Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti
haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 27 mart tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti
(bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması, meşəsalma və meşələrin
bərpası sahəsində (bundan sonra - müvafiq sahə)
dövlət siyasətinin həyata keçirilməsində
iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik)
strukturuna daxil olan qurumdur.
1.2. Xidmət
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, bu Əsasnaməni və Nazirliyin
hüquqi aktlarını rəhbər tutur.
1.3. Xidmət
bu Əsasnamədə nəzərdə tutulan vəzifələri
və hüquqları Azərbaycan Respublikasının
bütün ərazisində bilavasitə və yerli bölmələri
vasitəsilə həyata keçirir.
1.4. Xidmət
bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları, beynəlxalq və
qeyri-hökumət təşkilatları ilə, habelə
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.5. Xidmətin
müstəqil balansı, istifadəsində olan dövlət əmlakı,
xəzinə və bank hesabları, üzərində Azərbaycan
Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və
öz adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.6. Xidmətin
saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsinin vəsaiti,
büdcədənkənar vəsait və qanunda nəzərdə
tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin
fəaliyyət istiqamətləri
2.0. Xidmətin
fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər
vermək;
2.0.2. meşə fondu torpaqlarından səmərəli
istifadə, meşələrin cins tərkibinin
yaxşılaşdırılması və məhsuldarlığının
yüksəldilməsi, habelə ölkə ərazisinin
meşəlik faizinin artırılması istiqamətində fəaliyyəti
həyata keçirmək;
2.0.3.
meşələrdən, meşə-parklardan və meşədənkənar
ərazilərdən yüksək genetik xüsusiyyətlərə
malik, meşəəmələgətirici, relikt və endemik
ağac və kol cinslərinin seleksiya əsasında
seçilməsi, toxumların tədarükü, uçotu,
analiz olunub yoxlanılması, eləcə də
saxlanılması, nəqli və mübadiləsi sahələrində
fəaliyyəti həyata keçirmək;
2.0.4. dövlət və yerli özünüidarəetmə
orqanları, hüquqi və fiziki şəxslər tərəfindən
müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə
riayət olunması üçün tədbirlər görmək;
2.0.5. aidiyyəti elmi müəssisə və təşkilatları
cəlb etməklə, müvafiq sahə üzrə elmi tədqiqat
fəaliyyətinin həyata keçirilməsini təşkil
etmək;
2.0.6. meşələrin qorunması, meşə
fondundan səmərəli istifadə, meşələrin məhv
olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən,
yanğından, çirklənmədən və digər mənfi
təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti
həyata keçirmək.
3. Xidmətin
vəzifələri
3.0. Bu
Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri
aşağıdakılardır:
3.0.1. müvafiq sahəni tənzimləyən normativ
hüquqi aktların layihələrinin hazırlanmasında
iştirak etmək, hazırlanmış layihələrə
dair rəy və təklifləri Nazirliyə təqdim etmək;
3.0.2. meşələrin mühafizəsi, bərpası,
meşə fondundan səmərəli və məqsədyönlü
istifadənin təmin olunması, meşələrin torpaqqoruyucu,
susaxlayıcı, iqlimtənzimləyici,
sağlamlaşdırıcı və digər faydalı
funksiyalarının artırılması istiqamətində
dövlət proqramlarının və inkişaf
konsepsiyalarının layihələrinin hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
3.0.3.
