Bir ömrün ağrılı-acılı  xatirələri... 

 

Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası hələ XIX əsrdən başlanılıb. Bu proses üç mərhələdə – 1905-1920-ci, 1948-1953-cü və ­1988-1992-ci illərdə aparılıb. Soydaşlarımızın tarixi ərazilərindən kütləvi köçürülməsi əsasən 1948-1953-cü illərdə Stalinin göstərişi ilə reallaşdırılıb. Belə vəhşilik isə Ermənistan adlandırılan Qərbi Azərbaycanın azərbaycanlılardan “təmizlənməsi” məqsədi daşıyırdı.

 

Deportasiya zamanı ermənilər tərəfindən, həm də o torpaqlarda azərbaycanlıların yaşayış məntəqələri yerlə-yeksan edilib, 30 minə yaõın ev dağıdılıb və yandırılıb, qoca, uşaq və qadınların da daõil olduğu 140 min insan vəhşicəsinə qətlə yetirilib. Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvasını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı bütün qəbiristanlıqları, tariõi mədəni abidələri, məktəb, õəstəõana və digər binaları xarabalığa çeviriblər.

Kütləvi köçürülmənin yuxarıda vurğuladığım ikinci mərhələsi barədə bir qədər ətraflı bəhs etmək istərdim. Keçmiş SSRİ Nazirlər Sovetinin müvafiq qərarları əsasında 1948–1953-cü illərdə 150 min nəfərdən çox azərbaycanlı Ermənistan SSR adlandırılan Qərbi Azərbaycan ərazisindəki dədə-baba torpaqlarından könüllülük adı ilə kütləvi surətdə zorakılıqla sürgün edilib. Həmin qərarların icrası zamanı yüzlərlə insan kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi soyqırımına tab gətirməyərək dünyasını dəyişib.

Bu günlərdə televiziya ilə nümayiş etdirilən “Deportasiya” filmində vurğulandığı kimi, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti tərəfindən xüsusi müzakirələr aparılmadan xalqımız üçün tarixin ən ağrılı qərarlarından birini – “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSRİ-dən Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı imzalanır. Bu qərara əsasən, Ermənistan SSRİ-dən 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min , 1950-ci ildə isə 50 min insanın “könüllü əsaslarla” Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürüləcəyi nəzərdə tutulur.

Beləliklə, Stalinin soyuqqanlılıqla imzaladığı bu sənədlər əsasında minlərlə azərbaycanlı məşəqqətli bir yola çıxarılır, başqa sözlə, deportasiya edilir. Ən dəhşətlisi isə o olur ki, qərarın 11-ci maddəsində Ermənistan SSR Nazirlər Sovetinə Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhalinin boşaltdığı yaşayış evlərinin xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadəsinə icazə verilməsi tapşırılır.

Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar həkim, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki Vaqif Şadlınski yuxarıda adıçəkilən həmin filmdə keçmiş sovet avtoritar-totalitar rejimin törətdiyi o ağrılı-acılı hadisələrlə bağlı xatirələrini bölüşür. V. Şadlinski deyir:

“1940-cı il yanvarın 24-də Qərbi Azərbaycanda–Ermənistanın Böyük Vedi rayonunun Böyük Vedi kəndində dünyaya göz açmışam. Atam Bilas müəllim orta məktəbin direktoru idi. Evin kiçiyi olduğum üçün çox vaxt anamın yan-yörəsində dolaşırdım. Bir gün atam pərişan, pəjmürdə halda evə gəlib dedi ki, deyəsən, bizi Vətəndən didərgin salmaq istəyirlər...

...1948-ci ilin isti iyul ayı idi. “Könüllü” köçürülməyə başlanılmışdı. Azərbaycanlı ailələr Ermənistanın Dəvəli stansiyasına gətirilib yük, mal-qara daşımaq üçün nəzərdə tutulan vaqonlara doldurulur, əksər hissəsi Qazaxıstan çöllərinə, az bir hissəsi isə Azərbaycanın rayon və bölgələrinə köçürülürdü. Evlərimiz isə Suriyadan gəlmiş ermənilərə verilirdi.

