Dövlət himayəsi ana dilimizə

mötəbər mövqe, üstün imkanlar

və geniş işləklik qazandırmışdır

 

Bizi millət kimi qoruyub saxlayan, məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. Biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Mən hər yerdə Azərbaycan dilində danışıram. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpası milli-mənəvi dəyərlərə sahibliyimizə yeni məzmun və münasibət gətirmişdir. Milli varlığımızın əzəli əlaməti və əsas göstəricisi olan ana dilimiz isə suverenlik şəraitində dövlət dili statusunu mütləqləşdirməklə mötəbər himayə, üstün imkan­lar və geniş işləklik qazanmışdır. Artıq 20 ildir ki, Azərbaycan Dili və Əlifbası Günü milli təqvimimizə ümumxalq önəmi ilə seçilən daha bir gün kimi əlavə edilmişdir.

Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir. “Millətin mil­liliyini saxlayan onun dilidir” – deyən ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladı­ğı fərmana əsasən, hər il avqustun 1-ni xalqımız ana dilimizə və milli əlifbamıza dərin sevgi və sayğı ilə mənalandırır. Builki Azərbaycan Dili və Əlifbası Günü isə müqəddəs Qur­ban bayramı şənliklərinə qarışmaqla dünyanın hər yerində soydaşlarımızın milli duyğu-düşüncələrini bir az da qanadlandırdı.

Doğrudan da, Azərbaycan xalqı­nın ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Təsadüfi deyil, dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz də eynilə torpaqlarımız kimi ötənlərimizi bu günümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmış­dır. Necə deyərlər, xalq öz dilini, dil isə onu yaşadan xalqı qorumuş, indiki biçimdə formalaşdırmışdır.

Bu gerçəyi nəzərdə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Əlbəttə, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güz­güsüdür.

Ötənlərin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir. Azərbaycan dili ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixi­nin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin parlaq ifadəsidir.

Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif ta­rixi mərhələlərdən keçib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni möv­qeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin öz ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər tariximizdə ciddi bir istisnalıq təşkil edir və hər bir soyda­şımız üçün əbədi bir örnəkdir. Böyük rəhbər iftixarla deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıq­larımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”

Artıq 29 ildir ki, Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünya dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, indi bir­başa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır. Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir.

Ulu öndərin dil siyasətini yeni şəraitdə yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlı­ca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan, məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Məhz buna görə də dövlət başçısı Azərbaycan dili­nin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 2016-cı ildə ayrıca sərəncam da imzalamışdır. Azərbaycan dilinin dövlət dili sta­tusunun tam təmin edilməsini, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələləri daim nəzarətdə saxlayan ölkə başçısının tapşırığı ilə dövlətin dil siyasətini icra edən qurumların və aparıcı media vasitələrinin rəhbərlərinin, tanınmış ziyalıların iştirakı ilə ana dilimizin işləkliyinin vəziyyəti, onun qorunma­sı və zənginləşdirilməsi məsələlərinə həsr olunmuş bir sıra müzakirələr keçirilmiş, müvafiq tədbirlər gerçəkləşdirilmişdir.

Nəhayət, dövlətin dil siyasətinin gerçəkləşdirilməsi, ana dilinin işləkliyinin təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi sahəsində uğurlar və nöqsanlar barədə Azərbaycan Dili və Əlifbası Günü ilə bağlı tanınmış dilçi alimlərimizin, ziyalılarımızın mülahizələri də bütün bu deyilənləri təsdiqləyir.

Nizami Cəfərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik:

– Dil, sadəcə, ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Buna görə də 2001-ci ildən biz ana dilimizlə bağlı ayrıca günü – 1 Avqust Azərbaycan dili və Əlifbası Gününü böyük məmnunluq, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. 20 il əvvəl həmin gün Azərbaycan dili müstəqil Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb.

