Dövlət Ekoloji Ekspertiza
Agentliyinin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli Fərmanı
ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1.
Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik)
“Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik
haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər
fəaliyyətlərin dövlət ekoloji ekspertizasından
keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin
tələblərinə uyğunluğunu müəyyən edən,
habelə bu sahədə (bundan sonra – müvafiq sahə) xidmətlər
göstərən publik hüquqi şəxsdir.
1.2. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində
fəaliyyət göstərir.
1.3.
Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, bu Nizamnaməni, Nazirliyin normativ
hüquqi aktlarını və Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər nazirinin əmr və
sərəncamlarını rəhbər tutur.
1.4.
Agentlik öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları, beynəlxalq
və qeyri-hökumət təşkilatları və digər
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.5.
Agentlik ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur.
Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə
məşğul ola bilər.
1.6.
Agentliyin müstəqil balansı, əmlakı, xəzinə
və bank hesabları, öz adı həkk olunmuş
möhürü, müvafiq ştampları və blankları
vardır.
1.7.
Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və
qeyri-əmlak hüquqları əldə etmək və həyata
keçirmək hüququ, həmçinin vəzifələri
vardır. Agentlik məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edə bilər.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2.
Agentliyin fəaliyyət istiqamətləri
2.1.
Agentliyin fəaliyyətinin məqsədi dövlət ekoloji
ekspertizasını həyata keçirmək, bu istiqamətdə
tənzimləmə sistemini təkmilləşdirmək,
institusional mexanizmləri formalaşdırmaq, müvafiq sahədə
səmərəliliyi artırmaq və fəaliyyət göstərməkdir.
2.2.
Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.2.1. müvafiq sahənin inkişafını təmin
etmək;
2.2.2. müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılmasında iştirak etmək və bu
siyasətin həyata keçirilməsini təmin etmək;
2.2.3. müvafiq sahədə aidiyyəti dövlət
qurumları ilə əməkdaşlıq etmək, təkliflərin
işlənilib hazırlanmasında və həyata
keçirilməsində iştirak etmək;
2.2.4. ekoloji tarazlığının qorunması və
təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji
sistemlərə təsərrüfat və digər fəaliyyətlərin
zərərli təsirinin qarşısının
alınması istiqamətində problemlərin həllinə
yardım göstərmək, müvafiq sahədə innovativ
ideya və layihələri dəstəkləmək.
3.
Agentliyin vəzifələri və hüquqları
3.1. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə qanunvericilik
aktlarının, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək, hazırlanmış layihələrə
dair rəy və təkliflərini Nazirliyə təqdim etmək;
3.1.2. müvafiq sahədə proqnozlar hazırlamaq və
prioritetlər üzrə təkliflər vermək;
3.1.3. qanunla müəyyən olunan hallarda dövlət
ekoloji ekspertizasının obyektləri üzrə dövlət
ekoloji ekspertizasını aparmaq;
3.1.4. şəhərsalma və tikinti qanunvericiliyinə
uyğun olaraq ərazi planlaşdırılması sənədlərinə
rəy vermək;
3.1.5.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq
olaraq nəzərdə tutulan fəaliyyətlə məşğul
olan müəssisələr üzrə onların ətraf
mühitə təsir göstəricilərinə dair ekoloji sənədlər
(atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən
axıntı həddi (BBAH), habelə ekoloji pasport) vermək;
3.1.6.
“Mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə
əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən mülki dövriyyənin
müəyyən iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına icazə əsasında
yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların dövriyyəsinə icazə vermək;
3.1.7. su obyektlərindən xüsusi məqsədlər
üçün istifadəyə icazə vermək;
3.1.8. atmosfer havasına zərərli maddələrin
atılmasına və zərərli fiziki təsirlərə
icazə vermək;
3.1.9. yaşıllığın götürülməsinə
dair rəy vermək;
3.1.10. istehsal üçün yabanı dərman
bitkiləri xammalının tədarükünə lisenziya
verilməsinə dair rəy vermək;
3.1.11.