Nazirliyin razılığı ilə müvafiq sahədə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
həyata keçirilməsini təmin etmək;
3.0.3. müvafiq sahə üzrə dövlət və
yerli özünüidarəetmə orqanlarının,
qeyri-hökumət təşkilatlarının fəaliyyətini
əlaqələndirmək;
3.0.4. meşə təsərrüfatı tədbirlərinin
səmərəliliyinin artırılması, meşələrin
mühafizəsi, suqoruyucu, mühityaradıcı,
sağlamlaşdırıcı və digər faydalı təbii
xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi
sahələrində elmi tədqiqatların və monitorinqlərin
aparılmasını təşkil etmək;
3.0.5. meşə yanğınlarına qarşı əhali
arasında maarifləndirmə işi aparılmasına,
yanğına qarşı mineral zolaqların çəkilməsinə
və digər mühafizə tədbirlərinin yerinə
yetirilməsinə yönəldilmiş fəaliyyəti əlaqələndirmək;
3.0.6. meşələrin mühafizəsi və
qorunması məqsədilə yanğınla mübarizə tədbirlərini
həyata keçirmək, yüksək yanğın təhlükəsi
dövründə əhalinin, nəqliyyat vasitələrinin
meşəyə girməsini, habelə ayrı-ayrı meşə
fondu sahələrində müəyyən iş növlərinin
aparılmasını məhdudlaşdırmaq və ya
qadağan etmək;
3.0.7. qoruq meşələrində, milli parklarda və
xüsusi mühafizə edilən ərazilərdə
yanğın təhlükəsizliyi, meşə
toxumçuluğu, yabanı meyvə və digər meşə
sərvətləri tədarükü ilə əlaqədar
olaraq, fiziki şəxslərin həmin sahələrdə
olmasını və meşə sərvətləri
yığmasını məhdudlaşdırmaq və
qadağan etmək;
3.0.8.
meşə fondunun zərərvericilərdən, xəstəliklərdən
mühafizəsi məqsədilə fasiləsiz monitorinqlər
aparmaq, zərərverici və xəstəlik mənbələrini
aşkara çıxarmaq, cari, ekspedisiya, aviavizual və digər
meşəpatoloji müşahidə tədbirlərini həyata
keçirmək, bu barədə perspektiv plan, yekun material, təlimat
hazırlamaq;
3.0.9. meşə təsərrüfatı
qurumlarının qiymətli ağac cinslərindən ibarət
yüksək məhsuldarlıqlı, mühityaradıcı və
qoruyucu funksiyaları olan yeni meşə sahələri
salmasını təşkil etmək;
3.0.10. meşələrin dövlət uçotunu,
dövlət meşə kadastrını, meşələrin
monitorinqini və meşə quruluşu işlərini aparmaq;
3.0.11. meşələrin bərpası və yenidən
əkilməsi (rekonstruksiyası) işlərinin elm və
texnikanın, qabaqcıl təcrübənin nailiyyətlərindən
istifadə etməklə təşkili sahəsində təklif
və tövsiyələr hazırlamaq;
3.0.12. meşəbərpa, meşə əkini, əkin
materiallarının yetişdirilməsi, onlara qulluq, təbii bərpaya
kömək, az əhəmiyyətli və aşağı
sıxlıqlı (doluluqlu) ağacların rekonstruksiya edilməsi
tədbirlərini təşkil etmək;
3.0.13. hidromeşəmeliorativ tədbirlərin və
torpaqların rekultivasiyasının, habelə çay və
göllərin kənarlarının, dərə-yarğan və
qumluqların, digər əlverişsiz torpaqların meşələşdirilməsi
işlərinin meşə quruluşu layihələrinə və
meşə əkinlərinə olan tələblərə
uyğun aparılmasını təşkil etmək;
3.0.14. meşə əkinlərinin texniki qəbulu,
inventarlaşdırılması, meşə ilə
örtülü sahəyə keçirilməsi və sairlə
bağlı sənədlərin tərtib olunması işlərini
təşkil etmək;
3.0.15.
qeyri-meşə torpaqlarında meşə salmaq, meşə fondunun
məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək,
meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər
yaratmaq;
3.0.16. meşəbərpa işlərinin həcminin,
onların aparılma üsullarının və bərpa
olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi,
həmçinin meşəbərpa tədbirlərinin, meşə
toxumları tədarükü və əkin materialları
yetişdirilməsi işlərinin meşə təsərrüfatı
qurumları tərəfindən yerinə yetirilməsinə nəzarət
etmək;
3.0.17. meşə təsərrüfatı
qurumları tərəfindən meşə toxumluq sahələrinin
seçilməsinə, bərpa olunacaq ağac cinslərinin
toxumlarının hazırlanmasına və tədarükünə,
onların keyfiyyətinin, habelə toxum ehtiyat fondunun
miqdarı, saxlanılması və əkin materialları
yetişdirilməsi işlərinin texniki şərtlərə
uyğun olmasına nəzarət etmək;
3.0.18. meşələrin məhsuldarlığının
artırılması məqsədilə elmi cəhətdən
əsaslandırılmış meşəqırma sistemini tətbiq
etmək, meşələrin bərpasını, onların
cins tərkibinin yaxşılaşdırılmasını,
habelə seleksiya-genetika əsasında daimi meşə
toxumçuluğu bazasının yaradılmasını təmin
etmək;
3.0.19. meşə fondunun vəziyyəti üzərində
fasiləsiz müşahidələr aparılmasında, zərərli
orqanizmlərin mənbələrinin aşkar edilməsində
və həmin yerlərdə fitosanitar tədbirlərin
görülməsi, bu halların yayılmasının
qarşısının alınması, onların aradan
qaldırılması tədbirlərinin həyata keçirilməsində
iştirak etmək;
3.0.20.
