Zərifə Əliyeva böyük alim, ictimai xadim,
kübarlıq, səmimiyyət və qayğıkeşlik
nümunəsi idi
Bəşəriyyət özünü
dərk edəndən həyatın və ölümün
mənasını anlamağa
çalışır, xoşbəxtliyin nə olduğunu öyrənməyə can atır. Müdriklərin qənaəti
bundan ibarətdir ki,
insanın xoşbəxtliyi etdiyi
yaxşılıqlar qədərdir, insanın yaşla
ölçülən ömrü quru bir statistikadır,
insanın əsl ömrü
xatırlandığı qədərdir. İnsan
dünyasını dəyişəndə ölmür,
insan unudulanda ölür.
...Unudulmayan insanlar
sağlığında öz əməlləri
ilə ölməzlik qazananlardır. Öz
mənəvi ucalığı ilə cəmiyyətə
nümunə olanlardır!
Özünün işıqlı və humanist
peşəsi, yenilikçi və
faydalı fəaliyyəti ilə minlərlə insana xoşbəxtlik bəxş etmiş, XX əsr Azərbaycan oftolmologiya
məktəbinin yaradıcılarından biri
olan akademik Zərifə
xanım Əliyeva Tanrının sevdiyi və
əbədiyaşarlılıq haqqı verdiyi
seçilmişlərdəndir.
İnsanın həyatda uğur
qazanması üçün onun istedadı, ağlı, biliyi,
işgüzarlığı, məsuliyyəti ilə
yanaşı, genetik mənsubiyyəti – əsil-nəcabəti
də vacib rol
oynayır.
Zərifə xanım Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın əsilzadə mühitində sayılıb-seçilən bir ailədə – Əziz Məmmədkərim oğlunun ailəsində dünyaya göz açmışdır.
Akademik Zərifə
xanım Əliyevanın babası Məmmədkərim Qurbanəli
oğlu İrəvan
yaxınlığında böyük mal- mülk sahibi idi. Ulu
babası İbrahim bəy Süleymanbəyov
İrəvanın məşhur əsilzadələrindən biri olmuşdur. Heyif ki, o gözəl yurdlar 1918-ci ildə erməni-daşnak başkəsənləri
tərəfindən qəsb olundu,
dağıdıldı, o torpaqların özü qədər gözəl olan sakinləri dədə-baba yurdlarından
didərgin düşdülər və bir
daha doğma
ocaqlarına qayıda bilmədilər.
Ata-baba ocağından ayrı düşən Əziz Məmmədkərim
oğlunun ailəsi Naxçıvanın
Şahtaxtı kəndinə pənah aparsa
da, erməni terroru burada da onları təqib edir və ailə Cənubi Azərbaycanın
Ərəblər kəndinə sığınmaq məcburiyyətində
qalır. 1920-ci ildə Naxçıvanda Sovet
hökuməti qurulandan sonra yenidən Şahtaxtıya qayıdan ailədə
1923- cü ilin 28
aprelində dünyaya gələn
qızın adını Zərifə qoyurlar.
Elə həmin ilin yayında Əziz
Əliyevin ailəsi Bakıya köçür
və sonrakı taleyini bu
böyük şəhərlə
bağlayır.
Fövqəladə ağlı,
istedadı, biliyi və
çalışqanlığı sayəsində öz adını Azərbaycanın səhiyyə
və dövlətçilik tarixinə qızıl hərflərlə
həkk etdirən professor Əziz
Əliyevin çevrəsində və ailəsində həmişə
yüksək mədəni, intellektual mənəvi
mühit olmuşdur.
Yəqin ki, professor
Əziz Əliyevin övladlarının gələcəkdə
ölkənin tanınmış elm və
incəsənət xadimləri kimi
yetişməsində bu mənəvi mühitin mühüm rolu olmuşdur. Eyni zamanda, bu
uğurların əsasında soy-kökdən gələn istedadla yanaşı, ailə ənənələrindən
doğan çalışqanlıq, məsuliyyət,
məqsədyönlülük, daxili intizam və mədəniyyət
dayanırdı.
