Azərbaycan
İnvestisiya Holdinqinin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 7 avqust tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan
İnvestisiya Holdinqi (bundan sonra – AİH) onun idarəetməsinə
verilmiş dövlət şirkətlərinin və müəssisələrinin,
dövlət payı olan təsərrüfat cəmiyyətlərinin
(bundan sonra – dövlət müəssisələri) vahid
prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin
təkmilləşdirilməsi, o cümlədən həyata
keçirdikləri investisiya proqramlarının şəffaflığının
və iqtisadi səmərəsinin yüksəldilməsi,
onların rəqabət qabiliyyətinin təmin olunması,
maliyyə sağlamlığının və
dayanıqlılığının
yaxşılaşdırılması sahəsində (bundan
sonra – müvafiq sahə) fəaliyyət göstərən
publik hüquqi şəxsdir.
1.2.
AİH öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan
Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, digər
normativ-hüquqi aktları rəhbər tutur.
1.3.
AİH öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları, beynəlxalq
və qeyri-hökumət təşkilatları ilə, digər
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.
AİH ümumdövlət və (və ya) ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur.
AİH bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə
məşğul ola bilər.
1.5.
AİH-in müstəqil balansı, əmlakı, xəzinə
və bank hesabları, öz adı həkk olunmuş
möhürü, müvafiq ştampları və blankları,
loqotipi (emblemi) vardır.
1.6.
AİH-in əqdlər bağlamaq, öz adından əmlak və
qeyri-əmlak hüquqları əldə etmək və həyata
keçirmək hüququ, həmçinin vəzifələri
vardır. O, məhkəmədə iddiaçı və ya
cavabdeh qismində çıxış edə bilər.
1.7.
AİH-in rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – Azərbaycan İnvestisiya Holdinqi,
qısaldılmış halda – AİH;
1.7.2. ingilis dilində tam halda – Azerbaijan Investment
Holding, ingilis dilində qısaldılmış halda – AIH.
1.8.
AİH Bakı şəhərində yerləşir.
2.
AİH-in fəaliyyət istiqamətləri
2.1.
AİH-in fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin
etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin
formalaşdırılmasında iştirak etmək, həmin
siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək,
təkliflərin işlənib hazırlanmasında və həyata
keçirilməsində iştirak etmək;
2.1.4. qabaqcıl beynəlxalq təcrübədən
istifadə etməklə dövlət müəssisələrində
idarəetməni təşkil etmək;
2.1.5. dövlət müəssisələrinin maliyyə
sağlamlığını və
dayanıqlılığını
yaxşılaşdırmaq, bu məqsədlə onların
maliyyə resurslarını, habelə xarici borcların cəlb
olunmasını effektiv meyarlar əsasında idarə etmək;
2.1.6. dövlət müəssisələrinin fəaliyyət
göstərdiyi xidmətlər bazarına özəl
investisiyaları cəlb etmək, bu məqsədlə dövlət-özəl
sektor tərəfdaşlığının
inkişafını stimullaşdırmaq;
2.1.7. dövlət müəssisələrinin fəaliyyətinin
səmərəliliyinin qiymətləndirilməsi
üçün onların səmərəlilik göstəricilərini
müəyyən etmək və monitorinqini aparmaq;
2.1.8. dövlət müəssisələrinin xərclərinin
optimallaşdırılması və maliyyə şəffaflığının
təmin edilməsi ilə bağlı tədbirlər görmək;
2.1.9. dövlət müəssisələrinin beynəlxalq
səviyyədə rəqabət qabiliyyətini artırmaq;
2.1.10. dövlət müəssisələrinə
dövlətin ayırdığı investisiyalardan səmərəli
istifadəyə nəzarət etmək;
2.1.11. dövlət müəssisələrinin özəlləşdirilməyə
(tam və ya qismən) hazırlanmasında iştirak etmək;
2.1.12. bu Nizamnamə ilə müəyyən
edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərmək.
3.
