Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik
Xidməti haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 27 mart tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik
Xidməti (bundan sonra – Xidmət) Azərbaycan
Respublikasının ərazisində və Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsində ətraf mühitin və təbii
ehtiyatların (yerin təki istisna olmaqla), o cümlədən
ekoloji baxımdan torpağın münbitliyinin qorunması,
bioloji müxtəlifliyin, flora (o cümlədən meşə
və yaşıllıqlar), fauna (o cümlədən
balıq və digər su bioloji resursları), xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektlərinin
mühafizəsi, atmosfer havasının çirklənməsinin
qarşısının alınması və su
ehtiyatlarından səmərəli istifadə,
tullantıların idarə olunması sahələrində
(bundan sonra – müvafiq sahə) Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının və tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
müddəalarına riayət edilməsinə dövlət nəzarətinin
həyata keçirilməsində iştirak edən, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.
1.2. Xidmət
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin
hüquqi aktlarını rəhbər tutur.
1.3. Xidmət
bu Əsasnamədə nəzərdə tutulan vəzifələri
və hüquqları Azərbaycan Respublikasının
bütün ərazisində bilavasitə həyata
keçirir.
1.4. Xidmət
öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları, beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə, habelə
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.5. Xidmətin
müstəqil balansı, istifadəsində olan dövlət əmlakı,
xəzinə və bank hesabları, üzərində Azərbaycan
Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və
öz adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.6. Xidmətin
saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsinin vəsaiti,
büdcədənkənar vəsait və qanunda nəzərdə
tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin
fəaliyyət istiqamətləri
2.0. Xidmətin
fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər
vermək;
2.0.2. məişət
və istehsalat tullantılarının, atmosfer havasına və
su hövzələrinə atılan tullantıların idarə
edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektlərinin mühafizəsi sahəsində, habelə
ovçuluq təsərrüfatlarının, ov yerlərinin və
ov obyektlərinin mühafizəsində, bütövlükdə
ətraf mühitə zərərli fiziki təsir göstərən
fəaliyyət sahələrində qayda və normalara əməl
olunmasına fasiləsiz nəzarəti həyata keçirmək;
2.0.3. müvafiq sahədə dövlət nəzarətini
həyata keçirmək;
2.0.4. ekoloji təhsil və maarifləndirmə sahəsində
dövlət siyasətinin formalaşdırılmasında
iştirak etmək;
2.0.5. dövlət və yerli özünüidarəetmə
orqanları, hüquqi və fiziki şəxslər tərəfindən
müvafiq sahələr üzrə qanunvericiliyin tələblərinə
riayət olunması üçün tədbirlər görmək.
3. Xidmətin
vəzifələri
3.0. Bu
Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri
aşağıdakılardır:
3.0.1. müvafiq sahəni tənzimləyən normativ
hüquqi aktların layihələrinin hazırlanmasında
iştirak etmək, hazırlanmış layihələrə
dair rəy və təkliflərini Nazirliyə təqdim etmək;
3.0.2.
Nazirliyin razılığı ilə müvafiq sahədə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
həyata keçirilməsini təmin etmək;
3.0.3. aidiyyəti qurumlarla birlikdə təhlükəli
ekoloji vəziyyətlərin yaranması və genişlənməsi
təhlükəsi yaradan halların və hadisələrin
aşkarlanmasında, habelə
proqnozlaşdırılmasında iştirak etmək;
3.0.4.
“Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət nəzarətini
həyata keçirmək;
3.0.5. ətraf mühitə və insan
sağlamlığına mənfi təsir göstərən
vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə
nəzarət etmək;
3.0.6.
dövlət uçotuna alınan və
normalaşdırılan atmosfer havasına atılan zərərli
maddələrin və ona fiziki təsir mənbələrinin
müəssisə, təşkilatlar, şəhər və
digər yaşayış məntəqələri üzrə
siyahısının müəyyən edilməsi
üçün Nazirliyə təkliflər vermək, atmosfer
havasına zərərli təsirlərin dövlət
uçotunun aparılmasında, onların ekoloji təhlükəlilik
dərəcəsinin müəyyənləşdirilməsində
iştirak etmək;
3.0.7. atmosfer havasına atılan zərərli maddələrin
və ona fiziki təsir mənbələrinin
inventarlaşdırılmasının yekun sənədinə
razılıq vermək və bu işlərə metodiki rəhbərliyi
həyata keçirmək;
3.0.8. su obyektlərindən səmərəli və
məqsədyönlü istifadəyə, yerüstü və
yeraltı suların çirklənməkdən qorunmasına
fasiləsiz nəzarəti həyata keçirmək;
3.0.9. su mühafizə zonalarında təbii
ehtiyatlardan istifadə və onların mühafizəsi rejiminə
riayət edilməsinə, fiziki və hüquqi şəxslərin
digər təsərrüfat fəaliyyətinə nəzarəti
həyata keçirmək;
3.0.10.
