Ali Baş Komandanın cəsur sərkərdəsi
İşğal altında olan qədim yurd yerlərimiz, dədə-baba
torpaqlarımız olan İrəvan istiqamətində
– Qarabağ cəbhəsində 1992-ci ildən
bu yana Vətənimizin
bütövlüyü uğrunda
döyüşənlərlə, qəhrəman oğullarla çox
görüşlərim olub. İndi Azərbaycanın Milli
Qəhrəmanı adı ilə yaddaşlara
köçənlərin çoxunu cəbhədə,
döyüş meydanında görmək
nəsib olub mənə. Bu
görüşlərin hamısı yaddaşımda zaman-zaman canlanır. Təkləndiyimiz,
başsız qaldığımız çətin günlər
də, millətimizin xilaskarı ümummilli
lider Heydər Əliyevin Ali
Baş Komandan kimi döyüşlərin
gedişatını dəyişdiyi anların qələbə
sevincli xatirələri də, o döyüşlərdə silahlanıb
düşmən üstünə yeriyən,
tankının üstünə “Vətən uğrunda!”,
“Heydər Əliyev uğrunda!” yazıb hücuma keçən cəsur
oğulların şücaəti də, qəhrəmanlığı
da bir kino
lenti kimi anbaan gözümün
önündən keçir...
Polad Həşimovu da ilk dəfə cəbhədə gördüm... Cəbhənin ən çətin relyefi və sərt iqlimi ilə seçilən istiqamətində. Murovdağ silsiləsində qurulan səngərlərə, onun rəhbərlik etdiyi hərbi hissəyə çəkilişlə bağlı getmişdik. Hərbi hissəyə çatanda növbətçi zabit dedi ki, komandir dağlardadır. Dedim, “Səngərdə?” Cavab verdi: “Yox, səngərlərə yol çəkilir, ordadır”.
Həmin istiqamətə yollandıq. Poladı elə orada, ilk dəfə cəbhənin ən çətin müdafiə mövqelərinə doğru dağların döşündən, sal qayalıqlardan yol çəkən buldozerçinin yanında gördüm. Təəccübümü görəndə məni çöhrəsindəki o məlum təbəssümü ilə salamlayıb dedi: “Vallah, bu işdən başım çıxmır, sadəcə buldozerçi qardaş dağlardan qorxur deyə, yanında oturmuşam ki, çəkinməsin, nəsə olsa, ikimizə də olsun...”
Hələ mayor idi onda Polad Həşimov... Elə dostlaşdıq ki, elə bil, illərin
tanışıyıq. Nə demək istəyirdimsə, məndən
əvvəl danışırdı
o mövzuda... O qədər
səmimi idi ki... Arada onu
öyməyə söz
tapmayıb, zarafatyana dedim: “Sən general ürəkli mayorsan!” Çox xoşu gəldi bu zarafatdan. (Kimin xoşu gəlməz ki... “O əsgər əsgər deyil ki, general olmaq istəməsin”–belə bir məşhur
deyim də var. Sonda bu zarafat
gerçək oldu...)
Səngərləri gəzdik onunla, amma nə billah
etdimsə, müsahibə
vermədi. Dedi: “Baxın, görün əsgərlərim mənim
sözümü məndən
də tutarlı necə deyəcəklər!”
Hansı əsgərə
yaxınlaşdımsa, rahat,
səliqəli geyimdə,
şux duruşda, gözlərində işıq,
qəribə bir sevinc parıltısı, elə bil heç
dağ qartallarından
və qənşərdəki
azğın, işğalçı
düşməndən başqa
bir ins-cins olmayan sal qayalarda,
kimsəsiz dağlarda,
Murovdağda xidmətdə
deyildilər... O qədər
səmimi söhbətlərimiz
oldu ki, onun əsgərləri ilə... Əsgərlər danışdıqca, doğrudan da, elə bil, bir
qədər əvvəl
isnişib dostlaşdığım
vətənpərvər, döyüş,
qələbə ruhlu
mayor Polad Həşimovu
dinləyirdim. O vaxtlar
üçün 20 ildən
çox hərbi jurnalist həyatımda, illərlə qarış-qarış
gəzdiyim səngərlərdə
ilk dəfə idi ki, əsgərlərin nə komandirindən, nə də qarşısındakı hərbi
geyimdəki müxbir mayordan çəkinmədən,
rahat danışdığını
və bəzən də Vətən sevgisini heç kimin izhar eləmədiyi
tərzdə, daha təsirli, ifadəli şəkildə dilə gətirdiyini görürdüm...
