Azərbaycan Respublikasının geoloji parkları
haqqında ümumi əsasnamə
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 15 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu
Əsasnamə “Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” Azərbaycan Respublikası
Qanununun 40-1-ci maddəsinin 4-cü hissəsinə əsasən
hazırlanmışdır və dövlət tərəfindən
geoloji parkların yaradılması, idarə edilməsi və
onlarda fəaliyyətin həyata keçirilməsi ilə
bağlı məsələləri tənzimləyir.
1.2.
Geoloji park xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər
əhəmiyyət daşıyan təbiət obyektlərinin
yerləşdiyi təbiəti mühafizə, maarifçilik,
elmi, mədəni, turizm və digər məqsədlər
üçün istifadə olunan təbiəti mühafizə
və elmi müəssisə, yaxud təşkilat statuslu ərazidir.
1.3.
Geoloji parkın ərazisi respublika əhəmiyyətli
xüsusi mühafizə olunan təbiət ərazilərinə
aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi
onların daimi istifadəsinə verilir.
1.4. Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
ərazisində beynəlxalq əhəmiyyətli geoloji parklar
müəyyən edə bilər.
1.5.
Geoloji parkların hüdudlarında yerləşən torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin və
icarəçilərinin torpaq sahələrindən Azərbaycan
Respublikasının Torpaq Məcəlləsi, “Xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında” Azərbaycan Respublikasının Qanunu və bu
Əsasnamə ilə müəyyənləşdirilmiş
hüquqi rejimə riayət etməklə istifadə olunur.
1.6.
“Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının Qanunu
və bu Əsasnamə ilə müəyyənləşdirilmiş
tələblərə əməl etməklə, təbiəti
mühafizə, geoloji və coğrafi təbiət obyektlərini,
nadir və etalon təbiət ərazilərini, geoloji irsi
qoruyub saxlamaq şərtilə, geoloji parklardan elmi tədqiqat,
mədəni-maarif və tədris tədbirləri, geoloji
monitorinq, sağlamlaşdırma, təlim-tərbiyə,
turizm və rekreasiya məqsədləri üçün
istifadə edilə bilər.
1.7.
Geoloji parklarda onların məqsədli təyinatına, təbiət
komplekslərinin və obyektlərin mühafizəsi, bərpası
və istifadəsi üzrə müəyyən edilmiş tələblərə
zidd olmayan şərtlərlə başqa fəaliyyət
növləri həyata keçirilə bilər.
1.8.
Geoloji parkın idarə edilməsi və mühafizəsi
üçün “Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən yaradılan idarənin
xüsusi fondunun və vəsaitinin
formalaşdırılması və onlardan istifadə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada həyata keçirilir.
1.9.
Geoloji parkların təbiət qoruğu fondunun vəziyyətinin
qiymətləndirilməsi və
proqnozlaşdırılması, onların ərazilərinin
perspektiv inkişaf şəbəkəsinin müəyyən
edilməsi, mühafizə rejiminə riayət olunmasına
dövlət nəzarətinin gücləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (bundan sonra – Nazirlik) xüsusi mühafizə olunan təbiət
ərazilərinin və obyektlərinin dövlət
kadastrını aparır.
1.10.
Geoloji parkın müstəqil balansı, istifadəsində
olan dövlət əmlakı, üzərində Azərbaycan
Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və
geoloji parkın adı həkk olunmuş möhürü,
blankları, ştampları, xəzinə və bank
hesabları, bayrağı və emblemi vardır.
1.11.
Geoloji parkların saxlanma xərcləri və fəaliyyəti
Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti,
büdcədənkənar vəsait, ətraf mühitin
mühafizəsi fondlarının vəsaiti, habelə qanunla
qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Geoloji
parkların yaradılması
2.1. Geoloji
parklar xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət
daşıyan təbiət obyektlərinin yerləşdiyi və
təbiəti mühafizə, maarifçilik, elmi, mədəni,
turizm və digər məqsədlər üçün
istifadə olunan ərazilərdə yaradılır.