Ümumiyyətlə, dil, xalq və dövlət anlayışları çoxminillik bəşər tarixi­nin gedişatında aparıcı yer tutduğu kimi, qloballaşma dövründə də önəmini və aktuallığını qoruyub saxlayır. Çağdaş dünyanın siya­si mənzərəsini əks etdirən, dünya birliyində rəngarənglik yaradan suveren coğrafiyaların və dövlətlərin əsasında xalqlar dayanır. Hər bir xalqın başlıca özünəməxsusluğunu isə onun ana dili təşkil edir. Doğrudan da, dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən seçilib ayrılmaz. Belə bir ifadə mövcuddur: xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Elə buna görə də hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər içərisində onun xalqının dilinin qorunması və zənginləşdirilməsi də daim diqqətdə saxlanılır.

Ölkəmizdə dövlət səviyyəsində mükəmməl dil siyasəti gerçək-ləşdirilir. Bu zəruri siyasətin əsaslarını yaradan isə, məhz ümummilli lider Heydər Əliyev oldu. Ulu öndərin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu strategiyasının önəmli tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı son yarım əsrdə verilmiş qərarların əksəriyyətinin altında Heydər Əliyevin imzası durur.

Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı nitqində ölkə Prezidenti Azərbaycan elminin, mədəniyyətinin inkişafı ilə bağlı məsələlər sırasında ana dilimizə qay­ğını da ön plana çəkdi: “Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil ol­madığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik”.

Bütün bunlarla yanaşı, ana dilimizin dövlət dili statusuna heç də həmişə sayğı ilə yanaşılma­ması, dildən istifadə zamanı onun sabitləşmiş normalarının pozul­ması da ciddi narahatlıq doğurur. Yol verilən belə nöqsanlar əsasən sözlərin düzgün yazılışı ilə bağlı­dır. Azərbaycanda yazılı mətbuatın səviyyəsi kifayət qədər yüksəkdir. Mətbuat kütləvi hadisə olduğundan işçilərin hamısının peşəkarlığı çox çətin məsələdir. Azərbaycanda ədəbi dilin qorunmasına ictimai nəzarət seyrçilikdən fəal ictimai qınağa və əməli işlər görülməsinə yönləndirilməlidir.

Sevinc ƏLİYEVA, AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor:

– Ana dilimizin hərtərəfli inkişafı, dövlət statusunun tam gerçəkləşdirilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Hər il olduğu kimi, bu il də avqustun 1-i ölkəmizdə Azərbaycan Dili və Əlifbası Günü kimi fəxarətlə qeyd edildi. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu öndər həmin tarixi sənədi latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edil­diyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə 2003-cü ilin yanvarın 2-də “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dün­ya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyu­lun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxı­mından əhəmiyyətli sənədlərdir.

Sonrakı dövrdə ana dilimizin ictimai-siyasi və elmi-mədəni arenada düzgün tətbiqi, təkmilləşdirilməsi və saflığının qorunması ilə bağlı Prezident İlham Əliyev də bir sıra sərəncamlar imzalayıb, ümumdövlət tədbirləri həyata keçirilib. Dövlət başçısının 7 il əvvəl təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizdən geniş və düzgün istifadə, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi, milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli tədbirlərə start verdi. Bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.

Ana dilimizin müxtəlif sahələrdə, o cümlədən, media vasitələrində düzgün tətbiqi, onun saflığının qorun­ması və təkmilləşdirilməsi ilə bağlı məsələlər isə miqyasına və aktuallığına görə dövlətin daimi nəzarətində olduğu kimi, dil mütəxəssislərinin və ondan öz yaradıcılığında professional səviyyədə istifadə edən ziyalılarımı­zın da diqqət mərkəzindədir.

Azərbaycan dili qədim dildir, zəngin dildir. Düzdür, dilimizin formalaşdığı yüzillər boyu artıq bir sıra ərəb və fars mənşəli sözlər lüğət ehtiyatımıza daxil olub. Bu gün onların bir çoxu ümumişləklik qazan­mış sözlərdir. Müstəqil Azərbaycan Respublikası müxtəlif dövlətlərlə siyasi, iqtisadi, mədəni, elmi, texniki və s. sahələrdə qarşılıqlı əməkdaşlıq və inkişaf şəraitində yaşayır. Amma bu o demək deyil ki, biz beynəlxalq terminlərlə yanaşı, əməkdaşlıq etdiyimiz digər ölkələrin, xalqların siyasi və yaxud mədəni, elmi, texniki terminlərini necə gəldi leksikonumuza daxil etməliyik.