Sonra əsgərlərlə qaynayıb-qarışıb
Poladdan xəbərsiz
bir az da
zarafatyana soruşdum:
“Siz bu komandirinizi
çəkindiyinizdən, qorxudan
sevirsiniz belə, yoxsa,.. Bir əsgər sözümü kəsib dedi: “Cənab mayor, komandir bizə qardaşdan da əzizdir. O, bizim bütün qayğılarımızı,
problemlərimizi bizdən
yaxşı bilir.” Gülümsəyərək soruşdum:
“Əsgər, o necə
olur?”
Əsgər dedi: “Mən xidmətə ailə qurub gəlmişdim. Ucqar dağlarda xidmətdə olduğumdan, ailəmdən
xeyli vaxt idi xəbərim yoxdu. Bir gün komandir məni yanına çağırıb dedi
ki, əsgər, səni ezamiyyətə göndərirəm. Mən də
təəccübləndim ki,
hələ mənim ezamiyyət vaxtım çatmayıb axı.
Komandirin, “Dedim: get hazırlaş!” sözündən
sonra əsgər yoldaşlarımın köməyi
ilə sevincək yol tədarükü görüb hesabat vermək üçün
komandirin yanına gəldim. Cənab mayor soruşdu:
– Hazırsan?
– “Bəli, komandir.”
– “Yol pulunu əsgər yoldaşlarının
köməyi ilə toplamısan?” –deyə
soruşdu.
Məcbur qalıb boynuma aldım. Cənab mayorsa mənim evimizə onun ayırdığı
maşınla gedəcəyimi
bildirərək bir bağlı zərf də verdi
və dedi:
– Bu sənindir. Amma mütləq evə
çatandan sonra açarsan. Əsgər yoldaşlarından
aldığın pulu
da özlərinə qaytar.
Mən komandirin dediyi kimi də etdim...
Evimizə çatanda məni
yeni doğulan körpə oğlumla qarşıladılar. O qədər
sevindim ki, az qala Polad komandirimin verdiyi zərfi unutmuşdum. Tez zərfi açdım.
Orda 300 manat pul və bir
parça kağızda
belə bir yazı vardı: “Əsgər, səni təbrik edirəm, ata oldun! Daha bir düşmən çəpəri
olan oğul doğuldu. Göz dolusu gör,
ailənə xeyir-duanı
ver, sağ-salamat geri dön”.
Əsgərimizin bu danışdıqları
həmin anda Poladı mənim gözümdə, doğrudan
da, zarafatyana dediyim general rütbəsinə,
sərkərdə məqamına
yüksəltmişdi. Ardıcıl zəngləşirdik. Olduğu mövqelərdə
baş verən erməni təxribatları,
atəşkəs pozuntuları
zamanı, ən çətin vaxtlarda etdiyim zənglərə həmişə lazım bildiyi cavabı alırdım: “Qardaş,
hər şey əladır! Heç narahat olma! O gördüyün dağlardan
çəkdiyim yolu Kəlbəcərdən Şuşaya,
Xankəndə çatdıracağam,
inşaallah!”
Zaman ötdü. Əlaqələrimizdə, qayğılardan, iş-gücdən dolayı bir az fasilə yarandı. Bir gün eşitdiyim məlumat – Ali Baş Komandanın, Respublika Prezidenti İlham Əliyevin Polad Həşimova general-mayor rütbəsi verməsi haqda sərəncam mənə gözlədiyimiz qələbə xəbəri qədər sevindirici və xoş oldu. Oxuya-oxuya özümdən ixtiyarsız , “Yaşa Ali Baş Komandanım!” – dedim.
Tez zəng vurub Poladı təbrik etdim. Zarafatlaşdıq. Ona vaxtı ilə dediyim “general ürəkli mayor” zarafatımı xatırlatdım. “Siz jurnalistlər həm də öncəgörənsiz!”– deyə o da zarafatyana cavab verdi. Sonra da əlavə etdi, “Ali Baş Komandanın 4-cü hakimiyyət nümayəndələrisiniz də...”
...Biz yenə dördüncüyük, amma sən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə birinci oldun, cənab general! Və bu gün mən səni o dördüncü pillədən sözünə qürur və iftixarla yanaşı, bir az da səni itirdiyimizə görə peşmançılıq qarışan bir dost, jurnalist olaraq fəxrlə Birincimizlə - Ali Baş Komandanımızla birgə xatırlayıram. Daha doğrusu, Ali Baş Komandanımız, Prezidentimiz hər addımında səni xatırladır və nümunə, örnək gətirir.
