Vətəndaşlarımızın rifahı, sosial təminatı və rahatlığı

Görülən işlərin kökündə bu məqsədlər dayanır

Dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizəni davam etdirməkdədir. Bu mübarizə artıq zərurət halını alıb və bütün ölkələrin, demək olar ki, siyasətinin əsas prioritetinə çev­rilib. Hazırda hər bir ölkə pandemiyanın təsirlərini minimuma endirmək üçün səylə çalışır. Azərbaycanda bu infeksiya ilə mübarizədə vəziyyətin necə olması ilə əlaqədar 6 avqust 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirilib.

Dövlət başçısının həm avqustun 6-da keçirdiyi müşavirə, həm bundan öncəki müşavirələri, region­lara səfərləri zamanı vətəndaşlarla görüşləri və görülən tədbirlərin vətəndaşlarımıza çatdırılması bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyası başlayandan bu günədək məsələni bütövlükdə öz nəzarətinə götürüb və lazım olan bütün tədbirlər böyük dəqiqliklə həyata keçirilir.

Bu ilin fevral ayından başlayaraq, ölkə başçısının göstərişləri, fərman və sərəncamları ilə olduqca böyük işlər görülüb . Cənab Prezident son müşavirədə də bu məsələlərə toxunaraq ümumiləşmiş şəkildə öz münasibətini bildirdi. Burada əsas olan ölkə başçısının məsələyə komp­leks şəkildə yanaşması, ən qabaqcıl dünya təcrübələrini ölkəmizdə tətbiq etməsidir. Kompleks şəkildə həyata keçirilən səhiyyəyönümlü, iqtisadiyö­nümlü və biznesyönümlü tədbirlərlə yanaşı, ən əsası, sosialyönümlü tədbirlər də həyata keçirildi.

Prezident İlham Əliyevin pande­miya ilə mübarizə tədbirləri başla­mazdan öncə söylədiyi fikir bu gün də yaddaşlardadır : “Bizim üçün ən önəmli Azərbaycan vətəndaşının sağ­lamlığıdır”. Məlumdur ki, pandemiya dövründə bəzi ölkələr əsas diqqəti hansı sahəyə yönəldəcəyini, iqtisadiy­yatı, yoxsa insanların həyatını xilas etmələri haqqında çoxlu tərəddüdlər yaşadı. Məntiqlə düşünəndə hər ikisi də o qədər vacibdir ki, dövlətin, necə deyərlər, ayaqüstə qalması üçün hər iki məsələ vacibdir. Prezident İlham Əliyevin söylədiyi “Azərbaycan vətəndaşının sağlamlığı bizim üçün prioritetdir və Azərbaycan vətəndaşının sosial rifah halı, sosial müdafiəsi bizim daxili siyasətdə həmişə öncül bir siyasətdir” fikri dövlətimizin hansı yolu seçdiyini açıq şəkildə ortaya qoyur.

Azərbaycan vətəndaşlarının sağ­lamlığının qorunması ilə bağlı bu gün 46 klinika koronavirusla mübarizəyə cəlb olunub. Bu klinikaların yarısın­dan çoxu cənab Prezidentin vaxtında verdiyi fərman və sərəncamlarla ti­kilmiş və ən müasir tələblər üzərində yenidən qurulmuşdur. Ölkə başçısı modul tipli klinikaların qurulması ilə bağlı zamanında qərar verdi. Bu gün, demək olar ki, onların hamısı qurulub və vətəndaşların istifadəsinə verilib. Eyni zamanda, yaxın keçmişdə FHN xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib. Bundan əlavə, iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi kimi addım­lar da ölkə başçısının hətta ən kritik ssenari üçün belə hazırlıqlı olduğunu sübut edir.

Azərbaycanda 2020-ci ilin ilk ya­rısı, demək olar ki, karantin rejimində keçdi. Buna baxmayaraq, ölkədə 2018–2019-cu ildə həyata keçirilən islahatlar 2020-ci ildə də səngimədən davam etdi. Belə ki, bu ilin 6 ayı ərzində sosial proqramlar ixtisarsız həyata keçirildi. Hər ay təxminən 2,3 milyona yaxın vətəndaşa dayanıq­lı şəkildə sosial yardım göstərildi. Cənab Prezidentin də qeyd etdiyi kimi, vətəndaşların, xüsusilə, işsiz vətəndaşların sosial müdafiəsinin ön plana çıxması, qeyri-formal fəaliyyətlə məşğul olan insanların işsiz qalmaması, yaşayış minimumu həcmində vəsaitin ayrılması, icti­mai işlərə cəlb olunması üçün haqqı ödənilən ictimai işlərin kvotasının iki dəfəyə yaxın artırılması–90 minə çat­dırılması kimi mühüm addımlar atılıb. Sosial göstəricilərə nəzər saldıqda, orta aylıq əməkhaqqının 6 ay ərzində 25 faizli, pensiyaların 27 faizli artımı­nı müşahidə edirik.