İrəvanın
kübar-ziyalı mühitindən qaynaqlanan
ailə ənənələri görkəmli dövlət xadimi və səhiyyə təşkilatçısı
professor Əziz Əliyevin Bakıda, Cənubi
Azərbaycanda, Dağıstanda, Moskvada
yaşadığı illərdə dostluq
etdiyi Azərbaycanın və o vaxtkı SSRİ-nin
tanınmış ziyalıları, elm və
mədəniyyət xadimlərinin təsiri ilə daha da zənginləşmişdi.
Burada Əziz Əliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli gecədə ümummilli lider Heydər Əliyevin nitqindəki fikirlər necə də yerinə düşür: "Bütün tibb professorları onun dostları idilər. Onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı".
Professor Zərifə
Əliyevanın həkimlik sənətini seçməsi də
ailə ənənəsi ilə əlaqədar olmuşdur. Atası Əziz
Əliyev, böyük qardaşı Tamerlan Əliyev, bacıları Ləzifə
xanım ilə yanaşı, bibisi
Göyçək xanım, əmisi Ziyad
Əliyev, bibisi Şamama
xanım Ələsgərova, bibisi
oğlanları Qurban Əliyev (o, uzun illər
respublikamızın Ali və Orta İxtisas Təhsili naziri olmuşdur), Yusif Əliyev görkəmli həkim, səhiyyə
təşkilatçısı və tibb
alimləri olmuşlar.
Gələcək taleyini
tibb elminə həsr etməyi
qarşısına məqsəd qoyan Zərifə
xanım 1942-ci ildə orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət
Tibb İnstitutunun
müalicə-profilaktika fakültəsinə daxil
olur və 1947-ci ildə institutu
əla qiymətlərlə bitirir. Zərifə xanımım tələbəlik və
gənclik illəri ağır müharibə dövrünə
düşsə də, onun atasının
yüksək dövlət vəzifələrində
çalışması, heç
şübhəsiz ki, bu
ailənin üzvlərinin statusunun
başqalarından yuxarı olması şansını şərtləndirirdi.
Lakin Zərifə xanım heç
nə ilə digər tələbə yoldaşlarından fərqlənmir,
bu üstünlüyü
hiss etdirmir, bəlkə
heç özü də
hiss etmirdi.
Zərifə xanımın tələbə
yoldaşları öz xatirələrində
qeyd edirlər ki, Azərbaycanın
görkəmli elm və dövlət xadiminin ailəsində böyüməsinə
baxmayaraq Zərifə Əliyeva öz sadəliyi ilə bizim
heç birimizdən seçilmirdi,
əksinə, daha çox
çalışqanlığı, mehribanlığı, intizamlılığı
ilə bizə xoş bir nümunə idi.
Səbəb isə çox
sadə idi. Əsilzadə nəcabəti,
ailə tərbiyəsi və şəxsi keyfiyyətlər. Məhz
bu xarakter Zərifə
xanımın bütün həyatı boyu onu müşayiət etdi, onu milyonlarla
insana sevdirdi.
Tibb İnstitutunu bitirəndən sonra mükəmməl bir göz həkimi olmaq arzusu ilə Zərifə xanım Əliyeva Moskva şəhərinə yollanır və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.
Zərifə xanım Əliyevanın ilk əmək fəaliyyətinə
başladığı vaxtlar ölkənin
ağır illəri idi. Böyük Vətən
müharibəsi təzəcə qurtarmışdı,
dağıntıları bərpa etmək lazım idi, işçi qüvvəsi,
o cümlədən həkim
çatışmırdı, sosial- iqtisadi gerilik hökm sürürdü,
tibbi xidmətin keyfiyyətindən isə
danışmağa dəyməzdi.
Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və
ağır nəticəyə, hətta tam
korluğa səbəb olan
traxoma infeksion xəstəliyi
geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları
isə yox idi. Ona görə də bu infeksiya və onun
ağır nəticələri ilə effektiv
mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi
üçün mühüm
əhəmiyyət daşıyırdı.
Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı. Məhz bu sahədə yorulmaz və faydalı fəaliyyətinə görə Azərbaycanda ağır göz xəstəliyi olan, qısa müddətdə bütöv ailələri dünya işığından məhrum edən traxoma ilə mübarizə tarixinə Zərifə xanım Əliyevanın adı qızıl hərflərlə yazılmışdır.
