Tarixin ən qüdrətli Azərbaycanının
lideri
Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də, öz növbəmdə, sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.
Prezident İlham Əliyevin 2018-ci il aprelin 18-də
andiçmə mərasimindəki nitqindən
Milli iqtisadi inkişaf modeli
2003-cü ildən keçən müddət ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Son 16 il ərzində Azərbaycan
iqtisadiyyatı, ümumi daxili məhsul istehsalı üç
dəfədən çox artmışdır. Azərbaycanın
xarici dövlət borcu çox aşağı səviyyədədir
və ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil
edir. Xüsusilə, Azərbaycan zəngin neft
resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli
şəkildə xərcləməklə, iqtisadiyyatın
bütün sektorlarının dinamik inkişafı
üçün əlverişli baza yaratmağa nail olub və
hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək
strateji bölməyə çevrilib. Azərbaycanın
valyuta ehtiyatları 50 milyard dolları keçib, bununla da
hazırda valyuta ehtiyatlarımız xarici dövlət
borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, biz istənilən vaxtda bütün
borcları rahatlıqla ödəyə bilərik. Ölkə
iqtisadiyyatına son 16 il ərzində 250 milyard dollardan
çox sərmayə qoyulmuşdur. Ölkəmizin qeyri-neft
sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın
şaxələndirilməsi ilə bağlı həyata
keçirilən siyasətin mühüm nəticəsi
hesab etmək olar. Bu, onu göstərir ki, “qara qızıl” və
təbii qaz insan kapitalına çevrilmişdir.
Bununla yanaşı, Dünya
Bankı “Doing Business” hesabatında Azərbaycanı ən
islahatçı 20 ölkədən biri hesab edir və bu ilin
yanvarında Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu
arasında Bakıda “Davos Dördüncü Sənaye
İnqilabı Mərkəzinin yaradılması haqqında
niyyət protokolu” imzalanmışdır. Azərbaycan
çox yüksək yerlərə layiq görülür, o
cümlədən islahatların aparılması istiqamətində
və rəhbərliyə olan inam əmsalına görə
ölkəmiz dünyada birinci onluqda yer tutur. Ölkədə
həyata keçirilən struktur islahatları, siyasi islahatlar,
iqtisadi islahatlar nəticəsində təkcə 2019-cu
ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait
toplanmış və sosial sahəyə yönəldilmişdir.
Nəticədə, bundan 4 milyon 200 mindən çox insan
faydalanmışdır.
Təkcə onu qeyd etmək kifayətdir
ki, həyata keçirilən islahatların nəticəsində
2019-cu ildə minimum əməkhaqqı iki dəfə, minimum
pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin
təqaüdləri 50, köçkünlərə verilən
aylıq müavinət haqqı isə 50 faiz
artırılmışdır.
Qeyd etmək lazımdır ki, aparılan
struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq
imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar
tərəfindən yüksək qiymətləndirilir. Sosial Tədqiqatlar
Mərkəzinin sonuncu sorğusunda da vətəndaşların
94,5 faizi ölkə Prezidentinə olan inam və etimadın
daha da artdığını bildirmişdir. Sorğuda
iştirak edən respondentlərin 87,6 faizinin Azərbaycan
Prezidentinin həyata keçirdiyi islahatları dəstəkləməsi,
onu əhəmiyyətli hesab etməsi dövlət
başçısına göstərilən inamın və
etimadın bariz göstəricisidir.
Prezident İlham Əliyev 2020-ci ilin yanvar
ayında 14-cü dəfə Dünya İqtisadi Forumunda
iştirak edib. Azərbaycan Prezidenti forum çərçivəsində
iyirmidən çox yüksək səviyyəli
görüş keçirib. Bu, eyni zamanda, Azərbaycana olan
maraq və diqqət, eləcə də ölkəmizin beynəlxalq
arenada qazandığı böyük nüfuzun əyani
göstəricisidir.