Pandemiya ilə bağlı sosial sahədə görülən tədbirlərlə əlaqədar cənab Prezidentin mövqeyi də belə oldu ki, ilin sonuna qədər bütün proq­ramlar davam etdirilməlidir. Ka­rantin rejiminin tətbiqi ilə əlaqədar gəlirini müvəqqəti itirmiş qeyri-formal sektorda çalışan aztəminatlı vətəndaşlar üçün də xüsusi proqram hazırlandı. Proqramın mahiyyəti 190 manat yaşayış minimumu həcmində olmaqla bu kateqoriyadan olan şəxslərə ödənişin verilməsindən ibarətdir. Bir ay ərzində hazırlanan bu proqram sayəsində 100 minlərlə şəxs heç bir yerə getmədən və heç bir sənəd təqdim etmədən müvafiq qiymətləndirilmə prosesindən keçərək sözügedən müavinətlə təmin olundu. Aprel və may aylarında 600 min şəxsə ödənişlər həyat keçirildi ki, bu ödənişlərə dövlət tərəfindən 225 mil­yon manat vəsait sərf olunmuşdur.

Bildiyimiz kimi, iyun ayında karantin rejimi bir qədər yumşaldıldı. Amma bu yumşaldılma nəticəsində bəzi rayonlarda yoluxmaların sayı artdı və bununla əlaqədar olaraq operativ qərargah ölkənin 16 şəhər-rayonunda xüsusi karantin Rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Buna uyğun olaraq ölkə başçısı­nın tapşırığına əsasən, 290 min nəfərə təkrar bu ödənişin həyata keçirilməsi təmin edildi və bu məqsədlə 55 milyon manat vəsait istifadə olundu. Qeyd edək ki, 6 avqust tarixində koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformat­da keçirilən müşavirədə ölkə başçısı xüsusi karantin rejiminin davam etdi­yi 13 şəhər və rayon üzrə ödənişlərin aparılması ilə bağlı qərar qəbul etdi. Hesablamalara görə, bu, 270 min nəfəri əhatə edəcək bu proqrama da 53 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Ümumilikdə, bu proqrama baxdıqda görərik ki, dövlət tərəfindən bu proqrama 330 milyon­dan yuxarı vəsait xərclənmişdir.

Həmçinin dövlət sektorunda çalışan 900 mindən çox vətəndaşın bir hissəsi karantin dövründə işləmədi və ya növbəlilik əsasında , evdən işlədi ki, onlar da tam həcmdə öz əməkhaqlarını ala bildilər. Özəl sektorda çalışan 300 minə yaxın vətəndaşın əməkhaqlarının tam və ya qismən şəkildə dövlət büdcəsi hesabına kompensasiyası təmin olundu. Beləliklə, deyə bilərik ki, pandemiya dövründə görülən kompleks tədbirlər öz nəticələrini verdi. İş yerlərinin böyük əksəriyyəti qorunub saxlanıldı, vətəndaşların sosial müdafiəsi təmin olundu. Bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycanda sosial paketlə yanaşı, iqtisadi paket də hazırlanıb və artıq tətbiq olunmaqdadır. Ölkə başçısının 6 avqust tarixli müşavirədə qeyd etdiyi kimi, bu paketlər xeyli sayda vətəndaşımızın dövlətdən birbaşa yardım almasına şərait yarat­dı. 300 minə yaxın fərdi sahibkara minimum 250 manatlıq, maksimum 5 min manatlıq dövlət yardımları həyata keçirildi. İqtisadi paket də sosial paket kimi dövlət dəstəyinin artırılması və dövlət yardımlarının həyata keçirilməsini özündə ehtiva etdi. Eyni zamanda, iqtisadi paket birbaşa dövlət yardımı deyil, strateji olaraq sahibkarların və iqtisadiyyatın daha çox dəstəklənməsini nəzərdə tutur. Həmçinin birbaşa yardımlarla yanaşı, iki mühüm iqtisadi paket də təsdiq olundu. Onlardan biri vergi güzəştləri paketi idi ki, pandemiyadan əziyyət çəkən 20 fəaliyyət sahəsində çalışan sahibkarlara vergi güzəşti təklif edildi və bu, tətbiq olunur. Bu paketdə əmlak və torpaq vergisinin sıfırlanması, icarə vergisinin və sadələşmiş verginin iki dəfə azal­dılması, mənfəət və gəlir vergisinin güzəştlərinin tətbiq edilməsi kimi çox fərqli güzəştlər mövcuddur. Nəticə etibarilə sahibkarlara daha aşağı vergi güzəştlərindən hətta bəzi istiqamətlər üzrə sıfır dərəcədən istifadə etməklə xərclərinin minimuma endirmək im­kanı verildi. Eləcə də digər istiqamət üzrə güzəştli kredit portfelinin tətbiqi sahibkarlara yarım milyard manatlıq güzəştli kreditin təqdim edilməsinə imkan yaratdı. Sahibkarlara təqdim edilən 500 milyon manatlıq güzəştli kredit paketinin 60 fazinə dövlət zəmanət verdi. Eyni zamanda, kredit faizlərinin yarısı, yəni 50 faizi dövlət tərəfindən kompensasiya olunur. Bu paket, həqiqətən də, çox şaxəlidir. Belə ki, bir tərəfdən sahibkarın əldə etdiyi güzəştli kreditə dövlət zəmanəti var, digər tərəfdən isə sahibkar kredit faizinin cəmi 50 faizini ödəyir.