2.2.
Geoloji parklar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatına
əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən
yaradılır.
2.3.
Geoloji parkların torpaq və su (akvatoriya) sahələrini kənar
antropogen təsirlərdən qorumaq məqsədilə onların
sanitariya-mühafizə zonaları müəyyən edilir. Geoloji parkların sanitariya-mühafizə
zonalarının müəyyən edilməsi və həmin
zonaların mühafizə rejimi “Xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan
Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.
2.4.
Geoloji parkların hər biri üçün Nazirlik pasport
hazırlayır. Pasportda geoloji parkın adı, yerləşdiyi
yer, yaradılma tarixi, əhəmiyyəti, torpaqdan daimi istifadə
hüququna dair hüquqların dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarışın seriyası və nömrəsi,
mühafizə olunan ərazinin xüsusiyyətləri, onun
ümumi görünüşünün sxemi, ərazisində
müəyyən edilən fəaliyyət zonaları,
xüsusi qorunan geoloji abidələr, fəaliyyət prosesində
aparılan dəyişikliklər barədə qeydlər
öz əksini tapmalıdır. Pasport Nazirlikdə
dövlət qeydiyyatına alınmaqla geoloji parklarda
saxlanılır.
3. Geoloji
parkların vəzifələr
3.1.
Geoloji parkların vəzifələri
aşağıdakılardır:
3.1.1. geoloji və coğrafi təbiət obyektlərini,
nadir və etalon təbiət ərazilərini, geoloji irsi
qoruyub saxlamaq;
3.1.2. turizm və rekreasiya üçün şərait
yaratmaq;
3.1.3. elmi tədqiqatlar, mədəni-maarif və tədris
tədbirləri keçirmək;
3.1.4. təbiəti mühafizənin və ekoloji
maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq
etmək;
3.1.5. əhalini maarifləndirmək;
3.1.6. geoloji monitorinqi həyata keçirmək.
4. Geoloji
parkların xüsusi mühafizə rejiminin xüsusiyyətləri
4.1.
Geoloji parkların ərazisi və obyektləri hər hansı
fiziki və ya hüquqi şəxsin hüquq və mənafelərinə
xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur
və özgəninkiləşdirilə bilməz.
4.2.
Geoloji parkların fiziki və hüquqi şəxslərin idarəçiliyinə,
istifadəsinə və icarəsinə verilməsi
qadağandır.
4.3.
Geoloji parkların ərazilərində, onların təbii
geoloji və coğrafi xüsusiyyətləri nəzərə
alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri
tətbiq olunur və aşağıdakı fəaliyyət
zonaları müəyyən edilir:
4.3.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq
edilən zonalar;
4.3.2. geoturizm və rekreasiya zonaları;
4.3.3. geomuzeylər və tədris-məşğələ
obyektləri zonaları;
4.3.4. geoloji parkın fəaliyyətini təmin etmək
üçün təsərrüfat-istehsalat zonaları.
4.4.
Geoloji parkların sanitariya-mühafizə zonalarında geoturizm
və rekreasiya məqsədləri üçün təbiətdən
istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və
digər su bioresurslarının idman və həvəskar ovu və
sair) yol verilir.
4.5.
Geoloji parklarda elmi tədqiqatlar, mədəni-maarif və tədris
tədbirləri keçirilə bilər.
4.6.