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən mikroorqanizmlərin yeni
ştamlarının, bioloji aktiv maddələrin yaradılması,
genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsi və
başqa biotexnoloji məhsulların istehsalına dair rəy
vermək;
3.1.12. Azərbaycan
Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən
edilmiş qaydada torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsinə
dair sənədlərə rəy vermək;
3.1.13. ətraf mühitə təsirin qiymətləndirilməsi
üzrə qiymətləndiricilərin və təşkilatların
reyestrinin aparılmasını və ətraf mühitə təsirin
qiymətləndirilməsi üzrə qiymətləndiricilərə
ixtisas attestatının verilməsi üçün Nazirliyə
təkilflər vermək;
3.1.14. dövlət ekoloji ekspertizası fəaliyyətini
təşkil etmək və inkişaf etdirmək məqsədilə
bu istiqamətdə mərkəzlərin və digər təsisatların
(infrastrukturun) yaradılması ilə bağlı Nazirliyə
təkliflər vermək;
3.1.15. müvafiq sahə ilə bağlı innovativ
layihələrin (o cümlədən startapların) istifadə
imkanını araşdırmaq və təkliflər vermək;
3.1.16. beynəlxalq müqavilələrlə tənzimlənən
və Agentliyin fəaliyyət istiqamətlərinə aid olan
məsələlər üzrə Azərbaycan
Respublikasının götürdüyü öhdəliklərin
yerinə yetirilməsini təmin etmək;
3.1.17.
“İstehsalat və məişət tullantıları
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq tullantıların yerləşdirilməsi,
basdırılması və emalı üçün torpaq sahələrinin
ayrılmasına aidiyyəti üzrə razılıq vermək;
3.1.18. irihəcmli və mürəkkəb ekoloji
ekspertiza obyektlərinin dövlət ekoloji
ekspertizasının həyata keçirilməsi
üçün Ekspert Komissiyası yaratmaq;
3.1.19. müvafiq sahədə peşəkar mütəxəssislərin
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək;
3.1.20. dövlət orqanları və
qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, digər hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.21. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.22. Azərbaycan
Respublikasının ərazisində müvafiq sahənin
inkişafı üçün yerli və xarici müəssisələr,
dövlət, qeyri-hökumət təşkilatları və
özəl təşkilatlar ilə əməkdaşlıq
etmək;
3.1.23.
müvafiq sahədə elektron xidmətləri “Dövlət
orqanlarının və Azərbaycan Respublikasının
Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına
uyğun olaraq təşkil etmək;
3.1.24.
Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” və “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən
edilmiş qaydada tədbirlər görmək;
3.1.25. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının
əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər
görmək;
3.1.26.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və daim yenilənməsini təmin
etmək;
3.1.27.
Agentliyə ayrılan kredit, qrant və digər maliyyə vəsaitindən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin etmək;
3.1.28. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.29.
Agentliyin informasiya təminatını təşkil etmək və
onun təhlükəsizliyini təmin etmək;
3.1.30. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.31. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2.
Öz vəzifələrini yerinə yetirmək
üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahə üzrə normativ hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında aidiyyəti üzrə təkliflər vermək;
3.2.2. müvafiq sahə üzrə beynəlxalq
müqavilələrə Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə təkliflər vermək;
3.2.3. təbii ehtiyatlardan (faydalı qazıntılar
istisna olmaqla) istifadə və onların mühafizəsi qaydalarının,
habelə siyahılarının müəyyənləşdirilməsinə
dair təkliflər vermək;
3.2.4. ətraf mühitin mühafizəsi üzrə
texnologiyaların təkmilləşdirilməsinə və tətbiqinə
dair təkliflər hazırlamaq;
3.2.5. qabaqcıl beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, onların müvafiq təcrübəsini öyrənmək;
3.2.6.
Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri
yaratmaq və ya onlarda iştirak etmək;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri
qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə
cəlb etmək;
3.2.8.
Agentliyin məqsədlərinə uyğun olan layihələrin
maliyyələşdirilməsi məsələsini həll etmək;
3.2.9. vəzifələrinin icrası ilə
bağlı əqdlər bağlamaq və bu cür əqdlərin
icrasını təmin etmək;
3.2.10.
Agentliyin vəsaiti hesabına maliyyələşdirilən
layihələrdə vəsaitin təyinatı üzrə
istifadə olunmasına nəzarət etmək məqsədilə
monitorinqlər aparmaq;
3.2.11.
