Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti haqqında
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart
tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti (bundan sonra –
Xidmət) Azərbaycan Respublikasının ərazisində, o
cümlədən Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına mənsub olan bölməsində,
hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya,
aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və
atmosfer proseslərinə fəal təsir işlərinin
aparılması, məlumatların toplanılması, təhlili,
hazırlanması, saxlanılması və ötürülməsi,
metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili,
təbii mühitin, o cümlədən atmosfer
havasının, yeraltı su obyektləri istisna olmaqla, su
obyektlərinin monitorinqi və su kadastrının
aparılması sahələrində (bundan sonra – müvafiq
sahə) dövlət siyasətinin həyata keçirilməsində
iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik)
strukturuna daxil olan qurumdur.
1.2. Xidmət
öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, bu Əsasnaməni, Nazirliyin
hüquqi aktlarını rəhbər tutur.
1.3. Xidmət
bu Əsasnamədə nəzərdə tutulan vəzifələri
və hüquqları Azərbaycan Respublikasının
bütün ərazisində bilavasitə və yerli bölmələri
vasitəsilə həyata keçirir.
1.4. Xidmət
öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları, beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə, habelə
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.5. Xidmətin
müstəqil balansı, istifadəsində olan dövlət əmlakı,
xəzinə və bank hesabları, üzərində Azərbaycan
Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və
öz adı həkk olunmuş möhürü, kargüzarlıq
xidmətinin gerbsiz möhürü, müvafiq ştampları
və blankları vardır.
1.6. Xidmətin
saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsinin vəsaiti,
büdcədənkənar vəsait və qanunda nəzərdə
tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin
fəaliyyət istiqamətləri
2.0. Xidmətin
fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.0.1. müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər
vermək;
2.0.2. Azərbaycan
Respublikasının ərazisində atmosferin yüksək təbəqələri
də daxil olmaqla hidrometeoroloji hadisələrin və proseslərin
öyrənilməsi, təhlil edilməsi,
proqnozlaşdırılması və bu sahədə elmi
araşdırmaların təşkili üzrə fəaliyyəti
həyata keçirmək;
2.0.3. Azərbaycan
Respublikası ərazisinin, o cümlədən Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin hidrometeoroloji rejiminin və iqlim xüsusiyyətlərinin
öyrənilməsinin, atmosfer havasının, yeraltı su
obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqinin və
su kadastrının aparılmasının, habelə
yerüstü suların dövlət uçotunun
aparılmasını təmin etmək;
2.0.4. hidrometeoroloji (meteoroloji, hidroloji, okeanoloji,
aqrometeoroloji, aktinometrik, radiometeoroloji və aeroloji)
müşahidələr aparılması işlərini təşkil
etmək;
2.0.5. dövlət və yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahədə qanunvericiliyin tələblərinə
riayət etmələri üçün tədbirlər
görmək;
2.0.6. aidiyyəti elmi müəssisə və təşkilatları
cəlb etməklə, müvafiq sahədə elmi tədqiqat fəaliyyətinin
həyata keçirilməsini təşkil etmək.
3. Xidmətin
vəzifələri
3.0. Bu
Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri
aşağıdakılardır:
3.0.1. müvafiq sahəni tənzimləyən normativ
hüquqi aktların layihələrinin hazırlanmasında
iştirak etmək, hazırlanmış layihələrə
dair rəy və təklifləri Nazirliyə təqdim etmək;
3.0.2.
