Azərbaycan gəncliyi dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub

Artıq 22 ildir ki, dünyada Beynəlxalq Gənclər Günü qeyd edilir. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-sinin Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar günün əsas hədəfi gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan verməkdir.

Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün zəruri məsələdir. Çünki ölkənin, millətin gələcəyi əsas etibarı ilə gənclərdən ası­lıdır. Onların vətənpərvərlik ru­hunda tərbiyə olunması xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün qürurla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, milli adət-ənənələrimizi, ana dilimizi göz bəbəyi kimi qoruyub yaşa­dır. Cəmiyyət arasında yüksək vətəndaşlıq hisslərinə malik olduğu­nu nümayiş etdirir.

Azərbaycanda gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ümum­milli lider həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi, məhz, gənclərə bağlıdır. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları­nın keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, dövlət proqramlarının qəbulu, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının təzahürü idi. Gənclərlə bağlı digər mühüm sənəd 2002-ci ildə qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanundur. “XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi qurub-yaratmaqinkişaf etdirmək dövrüdür”, – deyən ulu öndərin gəncliyə olan etimadı artıq öz təsdiqini hərtərəfli şəkildə tapır.

Dövlət gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə təsdiq edir. Ölkə rəhbəri kimi fəaliyyətinin ilk dövründə – 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi barədə dövlət başçısı­nın fərman imzalaması gənclərə gündəlik qayğı göstəriləcəyinin ilk sorağı idi. Çox keçmədi ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ilielan edildi və gənclərin ölkə həyatındakı fəallığını xeyli artdı.

Elm və texnologiyanın sürətli inkişafı, post-neft dövrünün baş­lanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan Prezi­dent İlham Əliyev gənclərin intel­lektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnki­şaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni metodlarının tətbiqi zərurəti ilə əlaqədar müvafiq sərəncamla “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olundu­ğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradı­cı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informa­siya-kommunikasiya texnologiya­larından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Doqquz il əvvəl Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması ölkəmizdə gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur.

Prezident İlham Əliyev gənc kadrların irəli çəkilməsi ilə bağlı ar­dıcıl olaraq əməli addımlar atır. Ölkə rəhbəri gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Hazırda öz sıralarında 200 minədək gənci birləşdirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bir sıra dövlətin hakim partiyala­rının gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Gənc kadrların yüksək vəzifələrə irəli çəkilməsi, na­zir, komitə rəhbəri, icra hakimiyyəti başçısı kimi məsul vəzifələrdə eti­madı doğrultması son illərdə dövlət gənclər siyasətinin aşkar uğurları­dır. İdarəetmənin, ictimaisosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir.

Ölkəmizdə gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yüksək şərait və imkan yara­dılmışdır. Azərbaycanda dövlət qeydiyyatından keçmiş 170-dən çox gənclər təşkilatı vardır, minlərlə gənc lider yetişmişdir. Onların xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Azərbaycan gəncliyi bu gün Avropa Gənclər Forumu, Dünya Türk Gənclər Birliyi, GUAM ölkələri Gənclər Forumu, İslam Konfransı Gənclər Forumu, Avropa Tələbələr Forumu, ümumilikdə Avropanın və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur. Ötən ay dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan ordusunun törətdiyi hərbi təxribata cavab olaraq dün­yanın bir çox şəhərlərində yaşayan və ürəyi daim vətənlə döyünən gənclərimizin təşkil etdiyi mütəşəkkil etiraz aksiyaları sabahımızın sahiblərinin düzgün yolda olduqları­nı bir daha təsdiqlədi.

Dövlətimizin başçısının da­vamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Birinci vitse-prezident Mehri­ban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanımın rəhbərliyi ilə yaradılmış Heydər Əliyev Fondunun təhsilin inkişa­fı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldı­rılması istiqamətindəki fəaliyyəti təqdirəlayiqdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri, ilk növbədə, vətənpərvərlikdən irəli gəlir. Fond tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr də yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlqələndirilməsində mühüm rol oynayır.