Əlbəttə, bu gün rəsmi, bədii, publisistik üslublardan tutmuş adi məişət üslubuna qədər dilimizi yad məfhumlardan qorumağı tənzimləyə biləcək xüsusi bir mexanizm qurmaq mürəkkəb məsələdir. Biz dilçilər belə düşünürük ki, bu məsələdə hər kəsin daxilindən gələn bir vətəndaş təəssübkeşliyinə daha çox ehtiyac var. Hər birimiz danışdığımız, yazdığımız hər kəlməyə, cümləyə mütləq diqqət yetirməliyik. Çalışmalıyıq ki, doğma Azərbaycan dilimizdə qarşılığı olduğu halda yad söz və ifadələri işlətməyək.

Buna görə də dilimizdəki problemləri tənzimləmək üçün bir mərkəzə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli fərmanı ilə belə bir qurum– Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Həmin mərkəzin fəaliyyətə başlaması ilə Azərbaycan dilinin düzgün tətbiqi və saflığının qorunması ilə bağlı bir sıra məsələlər gündəmə gətirilir və həllini tapır.

Mərkəzin fəaliyyətində 3 əsas məsələ nəzərdə tutulub: internet resursları, kütləvi informasiya vasitələri və reklam daşıyıcıları. Milli Məclisin qərarında da göstərilib ki, ilk növbədə, KİV-də və reklam daşıyıcılarında Azərbaycan dövlət dil normalarının qorunması məsələsi nəzarətdə saxlanılsın. Dilçilik İns­titutunun monitorinq şöbəsi Dövlət Proqramının icrası ilə bağlı davamlı şəkildə monitorinqlər apararaq ölkədə dil situasiyasının müəyyənləşdirilməsi və dilin inkişafı üçün şəraitin yaradıl­ması sahəsində səmərəli işlər görür. Növbəti illərdə, düşünürük ki, artıq internet məkanında da bu məsələlərin həyata keçirilməsi reallaşacaq.

Müvafiq istiqamətdə uğurlu fəaliyyət kimi Azərbaycan Res­publikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlığı da qeyd etmək yerinə düşər. Bilik Fondu­nun təşəbbüsü və birbaşa dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində “Xəzər TV”, “Lider TV”, “Kəpəz TV (Gəncə)” və “ARB-24 Xəbər (Tovuz)” kanallarında keçirilən tədbirlər dilin saflığının qorunmasına xidmət edən addım kimi dəyərləndirilməlidir. Dilçilik İnstitutu ilə Milli Televiziya və Radio Şurasının rəyi əsasında dərc olunan tövsiyə xarakterli məqalələr toplusu gələcəkdə bu sahənin mütəxəssisləri üçün faydalı vəsait kimi istifadə oluna bilər. Bilik Fondu “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində paytaxtın rus pravoslav kilsələrində rusdilli əhali üçün ödənişsiz “Azərbaycan dili” təlim kursları da təşkil edir.

Müsahiblərimizin də dediklərindən göründüyü kimi, müstəqil Azərbaycan dövləti onun rəsmi atributlarından biri kimi təsdiq olunmuş rəsmi dilin ölkə həyatının bütün sahələrində maneəsiz işlədilməsinin, qorunmasının və onun taleyi ilə bağlı bütün məsələlərin həllinin təminatçısı olaraq öz vəzifəsini əsaslı və davamlı surətdə yerinə yetirir. Ötən illərdə Azərbaycan dilinin dövlət dili statusunun bərqərar olması, bu ümummilli ünsiyyət vasitəsinin tam işləkliyinin təmin edilməsi ilə bağlı mükəmməl qanunçuluq bazasının yaradılması və dil məkanına siyasi-hüquqi, elmi-mənəvi nəzarətin gücləndirilməsi müstəqillik tariximizin önəmli gerçəkliklərindən biridir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2020.- 5 avqust.- S.9.