aidiyyəti dövlət qurumu ilə birlikdə meşə
fondunda zərərvericilərin və xəstəliklərin
çoxalmasının, eləcə də
yayılmasının icmalına və proqnozuna dair məlumatlara
əsasən meşə zərərverici həşəratlarına
və xəstəliklərə qarşı profilaktik və
fitosanitar tədbirlərin perspektiv planını, həmçinin
meşələrin fitosanitar vəziyyəti barədə yekun
materialları hazırlamaq, fitosanitar tədbirləri həyata
keçirmək məqsədilə müvafiq hesabatlar tərtib
etmək;
3.0.21. səpin üsulu ilə meşə əkinləri
salındıqda səpin qaydasını, ilkin sıxlıq
normasını və digər texnoloji tələbləri, yol
verilən cərgə aralarının enini, əkin (səpin)
yerlərinin arasını və meşəbitmə
zonasını müəyyənləşdirmək;
3.0.22. əkin
materiallarının seleksiya əsasında seçilmiş
yüksək genetik xüsusiyyətli ağac və kol cinslərindən
tədarük edilmiş toxumlar hesabına yetişdirilməsini,
genefondun, endemik və relikt ağac və kol cinslərinin
qorunub mühafizə edilməsini, onların areallarının
genişləndirilməsini, meşəbərpa və meşə
meliorasiya tədbirlərinin həyata keçirilməsini təşkil
etmək;
3.0.23. meşə təsərrüfatının təşkili
planı və texniki layihələr əsasında meşəbitmə
şəraitinə uyğun müasir texnologiyalar tətbiq etməklə,
meşəbərpa və meşəsalma tədbirlərinin həyata
keçirilməsi üçün tədbirlər görmək;
3.0.24. ekoloji və iqtisadi cəhətdən meşə
təsərrüfatında daha səmərəli hesab edilən,
tezböyüyən cinslərdən ibarət plantasiyalar
salınmasını təşkil etmək;
3.0.25. meşə fondu sahələrinin zibillənmə,
çirklənmə, bataqlıqlaşma və su altında
qalma hallarının qarşısının alınması,
yararlı hala gətirilməsi (bərpa edilməsi), məhsuldarlığının
artırılması, onların susaxlayıcı, mühittənzimləyici
və digər faydalı funksiyalarının
artırılması məqsədilə görülən tədbirlərə
nəzarət etmək;
3.0.26. meşə quruluşu layihələri əsasında
oduncaq və aralıq istifadə üçün meşələri
qırmadan sənaye məhsulları istehsal olunması barədə
Nazirliyə təkliflər vermək;
3.0.27. köküstü oduncaq
buraxılışı məqsədilə meşə istifadəçilərinin
hazırladıqları texnoloji xəritəyə
razılıq verilməsi, habelə köküstü oduncaq və
ikinci dərəcəli meşə materiallarının tədarükü,
daşınması üçün meşəqırma bileti
(qırma sahələrinin düzgün seçilməsi,
ayrılması), həmçinin özü
yıxılmış və (və ya) qurumuş ağaclardan
oduncaq hazırlanması, ağac
tör-töküntüsü və ikinci dərəcəli
meşə materiallarının tədarükü,
daşınması üçün order vermək;
3.0.28. meşə istifadəçiləri meşə
qanunvericiliyinin tələblərini pozduqda, istifadə
hüququnun dayandırılması və ya məhdudlaşdırılması,
habelə istifadə hüququnun məhdudlaşdırılmasına
və ya dayandırılmasına səbəb olmuş vəziyyət
və şərtlər aradan qaldırıldıqda, bu
hüququn tam həcmdə bərpa edilməsinə dair qərar
qəbul etmək;
3.0.29. meşə fondu sahələrindən elmi tədqiqat,
mədəni sağlamlaşdırma, turizm və idman məqsədləri,
ovçuluq təsərrüfatının ehtiyacları
üçün istifadəyə dair bağlanan müqavilələrin
qeydiyyatını aparmaq;
3.0.30. meşə fondunda meşələri qanunsuz
qırılmadan qorumaq;
3.0.31. müvafiq sahə üzrə pozuntuların
aradan qaldırılmasına dair fiziki şəxslərə,
eləcə də vəzifəli və hüquqi şəxslərə
qarşı tələblər irəli sürmək;
3.0.32. meşələrin mühafizə və bərpasının
təmin edilməsi, təsərrüfat fəaliyyətinin və
digər fəaliyyətlərin meşə fondunda təbii
ekoloji sistemlərə zərərli təsirinin
qarşısının alınması istiqamətində
problemləri, müvafiq sahə ilə bağlı innovativ
layihələrdən (o cümlədən startaplardan) istifadə
imkanını araşdırmaq və Nazirliyə təkliflər