Forum çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verdi. İlk növbədə, diqqəti cəlb edən məqam ondan ibarət oldu ki, panel iclasında moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?”-- sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin bu cavabı Azərbaycanın
müstəqil, heç kimdən asılı olmayan, milli
maraqların hər zaman uca tutulduğu siyasət
yürütdüyünün bariz nümunəsidir. Dövlət
başçısı bildirdi ki, Azərbaycanın qonşu
ölkələrlə münasibətləri dostluq,
qarşılıqlı faydalı əməkdaşlıq,
mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, Prezident İlham Əliyev vurğuladı
ki, Azərbaycan üçün onun milli maraqları həmişə
birinci yerdədir və buna görə də müstəqillik
illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər
xalqımızın müstəqilliyə sadiq olmasına,
siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata
keçirdiyimizə görə əldə olunub. Bununla
yanaşı, Azərbaycanın əldə etdiyi nailiyyətlər
Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək
qiymətləndirilib.
Azərbaycan Prezidenti qeyd etdi ki, iyirmi birinci əsrdə
iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz.
Bu baxımdan ölkəmizdə həyata keçirilən
struktur və kadr islahatları səmərəli, işlək
idarəçilik mexanizminin daha da inkişaf etdirilməsini və
müasir dövrün tələblərinə
uyğunlaşdırılmasını nəzərdə tutur.
Eyni zamanda, Azərbaycanda həyata keçirilən
islahatlar dünyanın aparıcı ekspertləri,
iqtisadi-maliyyə qurumları tərəfindən yüksək
qiymətləndirilir. Əvvəllər əsasən
infrastruktur layihələrinə sərmayə
yatırdığımızı bildirən Prezident
vurğuladı ki, Davos Forumuna əsasən, Azərbaycan bu
gün elektrik enerjisinə
çıxış imkanına görə ikinci yerdədir və
qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir, eləcə
də 16 min kilometr yol, 3 mindən çox məktəb və
700 xəstəxana inşa edilib ki, bunlar dövlət sərmayəsinin
bir hissəsidir. Davos Forumu Azərbaycan hökumətinin
strateji baxışını 10-cu yerə, hökumətin
sabitlik təmin etmək bacarığını isə dünyada
11-ci yerə layiq görüb.
Enerji diplomatiyası
Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 5 il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru, təbii ki, çox böyük yer tutur.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci
ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin VI
toplantısında diqqətə çatdırdı ki, 1994-cü
ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə
kommersiya layihəsi deyildi: “Bu, bizim üçün dövlətçiliyimizi,
iqtisadiyyatımızı gücləndirmək,
insanlarımızın daha yaxşı həyatını təmin
etmək layihəsi idi... Neft uğur qazanmaq, güclü
ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik,
qonşularımızla harmoniyada yaşamaq üçün
vasitələrdən, ən vacib vasitələrdən biri
idi”. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə
“Şahdəniz” sazişi imzalandı.
Hazırda Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan qlobal enerji layihələri ölkəmizi özünəməxsus iqtisadi modelə malik dövlət kimi səciyyələndirir. Son 16 il ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılıb. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Hazırda “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlanıb.
2013-cü il dekabr ayının 17-də
Bakıda layihə üzrə yekun investisiya qərarının
imzalanması ilə “Şahdəniz” yatağının
tammiqyaslı işlənməsi həlledici mərhələyə
qədəm qoydu. Prezident İlham Əliyevin bəyan etdiyi
kimi “Şahdəniz - 2” enerji layihəsi dünyanın ən
iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi
və enerjinin şaxələndirilməsi layihəsidir. Azərbaycan
25 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər
dənizini xarici sərmayələrə açıb və
ölkəmizin uğurlu iqtisadi inkişafını təmin
edib. Həmin müqavilə XX əsrin müqaviləsi
adlandırılmışdısa, “Şahdəniz- 2” XXI əsrin
ən iri enerji layihəsidir.
2013-cü ildə TAP layihəsi -- Trans-Adriatik kəmərinin
əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə
oldu. Bu baxımdan, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi
məsələlərinin həllinə də kömək
göstərəcək.
Beləliklə, Cənub Qaz Dəhlizinin
reallaşmasına güclü təkan verildi. 2014-cü il
sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci
ildönümü qeyd edildi. Simvolik haldır ki, məhz həmin
gün Cənub Qaz Dəhlizinin təməli qoyulub. Bu Avropanın
ən böyük infrastruktur layihəsidir və bu nəhəng
transmilli layihənin icrasında ölkəmiz öz liderlik
keyfiyyətlərini bir daha nümayiş etdirib. Azərbaycan
beynəlxalq əməkdaşlıq məsələlərində
olduğu kimi, bu layihələrdə də liderliyi öz
üzərinə götürüb. Bu layihənin icra edilməsinə
40 milyard dollara yaxın sərmayə qoyulub və qoyulur.