Geoloji parkların sanitariya-mühafizə zonalarında
aşağıdakılar qadağan edilir:
4.6.1. təbiət komplekslərinə, genetik fonda,
bioloji müxtəlifliyə və tarix-mədəniyyət
obyektlərinin varlığına təhlükə yaradan fəaliyyət;
4.6.2.
geoloji-kəşfiyyat və dağ-mədən işlərinin
aparılması;
4.6.3. hidroloji və hidrogeoloji rejimin dəyişməsinə
səbəb olan işlərin aparılması;
4.6.4. kimya sənayesi, metallurgiya, nüvə
energetikası və xüsusi ekoloji təhlükə yaradan
digər müəssisələrin fəaliyyəti;
4.6.5. geoloji parkların fəaliyyəti ilə
bağlı olmayan magistral yolların, boru kəmərlərinin,
elektrik xətlərinin və digər kommunikasiyaların
çəkilməsi, obyektlərin tikintisi;
4.6.6. müəyyən edilmiş yerlərdən kənarda
tonqal yandırılması, turizm və rekreasiya zonaları
istisna olmaqla, dayanacaqların təşkili və
çadır qurulması;
4.6.7. bu məqsədlər üçün müəyyən
edilmiş yerlərdən, ümumi istifadə olunan quru və
su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin
hərəkəti və dayanacağı, ev
heyvanlarının köçürülməsi;
4.6.8. yerli fauna və flora növlərinə
uyğun olmayan növlərin introduksiyası;
4.6.9. meşələrin əsas istifadə
üçün qırılması.
4.7.
“Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən, geoloji parklarda ərazilərin ekoloji,
elmi, estetik, mədəni və rekreasiya dəyərini
aşağı sala bilən digər fəaliyyət növləri
də məhdudlaşdırıla və yaxud qadağan edilə
bilər.
4.8.
Geoloji parkların mühafizə rejimini həyata keçirən
işçilərə xidməti vəzifələrini yerinə
yetirərkən xüsusi forma geyinməklə, “Xidməti və
mülki silah haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək
hüququ verilir.
4.9.
Geoloji parkın mühafizə xidmətinin
aşağıdakı hüquqları vardır:
4.9.1.
geoloji parkın ərazisində və onun mühafizə
zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini
yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq nəqliyyat vasitələrinə
və gəmilərə baxış keçirmək,
sübut əhəmiyyəti olan əşyaları və sənədləri
götürmək, inzibati xətanın törədilməsində
alət və ya inzibati xətanın bilavasitə obyekti olan
predmetin aşkar edilməsi məqsədilə şəxsi
axtarış həyata keçirmək və əşyaları
(o cümlədən ov və balıq ovu alətlərini, əldə
olunmuş ov məhsullarını) yoxlamaq;
4.9.2. fiziki və hüquqi şəxslərin geoloji
parkın ərazisində və onun mühafizə zonasında
“Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının
Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini
dayandırmaq;
4.9.3. geoloji parkın ərazisində və onun
mühafizə zonasında mühafizə və istifadə sahəsində
pozuntu hallarını aradan qaldırmaq məqsədilə
icrası məcburi olan göstərişlər vermək;
4.9.4. geoloji parkın ərazisində xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta
törətmiş şəxsləri qanunvericiliklə müəyyən
edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə
orqanlarına təhvil vermək.
4.10.
Geoloji parkların işçiləri parklarda müəyyən
olunmuş mühafizə rejiminin pozulması hallarının
qarşısının alınmasında mühafizə xidmətinin
əməkdaşlarına kömək göstərməlidirlər.
4.11.
Fiziki və hüquqi şəxslər, vətəndaş cəmiyyəti
institutları geoloji parkların mühafizəsinə dair təkliflər
verə bilərlər və geoloji park həmin təklifləri
nəzərə almalıdır.
4.12.
Üzərində geoloji park yerləşən torpaq sahələrindən
onlar mülkiyyətçilərdən, istifadəçilərdən
və icarəçilərdən geri alınmadan, həmin
şəxslərin razılığı və ya məhkəmənin
qərarı ilə servitut hüququ (özgənin torpaq sahəsindən
məhdud istifadə hüququ) əsasında istifadə olunur.