Agentliyin fəaliyyətini təbliğ etmək;
3.2.12. fəaliyyət istiqamətlərinə
uyğun ödənişli xidmətlər göstərmək;
3.2.13. icrası məcburi olan göstərişlər
vermək və bundan irəli gələn tədbirlər
görmək;
3.2.14. daxili və xarici investisiyaların müvafiq sahəyə
cəlb edilməsi və onlardan səmərəli istifadə
olunması ilə bağlı tədbirlər görmək;
3.2.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.16. dövlət orqanlarına və qurumlarına,
yerli özünüidarəetmə orqanlarına, digər
hüquqi və fiziki şəxslərə səlahiyyətlərinə
aid zəruri məlumatlar (sənədlər) barədə
sorğu vermək və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.2.17. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.18. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, seminarlar, müşavirələr
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.19. əməkdaşlarını dövlət təltiflərinə
və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.20. xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
3.2.21. bu Nizamnamə ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4.
Agentliyin idarə olunması
4.1.
Agentlik öz fəaliyyətində və idarəetmədə
mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2.
Agentliyin idarəetmə orqanı İdarə Heyətidir.
4.3.
Agentliyin İdarə Heyəti (bundan sonra – İdarə Heyəti)
Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata
keçirir. İdarə Heyətinin tərkibi
üç nəfərdən – Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
naziri tərəfindən vəzifəyə təyin və vəzifədən
azad edilən İdarə Heyətinin sədrindən və digər
iki müavindən ibarətdir.
4.4.
İdarə Heyətinin sədri müvəqqəti
olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti
üzvləri arasından sədrin müəyyən etdiyi
şəxs icra edir.
4.5.
İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.5.1.
Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.5.2. təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün Nazirliyə təkliflər
vermək və sənədlər (o cümlədən
Agentliyin maliyyə hesabatını və fəaliyyətinə
dair illik hesabatı) təqdim etmək;
4.5.3.
Agentliyin strateji məqsəd və planlarını müəyyən
etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
məqsədilə Nazirliyə təkliflər vermək;
4.5.4.
Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini
Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.5.5.
Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.5.6.
Agentliyin fəaliyyətini təşkil etmək;
4.5.7.
Agentliyin strukturu, əməkhaqqı fondu və işçilərinin
say həddinin təsdiq edilməsi üçün Nazirliyə
təkliflər vermək, Agentliyin əldə etdiyi vəsait
(dövlət büdcəsindən və dövlətə məxsus
digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına
işçilərə əlavə ödənilən həvəsləndirmə
sistemini müəyyənləşdirmək;
4.5.8.
Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat
cəmiyyətlərinin yaradılması və ya onlarda
iştirakı, həmçinin Agentliyin idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə
qərar qəbul etmək;
4.5.9.
Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması
qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin
nizamnamələrini təsdiq etmək;
4.5.10.
Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.11. bu Nizamnamə ilə müəyyən edilən
vəzifələrin icrası üzrə
görülmüş işlərə dair Nazirliyin müəyyən
etdiyi müddətlərdə və qaydada Nazirliyə
hesabatlar təqdim etmək;
4.5.12.
Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin
5 faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul etmək;
4.5.13. aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.5.14. təbiətdən istifadəyə görə
ödəmə sisteminə dair Nazirliyə təkliflər
vermək;
4.5.15.
Agentlikdə daxili audit bölməsi yaradıldığı
halda həmin bölmənin fəaliyyətinə nəzarət
etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə
onun üzvlərini vəzifəyə təyin və vəzifədən
azad etmək;
4.5.16.
Nazirliyin təyin etdiyi kənar auditorun audit hesabatını qəbul
etmək;
4.5.17. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə dair tədbirlər
görmək;
4.5.18. bu Nizamnamənin 3.1.27-ci yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.5.19.
İdarə Heyəti üzvlərinin müraciətlərinə
baxmaq və müvafiq qərar qəbul etmək;
4.5.20. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görmək;
4.5.21.
İdarə Heyəti sədrinin səlahiyyətlərinə
aid edilməyən bütün digər məsələlər
barədə qərar vermək;
4.5.22. Agentliyin Nizamnaməsi ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
4.6.