Hazırda Azərbaycan Şərq--Qərb, Şimal--Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Bu mühüm qlobal layihələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Nəticədə, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
Dünyanın aparıcı dövlətləri
və beynəlxalq təşkilatlarla əməkdaşlıq
Ölkəmiz Avropa təhlükəsizlik
arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin
enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli
rol oynayır. Azərbaycan 2004-cü ildə əsas
məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi,
iqtisadi cəhətdən Avropa dəyərlərinə
yaxınlaşmasını sürətləndirməkdən
ibarət olan “Avropa Qonşuluq Siyasətinə”
qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə
Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa
dair anlaşma memorandumu imzalanmışdır. 2008-ci ildə
isə respublikamız Aİ-nin “Şərq tərəfdaşlığı”
proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq
daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə
qədəm qoymuşdur.
Bununla yanaşı, 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərindən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi də qəbul edilməlidir. Belə ki, Azərbaycan, son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir.
Bu illərdə Azərbaycanın
beynəlxalq təşkilatlarla əməkdaşlığı
daha da genişlənmişdir. 2018-ci ilin iyul ayında Avropa
İttifaqı ilə Azərbaycan arasında qəbul
olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı
mühüm sənəddə bir çox məsələlər
öz əksini tapmaqla yanaşı, ölkəmizin ərazi
bütövlüyünə, suverenliyinə, sərhədlərimizin
toxunulmazlığına dəstək və hörmət ifadə
olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə
keçirilmiş NATO Zirvə görüşünün Yekun
Bəyannaməsində də alyans üzvlərinin Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə dəstək
və hörməti öz əksini tapıb. Eyni
zamanda, 2018-ci il avqustun 12-də Xəzər dənizinin
hüquqi statusuna dair aparılan uzunmüddətli
danışıqların nəticəsi olaraq, Xəzəryanı
Dövlətlərin Dövlət
Başçılarının V Zirvə toplantısında Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiyanın
imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən
biri kimi qiymətləndirilməlidir. Bu konvensiya ölkəmizin
maraqlarının təmin edilməsi baxımından
böyük diplomatik və siyasi uğurdur.
Bununla yanaşı, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Həmçinin zirvə görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir.
Ümumilikdə, özündə
120 ölkəni birləşdirən və BMT-dən sonra
dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının
XVIII Zirvə görüşünün Prezident İlham
Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və
2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə
edilməsi ölkəmizin böyük diplomatik
uğurudur.
Son iki ildə ölkəmizin
evsahibliyi etdiyi, eləcə də, dövlət
başçısının təşəbbüsü ilə
keçirilən bir sıra mühüm əhəmiyyət kəsb
edən tədbirlər -- 2018-ci ildə VI Bakı Beynəlxalq
Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının
Xarici İşlər Nazirləri
Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının
iclası, Cənub Qaz Dəhlizi Məşvərət
Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin
rəsmi açılış mərasimi, 2019-cu ildə VII
Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının VII Zirvə
Görüşü, Qoşulmama Hərəkatının Zirvə
toplantısı, Dünya dini liderlərinin II Sammiti və digər
möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəltmişdir.
Dövlətimizin xarici siyasətində əsas
prioritet
Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir. Lakin dövlət başçımız Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca, bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdir.
Qeyd etmək vacibdir ki, Ermənistan -- Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Ermənistan rəhbərliyi tərəfindən
səsləndirilən əsassız fikirlər tarixi
reallıqları, münaqişənin əsl mahiyyətini əks
etdirmir.
Bunu Azərbaycan Prezidenti 2019-cu il
oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində
“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında,
eləcə də oktyabrın 11-də MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə
iclasında çıxışları zamanı tutarlı
faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
isə Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı panel müzakirələri
zamanı Ermənistan baş nazirinə beynəlxalq
hüquqdan və tarixdən əsl dərs keçdi. Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin
və dünya birliyinin diqqətinə çatdırdı ki,
Ermənistana özünü cəzasızlıq şəraitində
hiss etməsinə imkan verilməməli, ölkə rəsmilərinin
Azərbaycanın suverenliyi və ərazi
bütövlüyünü kobud surətdə pozan
hüquqazidd addımları pislənilməli, onun
qarşısı alınmalıdır.