Zərifə xanımın həkimlik
və alimlik fəaliyyətinin böyük bir dövrü, o cümlədən,
doktorluq dissertasiyası sənaye sahələri
sürətlə inkişaf edən Azərbaycanda
gözün yeni bir spesifik xəstəliyinin-peşə
xəstəliyinin müalicə və profilaktikasına həsr
edilmişdir.
Ötən əsrin 60-70-ci illərində
Bakı və Sumqayıt regionun ən böyük sənaye mərkəzlərinə
çevrilmişdi, burada
onlarla neft –
maşınqayırma, kimya zavodları fəaliyyət
göstərirdi. Bu zavodlarda istehsal
edilən, istifadə olunan müxtəlif
kimyəvi maddələrin gözə təsirinin öyrənilməsi,
qarşısının alınması və müalicəsi
sahəsində o vaxtki
SSRİ miqyasında ilk öncüllərdən
biri, bəlkə də birincisi
akademik Zərifə xanım Əliyeva olmuşdur.
Zərifə xanım Əliyeva 1968-ci ildən başlayaraq elmi fəaliyyətinin
əsas hissəsini professional
oftalmologiyanın problemlərinin öyrənilməsinə həsr
etmişdir. Azərbaycanlı alim dünyada ilk dəfə olaraq
peşə patologiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaratmış və praktiki
olaraq elm aləmində
yeni bir istiqamətin -
peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların
gedişində "Göz
yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir
yolunun yaşla əlaqədar
dəyişiklikləri", "Gözün
hidrodinamik sisteminin anatomik fizioloji təbiəti"
və s. kimi onlarla elmi məqalələr
və monoqrafiyalar çap
etdirmişdir.
Uzunmüddətli müşahidələrin
və tədqiqatların nəticələri görkəmli alimin "Azərbaycanın kimya
sənayesinin bəzi müəssisələrinin
işçilərinin görmə üzvünün
vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını
təşkil edib. 1976-cı ildə G.Helmholts adına Moskva
Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın
müdafiəsi zamanı Sovet
İttifaqının aparıcı alimləri Zərifə
xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.
Zərifə xanım Əliyevaya 1977- ci ildə tibb elmləri doktoru elmi dərəcəsi
verilib. Görmə orqanının peşə
patologiyası sahəsində apardığı elmi-tədqiqat
işlərinin uğurlu nəticələrinə
görə akademik Zərifə Əliyeva
keçmiş SSRİ-nin
oftalmologiya sahəsində ən mötəbər
mükafatı olan SSRİ Tibb
Elmləri Akademiyasının M.İ.Averbax
adına mükafatına layiq görülüb. Keçmiş
SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun
adı oftalmologiya elminin
tarixinə düşmüşdür.
Z.Əliyevanı həmişə həkim
etikası və tibbi deontologiya
məsələləri düşündürmüşdür.
O, gənc həkimlərin tərbiyəsinə, onların
peşə fəaliyyəti ilə bağlı problemlərinin
öyrənilməsinə və həllinə böyük
zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri,
çıxışları məhz bu məsələyə
həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin
şəxsiyyət kimi formalaşması
prosesinə dəyərli töhfə vermişdir.
Z.Ə.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin
ixtisasının təkmilləşdirilməsinə gərgin
əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi
altında cavan alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli
yetişmişdir. Zərifə xanım tələbələrinə
zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə
yanaşmışdır. Zərifə xanım heç zaman gərgin
işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq
məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə
göstərdiyi diqqət, fəal həyat mövqeyi
ona həmkarlarının, yetirmələrinin
və xəstələrinin dərin hörmətini
qazandırmışdır.
Zərifə xanım, haqlı olaraq,
belə hesab edirdi ki, həkimin peşə mövqeyi
onun xəstəyə münasibətini
müəyyənləşdirən başlıca amildir: "Yalnız o
şəxs əsl həkimdir ki, xəstənin
ağrılarını məhz özünün
ağrıları hesab edir.
Belə bir həkim üçün hər dəfə xəstəni
qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə
qarşısında, həm də cəmiyyət qarşısında,
ən başlıcası isə öz
vicdanı qarşısında əxlaqi məsuliyyət
deməkdir".
Özünün zəngin tibbi təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin "sözlə" müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir.
Tibb elminin
inkişafına verdiyi böyük
töhfələrə, çoxillik elmi-tədqiqat
işlərinə görə professor
Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər
Akademiyasının akademiki seçilmişdir.