Gənclər siyasətində idma­nın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısı­nın ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl id­man ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində Olimpiya-İdman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionat­larında uğurlu çıxışları buna əyani sübutdur. Bu gün respublikamızda 47 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərir. Koronavirus pan­demiyasının dünyanı bürüdüyü cari ildə – iyin ayında Tərtər və Yardımlı rayonlarında da yeni möhtəşəm idman komplekslərinin istifadəyə verilməsi fərəh doğuran haldır. Beynəlxalq yarışlarda qələbə qa­zanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.

Beynəlxalq idman yarışlarında qazanılan nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın “Rio 2016” XXXI Yay Olimpiya Oyunların­da 18 medal qazanaraq 14-cü yerdə qərarlaşmışdır. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı 2015” birinci Avropa Oyunlarında 2-ci, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında 1-ci yeri tutması, inişil şahmatçılarımızın üçüncü dəfə Avro­pa çempionu olmaları gənclərimizin son illərdə qazandıqları uğurların əyani göstəriciləridir. Azərbaycanın idman sahəsində daha bir mötəbər uğuru Bakıda keçirilən XV Avro­pa Gənclər Olimpiya Festivalında əldə edildi. “Zirvələrə hazırıq!” devizi altında keçirilən “Bakı 2019” Festivalı paytaxtımızın 12 idman obyektində yeddi gün davam etdi, mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü üzrə yarışlar­da mübarizə apardı. Biz bu festivalı ən yüksək səviyyədə təşkil etməklə yanaşı, idmançılarımız da parlaq qələbələr qazandılar. Belə ki, festi­valda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan komandamız 4-cü pilləyə yüksəldi.

Prezidentin təşəbbüsü ilə cari ilin “Könüllülər ilielan olunması da gənclərə olan etimadın təsdiqidir. Bildiimiz kimi, cəmiyyətdə ilk addımlarını atankaryerada uğur qazanmaq istəyən gənclərin yüksəlişində könüllülük fəaliyyətinin rolu böyükdür. Könüllülük bir hərəkat kimi, sosial statusundan asılı olmayaraq, bu yolu məqsəd seçən hər kəsin qarşısında geniş üfüqlər açır. Artıq neçə ildir ki, ölkəmizin hər yerində yayılan bu hərəkat həm birgə fəaliyyətin uğurlu formatı, həm də vətənpərvərlik məktəbi, milli-mənəvi dəyərlərə bağlılıq örnəyidir. Könüllülər öz kreativliyi, təşəbbüskarlığı, in­novativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Bakıda Avroviziya Mahnı Müsabiqəsi, I Av­ropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərdə könüllülər əvəzsiz rol oynayıblar. Ötən il 5 de­kabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilən və bu hərəkata qoşulanla­rın hamısını əhatə edən Könüllülük Həftəsi fəaliyyətin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.

Könüllülük bir çox fəaliyyət sahələrinə də nüfuz edərək ümum­milli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edir. Bu, artıq bir həyat tərzidir. ASAN, “Regional İnkişaf” İB, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları həmin “bulaqdan su içir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları forma­laşıb. Onlar bu gün “COVID-19” pandemiyası şəraitində gərəkli fəaliyyətləri ilə cəmiyyətin təqdirini qazanırlar.

Hazırda Azərbaycan öz ta­rixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Ölkəmiz dünya birliyində layiqli yerini tutur. Eyni zamanda suverenliyin qorunub möhkəmləndirilməsi, ərazi bü­tövlüyünün təmin olunması, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin sosial problemlərinin həlli qarşıda duran mühüm vəzifələrdir. Gənclərimiz XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin əsas ağırlığının məhz onların üzərinə düşdüyünü aydın dərk edirlər. Azərbaycan gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayırlar, öz həyat və yaradıcılıq qabiliyyətlərini xalqa, Vətənə və dövlətə həsr etməyə hazırdırlar.

 

Əli NƏCƏFXANLI

Xalq qəzeti  2020.- 16 avqust.- S.5.