Nazirliyin razılığı ilə müvafiq sahədə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
həyata keçirilməsini təmin etmək;
3.0.3. atmosfer havasının, torpağın və su
obyektlərinin (yeraltı su obyektləri istisna olmaqla) vəziyyətinə
antropogen və digər təsirləri qiymətləndirmək
və bu istiqamətdə tövsiyələr hazırlamaq;
3.0.4. təbii fəlakət, texnogen qəzalar və
süni təsirlər nəticəsində yaranan fövqəladə
hallarda hidrometeorologiya, təbii mühitin çirklənməsi
və fon vəziyyətinin monitorinqi üzrə müşahidə,
eləcə də tədqiqatlar aparmaq, məlumatlar
hazırlamaq və müvafiq orqanlara vermək;
3.0.5. təhlükəli
hidrometeoroloji hadisələrin başlanması, güclənməsi
və davamiyyəti barədə müvafiq dövlət
orqanlarını, əhalini, kütləvi informasiya vasitələrini
və iqtisadiyyatın ayrı-ayrı sahələrini operativ
faktiki məlumatlarla, proqnozlarla, təbii mühitin yüksək
çirklənmə səviyyəsi və onun təhlükəlilik
dərəcəsi ilə bağlı xəbərdarlıqlarla,
sifariş və ya sorğu əsasında rejim və faktiki məlumatlarla
təmin etmək;
3.0.6. atmosfer proseslərinə fəal təsir
işlərini və dövlət hidrometeorologiya şəbəkəsinin
mühafizəsini həyata keçirmək;
3.0.7. hidrometeorologiya və təbii mühitin
monitorinqi sahəsində istifadə olunan ölçmə
vasitələrinin yoxlanılmasını və məlumatların
sertifikatlaşdırılmasını təşkil etmək;
3.0.8.
Nazirliklə razılaşdırmaqla, müvafiq sahə üzrə
beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasının mənafeyini müdafiə etmək,
hidrometeorologiya fəaliyyətinin milli və beynəlxalq
hidrometeorologiya sistemləri və şəbəkəsi ilə
əlaqələndirilməsini və
uzlaşdırılmasını təmin etmək;
3.0.9. atmosferdə baş verən hidrometeoroloji hadisələrin,
təbii, texnogen, fiziki, kimyəvi proseslərin vəziyyətinin
və inkişafının müəyyənləşdirilməsi,
bu proseslərin torpağa, suya, canlı orqanizmlərə və
ətraf mühitə təsirinin öyrənilməsi tədbirlərini
həyata keçirmək;
3.0.10. yer səthinin radiasiya balansını öyrənmək,
atmosferin şəffaflıq dərəcəsini təyin etmək,
aeroloji və ozonometrik ölçmələr, hidrometeoroloji
şəraitin kənd təsərrüfatı bitkilərinin
inkişafına təsirini müəyyən etmək
üçün aktinometrik və aqrometeoroloji müşahidələr
aparmaq;
3.0.11. yerüstü suların dövlət
uçotunu aparmaq, atmosferdə, su obyektlərində, habelə
quruda hidrometeoroloji proseslərin müşahidəsinin həyata
keçirilməsi, regional iqlim dəyişmələrinin
ölkə əhalisinə və iqtisadiyyatına təsirinin
araşdırılması, eləcə də adaptasiya tədbirləri
ilə bağlı təkliflər hazırlamaq və Nazirliyə
təqdim etmək;
3.0.12. hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə elmi-texniki bazanın yaradılması,
inkişafı, müşahidə və tədqiqatlar
aparılması, məlumatların toplanılması,
qeydiyyatı, təhlili, saxlanılması və istifadəsi
üzrə milli hidrometeorologiya sisteminin fasiləsiz iş
rejimini təmin etmək;
3.0.13. Xəzər
dənizinin (gölünün), çayların, göllərin,
su anbarlarının, digər su obyektlərinin rejiminin, su
ehtiyatlarının vəziyyətinin öyrənilməsini,
hidrometeorologiya üzrə faktiki məlumatları, proqnoz və
xəbərdarlıqları, gözlənilən təbii təhlükəli
hadisələr və təbii mühitin yüksək
çirklənmə dərəcəsi və təhlükəsi
barədə məlumatları Nazirliklə
razılaşdırılmış plan-sxem üzrə
dövlət idarəetmə orqanlarına və təşkilatlarına,
kütləvi informasiya vasitələrinə, təsərrüfat
subyektlərinə, əhaliyə çatdırmaq;
3.0.14. hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə normativ texniki tələblərə,
norma və qaydalara əməl edilməsinə nəzarəti
həyata keçirmək;
3.0.15. hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə Azərbaycan Respublikası Dövlət Məlumatlar
Fondundan istifadəyə və onun mühafizəsinə nəzarəti
həyata keçirmək;
3.0.16.