“İstehsalat və məişət tullantıları
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, tullantılara bağlı fəaliyyətə dövlət
nəzarətini həyata keçirmək;
3.0.11. tullantıların əmələ gəlməsi
anından tam kənarlaşdırılmasınadək dövlət
uçotunun və hesabatının aparılmasında
iştirak etmək, təhlükəli tullantıların idarə
olunmasına dair Nazirliyə təkliflər vermək,
3.0.12. təhlükəli tullantıların
inventarlaşdırılmasına, uçotuna və
pasportlaşdırılmasına nəzarətin həyata
keçirilməsində iştirak etmək, təsnifat sisteminə
yeni təhlükəli tullantı növlərinin daxil edilməsi
barədə təklifləri Nazirliyə təqdim etmək;
3.0.13. tullantıların həcmi (kütləsi),
növü və digər xüsusiyyətləri nəzərə
alınmaqla müəyyən edilən tullantıların
yığılması (toplanması), yerləşdirilməsinə,
istifadəsinə və zərərsizləşdirilməsinə
görə haqqın çirkləndiricilər tərəfindən
ödənilməsini tələb etmək;
3.0.14.
“Torpaqların münbitliyi haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən aidiyyəti qurumlarla
birlikdə torpaqların münbitliyinin bərpasına və
artırılmasına dair kompleks tədbirlərin həyata
keçirilməsində iştirak etmək, torpaqların
münbitlik xassələrini səciyyələndirən
göstəricilərin uçotunu, monitorinqini aparmaq və bu
barədə məlumat bankı yaratmaq;
3.0.15. faydalı qazıntıların hasilatı,
aqrokimyəvi, meşə-meliorasiya, geoloji kəşfiyyat və
torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə həyata
keçirilən digər işlərin
dayandırılmasında iştirak etmək, qadağan edilməsi
təklifi ilə bu işləri həyata keçirən və
ya onların həyata keçirilməsinə razılıq
verən, yaxud belə işlərə nəzarət edən mərkəzi
və yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə
müraciət etmək məqsədilə Nazirliyə təkliflər
vermək;
3.0.16. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyi
təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat
və digər fəaliyyət nəticəsində dəyə
biləcək zərərin qarşısını almaq
üçün tədbirlər görmək;
3.0.17. yaşıllıqların uçotu və
monitorinqi haqqında məlumatları toplamaq və Nazirliyin rəsmi
internet səhifəsində yerləşdirilməsini təşkil
etmək, yaşıllıqların kadastrını aparmaq,
yaşıllıqların müfəssəl
siyahısını tərtib etmək;
3.0.18.
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq ekoloji tələblərin
pozulması ilə əlaqədar müəssisələrdə,
qurğu və obyektlərdə həyata keçirilən
işlərin məhdudlaşdırılması və müvəqqəti
dayandırılması, o cümlədən maliyyələşdirilməsinin
dayandırılması, onların istismara verilməsinin
qadağan edilməsi, təsərrüfat fəaliyyətinin və
başqa fəaliyyətlərin dayandırılması və
ya qadağan edilməsi ilə bağlı tədbirlər
görmək;
3.0.19. təbii ehtiyatlardan istifadə və ətraf
mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət
növlərinin həyata keçirilməsi üçün
verilən lisenziya və icazənin, təbiətdən istifadə
müqavilələrinin (kontraktların) şərtlərinə
əməl edilməsini yoxlamaq, onların
dayandırılması və ya ləğvi barədə qərar
qəbul etmək;
3.0.20. informasiya təminatını təşkil etmək,
təhlükəli və fövqəladə ekoloji vəziyyət
yaranması barədə əhaliyə məlumat vermək və
ekoloji təhlükəsizlik sahəsində vətəndaşların
təlimatlandırılmasını təmin etmək;
3.0.21.