AİH-in vəzifələri və hüquqları
3.1. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, AİH-in vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ-hüquqi
aktların, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
3.1.2. Azərbaycan
Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi
hallar istisna olmaqla, dövlət müəssisələrində
dövlətə məxsus səhmlərin (payların) idarə
olunmasını təmin etmək;
3.1.3. investisiyaların cəlb olunması və səmərəli
idarə edilməsi yolu ilə dövlət müəssisələrinin
inkişafına nail olmaq, onların özəlləşdirməqabağı
sağlamlaşdırılmasını təmin etmək;
3.1.4. dövlət müəssisələrinin
uzunmüddətli inkişaf və biznes planlarının təsdiqi
üçün rəy vermək, biznes planlarında qoyulan hədəflərin
monitorinqini aparmaq;
3.1.5. dövlət müəssisələrinin fəaliyyət
göstərdiyi sahələrə investisiyaların, o cümlədən
xarici investisiyaların cəlbinin
stimullaşdırılması ilə bağlı təkliflər
hazırlamaq və tədbirlər görmək;
3.1.6. dövlət müəssisələrinin
iqtisadi səmərəliliyinin yüksəldilməsi, o
cümlədən maliyyə vəziyyətinin
yaxşılaşdırılması və gəlirlərinin
artırılması üçün tədbirlər görmək;
3.1.7. dövlət müəssisələrinin fəaliyyət
göstərdiyi sahələrdə xidmətlərin keyfiyyətinin
artırılması ilə bağlı təkliflər vermək;
3.1.8. iqtisadiyyatın modernizasiyası və
diversifikasiyası proqramlarının hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
3.1.9. iqtisadiyyatın davamlı inkişafının
təmin edilməsi məqsədilə həyata keçirilən
sosial əhəmiyyətli innovativ sənaye layihələrində
iştirak etmək;
3.1.10. dövlət müəssisələrinin
restrukturizasiyası ilə bağlı təkliflər vermək;
3.1.11. dövlət müəssisələrinin
hesabatlarına dair tələbləri müəyyənləşdirmək
və təqdim edilmiş hesabatların monitorinqini aparmaq;
3.1.12. dövlət müəssisələrinin fəaliyyətinin
beynəlxalq təcrübə nəzərə alınmaqla əlaqələndirilməsi
və onların iqtisadi səmərəliliyinin, o cümlədən
maliyyə dayanıqlılığının
artırılması ilə bağlı tədbirlər
görmək;
3.1.13. dövlət müəssisələrinin fəaliyyətinin
səmərəliliyini onların səmərəlilik göstəricilərinin
təhlil nəticələri əsasında qiymətləndirmək;
3.1.14. dövlət müəssisələrinin xərclərinin
optimallaşdırılması məqsədilə onlardan zəruri
məlumatları və hesabatları tələb etmək, bu məlumatları
və hesabatları təhlil edərək, dövlət müəssisələrinin
idarəetmə orqanlarına müvafiq göstərişlər
vermək;
3.1.15. dövlət müəssisələrinin idarəetmə
orqanlarının tərkibinin tam
formalaşdırılması üçün tədbirlər
görmək;
3.1.16. dövlət müəssisələrinin idarəetmə
orqanlarının fəaliyyətini təhlil etmək;
3.1.17. dövlət müəssisələrinin maliyyə
resurslarına əlverişli çıxış
imkanlarının yaradılması ilə bağlı kompleks
tədbirlər görmək;
3.1.18. dövlət müəssisələrində
innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi
və təşviqi ilə bağlı tədbirlər
görmək;
3.1.19. dövlət müəssisələrinin rəqabət
qabiliyyətinə və ixrac potensialına təsir edən
amilləri araşdırmaq;
3.1.20. dövlət müəssisələrinin fəaliyyəti
barədə məlumatları özündə əks etdirən
vahid elektron informasiya sistemi yaratmaq;
3.1.21. dövlət müəssisələrinin
iqtisadi və maliyyə vəziyyətini təhlil etmək və
onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi
məqsədilə tədbirlər görmək;
3.1.22.
AİH-ə, habelə dövlət müəssisələrinə
ayrılan büdcə vəsaitindən, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasına nəzarət
etmək;
3.1.23. dövlət orqanları və
qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.24.
müvafiq sahədə elektron xidmətləri “Dövlət
informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası
və arxivləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə bağlı bəzi
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq təşkil etmək;
3.1.25.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.26.
AİH-in strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.27. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.28.