vermək;
3.0.33. fəaliyyətinin təşkili ilə
bağlı ayrılan dövlət büdcəsi vəsaitindən,
kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin etmək;
3.0.34. müvafiq sahə ilə bağlı sərgilərin,
fotostendlərin, sənədli və qısametrajlı filmlərin
hazırlanmasını, seminar və tədbirlərin keçirilməsini
təşkil etmək;
3.0.35. fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
müvafiq internet saytının yaradılmasını, malik
olduğu və açıqlanmalı informasiyanın həmin
saytda davamlı yenilənməklə yerləşdirilməsini
təmin etmək, habelə məlumatların aidiyyəti
dövlət orqanlarının elektron informasiya sisteminə
inteqrasiyası üçün tədbirlər görmək;
3.0.36. fəaliyyət istiqamətləri üzrə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklərin icrasının təmin
edilməsində iştirak etmək;
3.0.37. dövlət sirrinin və məxfilik rejiminin
qorunmasını təmin etmək, habelə fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri
görmək;
3.0.38. fəaliyyət istiqamətləri üzrə
kadr hazırlığı və əməkdaşların əlavə
təhsili üçün Nazirliyə təkliflər vermək;
3.0.39. fəaliyyəti
ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;
3.0.40. fəaliyyəti ilə bağlı yaranan arxiv
sənədlərinin komplektləşdirilməsini,
saxlanılmasını və uçotunu təmin etmək, bu
məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun digər tədbirləri
görmək;
3.0.41. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər vəzifələri yerinə
yetirmək.
4. Xidmətin
hüquqları
4.0.
Öz vəzifələrini yerinə yetirmək
üçün Xidmətin aşağıdakı
hüquqları vardır:
4.0.1. müvafiq sahə üzrə Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə Nazirliyə təkliflər
vermək;
4.0.2. müvafiq sahədə normativ hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında Nazirliyə təkliflər vermək;
4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni
öyrənmək, fəaliyyət istiqamətlərinə və
vəzifələrinə uyğun analitik materiallar
hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və
təkliflərini Nazirliyə təqdim etmək;
4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti qurumları ilə əməkdaşlıq etmək,
onların müvafiq sahə ilə bağlı təcrübəsini
öyrənmək;
4.0.5. fəaliyyət istiqamətlərinə
uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq,
reklam-informasiya işlərini həyata keçirmək,
müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə
cəlb etmək;
4.0.6. fəaliyyət istiqamətləri üzrə
aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və
onların nəticələri ilə bağlı görülən
işlərə dair məlumatları təhlil etmək və
informasiya bankı yaratmaq;
4.0.7. iqtisadi və ekoloji əhəmiyyətinə,
yerləşməsinə və yerinə yetirdiyi funksiyalara
uyğun ölkənin meşə fondu sahələrinin
qoruyucu kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə
keçirilməsi barədə Nazirliyə təkliflər
vermək;
4.0.8. fəaliyyət istiqamətlərindən və
vəzifələrindən irəli gələn tədbirlərin
həyata keçirilməsi üçün dövlət və
yerli özünüidarəetmə orqanlarına, təsərrüfat
subyektlərinə, vəzifəli şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan həmin məlumatları (sənədləri)
almaq;
4.0.9. meşə fondundan istifadə, onun mühafizəsi,
qorunması və meşələrin bərpası sahəsində
dövlət idarəetməsinin təşkilinə dair
Nazirliyə təkliflər vermək;
4.0.10. funksiyalarının icrası zamanı
xüsusi geyimlə təmin olunmaq;
4.0.11. öz vəzifələrini icra edərkən
digər dövlət orqanları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərmək;
4.0.12.