Nazirliyin razılığı ilə tabeliyindən,
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə məlumatların
istehsalçılarının, habelə digər hüquqi və
fiziki şəxslərin əldə etdikləri müşahidə
məlumatlarını, o cümlədən təhlükəli
və xüsusi təhlükəli hidrometeoroloji hadisələrin,
təbii mühitin ekstremal çirklənməsi barədə
məlumatları qeydə almaq və təhlil edərək
hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə
Azərbaycan Respublikasının Dövlət Məlumatlar
Fonduna daxil etmək;
3.0.17. Nazirliyin
razılığı ilə hidrometeorologiya və təbii
mühitin monitorinqi sahəsində Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq müqavilələr
üzrə götürdüyü öhdəliklərin yerinə
yetirilməsində, konfranslarda, seminarlarda və beynəlxalq təşkilatların
digər tədbirlərində iştirak etmək;
3.0.18. hidrometeorologiya və təbii mühitin
çirklənməsi üzrə fasiləsiz müşahidələrin,
tədqiqatların və hidrometeoroloji hadisələrin
uçotunu aparmaq;
3.0.19.
Nazirliyin razılığı ilə hidrometeoroloji
müşahidə şəbəkəsini uçota almaq,
onların köçürülməsini, yerlərinin dəyişdirilməsini,
yenilərinin quraşdırılmasını, bərpa edilməsini
və fəaliyyətinin dayandırılmasını təmin
etmək, habelə müşahidə şəbəkələrinin
ətrafında ayrılmış mühafizə
zonalarının qorunmasına nəzarəti həyata
keçirmək;
3.0.20. atmosfer, su, torpaq çirklənməsinin
müşahidəsi, onların vəziyyətinin kompleks qiymətləndirilməsi
və proqnozu barədə yerli icra hakimiyyəti və
özünüidarəetmə orqanlarını, müəssisələri,
təşkilatları və əhalini məlumatlarla təmin
etmək;
3.0.21. hidrometeorologiya fəaliyyəti haqqında
qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişli
və ödənişsiz xidmətlərin göstərilməsini
təmin etmək;
3.0.22. hidrometeoroloji müşahidə məntəqələrinin
işinin təşkili, müşahidə məlumatlarının
operativ toplanılması, yoxlanılması, təhlil edilməsi,
eləcə də hidrometeorologiya fəaliyyəti haqqında
qanunvericiliklə müəyyən olunmuş qaydada yerli,
regional və beynəlxalq təşkilatlara yayılması
üçün tədbirlər görmək;
3.0.23. yer səthində, yerüstü su obyektlərində
və atmosferdə radiasiya fonu üzərində sistematik
müşahidələr aparmaq;
3.0.24. təbii və antropogen təsirlər nəticəsində
ozon təbəqəsində gedən dəyişikliklər,
eləcə də atmosferdə ozonun ümumi miqdarı üzərində
müşahidələr və tədqiqatlar aparmaq;
3.0.25. Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsində hidrometeoroloji və səviyyə
rejimini öyrənmək məqsədilə müşahidələr
təşkil etmək;
3.0.26.