AİH-in informasiya təminatını təşkil etmək və
onun təhlükəsizliyini təmin etmək;
3.1.29. fəaliyyəti
ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş
qaydada tədbirlər görmək;
3.1.30. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ-hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, AİH əməkdaşlarının
əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər
görmək;
3.1.31. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.32. müvafiq sahədə peşəkar mütəxəssislər
hazırlanması və tədris proqramlarının tərtibi
ilə bağlı təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək;
3.1.33. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn və
AİH-in səlahiyyətinə aid olan məsələlərlə
bağlı Azərbaycan Respublikasının
götürdüyü öhdəliklərin yerinə yetirilməsini
təmin etmək;
3.1.34. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı islahatlar aparılmasına dair təkliflər
hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
3.1.35. malların (işlərin və xidmətlərin)
satın alınmasını, həmçinin müvafiq sahədə
ehtiyacların qarşılanmasını “Dövlət
satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanuna uyğun olaraq həyata keçirmək;
3.1.36. bu Nizamnamə ilə və Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq AİH-in
aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ-hüquqi
aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi barədə
aidiyyəti üzrə təkliflər vermək;
3.2.2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.3. əməkdaşlarını dövlət təltiflərinə
və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.4. müvafiq sahədə beynəlxalq müqavilələrə
Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə təkliflər vermək;
3.2.5. müqavilə əsasında müstəqil
ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə
cəlb etmək;
3.2.6. beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla və xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.7. dövlət orqanlarına və qurumlarına,
yerli özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.8. icrası məcburi olan göstərişlər
vermək və bundan irəli gələn digər tədbirlər
görmək;
3.2.9. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.10. fəaliyyət istiqamətlərinə
uyğun olaraq konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.11. vəzifələrinin yerinə yetirilməsi məqsədilə
təsərrüfat cəmiyyətləri yaratmaq və ya
onlarda iştirak etmək;
3.2.12. xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
3.2.13. bu Nizamnamə ilə və Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4.
AİH-in idarə edilməsi
4.1.
AİH öz fəaliyyətində mütərəqqi
korporativ idarəetmə prinsiplərini tətbiq edir.
4.2.
AİH-in idarəetmə orqanları Müşahidə
Şurası və İdarə Heyətidir.
4.3.
AİH-in Müşahidə Şurası (bundan sonra – Şura)
AİH-ə ümumi rəhbərliyi və nəzarəti həyata
keçirir.
4.4.
Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə
təyin və vəzifədən azad etdiyi 5 (beş)
üzvdən – Şuranın sədrindən və digər
üzvlərdən ibarətdir.
4.5.
Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət
göstərir.
4.6.
Şura qərar qəbul etməkdə müstəqildir.
4.7.
Şuranın vəzifələri
aşağıdakılardır:
4.7.1. təsisçinin səlahiyyətlərinin həyata
keçirilməsi üçün Azərbaycan
Respublikasının Prezidentinə təkliflər vermək və
müvafiq sənədlər (o cümlədən AİH-in
maliyyə hesabatını və fəaliyyətinə dair
illik hesabatı) təqdim etmək;
4.7.2.
AİH-in inkişaf istiqamətlərini, strateji məqsədlərini
və planlarını müəyyən etmək;
4.7.3.
AİH-in illik maliyyə hesabatını təsdiq etmək;
4.7.4.
AİH-in maliyyə planlaşdırmasını və büdcəsini
təsdiq etmək;
4.7.5.
AİH-in fəaliyyətinə nəzarət etmək;
4.7.6.
AİH-in təsərrüfat cəmiyyətlərinin
yaradılmasına və ya onlarda iştirak edilməsinə, həmçinin
AİH-in idarə, filial və nümayəndəliklərinin
yaradılmasına razılıq vermək;
4.7.7.
İdarə Heyətinin fəaliyyətinə nəzarət
etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.8.
Şuranın üzvlərinin və İdarə Heyətinin
müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.9.
AİH-in kənar auditorunu təyin etmək və audit
hesabatını qəbul etmək;
4.7.10. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə baxmaq və
müvafiq tədbirlər görülməsi ilə
bağlı təkliflər vermək;
4.7.11.
AİH-də daxili audit bölməsi yaradıldığı
halda həmin bölmənin fəaliyyətinə nəzarət
etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə
onun üzvlərini vəzifəyə təyin və vəzifədən
azad etmək;
4.7.12.
AİH-in xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və aidiyyəti şəxslə dəyəri
AİH-in aktivlərinin 5 faizini və daha çox hissəsini
təşkil edən əqdin bağlanması haqqında qərar
qəbul etmək;
4.7.13.
AİH-in fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması
qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, törəmə təsərrüfat
cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.7.14.