İdarə Heyətinin iclası ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə
Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasında, hər
üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə
yolu ilə sadə səs çoxluğu ilə qəbul
edilir. Səsvermə zamanı üzvlərin
bitərəf qalmasına icazə verilmir. Səslərin
sayı bərabər olduqda, İdarə Heyəti sədrinin
(və ya onu əvəz edən digər üzvün) səsi
həlledicidir. İdarə Heyəti üzvlərinə
iclasın keçiriləcəyi yer və vaxt, habelə
gündəliyə daxil edilmiş məsələlər barədə
iclasa azı 3 (üç) iş günü qalmış, zəruri
sənədlər əlavə edilməklə yazılı məlumat
verilir. İclasın gündəliyinə
İdarə Heyətinin hər hansı üzvünün
maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb
olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş
məsələlər barədə, bütün
iştirakçı üzvlərin razılıq verdiyi hallar
istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.7.
İdarə Heyətinin sədri:
4.7.1.
Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və
onu təmsil edir;
4.7.2.
İdarə Heyətinin fəaliyyətini təşkil edir,
iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslara sədrlik edir;
4.7.3. öz təşəbbüsü ilə və
ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
4.7.4. öz təşəbbüsü ilə, habelə
İdarə Heyətinin hər hansı bir üzvünün
xahişi əsasında digər şəxsləri İdarə
Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.7.5.
Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan sərəncam və əmrlər
verir;
4.7.6.
Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil edir,
yoxlayır və buna nəzarəti həyata keçirir;
4.7.7.
Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə
zidd olan qərarlarını ləğv edir;
4.7.8.
Nazirliyin müəyyən etdiyi struktur, əməkhaqqı
fondu və işçilərin say həddi daxilində
Agentliyin Aparatının və digər struktur bölmələrinin
ştat cədvəlini, habelə xərclər
smetasını təsdiq edir;
4.7.9.
Agentliyin işçilərinin vəzifə
maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin verilməsini
əməkhaqqı fondu çərçivəsində təşkil
edir;
4.7.10. bu
Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində
isə yalnız rəhbərlərin) vəzifəyə təyin
və vəzifədən azad edilməsinə, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsinə dair qərarlar qəbul edir;
4.7.11.
Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
4.7.12. bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər çərçivəsində
Agentliyin adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.7.13.
Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı
məşvərətçi komitələr və
işçi qruplar yaradır;
4.7.14.
Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.7.15.
Agentlikdə kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.7.16.
Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin edir.
4.8.
İdarə Heyətinin üzvləri:
4.8.1.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.8.2.
İdarə Heyətinin iclasının gündəliyi ilə
və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
4.8.3.
İdarə Heyətinin qəbul ediləcək qərarlarına
dair fikir bildirirlər;
4.8.4.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə
onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.8.5.
İdarə Heyətinin qərarları, iclas protokolları ilə
və digər sənədlərlə tanış
olurlar.
4.9.
İdarə Heyətinin üzvləri onun iclaslarında
baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməli, həmçinin Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5.
Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1.
Agentliyin ilkin nizamnamə fondu 2 000000 (iki milyon) manatdır.
5.2.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin
verdiyi əmlakdan, dövlət ekoloji ekspertizasına görə
ödənilən haqdan, Ətraf Mühitin Mühafizəsi
üzrə Dövlət Fondunun vəsaitindən, Agentliyin fəaliyyətindən
əldə olunmuş gəlirdən, ianələrdən,
qrantlardan, cəlb edilən investisiyalardan və qanunla
qadağan edilməyən digər vəsaitdən
formalaşır.
5.3.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə
müəyyən olunmuş məqsədlərə uyğun
istifadə edir. Agentlik balansında olan dövlət
əmlakına münasibətdə səlahiyyətlərini
müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirir.
5.4.
Qanunda nəzərdə tutulmuş vergiləri və digər
məcburi ödənişləri ödədikdən sonra
Agentliyin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər
qurumların fəaliyyətindən əldə edilmiş vəsait
üzərində Agentliyin müstəqil sərəncam vermək
hüququ vardır.
5.5.
Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin)
qiymətləri tənzimlənən qiymətlərə
(tariflərə) aid deyildir.
6.
Agentliyin fəaliyyətinə nəzarətin forması və
əhatə dairəsi
6.1.
Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin
bu Nizamnamə ilə müəyyən edilmiş qaydada
İdarə Heyəti həyata keçirirlər.
6.2.
Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim
edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər
üçün müəyyən edilmiş qaydada
mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib,
təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları
tərtib və təqdim edir.
7.3. Agentlik idarə, filial, nümayəndəlik
və təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil
surətdə yoxlanılması məqsədilə kənar
auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Xalq qəzeti 2020.- 19 aprel.- S.4.