transsərhəd və daxili səth sularının
(çaylar, göllər, su anbarları, habelə Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsi) kəmiyyət və keyfiyyət məlumatlarının
təhlili əsasında su təsərrüfatı
balanslarının və su ehtiyatlarının kompleks istifadəsi
və mühafizəsi sxemlərini tərtib etmək, eləcə
də hövzə idarəetmə planlarını
hazırlamaq və həyata keçirmək;
3.0.27. yerüstü suların dövlət
uçotunu və su obyektlərinin monitorinqi əsasında
aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə
dövlət su kadastrını aparmaq;
3.0.28. hidrometeoroloji hadisələrin (sel,
daşqın, leysan yağışları, quraqlıq, dolu,
qar uçqunu, qasırğa, güclü külək və dənizdə
dalğalanma, səviyyə tərəddüdü, buz
örtüyü və s.) öyrənilməsini təmin etmək
və onların törədə biləcəyi fəsadların
qarşısının alınması üçün təkliflər
hazırlamaq və Nazirliyə təqdim etmək;
3.0.29. atmosferdə, yer səthində və
yerüstü su obyektlərində baş verən proseslərin
uçotunu aparmaq;
3.0.30. hidrometeoroloji şəraitə, iqlimə, təbii
mühitə antropogen fəaliyyətin təsirini təhlil etmək
və onun mənfi nəticələrinin aradan
qaldırılması ilə bağlı təklifləri
Nazirliyə təqdim etmək;
3.0.31. fövqəladə hadisələrə səbəb
olan, yaxud ölkə əhalisi və iqtisadiyyatı
üçün təhlükə törədən və
dağıntılarla nəticələnən təhlükəli
hidrometeoroloji hadisələrin meyarlarını yeniləməklə,
dəyə biləcək ziyanın minimuma endirilməsi məqsədilə
mövcud norma və metodların müntəzəm olaraq təkmilləşdirilməsinə
dair təkliflər hazırlamaq;
3.0.32. hidrometeorologiya sahəsində məlumatların
toplanılması, saxlanılması, istifadəsi,
ötürülməsi, regional və beynəlxalq səviyyədə
məlumatların mübadiləsi üçün
Ümumdünya Meteorologiya Təşkilatının təlimatlarına
uyğun olaraq informasiya və telekommunikasiya sisteminin inkişaf
etdirilməsi barədə təklifləri Nazirliyə təqdim
etmək;
3.0.33. hidrometeorologiya və təbii mühitin
monitorinqi sahəsində mütərəqqi üsulların tətbiqi
məqsədilə beynəlxalq standartlara uyğun olaraq
metodika və təlimatların hazırlanması barədə
təklifləri Nazirliyə təqdim etmək;
3.0.34.
Nazirliyin müvafiq qurumlarında istifadə olunan ölçmə
vasitələrinin metroloji təminatı üçün tədbirlər
görmək;
3.0.35. qlobal və regional iqlim şəbəkəsinə
daxil olan məntəqələrdə və digər məntəqələrdə
müşahidələr, iqlim dəyişmələri ilə
bağlı tədqiqatlar aparmaq və milli hesabatlar
hazırlayaraq Nazirliyə təqdim etmək;
3.0.36. hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə müsabiqələr, seminarlar, treninqlər,
sərgilər təşkil etmək;
3.0.37. hidrometeorologiya və təbii mühitin
monitorinqi üzrə norma və standartların müəyyənləşdirilməsində
iştirak etmək;
3.0.38.
Nazirliyin razılığı ilə beynəlxalq aeronaviqasiya
meteoroloji xidməti göstərmək;
3.0.39. hüquqi və fiziki şəxslərin
sifarişi ilə hidrometeorologiya və təbii mühitin
çirklənməsi ilə bağlı müşahidələr,
tədqiqatlar aparmaq və məlumatlar hazırlamaq;
3.0.40. hidrometeorologiya və təbii mühitin
çirklənməsi üzrə müşahidə nəticələrinin
təhlilinin və araşdırılmasının həyata
keçirilməsində iştirak etmək, hesabatlar
hazırlamaq və arxivləşdirmək;
3.0.41. fəaliyyətinin təşkili ilə
bağlı ayrılan dövlət büdcəsi vəsaitindən,
kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin etmək;
3.0.42. fəaliyyət istiqamətləri üzrə
beynəlxalq, məhəlli, milli və yerli səviyyədə
proqram və layihələrin hazırlanmasında və həyata
keçirilməsində iştirak etmək;
3.0.43. dövlət sirrinin və məxfilik rejiminin
qorunmasını təmin etmək, habelə fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri
görmək;
3.0.44. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
açıqlanmalı informasiyanın həmin saytda davamlı
yenilənməklə yerləşdirilməsini təmin etmək;
3.0.45. fəaliyyət istiqamətləri üzrə
kadr hazırlığı və əməkdaşların əlavə
təhsili üçün Nazirliyə təkliflər vermək;
3.0.46. fəaliyyəti
ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək;
3.0.47. fəaliyyəti ilə bağlı yaranan arxiv
sənədlərinin komplektləşdirilməsini,
saxlanılmasını və uçotunu təmin etmək, bu
məqsədlə “Milli arxiv fondu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun digər tədbirlər
görmək;
3.0.48. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər vəzifələri yerinə
yetirmək.
