Mədəniyyət naziri Xızıda

vətəndaşlarla görüşüb 

 

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir.

 

Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir. Qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.

Abşeronlu vətəndaşlar uşaq musiqi və incəsənət məktəblərində axşam şöbələrinin yaradılmasını xahiş etmişlər.

Xızı sakinlərinin rayondakı Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin müasir tələblərə cavab verən yeni binaya köçürülməsi, mərkəzə və ədibin ev-muzeyinə direktor vəzifəsinə təyinat, işlə təmin olunma barədə müraciətləri dinlənilmişdir. Bundan əlavə, qəbulda Cabir Novruz Mədəniyyət Fondu tərəfindən Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi ilə bağlı layihə barədə nazirə müraciət olunmuşdur.

Zəngilan rayonundan olan vətəndaşların müraciəti mədəniyyət müəssisələrində attestasiyanın keçirilməsi və müvəffəqiyyət əldə etmiş kadrların işinin qiymətləndirilməsi barədə olmuşdur.

Qubadlı rayonundan qəbula yazılmış vətəndaşlar məcburi köçkün ailələri üçün yeni tikilən yaşayış massivlərində musiqi məktəbləri, klublar və mədəniyyət evlərinin yerləşdirilməsi və digər məsələlərlə bağlı xahişlərini bildirmişlər.

Niyazi adına Şuşa Şəhər İncəsənət Məktəbinin “Təbəssüm” rəqs qrupunun xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirakına kömək göstərilməsi də xahiş edilmişdir.

Qəbulda müraciətlərin bir qismi həllini tapmış, digər məsələlər araşdırılması üçün nəzarətə götürülmüş və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 26 yanvar.- S.5.