingəçevir
Dövlət Rəsm Qalereyasında 20 Yanvar şəhidlərinə
həsr olunmuş sərgi təşkil olunmuşdur.
Yanvarın 16-da açılan sərgidə Mingəçevir
məktəblilərinin əl işlərindən ibarət rəsm
nümunələri nümayiş etdirilir. Müxtəlif səpgilərdə
işlənmiş rəsm əsərləri mahiyyətcə
bir məna daşıyırdı. 20 Yanvar hadisələri
keçmiş SSRİ rəhbərliyinin Azərbaycan
xalqına qarşı törətdiyi ən qəddar cinayət
hadisəsidir. Xalqın birliyi, əzmkarlığı, qəhrəmanlığı,
mərdliyi məkrli düşmənə layiqli cavabdır.
Topla, tankla, öldürücü silahlarla xalqın iradəsini
qırmaq olmaz! Sərgidə nümayiş olunan balaca rəssamların
çəkdikləri əsərlərdən doğan yekdil
fikir belə idi: Ölərik, azadlığımızı əldən
vermərik. Vətən yenilməzdir!
Sərginin açılışında şəhər ictimaiyyətinin nümyəndələri ilə yanaşı, təhsil işçiləri, ümumtəhsil orta məktəblərinin nümayəndələri, məktəblilər, şəhər sakinləri iştirak edirdilər. Tədbiri Mingəçevir Dövlət Rəsm Qalereyasının rəhbəri Böyükkişi Adilbəyli açaraq təşkil olunan sərgi haqqında fikirlərini açıqladı, yaradıcı məktəblilərə uğurlar arzuladı.
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov 20 Yanvar faciəsindən ətraflı bəhs edərək vətənpərvərlərimizin əzmkar mübarizəsini xatırlatdı və həmin hadisələri xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirdi. Sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi. Ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin 20 Yanvar şəhidlərinin, bütövlükdə Azərbaycan xalqının azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək üçün həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Şəhidlərin ruhuna Allahdan dualar dilədi.
İlqar
HƏSƏNOV
Xalq qəzeti.- 2019.- 17 yanvar.- S.7.