Bu güllələr Larisanı öldürüb,

eyvandan ataq, getsin...” 

 

“Yeldən sürətli” xəbər

 

20 Yanvar hadisələri barədə söz düşəndə həmişə “bəd xəbər yel qanadlı olur” ifadəsini xatırlayıram. Çünki həmin axşam mən məzuniyyətdə -- Qəbələnin Yemişanlı kəndində, qaynatamgildə idim. Qəfildən televiziyanın bütün kanalları heç nə göstərmədi. Qonşudan soruşduq və məlum oldu ki, hamıda belədir. Ona görə də Şıxalı baba ilə birlikdə “Artizan başına” (artezianın yanına) getdik. Kolxoz idarəsi və sovetlik xeyli uzaqda olduğuna görə camaat həmişə ora yığışırdı.

 

Kişi hıçqırtısı

 

Biz ora çatanda Vəli kişi, sanki, lap uzaqdakı adamların da eşitməsi üçün danışırmış kimi, uca səslə “Bakının güllələndiyi”, “maşın-maşın cavanların öldürüldüyü” xəbərini verirdi. Onsuz da boyu balaca olan, yanvarın soyuğuna və xəbərin acılığına görə bir az da büzüşüb uşaq boyda qalmış başqa bir adam əlavə etdi: “Bizim uşaqAzadlğa qulaq asıb. Orda deyiblər ki, “təcili yardım” maşınlarını da güllələyiblər.

Sonra çaşqınlıq və ümidsizlik ağır bir qaya kimi camaatın üstünə düşdüheç kəs danışa bilmədi. Bu sakitlikdə bir kişi hıçqırtısı eşitdim. (Sonralar öyrənmişdim ki, həmin kişinin oğlu da Bakıda mitinq və tətillər başlanandan etibarən daim öndə olubAllaha şükür ki, sağ-salamatdır). O gecə bəd xəbərin qanadları yeldən sürətli olmuşdu.

 

Dağ kəndindən “Bakıya dəstək”

 

Ertəsi gün Mirzəbəyliyə gələndə eşitdim ki, kənd camaatı “Bakıya dəstək” aksiyasına toplaşıb. Elə bil ki, bir az toxtaqlıq tapdım. İnandım ki, camaatın ümidi hələ üzülməyib. Tədbirdə atamdan sonra mən də danışdım və balaca bir dağ kəndinin Bakını dəstəkləməsini alqışladım. Sən demə, həmin beş-altı kəlməyə də ehtiyac var imiş... Yemişanlıdakı kişi hıçqırıb ağlasa da, mən Mirzəbəylidəki camaatın qətiyyətini görəndə, sadəcə, kövrəlmişdim. Həmin gün axşam artıq Bakıda idim.

 

“Müstəntiqsiniz?”

 

...Şəhidlərin çoxu bədnam XI ordunun adını daşıyan meydanda qətlə yetirilmişdi. Artıq yanvarın 22-si olsa da, meydanda dəhşətli, vahiməli bir görkəm var idi. Metronun su institutu tərəfə çıxışından bir az aralı, yerdə bir tay qanlı kişi ayaqqabısı var idi. Ayaqqabını götürüb zeytun ağacının dibinə qoydum. İki-üç gün ağlamış adama oxşayan, gözüyaşlı bir kişi həmin ayaqqabıya yaxınlaşıb “Allah rəhmət eləsin!”, – deyə fatihə verdi. Ayaqqabı sahibinin öldüyünü, yaxud, yaralandığını bilməsəm də, mən də rəhmət dilədim.