4.13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq
etdiyi xüsusi mühafizə olunan təbiət ərazilərinin
sxemləri əsasında geoloji parkların yaradılması və
genişləndirilməsi üçün torpaq sahələri
müvafiq ehtiyat torpaq fondunda saxlanılır və həmin ərazilərdə
torpaqlardan istifadəyə məhdudiyyətlər qoyulur.
4.14.
Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində
geoloji parka vurulmuş zərər Azərbaycan
Respublikasının Mülki Məcəlləsində,
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda və təbiətin mühafizəsi
ilə bağlı digər normativ hüquqi aktlarda nəzərdə
tutulmuş qaydada ödənilir.
5. Geoloji
parkların elmi tədqiqat fəaliyyəti
5.1.
Geoloji parkların elmi tədqiqat fəaliyyəti rekreasiya məqsədilə
istifadə olunan şəraitdə ekoloji vəziyyətin
proqnozlaşdırılmasına və qiymətləndirilməsinə,
səciyyəvi və nadir təbiət komplekslərinin (o
cümlədən bioloji müxtəlifliyin) elmi cəhətdən
əsaslandırılmış üsullarla qorunmasına
yönəldilir.
5.2.
Geoloji parklarda elmi tədqiqatlar aparılmasına elmi müəssisə
və təşkilatların, habelə ayrı-ayrı mütəxəssislərin
cəlb edilməsinə yol verilir.
5.3. Hər
bir geoloji parkda elmi tədqiqat, mədəni-maarif, tədris tədbirlərinin
həyata keçirilməsi və ekoloji maarifləndirmə
işinin təşkili məqsədilə Şura
yaradılır. Şuranın fəaliyyətinə
geoloji parkın direktoru rəhbərlik edir. Şuranın tərkibini və əsasnaməsini Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
naziri təsdiq edir.
5.4.
Geoloji parkların elmi, paleontoloji fondu yaradılır və
daimi saxlanılır.
5.5.
Geoloji park əməkdaşlarının elmi əsərlər
çap etdirmək hüququ vardır.
5.6.
Geoloji parklarda aparılan elmi tədqiqat işlərində əldə
edilmiş nəticələrdən aşağıdakı məqsədlər
üçün istifadə olunur:
5.6.1. geoloji (o cümlədən hidrogeoloji) təbiət
abidələrinin qorunub saxlanılmasının və onlardan
səmərəli istifadənin elmi əsaslarını
işləyib hazırlamaq;
5.6.2. geoloji parkların ərazisində təbiət
komplekslərinin təbii halda saxlanılmasını təmin
edən tədbirləri, təbiət kompleksləri komponentlərinin
əhəmiyyətlilik dərəcəsinin qiymətləndirilməsi
metodlarını işləyib hazırlamaq;
5.6.3. geoloji parkların tələbatına uyğun
olaraq biotexniki tədbirləri həyata keçirmək, hər
bir geoloji parkın ərazisində mövcud olan meşə
ehtiyatlarının və faunanın uçotunu aparmaq;
5.6.4. təbiətdə baş verən proseslər
barədə sistemləşdirilmiş faktiki materiallar və nəzəri
nəticələr hesabına elmi bilikləri zənginləşdirmək.
5.7. Elmi tədqiqatlar
aparılması metodları geoloji parkların rejiminin tələblərinə
zidd olmamalıdır. Aparılan işlərin
nəticələri hazırlanmış elmi təkliflər
çərçivəsində tətbiq edilir.
5.8.
Geoloji parkların elmi tədqiqat işləri, həyata
keçiriləcək elmi-texniki və digər elmi tədbirlər
hər təqvim ili üçün
Nazirliyin təsdiq etdiyi və maliyyələşdirdiyi plan
üzrə aparılır. Geoloji parklarla əməkdaşlıq
Nazirliyin təsdiq etdiyi müqavilələr əsasında,
müvafiq elmi müəssisə və təşkilatlar, habelə
ali təhsil müəssisələri ilə
birgə həyata keçirilir.