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, ekoloji təhlükəsizlik
sahəsində dövlət nəzarətini həyata
keçirmək;
3.0.22. ətraf mühitin, heyvanlar və bitki aləminin
mühafizəsinə, bərpasına və onlardan istifadəyə
dövlət nəzarətini həyata keçirmək;
3.0.23. meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına, meşələrin bərpasına
dövlət nəzarətini həyata keçirmək;
3.0.24. xüsusi mühafizə olunan təbiət ərazilərinin
və obyektlərinin mühafizəsinə dövlət nəzarətini
həyata keçirmək;
3.0.25. balıq və digər su bioresurslarından
istifadəyə və onların mühafizəsinə dövlət
nəzarətini həyata keçirmək;
3.0.26. ekoloji maarifləndirmə işini təşkil
etmək;
3.0.27. müvafiq sahə üzrə dövlət və
yerli özünüidarəetmə orqanlarının,
qeyri-hökumət təşkilatlarının fəaliyyətinin
əlaqələndirilməsində iştirak etmək;
3.0.28. fəaliyyətinin təşkili ilə
bağlı ayrılan dövlət büdcəsi vəsaitindən,
kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin etmək;
3.0.29. dövlət sirrinin və məxfilik rejiminin
qorunmasını təmin etmək, habelə fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri
görmək;
3.0.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
açıqlanmalı informasiyanın həmin saytda davamlı
yenilənməklə yerləşdirilməsini təmin etmək;
3.0.31. fəaliyyət istiqamətləri üzrə
kadr hazırlığı və əməkdaşların əlavə
təhsili üçün Nazirliyə təkliflər vermək;
3.0.32. fəaliyyəti
ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;
3.0.33. fəaliyyəti ilə bağlı yaranan arxiv
sənədlərinin komplektləşdirilməsini,
saxlanılmasını və uçotunu təmin etmək, bu
məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun digər tədbirləri
görmək;
3.0.34. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər vəzifələri yerinə
yetirmək.
4. Xidmətin
hüquqları
4.0.
Öz vəzifələrini yerinə yetirmək
üçün Xidmətin aşağıdakı
hüquqları vardır:
4.0.1. Azərbaycan
Respublikasının müvafiq sahə üzrə beynəlxalq
müqavilələrə tərəfdar çıxması
barədə Nazirliyə təkliflər vermək;
4.0.2. müvafiq sahədə normativ hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında Nazirliyə təkliflər vermək;
4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni
öyrənmək, fəaliyyət istiqamətlərinə və
vəzifələrinə uyğun analitik materiallar
hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və
təkliflərini Nazirliyə təqdim etmək;
4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti qurumları ilə əməkdaşlıq etmək,
onların müvafiq sahə ilə bağlı təcrübəsini
öyrənmək;
4.0.5. fəaliyyət istiqamətlərinə
uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq,
reklam-informasiya işlərini həyata keçirmək,
müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə
cəlb etmək;
4.0.6. fəaliyyət istiqamətləri üzrə
aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və
onların nəticələri ilə bağlı görülən
işlərə dair məlumatları təhlil etmək və
informasiya bankı yaratmaq;
4.0.7. vəzifələrinə uyğun olaraq normativləri
və digər göstəriciləri, onların müəyyən
edilməsi üsullarının beynəlxalq standartlar,
elmi-texniki tərəqqi və ekoloji vəziyyətin tələbləri
nəzərə alınmaqla mütəmadi olaraq təkmilləşdirilməsi
üçün Nazirliyə təkliflər vermək;
4.0.8. müvafiq sahə üzrə pozuntuların
aradan qaldırılmasına dair qanunla müəyyən olunan
qaydada fiziki şəxslərə, habelə vəzifəli
şəxslərə və hüquqi şəxslərə
qarşı tələblər irəli sürmək;
4.0.9. fəaliyyət istiqamətlərindən və
vəzifələrindən irəli gələn tədbirlərin
həyata keçirilməsi üçün dövlət və
yerli özünüidarəetmə orqanlarına, təsərrüfat
subyektlərinə, vəzifəli şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan həmin məlumatları (sənədləri)
almaq;
4.0.10. “Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, mülkiyyət
formasından və tabeliyindən asılı olmayaraq, müəssisə,
idarə, təşkilatlara və digər obyektlərə, o
cümlədən hərbi və müdafiə obyektlərinə
maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti
ilə məşğul olan hüquqi və fiziki şəxslərin
obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın
həyata keçirilməsi haqqında qərarın surətini
və yoxlamanın sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması
barədə çıxarışı təqdim etməklə)
daxil olmaq, öz xidməti vəzifələrini yerinə
yetirmək üçün zəruri sənədlərlə,
o cümlədən analizlərin nəticələri ilə
pulsuz tanış olmaq;
4.0.11. aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyin
təmin edilməsinə dair tədbirlərdə
qarşılıqlı fəaliyyət göstərmək;
4.0.12.