Ölkə Prezidenti Azərbaycan
həqiqətlərini, xüsusilə Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı tarixi həqiqətləri dünyaya
çatdırmalı olduğumuzu vurğulayaraq bildirdi ki,
tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq
hüquq da bizim mövqeyimizi dəstəkləyir. Azərbaycanın arqumentlərə qarşı Ermənistan
tərəfinin heç bir ciddi arqument qoya bilmədiyini, ancaq
yalan, böhtan, tarixi saxtakarlıq və mifologiyaya əsaslandığını
bildirən dövlət başçısı qeyd etdi ki, bu, əslində,
onların xislətidir və onlar geniş şəbəkə
çərçivəsində bəzi siyasətçiləri
satın alırlar, bu da heç kimə sirr deyil.
Buna baxmayaraq, Ermənistan danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-cı ilin aprel döyüşləri onu da sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ” ordusu mövcud deyil. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın nəzarətində olan və tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma seçkiləri heç vaxt tanımamışdır.
Ölkə
başçısı 2020-ci ilin birinci rübünün
sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində
müşavirədə bildirdi ki, Ermənistan təbliğatına
və ümumiyyətlə, münaqişə ilə
bağlı mövqeyinə növbəti böyük zərbə
bu yaxınlarda vuruldu. Sonuncu, qondarma
“prezident və parlament seçkilər”inin keçirməsi isə
münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik
edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq
təşkilatlar (NATO, Qoşulmama Hərəkatı, Avropa
İttifaqı, Avropa Parlamenti, İƏT, GUAM və s.) və
dövlətlər tərəfindən qanunazidd hərəkət
kimi qiymətləndirilmiş və
tanınmamışdır. Dövlət
başçısı diqqətə çatdırdı ki,
bütün bu təşkilatlar bu “seçkiləri”
tanımadı və bir daha göstərdilər ki,
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Mürəkkəb geosiyasi şəraitdə
müstəqil siyasət
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir
ki, düşünülmüş və milli maraqlara söykənən
xarici siyasəti ilə regional təhlükəsizliyin təmin
olunması istiqamətində ardıcıl və sistemli
addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata
keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət
edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin
təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada
sülhyaratma prosesində fəal iştirak edir, səmərəli
təklif və təşəbbüslərlə
çıxış edir, öz praktik fəaliyyəti ilə
sülhün və təhlükəsizliyin möhkəmlənməsinə
dəyərli töhfələr verir.
Bununla yanaşı, son illərdə Azərbaycan
yalnız beynəlxalq regionda gedən proseslərə deyil,
eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən
proseslərə də təsir göstərmək imkanı
qazanmışdır.
Bu baxımdan, Azərbaycan
Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının sədri İlham Əliyevin təşəbbüsü
ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə
fövqəladə Zirvə görüşü zamanı
çıxışında bildirib ki, koronavirus pandemiyası
qlobal təhlükə olduğu üçün qlobal cavab tələb
edir və pandemiyanın ilk günlərindən etibarən bəzi
ölkələr və beynəlxalq təşkilatların
koronavirus qarşısında çaşqın
qalmasının, özünəqapanma yolunu seçməsinin
şahidi oluruq. Eləcə də pandemiyanın dünyanı
bürüdüyü indiki şəraitdə dünyanın
həmrəyliyə və əməkdaşlığa
ehtiyacı vardır.
Bu, onu göstərir ki, artıq
ölkəmiz təkcə bütün regional məsələlərdə
deyil, mahiyyətindən asılı olmayaraq dünya
miqyasında baş verən qlobal hadisələrdə də
öz sözünü deyir, eləcə də Azərbaycan
Prezidenti dünya miqyasında baş verən təhlükələrdə
də qətiyyətli mövqe nümayiş etdirir.
Ümumiyyətlə, bütün bunlar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son 16 ildə Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqeyinin yüksəlməsini təmin edib.
Elçin
ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru
Xalq qəzeti 2020.- 18 aprel.- S.3.