Xidmətin, habelə onun yerli bölmələrinin fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə Nazirliyə
təkliflər vermək;
4.0.13. müvafiq sahədə işçi qruplar və
komissiyalar yaratmaq;
4.0.14. müvafiq sahə ilə bağlı konfranslar,
seminarlar və digər tədbirlər keçirmək;
4.0.15. fəaliyyəti ilə bağlı Nazirliyə
hesabatlar vermək;
4.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
5. Xidmətin
fəaliyyətinin təşkili
5.1. Xidmətə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
Xidmətin rəisi rəhbərlik edir.
5.2. Xidmətin
rəisi Xidmətə həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsinə və hüquqların həyata
keçirilməsinə görə şəxsən məsuliyyət
daşıyır.
5.3. Xidmət
rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər naziri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən iki müavini
vardır. Xidmət rəisinin müavinləri
Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.4. Xidmətin
rəisi:
5.4.1. Xidmətin
fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir;
5.4.2. Xidmət
rəisinin müavinləri arasında vəzifə
bölgüsü aparır;
5.4.3. Xidmət
rəisinin müavinləri, yerli bölmələrin rəhbərləri
və Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər nazirinin vəzifəyə təyin etdiyi
digər struktur bölmələrinin rəhbərləri
istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə
təyin və vəzifədən azad edir, işçilərlə
əmək müqavilələri bağlayır, onların fəaliyyətinə
rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görür;
5.4.4. işçilərin peşə
hazırlığı və əlavə təhsili
üçün zəruri tədbirlər görür;
5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi
fondu və işçilərin say həddi daxilində Xidmətin
strukturunu, ştat cədvəlini və xərclər
smetasını, habelə struktur bölmələrinin və
tabeliyindəki qurumların əsasnamələrini və ya
nizamnamələrini təsdiq olunmaq üçün Nazirliyə
təqdim edir;
5.4.6. Xidmətin
fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər
verir, habelə onların icrasına nəzarəti həyata
keçirir;
5.4.7. dövlət və yerli özünüidarəetmə
orqanları ilə, hüquqi və fiziki şəxslərlə
münasibətlərdə Xidməti təmsil edir;
5.4.8. Xidmətin
strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi,
maddi-texniki bazasının möhkəmləndirilməsi barədə
Nazirliyə təkliflər verir;
5.4.9. Xidmətin
vəzifəli şəxslərinin qanunazidd aktlarını ləğv
edir;
5.4.10.
Xidmətə ayrılmış vəsaitin təyinatı
üzrə xərclənməsini təmin edir və bu barədə
hesabatı Nazirliyə təqdim edir;
5.4.11.
Xidmətin illik və perspektiv iş planlarının tərtib
olunmasını təmin edir;
5.4.12.
Nazirliyin verdiyi səlahiyyətlər daxilində Xidmətin fəaliyyət
istiqamətlərinə aid məsələlərlə
bağlı məhkəmələrdə Nazirliyi təmsil
edir;
5.4.13. müvafiq sahənin inkişafına dair
təklifləri, Xidmətin fəaliyyətinə dair illik
hesabatları Nazirliyə təqdim edir;
Xalq qəzeti 2020.- 9 aprel.- S.4.