AİH-in strukturunu, işçilərinin say həddini və əməkhaqlarını
(o cümlədən Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi müvafiq qayda nəzərə
alınmaqla, əməkhaqqına əlavələri,
mükafatları və digər ödənişləri) təsdiq
etmək;
4.7.15. bu Nizamnamənin 4.19-cu bəndinə uyğun
olaraq İdarə Heyəti üzvlərini vəzifəyə
təyin və vəzifədən azad etmək;
4.7.16.
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə
tutulmuş qərarı qəbul etmək;
4.7.17.
AİH-in fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.7.18. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq dövlət müəssisələrinin ali
idarəetmə orqanının müstəsna səlahiyyətinə
aid edilmiş məsələləri Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll
etmək;
4.7.19. dövlət müəssisələrinin
Müşahidə Şurası üzvlərinin fəaliyyətinin
qiymətləndirilməsi sistemini təsdiq etmək;
4.7.20. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri həyata keçirmək.
4.8.
Şuranın sədri ildə azı bir dəfə
Şuranın iclasını çağırır. Şura iclaslarının keçirilməsi təşəbbüsü
ilə Şuranın üzvü və ya İdarə Heyətinin
sədri çıxış edir. Şuranın
iclasları Şura üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir. Şuranın
iclasında qərarlar hər üzvün bir səsi olmaqla sadə
səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir. Səslər bərabər
olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9.
Şura üzvlərinə iclasın keçiriləcəyi
yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər
barədə iclasa azı 3 (üç) iş günü
qalmış, zəruri sənədlər əlavə edilməklə
yazılı məlumat verilir.
4.10.
Şuranın iclasında İdarə Heyətinin üzvləri
iştirak edirlər.
4.11.
İclasın gündəliyinə Şuranın hər
hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli və
bu məsələnin müzakirəsində iştirak etməməlidir.
4.12.
Gündəliyə daxil edilməmiş və ya tələb
olunan bütün aidiyyəti sənədləri iclasdan əvvəl
təqdim edilməmiş məsələlər barədə,
bütün iştirakçı üzvlərin
razılığı olduğu hallar istisna olmaqla qərar qəbul
edilə bilməz.
4.13.
Şuranın iclasının nəticəsi Şura üzvlərinin
və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.
Şuranın katibi Şuranın iclasında
iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz
edəcək şəxsi təyin edir. Şura
protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə
göndərir.
4.14.
Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar
sırasından Şuranın sədri təyin edir və
Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.15.
Şuranın katibi:
4.15.1.
Şuranın iclaslarını təşkil edir;
4.15.2.
Şuranın iclaslarının keçiriləcəyi yer və
vaxt barədə Şura üzvlərinə, habelə İdarə
Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət
olunan şəxslərə iclasa azı 3 (üç) iş
günü qalmış yazılı məlumat verir;
4.15.3.
Şuranın iclaslarının protokollarını tərtib
edir və imzalanmaq üçün Şuranın üzvlərinə
təqdim edir;
4.15.4.
Şuranın qərarlarının layihələrini
hazırlayır, baxılmaq və imzalanmaq üçün
Şuranın sədrinə təqdim edir;
4.15.5.
Şuranın qəbul etdiyi qərarların aidiyyəti
üzrə göndərilməsini təmin edir.
4.16.
Şuranın sədri:
4.16.1.
Şuranın işini təşkil edir və onun fəaliyyətinə
rəhbərlik edir;
4.16.2.
Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir,
iclaslar çağırır və iclaslara sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə, habelə
Şuranın hər hansı digər üzvünün və
ya İdarə Heyəti sədrinin müraciəti əsasında
digər şəxsləri Şuranın iclasında
iştirak etməyə dəvət edir;
4.16.4.
Şuranın fəaliyyətinin təşkili ilə
bağlı digər tədbirlər görür.
4.17.
Şura üzvləri:
4.17.1.
Şuranın səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.17.2.
Şuranın iclasının gündəliyi ilə və
baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
4.17.3.
Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.17.4.
Şuranın səlahiyyətlərinə aid məsələlərə
Şuranın iclaslarında baxılma barədə təklif
verirlər;
4.17.5.
Şuranın qərarları, iclas protokolları və digər
sənədlərlə tanış
olurlar.
4.18.
Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməli, həmçinin Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.19.