4. Xidmətin
hüquqları
4.0.
Öz vəzifələrini yerinə yetirmək
üçün Xidmətin aşağıdakı
hüquqları vardır:
4.0.1. müvafiq sahə üzrə Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə Nazirliyə təkliflər
vermək;
4.0.2. müvafiq sahədə normativ hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında Nazirliyə təkliflər vermək;
4.0.3. müvafiq sahə üzrə beynəlxalq təcrübəni
öyrənmək, fəaliyyət istiqamətlərinə və
vəzifələrinə uyğun analitik materiallar
hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və
təkliflərini Nazirliyə təqdim etmək;
4.0.4. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti qurumları ilə əməkdaşlıq etmək,
onların müvafiq sahə ilə bağlı təcrübəsini
öyrənmək;
4.0.5. fəaliyyət istiqamətlərinə
uyğun xüsusi bülletenlər, nəşrlər buraxmaq,
reklam-informasiya işlərini həyata keçirmək,
müstəqil ekspert və mütəxəssisləri fəaliyyətinə
cəlb etmək;
4.0.6. fəaliyyət istiqamətləri üzrə
aparılan yoxlamalar (araşdırmalar, monitorinqlər) və
onların nəticələri ilə bağlı görülən
işlərə dair məlumatları təhlil etmək və
informasiya bankını yaratmaq;
4.0.7. fəaliyyət istiqamətlərindən və
vəzifələrindən irəli gələn tədbirlərin
həyata keçirilməsi üçün dövlət və
yerli özünüidarəetmə orqanlarına, təsərrüfat
subyektlərinə, vəzifəli şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan həmin məlumatları (sənədləri)
almaq;
4.0.8. hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliklə
müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə
bağlanılan müqavilələr əsasında təbii
mühitin fon vəziyyətinin monitorinqi və bu sahədə
laborator analizləri, habelə hidrometeorologiya və təbii
mühitin monitorinqi üzrə məlumatların verilməsini
həyata keçirmək;
4.0.9. müşahidə şəbəkəsini beynəlxalq
tələblərə cavab verən cihaz və avadanlıqla təmin
etmək məqsədilə Nazirliyə təkliflər vermək;
4.0.10. mürəkkəb fiziki-coğrafi və zərərli
şəraitdə (yüksək dağlıq zonada, adada,
açıq dənizdə, laboratoriyalarda) təbii mühitin
monitorinqi və hidrometeoroloji rejim üzrə müşahidələr
və işlər, kimyəvi analizlər aparan işçilərini
ərzaq, xüsusi geyim və digər fərdi mühafizə
vasitələri ilə təmin etmək;
4.0.11. müşahidə şəbəkəsinin
fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə
hidrometeoroloji təlimatlara uyğun olaraq stansiya və məntəqələr
üçün ayrılmış ərazilərdə yol
verilmiş qanun pozuntularının aradan
qaldırılmasına dair tədbirlər görmək;
4.0.12.
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq, hüquqi və fiziki şəxslərdən
hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində
işlərin görülməsinə, həmçinin məlumatların
qeydiyyatına, hazırlanmasına, istifadəsinə,
saxlanılmasına aid sənədləri, habelə cihaz və
avadanlığın meteoroloji təminatı barədə
arayış və onların sertifikatlarını tələb
etmək;
4.0.13.
tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, hidrometeorologiya və təbii
mühitin monitorinqi üzrə məlumatların
istehsalçılarından, habelə digər hüquqi və
fiziki şəxslərdən müşahidə məlumatlarını,
o cümlədən təhlükəli və xüsusi təhlükəli
hidrometeoroloji hadisələr, təbii mühitin ekstremal
çirklənməsi barədə əldə etdikləri məlumatları
tələb etmək;
4.0.14.