Akademik Zərifə
Əliyeva həm də görkəmli ictimai
xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü
Müdafiə Komitəsi sədrinin müavini,
Ümumittifaq "Bilik"
Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq
Oftalmoloqlar Elmi Cəmiyyəti
Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm
Xadimi" fəxri adına layiq görülmüşdür.
Dünya şöhrətli
oftolmoloq, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Göz Xəstəlikləri
Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik M. Krasnov Zərifə xanım Əliyeva
haqqında xatirəsində yazırdı:
“Zərifə xanım qeyri-adi insan idi, başqa istedadlı şəxsiyyətlər kimi o da hər cəhətdən istedadlı idi. Mənim anlamımda isə hər şeydən öndə həyat istedadı və insaniyyət dayanır. Biz böyük insanı itirdik. Sağlığında da onun yeri görünürdü, ölümündən sonra da! Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım deyərdim: o həm xeyirxah idi, həm ağıllı idi, həm də qüdrətli idi!”
Əbəs yerə demirlər ki,
insanın böyüklüyü onun sadəliyindədir. Bir
təbib, bir müəllim, bir alim, bir
ictimai xadim kimi qazandığı şöhrətinin ən
yüksək zirvədə olduğu vaxtlarda da akademik
Zərifə xanım Əliyeva belə də qaldı:
qayğıkeş, mehriban, gülərüz,
xeyirxah...
Bəlkə də bəşər
tarixində nadir şəxslərə
qismət olmuşdur ki,
dövlət xadiminin övladı, həyat
yoldaşı və anası kimi
şöhrətin ən uca mərtəbəsinə
yüksəlsin, lakin özünün
qazandığı İnsanlıq zirvəsini bütün
şan-şöhrətlərdən uca tuta bilsin. Məhz akademik Zərifə xanım Əliyeva
insanlığın zirvəsində qərar tutmuş
əbədiyyət yolçusudur.
Zərifə xanım Əliyeva həm
də ona görə xoş
taleli və unudulmaz bir şəxsiyyətdir ki,
onun humanist həkimlik
peşəsi, alim, ictimai
xadim kimi fəaliyyəti,
ləyaqətli həyat yoldaşı, ana,
nənə missiyası bu gün
də, sözün əsl mənasında,
yaşayır, ulu öndər Heydər
Əliyevin ocağında Mehriban xanım
Əliyevanın şəxsində daha böyük miqyasda davam edir. Hörmətli
Mehriban xanım Əliyeva da
istedadlı göz həkimi , görkəmli
alim və səhiyyə təşkilatçısı,
ictimai-siyasi xadim kimi şərəfli missiyanı uğurla davam etdirir, öz yorulmaz fəaliyyəti ilə milyonlarla
insana ümid
işığı, firavanlıq, can
sağlığı və gələcəyə inam bəxş edir.
Akademik Zərifə
xanım Əliyeva haqqında çoxlu
şeirlər, məqalələr, kitablar
yazılmış və bundan sonra da yazılacaqdır. Lakin bu böyük
insan haqqında ən xoş,
ən səmimi və ən gözəl sözləri onu hər kəsdən yaxşı tanıyan
və hamıdan çox sevən ömür-gün yoldaşı – ümummilli lider Heydər
Əliyev söyləmişdir:
“...Zərifə xanım kimi
həyat yoldaşım olduğuna və o, ailəmdə çox
yüksək mənəvi mühit
yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün
dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə
fikir verməyə vaxtım olmayıb.
Bunların hamısı Zərifə xanımın üzərinə
düşüb və o
da bu vəzifəni
şərəflə, sədaqətlə, çox
böyük məharətlə yerinə yetirib.
Zərifə xanım çox
böyük alim olub. Mən hələ onunla
ailə quranda o,
artıq elm yolunda idi, elmlə məşğul idi.
Onun elmi fəaliyyəti
məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu
barədə çox danışa bilərəm,
ailəmin yaşaması, bu günlərə
çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu
gün Zərifə xanımın məzarı
qarşısında baş əyirəm.
On il keçsə də,
onu bir dəqiqə
belə unutmuram və unutmayacağam.
Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə
ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür.
...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib.”
Musa URUD,
Milli Məclisin deputatı
Xalq qəzeti 2020.- 28 aprel .- S.3.