İdarə Heyəti 5 (beş) üzvdən
– İdarə Heyətinin sədrindən və digər
üzvlərdən ibarətdir. İdarə Heyətinin
sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə
təyin və vəzifədən azad edir. İdarə Heyətinin üzvlərindən biri, eyni
zamanda, AİH-in idarə edilməsinə məsul olan Baş
icraçı direktordur. İdarə Heyətinin
digər üzvlərini, o cümlədən Baş
icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı
əsasında Şura vəzifəyə təyin və vəzifədən
azad edir.
4.20.
İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə
çağırılır. İdarə Heyətinin
iclaslarının keçirilməsi təşəbbüsü
ilə İdarə Heyətinin üzvü və ya Şura
çıxış edir. İdarə Heyətinin
iclasları üzvlərinin yarıdan çoxu iştirak
etdikdə səlahiyyətlidir. İdarə
Heyətinin iclasında hər üzvün bir səsi olmaqla qərarlar
sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir. Səslərin
sayı bərabər olduqda, İdarə Heyəti sədrinin
(və ya onu əvəz edən digər üzvün) səsi
həlledicidir. İdarə Heyətinin
iclasına münasibətdə bu Nizamnamənin 4.9-cu, 4.11-ci və
4.12-ci bəndlərində nəzərdə tutulmuş
müddəalar tətbiq edilir.
4.21.
İdarə Heyətinin sədri və Baş icraçı
direktor müvəqqəti olmadıqda, onların səlahiyyətlərini
İdarə Heyəti üzvləri arasından sədrin
müəyyən etdiyi şəxs icra edir.
4.22.
İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.22.1.
AİH-in fəaliyyətini təşkil etmək;
4.22.2.
Şuranın qərarlarını icra etmək;
4.22.3. bu Nizamnamə ilə müəyyən
edilmiş vəzifələrin yerinə yetirilməsi
üçün Şuraya təkliflər vermək və sənədlər
təqdim etmək;
4.22.4. aidiyyəti şəxslə dəyəri
AİH-in aktivlərinin 5 faizinədək hissəni təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.22.5.
AİH-in strateji məqsədlərinin və
planlarının, habelə büdcəsinin icrasına nəzarət
etmək;
4.22.6. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.22.7. cari və operativ məsələlər barədə
Şuranı məlumatlandırmaq;
4.22.8.
İdarə Heyəti üzvlərinin müraciətlərinə
baxmaq və qərar qəbul etmək;
4.22.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görmək;
4.22.10.
Şuranın, İdarə Heyəti sədrinin və Baş
icraçı direktorun səlahiyyətlərinə aid edilməyən
bütün digər məsələlər barədə qərar
vermək.
4.23.
İdarə Heyətinin sədri:
4.23.1.
İdarə Heyətinin fəaliyyətini təşkil edir,
iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
4.23.2.
Şuranın, İdarə Heyətinin və Baş direktorun səlahiyyətlərinə
aid edilməyən digər məsələlər barədə
qərar verir.
4.24.
İdarə Heyətinin üzvləri:
4.24.1.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.24.2.
İdarə Heyətinin iclasının gündəliyi ilə
və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
4.24.3.
İdarə Heyətinin qəbul ediləcək qərarlarına
dair fikir bildirirlər;
4.24.4.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə
onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.24.5.
İdarə Heyətinin qərarları ilə, iclas
protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.25.
Baş icraçı direktor:
4.25.1.
AİH-in cari fəaliyyətinə rəhbərlik edir və
onu təmsil edir;
4.25.2. öz təşəbbüsü ilə,
İdarə Heyəti sədrinin, digər üzvünün və
ya Şuranın təşəbbüsü ilə İdarə
Heyətinin iclaslarını çağırır;
4.25.3. öz təşəbbüsü ilə, habelə
İdarə Heyətinin hər hansı bir üzvünün
xahişi əsasında digər şəxsləri İdarə
Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.25.4.
müəyyən edilmiş struktur, əməkhaqqı fondu və
işçilərin say həddi daxilində AİH-in
Aparatının, idarə, filial və nümayəndəliklərinin,
habelə təsərrüfat cəmiyyətlərinin
strukturunu, ştat cədvəlini və xərclər
smetasını təsdiq edir;
4.25.5.
AİH işçilərinin vəzifə
maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməkhaqqı fondu çərçivəsində
təşkil edir;
4.25.6. bu
Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla AİH-in, o cümlədən AİH-in idarə, filial və
nümayəndəliklərinin işçilərinin, habelə
tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat
cəmiyyətlərində isə yalnız rəhbərlərin)
vəzifəyə təyin və vəzifədən azad edilməsi,
onlar barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görülməsi haqqında qərarlar qəbul
edir;
4.25.7.