Meydandakı boş gilizlərin sayı, bəlkə də, çınqılların sayı qədər olardı. Hamı boş patronları lənətləyərək, tapdalayaraq keçirdi. Diqqətimi bir məqam çəkdi. Boş gilizlər həddən artıq fərqli idi. Yəni zalımın məzluma düşmənçiliyi o qədər amansız olmuşdu ki, xalqın gözünün odunu almaq üçün müxtəlif silahlardan istifadə edilmişdi. Ona görə, silahların adını bilməsəm də, ən kiçiyindən başlayaraq, ən böyüyünə qədər 12 boş giliz götürdüm. Bu zaman yanında iki əsgər olan sovet zabiti mənə yaxınlaşdı və soruşdu ki, müstəntiqsiniz? Zabitin qəzəbli baxışlarından və yanıma əsgərlərlə gəlməsindən çaşsam da, “bədahətən yalan demək” imkanım köməyə gəldi. Dedim: “Yox, şairəm”. Şərəfsizcəsinə gülümsünərək rədd oldu.

 

Düşmən gilizləri yeddinci mərtəbədə

 

Həmin gilizləri bir bankaya yığdım və uzun müddət Müşfiqabaddakı evimizin eyvanında saxladım. Dövlət radiosunda çalışdığım illərdə bir neçə dəfə 20 Yanvar faciəsinin ildönümü münasibətilə hazırladığım verilişlərdə həmin gilizlər haqqında söz açdım və təkcə bir meydanda bizə qarşı 12 növ silahdan istifadə edildiyini dəfələrlə söylədim. Sonra mərhum həmkarımız Sərdar ­Mehdiyevin ( “Xocalının səsi” qəzetinin redaktoru) və “Zaman” qəzetinin müxbiri Əziz Mustafanın xahişilə həmin gilizləri işə gətirdim ki, fotosunu çəkib qəzetdə versinlər... Verdilər də...

 

Bu güllələr Larisanı öldürüb...

 

20 Yanvar şəhidlərindən birininLarisa Məmmədovanın atası Fərman Məmmədov əslən Göyçədən olsa da, onun bəzi qohumları 1953-cü ildə Oğuz rayonuna köçürülmüşdür. Atamın əmisioğlu Nurməmməd kişi də Fərmanın bacısı Xanımzərlə evlənmişdi. Ona görə də Larisaya Mirzəbəylidə də ehsan verilmiş, yası mərasimi təşkil edilmişdi. Bu barədə bizim evdə çox danışılmış, Larisanın adı dəfələrlə çəkilmişdi.

Böyük oğlum Sadiq məktəbə gedəndən sonra sinif rəhbəri, mərhum Baləddin Baxşıyevin söhbətlərinin aludəçisi olmuşdu. Bir gün məktəbdən qayıdandan sonra dedi ki, ata, eyvandakı güllələri tullayaq, onlar ­Larisanı ­öldürüb, bizi də öldürərlər. Dedim, onlar daha güllə deyil, boş gilizlərdir, bizə heç nə edə bilməz. İnanmadı: “Yox, Baləddin müəllim deyir ki, o güllələrlə Larisanı öldürüblər. ­Tullayaq, getsin”. Tulladıq, getdi.

 

Bizə heç nə edə bilmədilər

 

...90-cı illərin ortalarında birinci sinif şagirdi Sadiqə dediyim o gilizlər “bizə heç nə edə bilməz” ifadəsini sonralar bir neçə yazıda “Bizə heç nə edə bilmədilər” formasında sərlövhəyə çıxarmışdım. Və qeyd etmişdim ki, beynəlxalq aləmdəki erməni lobbisinin əsiri olmuş Kreml mənsubları azadlıq eşqi ilə alışıb-yanan azərbaycanlıları qanına qəltan etsələr də, bizim azadlıq istəyimizi məhv edə bilmədilər.

Çünki bizim həmin istəyimizlə yanaşı, böyük bir yolda öndərimiz olacaq dahi liderimizvar idi. Heydər Əliyevin hadisənin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, Mixail Qorbaçovu ittiham edən bəyanatla çıxış etməsi xalqın qətiyyətini artırmış, Moskvanın planlarını pozmuşdu. Biz respublikamızın müstəqilliyinə nail olduq və haqlı olaraq, bugünkü Azərbaycan dövlətinin qüdrəti ilə fəxr edirik.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2019.- 18 yanvar.- S.4.