“O dağlardan çəkdiyim yolu Kəlbəcərdən Xankəndinə çatdıracağam, inşaallah!”– deyirdi Polad Həşimov. O, general-mayor Polad Həşimov olaraq Azərbaycanın ərazi bütövlüyünə aparan həmin yolun xəritəsini öz ölümü ilə çəkdi heyif ki. Vaxtı ilə zarafatyana “mayor ürəkli general” deyə zənn etdiyim rütbəyə də, ondan böyük zirvəyə – Şəhidlik zirvəsinə də gözləmədiyimiz anda çatdı Polad Həşimov. Biz onun döyüşçüləri ilə hakim olduğu adsız yüksəkliklərdən qələbəyə çatmadan o adı ilə elə yüksək bir zirvəyə çatdı ki, bütün Azərbaycan və Ali Baş Komandanımız dayaq bildi özünə. Respublika Prezidenti onun hərbi geyimdə, ali rütbəli hərbi mundirdə olsa belə, dünyaya işıq saçan, sülh, əmin-amanlıq mesajı kimi görünən səmimi təbəssümü fotosunun önündə azğın, işğalçı Ermənistana kəskin mesajını səsləndirdi. “Siz bizimlə təkbətək döyüşün!” – dedi Ali Baş Komandan... Bu bir komandanın öz nümunəvi sərkərdəsini rəmzi olaraq arxa, dayaq seçib işğalçı düşmənə səsləndiyi ən nümunəvi məqam, ən tutarlı mesaj idi. Bu, həm də düşmən qüvvələr üçün o demək idi ki, namərdlik, ikiüzlülük eləməyin, arxadan vurmayın!
Fəqət, arxadan vuruldu general-mayor Polad Həşimov. Arxadan vurulduq bütün Azərbaycan olaraq gənc generalımız vurulan gün! O, Polad iradəli, cəsarətli, dəyanətli
müharibə adamı
olsa da təmiz
qəlbi, insansevərliyi
ilə Vətənimizin
bütövlüyü uğrunda
müharibədə hamımızı
üstələdi. Hamımız arxa cəbhədə var gücümüzlə
çalışdıq, əsgər
və zabitlərimiz ön cəbhədə döyüşdü. O isə
hamımızdan önə
keçib “Şəhid
general” adını yazdı
qəlblərə, müstəqil
Azərbaycanın hərb
tarixinə. Adıyla müstəqil Azərbaycanın
tarixində əbədiyyətə,
əbədiyaşar xatirəsi
ilə qəlblərə
köçdü. Amma
bütün dünya
– dost da, düşmən
də yaxşı bilir ki, bu
qisas yerdə qalmayacaq. Bizi arxadan vuran arxalı düşmən
bir gün tək qalacaq döyüş meydanında.
Bunu Poladın adıyla bütöv Azərbaycan naminə belə də yazmaq olar. Polad sınar əyilməz,
deyiblər. Kiçik məğlubiyyətlər
hələ müharibənin
sonu demək deyil. General-mayor Polad Həşimovun yüzlərlə davamçısı
bu gün də o səngərlərdə
Azərbaycanın ərazi
bütövlüyü uğrunda
mübarizəyə hazır
dayanıb. “Azərbaycan ərazilərində
ikinci Ermənistan dövləti yaratmağa imkan vermərik!”– deyən Ali Baş
Komandanımızın əmrini
gözləyən yüzlərlə
POLAD iradəli, MÜBARİZ ruhlu oğullarımız var!
P.S. Canım, qardaşım Polad, cənab general-mayor Polad Həşimov, sən adına
layiq yaşadın, xidmət etdin, polad kimi heç
zaman əyilmədin, sınmadın, yoluna davam etdin. Sən Ali Baş
Komandana layiq general olduğunu ölümünlə
təsdiqlədin. Sən
bir sərkərdə
nümunəsisən bu
gün! Amma sonda nədən erməni səni hədəfə aldı?.. Bu sualın da cavabının bir hissəsini mən verə bilərəm:
Bu, təsadüf deyil. Bu, hədsiz Vətən sevgisindən doğan zərurətdir. Sən öndə olmalı idin və oldun da. Sən başqa cür düşünə bilməzdin, çünki Vətənimiz Azərbaycanı canından da, övladından da çox sevirdin. Bir görüşümüzdə demişdin ki, övladımı Vətənimdən çox sevsəm, layiq olduğu yerə çata bilməz. Vətənsiz insan olmaz! O, ilk növbədə, Vətənimizi sevməlidir!
Rahat yat, qardaşım! Sən özünün də, mən qarışıq, bütün qardaşılarının da övladlarına örnək, nümunə oldun, bütün Azərbaycan övladlarına “Əbədi döyüş!” əmri verdin. Bu əmri isə Ali Baş Komandanımız sənin bir fotonun fonunda dayanaraq, səni əbədiyaşar sərkərdə kimi arxa, dayaq olaraq seçərək məkrli, işğalçı düşmənə sənin əksinin önündən səslənməklə təsdiqlədi. Polad Həşimov adlı şəhid general Ali Baş Komandanın ən layiqli sərkərdəsi, bütün Azərbaycana, onun Silahlı Qüvvələrinə örnək, qəhrəmanlıq nümunəsi oldu!
Rahib QƏRİB
Xalq qəzeti 2020.- 8 avqust.- S.5.