Bu gün Azərbaycanın maliyyə im­kanlarının və eyni zamanda, pandemi­yaya iqtisadi baxımdan çevik reaksiya verməsinin əsas səbəblərindən biri əvvəlki illərdə aparılan iqtisadi isla­hatlardır. Xüsusən də kölgə iqtisadiy­yatına qarşı mübarizə, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsi ilə bağlı son illər aparılan islahatlar nəticə etibarilə 2020-ci ildə məhz sadalanan tədbirlərin həyata keçirilməsi üçün maliyyə bazası formalaşdırdı. Qeyri-formal məşğulluğun rəsmiləşdirilməsi, məşğulluq sektorunun ağardılması və iqtisadiyyatın ağarması prosesi, həmçinin büdcə gəlirlərinə də təsir göstərir. İqtisadiyyat ağardıqca, şəffaflaşdıqca sahibkarlıq subyektləri bu güzəştlərdən daha çox faydalan­maq, paketlərdən daha aktiv istifadə etmək imkanları qazanır. Bu isə sahibkarların, bir tərəfdən birbaşa maliyyə dəstəyi ilə dəstəklənməsinə, digər tərəfdən güzəştli paketlərin tətbiq olunması yolu ilə onların güzəştli kre­dit imkanlarına çıxışının artırılmasına və bütövlükdə xərclərinin azaldıma­sına şərait yaratdı. Bu da, təbii ki, pandemiya dövründə iqtisadi sektora dövlət dəstəyinin güclənməsindən xəbər verir.

2020-ci ilin dövlət büdcəsi təsdiq olunan zaman, ümumiyyətlə, pandemiya məsələsi gündəmdə deyildi. Bəlkə də pandemiya ol­masaydı, bugün büdcənin tətbiqini müzakirə edər, büdcənin artıq gələn gəlirlərini aidiyyəti üzrə istiqamətlərə xərclənməsindən danışılardı. Çox təəssüf ki, heç kəsin gözləmədiyi, proqnozlaşdırmadığı pandemiya dün­yanın iqtisadi-sosial planlarını alt-üst etmiş oldu. Amma Azərbaycanda iqti­sadiyyatın balanslı şəkildə idarə olun­ması bu proseslərdən kifayət qədər az itki ilə çıxmağa şərait yaratdı. Cənab Prezidentin vaxtında apardığı komp­leks tədbirlər ölkə iqtisadiyyatının həddən artıq zərər çəkməsinə imkan vermədi. Bu ilin birinci yarısında ölkənin iqtisadi göstəricilərində o qədər də geriləmə müşahidə edilmədi, xüsusilə birinci rübdə yaxşı iqtisadi göstəricilər əldə olundu.

Daha irəli bir perspektivə ilin ikinci yarısı və hətta gələn ilə baxsaq ölkə büdcəsinin optimallaş­dırılması və daha ehtiyatlı bir büdcə tənzimlənməsi üçün çox vacib bir zərurət vardı. Bu ilin büdcəsi qəbul olunan zaman neftin qiyməti optimal olaraq 55 dollardan götürülmüşdü. Ancaq 2020-ci ilin aprel ayında neftin qiyməti çox ciddi şəkildə aşağı düşdü və bunu nəzərə alan rəsmilərimiz büdcəyə olan dəyişiklikdə nef­tin qiymətinin 35 dollardan götürülməsinə qərar verdi. Qeyd edək ki, büdcədə 0,8 faizlik azalma var, amma bu azalma sosial müdafiə və sosial təminatı heç bir şəkildə məhdudlaşdırmayacaq. İnsanlar pen­siyalarını, müavinətlərini, təqaüdlərini vaxtı-vaxtında alacaqlar. 6 avqust tarixli müşavirədə cənab Prezident qarşıya başqa bir məqsəd də qoydu ki, hətta koronavirus pandemiyası dövründə belə köməyə ehtiyacı olan şəxslərin, ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində işlər görülməlidir. Məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının, əlillərinin mənzillə təminatı ötən ildəkinə nisbətən daha geniş layihələr şəklində həyata keçirilməlidir. Ehtiya­cı olan şəxslərin minik avtomobilləri ilə təminatı, reabilitasiya vasitələri ilə təmin olunması bu il də davam edəcəkdir. Yəni bu proqramların heç birində məhdudlaşma olmayacaq. Büdcədə edilən dəyişiklik sosialyö­nümlü tədbirlərə heç bir şəkildə təsir göstərməyəcək. Bu ilin büdcəsi bir qədər ehtiyatlı olsa da, tam balans­laşdırılmış büdcədir və ona yenidən baxılmasının əsas mahiyyəti ondan ibarətdir ki, ilin sonuna qədər qarşıya qoyulan bütün sosial-iqtisadi proq­ramlar kəsirsiz yerinə yetirilsin.