6. Geoloji
parkların təsərrüfat fəaliyyəti
6.1.
Geoloji parkların təsərrüfat fəaliyyəti geoloji
təbiət abidələrinin tələb olunan səviyyədə
mühafizəsindən, onlara xidmət və bərpa tədbirlərinin
keçirilməsindən, təbiətdə idarə olunan
istirahət və turizm tədbirlərinin təşkilindən
ibarətdir.
6.2. Elmi,
mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat
məqsədləri üçün geoloji parkların ərazilərindən
fiziki və hüquqi şəxslərin istifadəsi ödənişli
əsaslarla həyata keçirilir.
6.3.
Geoloji parkların geoturizm və rekreasiya, geomuzeylər və tədris-məşğələ
obyektləri zonalarının ərazisində yerləşən
binalar və qurğular ekoturizmin, o cümlədən təbiətdə
istirahətin təşkili məqsədilə fiziki və
hüquqi şəxslərə icarəyə və ya istifadəyə
verilə bilər.
6.4.
Geoloji parkların geoturizm və rekreasiya, geomuzeylər və
tədris-məşğələ obyektləri
zonalarının ərazisində mehmanxanaların, kempinqlərin,
turbazaların və digər iaşə obyektlərinin
tikintisi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə,
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə, “Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri
haqqında”, “Turizm haqqında” və “Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq geoloji parklarla fiziki və hüquqi
şəxslər arasında bağlanmış müqavilələr
əsasında həmin obyektlərin dövlət ekoloji
ekspertiza rəyi nəzərə alınmaqla həyata
keçirilir.
6.5.
Geoloji parklarda onların məqsədli təyinatına, habelə
təbiət komplekslərinin və obyektlərin mühafizəsi,
bərpası və istifadəsi üzrə “Xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tələblərə zidd olmayan
başqa fəaliyyət növləri geoloji parklarla fiziki və
hüquqi şəxslər arasında bağlanmış
müqavilələr əsasında ödənişli olaraq həyata
keçirilir.
6.6. Tutumu 300 nəfərdən
çox olan turizm və rekreasiya obyektlərinin layihələrinə
dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.
6.7. Bu Əsasnamənin 6.6-cı
bəndində nəzərdə tutulan mövcud obyektlər ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə
uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və
ya həmin obyektlərdə mövcud qurğu və
avadanlığın dəyişdirilməsi üçün
ƏMTQ sənədinin hazırlanması tələb
olunmur, lakin həmin obyektlərə dair Nazirliyin verdiyi sənədlərdə
(atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən
axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin
mühafizəsi sahəsində normativ hüquqi aktların və
texniki normativ hüquqi aktların tələbləri nəzərə
alınmaqla müvafiq dəyişiklik edilir.
6.8. Bu Əsasnamənin 6.6-cı
bəndində nəzərdə tutulan mövcud obyektlərin
fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri
ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə uyğun olmadıqda və ya
ilkin layihədə nəzərdə tutulandan fərqli
texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə,
həmin fəaliyyətə dair yenidən ƏMTQ
aparılmalıdır.
6.9.
Bu Əsasnamənin 6.6-cı bəndində nəzərdə
tutulan obyektlərə dair ƏMTQ həyata keçirilərkən
onların transsərhəd təsiri müəyyən edildikdə,
həmin obyektlərlə bağlı transsərhəd təsirlərin
qiymətləndirilməsi məsələləri Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun həll olunur.
7. Geoloji parkların mühafizəsinə,
qorunmasına və onlardan istifadəyə dövlət nəzarəti
7.1. “Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,
geoloji parkların vəziyyətinə, mühafizəsi,
qorunması və bərpası üzrə tədbirlərin
yerinə yetirilməsinə dövlət nəzarətini
Nazirlik həyata keçirir.
7.2. Geoloji parkların mühafizə rejiminin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Xalq qəzeti 2020.- 16 aprel.- S.2.