ekoloji tələblərin və ətraf mühitin keyfiyyət
normativlərinin pozulması ilə həyata keçirilən
ekoloji cəhətdən təhlükəli yüklərin (məmulatların),
tullantıların və xammal ehtiyatlarının Azərbaycan
Respublikasının ərazisinə gətirilməsinə və
həmçinin onun ərazisindən tranzit yolu ilə
daşınmasına dair qərarın qəbul olunmasında
iştirak etmək;
4.0.13.
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq nəzarət
funksiyalarının icrası zamanı xüsusi geyimlə təmin
olunmaq, xüsusi vasitələr, xidməti silah gəzdirmək
və saxlamaq;
4.0.14.
Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə
Nazirliyə təkliflər vermək;
4.0.15. ətraf mühitin mühafizəsi haqqında
qanunvericiliyin pozulduğu hallar aşkar edildikdə, müvafiq
protokol tərtib etmək və bu pozuntuların aradan
qaldırılması məqsədilə qanunvericilikdə nəzərdə
tutulan digər tədbirlər görmək;
4.0.16. müvafiq sahədə işçi qruplar və
komissiyalar yaratmaq;
4.0.17. müvafiq sahə ilə bağlı konfranslar,
seminarlar və digər tədbirlər keçirmək;
4.0.18. fəaliyyəti ilə bağlı Nazirliyə
hesabatlar vermək;
4.0.19. öz vəzifələrini icra edərkən
digər dövlət orqanları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərmək;
4.0.20. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
5. Xidmətin
fəaliyyətinin təşkili
5.1. Xidmətə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
rəis rəhbərlik edir.
5.2. Xidmətin
rəisi Xidmətə həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsinə və hüquqların həyata
keçirilməsinə görə şəxsən məsuliyyət
daşıyır.
5.3. Xidmət
rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər naziri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən iki müavini
vardır. Xidmət rəisinin müavinləri
Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.4. Xidmətin
rəisi:
5.4.1. Xidmətin
fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir;
5.4.2. Xidmət
rəisinin müavinləri arasında vəzifə
bölgüsü aparır;
5.4.3. Xidmət
rəisinin müavinləri, Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər nazirinin vəzifəyə
təyin etdiyi digər struktur bölmələrinin rəhbərləri
istisna olmaqla, Xidmətin işçilərini vəzifəyə
təyin və vəzifədən azad edir, işçilərlə
əmək müqavilələri bağlayır, onların fəaliyyətinə
rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görür;
5.4.4. işçilərin peşə
hazırlığı və əlavə təhsili
üçün zəruri tədbirlər görür;
5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi
fondu və işçilərin say həddi daxilində Xidmətin
strukturunu, ştat cədvəlini və xərclər
smetasını, habelə struktur bölmələrinin əsasnamələrini
təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;
5.4.6. dövlət və yerli özünüidarəetmə
orqanları ilə, hüquqi və fiziki şəxslərlə
münasibətlərdə Xidməti təmsil edir;
5.4.7. Xidmətin
strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi,
maddi-texniki bazasının möhkəmləndirilməsi barədə
Nazirliyə təkliflər verir;
5.4.8. Xidmətin
vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv
edir;
5.4.9.
Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət
istiqamətlərinə aid məsələlərlə
bağlı məhkəmələrdə Nazirliyi təmsil
edir;
5.4.10.
Xidmətə ayrılmış vəsaitin təyinatı
üzrə xərclənməsini təmin edir və bu barədə
hesabatı Nazirliyə təqdim edir;
5.4.11.
Xidmətin illik və perspektiv iş planlarının tərtib
olunmasını təmin edir;
5.4.12. müvafiq sahənin inkişafına dair təklifləri,
Xidmətin fəaliyyətinə dair illik hesabatları Nazirliyə
təqdim edir;
5.4.13. Xidmətin fəaliyyətinə dair əmr,
sərəncam və göstərişlər verir, habelə
onların icrasına nəzarəti həyata keçirir.
Xalq qəzeti 2020.- 9 aprel.- S.4.