Prezident İlham Əliyev müşavirədə dövlət şirkətlərində itkilərin dövlət hesabına aradan qaldırılması tendensiyasına son qo­yulması məsələsinə də toxunmuşdur. Məlumdur ki, dövlət şirkətlərinin ölkə iqtisadiyyatında xüsusi çəkisi var və bəzi qurumların büdcə vəsaitlərindən səmərəsiz istifadəsi ölkə başçısının da qeyd etdiyi kimi, “Azərbaycan iqtisadiyyatını aşağı aparır”. Bunu nəzərə alan cənab Prezident dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə 2020-ci il avqustun 7-də “Azərbaycan İnvestisiya Holdinqi “ publik hüquqi şəxsin yaradılması ilə bağlı müvafiq fərman imzaladı. Şübhəsiz ki, AİH dövlətə məxsus payı olan şirkət və müəssisələrin fəaliyyətində müsbət dəyişikliklər yaradacaq və ölkəmizdə liberallaşma prosesinin başlanmasına start verəcək.

Pandemiya dövründə, xüsusilə, cəmiyyətin həssas təbəqəsinə göstərilən və bundan sonra da göstəriləcək qayğı ilə bağlı müşavirədə cənab Prezident mühüm məqamlara toxundu. Pandemiya ilə əlaqədar müəyyən ciddi məhdudiyyətlər var, lakin buna baxmayaraq ölkə başçısının mövqeyi bundan ibarətdir ki, burada insan amili önə çəkilməli, heç bir sosi­al xarakterli proqramların azalmasına yol verilməməli və əksinə bu proqram­ların əhatə dairəsi genişləndirilməli və gücləndirilməlidir. Bəli, bundan da bir daha aydın olur ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil təminatı proqramı hər zaman ölkə başçısının diqqətindədir. 2018-ci ildən başlayaraq, bu proqramın əhatə dairəsi genişləndirilmişdir. Belə ki, 2018-ci ildə bu proqram 3 dəfədən çox genişləndirilib: 626 vətəndaşa mənzil verilib, 2019-cu ildə isə bu proqram 50 faizə yaxın genişləndirilidi – 934 vətəndaş mənzillə təmin edildi. Bu il isə ölkə başçısının qarşıya qoyduğu hədəf kimi bu proqrama cəlb olunan vətəndaşların sayı 1500-ə çatdırı­lacaq ki, bu da rekord göstəricidir. Ümumilikdə i sosial sahə ilə bağlı görülən tədbirlərə baxsaq, pandemiya dövründə dövlət tərəfindən görülən tədbirlərlə 5 milyona yaxın vətəndaşı əhatə edən sosial paketin təsdiqlədiyini görərik. Dünyada ikinci belə bir ölkə yoxdur ki, pandemiya dövründə ölkə əhalisinin 50 faizinə birbaşa dövlət dəstəyi göstərilsin.

Bütün bu tədbirlərə nəzər salanda aydın olur ki, ölkədə həyata keçirilən məqsədyönlü siyasətin mərkəzində şəffaflıq, sosial ədalətin bərpası ilə bağlı məsələlər durur. Ölkənin əldə etdiyi maliyyə vəsaitləri məhz əhalinin sosial müdafiəsinin, əhalinin gəlirlərinin təmin olunmasının, vətəndaşların məşğulluğu ilə bağlı tədbirlərin müəyyənləşdirilməsinə yönəldilir. Beləliklə, ölkə başçısı tərəfindən görülən tədbirlər deməyə imkan verir ki, ölkədə çox ciddi sosial müdafiə və təminat sistemi yaradılıb, bu sistem dayanaqlıdır və əhalinin etibarlı müdafiəsini təmin edir.

İsmayıl ƏLİYEV,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini

Xalq qəzeti  2020.- 15 avqust.- S.6.