AİH-in saxlanılması və ona həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi üçün qanunda nəzərdə
tutulmuş mənbələrdən AİH-ə ayrılan vəsaitin
təyinatı üzrə xərclənməsini təmin edir;
4.25.8.
Şura ilə razılaşdırmaqla, AİH-in mərkəzləşdirilmiş
fondlarının yaradılması və onlardan istifadə barədə
qərarlar qəbul edir;
4.25.9.
AİH-in fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı hüquqi aktların layihələrinə
baxır və aidiyyəti üzrə təqdim edir;
4.25.10.
AİH-in əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
4.25.11.
AİH-in fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil edir,
yoxlayır və buna nəzarəti həyata keçirir;
4.25.12.
AİH-in fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili əmrlər, sərəncamlar və
göstərişlər verir;
4.25.13. bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər çərçivəsində
AİH-in adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.25.14. fəaliyyət istiqamətləri üzrə
dövlət sirrinin və məxfilik rejiminin qorunması, habelə
qanunla qorunan digər məlumatların mühafizəsi
üçün tədbirlər görür;
4.25.15.
AİH-in fəaliyyət istiqamətləri ilə
bağlı məşvərətçi komitələr və
işçi qruplar yaradır;
4.25.16.
AİH-in vəzifəli şəxslərinin qanunvericiliyə
zidd olan qərarlarını ləğv edir;
4.25.17.
AİH-də kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.25.18.
AİH-də vətəndaşların qəbulunu və
müraciətlərinə baxılmanı təmin edir;
4.25.19.
Şuranın, İdarə Heyətinin və İdarə Heyəti
sədrinin səlahiyyətlərinə aid edilməyən
bütün digər məsələlər barədə qərar
verir.
4.26.
İdarə Heyətinin üzvləri onun iclaslarında
baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməli, həmçinin Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5.
AİH-in nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1.
AİH-in nizamnamə fondu 10 000 000 (on milyon) manatdır.
5.2.
AİH-in əmlakı nizamnamə fondundan, təsisçinin
verdiyi digər əmlakdan, ilkin mərhələdə fəaliyyətinin
təşkili və saxlanılması xərclərinin maliyyələşdirilməsi
üçün dövlət büdcəsindən ayrılan
vəsaitdən, habelə fəaliyyətindən əldə
olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb
edilən investisiyalardan və qanunla qadağan olunmayan digər
vəsaitdən formalaşır.
5.3.
AİH öz əmlakından yalnız bu Nizamnamə ilə
müəyyən olunmuş məqsədlərə uyğun
istifadə edir, balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli
Fərmanı ilə müəyyən edilmiş qaydada həyata
keçirir.
5.4.
AİH qanunla nəzərdə tutulmuş vergiləri və
digər məcburi ödənişləri müəyyən
edilmiş qaydada ödədikdən sonra AİH-in, onun idarə,
filial və nümayəndəliklərinin, təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər
qurumların fəaliyyətindən əldə olunmuş mənfəət
üzərində müstəqil sərəncam vermək
hüququna malikdir. AİH-in mənfəəti
bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər
üçün yalnız Müşahidə
Şurasının qərarı ilə dövlət büdcəsinə
köçürülə bilər.
5.5.
AİH-in məhsullarının (malların, işlərin,
xidmətlərin) qiymətləri (dövlət müəssisələrinin
ödəyəcəkləri haqqın məbləği
istisna olmaqla) tənzimlənən qiymətlərə aid
deyildir.
6.
AİH-in fəaliyyətinə nəzarətin forması və
əhatə dairəsi
6.1.
AİH-in fəaliyyətinə nəzarəti Azərbaycan
Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə
müəyyən edilmiş qaydada AİH-in idarəetmə
orqanları həyata keçirirlər.
6.2.
AİH-in fəaliyyətinə dair illik hesabat Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilir.
7.
AİH-də uçot və hesabat
7.1.
AİH “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq mühasibat
uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim
və dərc edir.
7.2.
AİH “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları
tərtib və təqdim edir.
7.3.
AİH idarə, filial, nümayəndəlik və təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların
maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4.
AİH öz fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar auditor cəlb edir.
8.
AİH-in ləğvi və yenidən təşkili
AİH-in ləğvini və yenidən təşkilini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
Xalq qəzeti 2020.- 8 avqust.- S.3.