Nəhayət, günlərlə stansiyalarda dayandığımızdan bir günlük yolu təxminən bir aya gəlib mənzilbaşına yetişdik. Bu müddətdə hansı ağrı-acıları yaşadığımızı, hansı zülmü çəkdiyimizi bir o Allah bilir: Vaqonların üstü dəmir təbəqə ilə örtüldüyündən içəri təndir kimi isti idi. Bu şəraitdə yolda nə qədər xəstə, yaşlı, uşaq dünyasını dəyişdi… Heç yadımdan çıxmaz: Bir gün qonşu vaqonda belə əzab dolu yolçuluğa tab gətirə bilməyən qoca bir kişi həyatla vidalaşdı. Mərhumun qızı tükürpədici səslə zülüm-zülüm ağlayır, əlini göyə qaldırıb səbəbkarları qarğıyırdı. Az keçmədən 4 əsgərlə vaqona yaxınlaşan nəzarətçi meyiti aparmağı onlara əmr etdi. Əsgərlər qocanın cəsədini yaxınlıqdakı at arabasına qoyub basdırmaq üçün naməlum istiqamətə apardılar. Bəli, ixtiyar bir kişinin sonu, bax, belə kəfənsiz-dəfnsiz tamamlandı. O günlərdə yolboyu baş verən bu çür ürək parçalayan hadisələri necə unutmaq olar?!

Professor daha sonra deyir: “Ermənistandan köçürüləndən sonra Şəmkirdə, o vaxtkı Leninkənddə 8 nəfərlə bir otaqda məskunlaşdıq. İsti od-ocaqdan didərgin düşüb bu mühitə uyğunlaşana, dolanışıq düzəldənə qədər min bir əzab-əziyyət çəkdik.

Didərgin düşməyimiz azmış kimi, burada da erməni təqibi ilə üzləşdik. Kəndin bütün vəzifəli şəxsləri ermənilər idi. Cana yığılan camaat Mircəfər Bağırova teleqram göndərdi: “Burada bir qrup erməni bizi təqib edir. Əleyhimizə yuxarılara şikayət məktubları yazdırırlar. Bizim yenidən geri qayıtmağımıza çalışırlar. Şamxor Rayon İcariyyə Komitəsinin sədri Xocayan azərbaynlı əhalini yenidən didərgin salmaqla hədələyir…”. Lakin bu teleqramın da heç bir faydası olmur…

...Yayın qızmarında tarlalara su daşıyıb, qızmar günəş altında işləyən kolxozçulara paylayırdım. Payız, qış ­aylarında isə dərsdən sonra Nuru adlı bir dəmirçinin yanında işləyir, peç düzəltməkdə, dəmir təbəqələrdən boru hazırlamaqda ona kömək edirdim… Pambıq yığımından sonra sahələrdə qalan pambıq kolunun kökünü, gövdəsini, çör-çöpünü də yığıb toplayır, qışboyu peçdə, təndirdə yandırmaq üçün at, öküz və ya kəl arabaları ilə evə gətirirdim.

...Hərbi xidmətimi başa vurub geri qayıdandan sonra, 1962-ci ilin aprelindən Şamxorun (indiki Şəmkir) Lenin adına kolxozunda sürücü işlədim. Kolxozun sədri Osepyan qatı millətçi və hiyləgər bir erməni idi. Yerevanla, ermənilərlə sıx əlaqə saxlayırdı. Rayon mərkəzində yaşayan Osepyanın həyəti daim Ermənistan seriyalı minik maşınları ilə dolu olardı...”.

Göründüyü kimi, erməni qəddarlığı professor Vaqif Şadlınskinin də ömrünün neçə ilinin üstündən çalın-çarpaz xətt çəkib. Əzablar, məşəqqətlər onu sındırmayıb, əksinə, daha da möhkəmlədib, gələcək arzuları yolunda daha da əzmkar edib. Uzun illər taleyini bağladığı Azərbaycan Dövlət Tibb Universitetində laborant, müəllim, baş müəllim, kafedra müdiri, prorektor vəzifələrinə qədər yüksəlib. Hansı vəzifədə işləməyindən asılı olmayaraq, həmişə Vətənə və dövlətə sadiq olub. Xarici ölkələrin, eləcə də respublikamızın bir sıra elm və müalicə müəssisələrində ləyaqətlə çalışan yüksək intellektli, savadlı mütəxəssislər yetişdirib.

 

Aylin ƏLİQIZI

 

Xalq qəzeti.- 2019.- 23 yanvar.- S.11.