Nazirliyin müvafiq qurumlarının ölçmə vasitələrinə
beynəlxalq standartlar və yeni texnologiyalar səviyyəsində
texniki təminatın həyata keçirilməsi məqsədilə
Nazirliyə təkliflər təqdim etmək;
4.0.15. hidrometeorologiya haqqında qanunvericiliyin
pozulduğu hallar aşkar olunduqda, müvafiq protokol tərtib
etmək və bu pozuntuların aradan qaldırılması məqsədilə
qanunvericilikdə nəzərdə tutulan digər tədbirlər
görmək;
4.0.16. hidrometeorologiya fəaliyyəti haqqında
qanunvericiliyin pozulmasının qarşısının
alınması üçün köməkçi vasitə
kimi şəkilçəkmə, səsyazma və videoçəkiliş
aparmaq;
4.0.17. funksiyalarının icrası zamanı
xüsusi geyimlə təmin olunmaq;
4.0.18. müvafiq sahədə işçi qruplar və
komissiyalar yaratmaq;
4.0.19. müvafiq sahə ilə bağlı konfranslar,
seminarlar və digər tədbirlər keçirmək;
4.0.20. fəaliyyəti ilə bağlı Nazirliyə
hesabatlar vermək;
4.0.21. öz vəzifələrini icra edərkən
digər dövlət orqanları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərmək;
4.0.22.
Xidmətin, habelə yerli bölmələrinin fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə təkliflər
vermək;
4.0.23. Azərbaycan Respublikası Prezidentinin aktları ilə
müəyyən edilmiş digər hüquqları həyata
keçirmək.
5. Xidmətin
fəaliyyətinin təşkili
5.1. Xidmətə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər naziri tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
Xidmətin rəisi rəhbərlik edir.
5.2. Xidmətin
rəisi bu Əsasnamə ilə Xidmətə həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsinə və
hüquqların həyata keçirilməsinə görə
şəxsən məsuliyyət daşıyır.
5.3. Xidmət
rəisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər naziri tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən iki müavini
vardır. Xidmət rəisinin müavinləri
Xidmət rəisinin onlara həvalə etdiyi vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.4. Xidmətin
rəisi:
5.4.1. Xidmətin
fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir;
5.4.2. Xidmət
rəisinin müavinləri arasında vəzifə
bölgüsü aparır;
5.4.3. Xidmət
rəisinin müavinləri, yerli bölmələrin rəhbərləri
və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
nazirinin vəzifəyə təyin etdiyi digər struktur
bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin
digər işçilərini vəzifəyə təyin və
vəzifədən azad edir, işçilərlə əmək
müqavilələri bağlayır, onların fəaliyyətinə
rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görür,
5.4.4. işçilərin peşə
hazırlığı və əlavə təhsili
üçün zəruri tədbirlər görür;
5.4.5. müəyyən olunmuş əməyin ödənilməsi
fondu və işçilərin say həddi daxilində Xidmətin
strukturunu, ştat cədvəlini və xərclər
smetasını, habelə struktur bölmələrinin və
tabeliyindəki qurumların əsasnamələrini və ya
nizamnamələrini təsdiq edilməsi üçün Nazirliyə
təqdim edir;
5.4.6. Xidmətə
ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini
təmin edir və bu barədə hesabatı Nazirliyə təqdim
edir;
5.4.7. Xidmətin
fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər
verir, habelə onların icrasına nəzarəti həyata
keçirir;
5.4.8. dövlət və yerli özünüidarəetmə
orqanları ilə, hüquqi və fiziki şəxslərlə
münasibətlərdə Xidməti təmsil edir;
5.4.9. Xidmətin
strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi,
maddi-texniki bazasının möhkəmləndirilməsi barədə
Nazirliyə təkliflər verir;
5.4.10.
Xidmətin vəzifəli şəxslərinin qanunazidd
aktlarını ləğv edir;
5.4.11.
Xidmətin illik və perspektiv iş planlarının tərtib
olunmasını təmin edir;
5.4.12.
Nazirlik tərəfindən verilən səlahiyyətlər
daxilində Xidmətin fəaliyyət istiqamətlərinə
aid məsələlərlə bağlı məhkəmələrdə
Nazirliyi təmsil edir;
5.4.13. müvafiq sahənin inkişafına dair
təklifləri, Xidmətin fəaliyyətinə dair illik
hesabatı Nazirliyə təqdim edir.
Xalq qəzeti 2020.- 8 aprel.- S.6.