Azərbaycan Ordusunun unudulmaz İyul zəfəri

Bu gün biz güclü ordu yaratmışıq. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

İfrat millətçilik ideologiyasının məngənəsində sıxılan işğalçı Ermənistanın indiki naşı və avantürist rəhbərliyi 30 ildən artıq müddətdə bu perspektivsiz siyasətin qurbanına çevrilmiş erməni xalqının diqqətini ölkədə yaranmış çıxılmaz böhrandan yayındırmaq, imperialist dairələr arasında manevr edərək yeni siyasi dəstək qazanmaq xülyası ilə bu il iyulun 12–15-də sərhədin Tovuz rayonu sahəsində irimiqyaslı hərbi təxribat törətdi. Azərbaycan Silahlı Qüvvələri düşmən dövlətin yeni işğalçılıq cəhdinin qarşısını dərhal və qətiyyətlə aldı, igid əsgər və zabitlərimiz qarşı tərəfə sarsıdıcı zərbələr endirdi.

 

Azğınlaşmış düşmənin hərbi təcavüzünün dayandırılması, onun qeyd-şərtsiz yerində oturdulması, şübhəsiz ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində və qanlı döyüş əməliyyatları silsiləsində xalqımızın qazandığı şanlı qələbələrdən biridir. 4 il əvvəlki Aprel döyüşlərinin dərslərindən hələ də lazımi nəticə çıxarmamış düşmən hər hansı bir döyüş əməliyyatında kiçikolsa uğur qazanmağa olan ümidini bu dəfə də itirdi.

Əlbəttə, bu təxribatın qarşısının, düşmənin gözləmədiyi bir halda, asanlıqla və bütünküklə alınmasında Azərbaycanın dövlət rəhbərliyinin qətiyyəti və məharətli təşkilatçılığı, ordu komandanlığının səriştə və peşəkarlığı, Azərbaycan əsgər və zabitlərinin qeyrət və fədakarlığı bütün xalqımızın coşqun iradəsi ilə birləşərək güclüvahid bir axına çevrildi. Bu sarsılmaz iradə və yüksək döyüş əzmi Azərbaycan dövlətinin qüdrətini, xalqımızın yenilməz gücünü ortaya qoydu. Həmin saatlarda və günlərdə böyükdən-kiçiyə hər bir soydaşımız cəbhədə düşmənlə üzbəüz vuruşan hərbçilərimizə dəstək oldu. Azərbaycan o günlərdə özü boyda bir mübarizə meydanına çevrildi, xalqımız bütün dünyanı heyrətə salacaq bir həmrəylik nümayiş etdirdi.

Ötən bir ayda Tovuz hadisələrini qiymətləndirərkən baş verənlər bizim üçün təkcə qəfil hücumu ilə təcavüzkar məqsədindən əl çəkmədiyini bir daha nümayiş etdirən düşmənin yerində oturdulması ilə əlamətdar deyil. Bu hadisələr, eyni zamanda, onu da göstərdi ki, Azərbaycanın dövlətçilik həyatında xüsusi bir yeri olan Ali Baş Komandanlıq institutu da kifayət qədər yetkin bir qurum kimi formalaşıb. Prezident İlham Əliyevin rəhbərılik etdiyi bu qurum Azərbaycanın dövlət maraqlarının müdafiəsində uğurlu fəaliyyət ilə müstəqillik tariximizə şərəfli səhifələr yazmaqdadır.

Ali Baş Komandanlıq mahiyyət etibarilə ölkə daxilində hərbi və siyasi hakimiyyətin bir əldə cəmləşdirilməsi deməkdir. Bu anlayış siyasi dövriyyəyə ilk dəfə XVII əsrdə gətirilsə də, onun ifadə etdiyi məzmuna hələ qədim dövrlər tarixindən rast gəlmək mümkündür. Qədim zamanlarda Makedoniyada İsgəndər, Roma imperiyasında Sezar kimi böyük fatehlərin timsalında hərbi və siyasi hakimiyyətin birləşdirilməsinin nümunələri dünya tarixində silinməz izlər qoymuşdur. Azərbaycanın qədim və orta əsrlər tarixində də hərbi və siyasi hakimiyyətin bir adamda birləşdirilməsinin bir sıra nümunələri mövcuddur. XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalına qədər Azərbaycan torpaqlarında yaranmış dövlətlərin hamısında hərbi və siyasi hakimiyyət birləşdirilmişdi. Bu dövlətlərin rəhbərləri həm də qoşunların rəhbərləri idilər.

Rəsmi şəkildə isə “ali baş komandan” ifadəsi dünya siyasətində ilk dəfə XVII əsrdə İngiltərə, Şotlandiyaİrlandiya kralı I Karl tərəfindən imzalanmış sənədlərdə öz əksini tapmışdır. Lakin o zaman ali baş komandan yalnız birləşmiş qoşunların ümumi rəhbəri üçün nəzərdə tutulmuş ifadə idi. Ali baş komandan anlayışının müasir təcrübəsinin formalaşması isə XX əsrin 30–40-cı illərinə təsadüf edir. İkinci dünya müharibəsi isə ali baş komandanlıq institutunun formalaşmasını dövlət idarəçiliyinin aktual məsələlərindən birinə çevirdi və hazırda bu təcrübə demək olar ki, dünyanın bütün dövlətləri tərəfindən istifadə olunmaqdadır.

Ali baş komandanlıq institutunun formalaşdırılması zəruriliyi, əslində, hər bir dövlətin əl atmaq məcburiyyətində qaldığı hərb işinin mahiyyətindən irəli gəlir. Təəssüf ki, irili-xırdalı müharibələr bu gün də bəşəriyyətin cığırdaşı olaraq qalmaqdadır və tarixi inkişaf isə heç də onların baş vermə ehtimalını aradan qaldırmamışdır. Təcavüzkar dövlət üçün müharibənin başlanması və hücuma məruz qalan üçün onun qarşısının alınması hər iki tərəfdən çox böyük canlı və maddi ehtiyatlarının hərəkətə gətirilməsini, bu işə rəhbərliyin mərkəzləşdirilməsini obyektiv zərurətə çevirir. Əks təqdirdə, müharibənin artan ehtiyaclarını ödəmək və ondan qalib çıxmaq mümkün olmaz.

Bu baxımdan, dövlət aparatının çevik və davamlı fəaliyyət göstərməsi, ölkənin iqtisadi və səfərbərlik ehtiyatlarının hərb işi ilə səmərəli uzlaşdırılması müharibənin aparılması üçün həyati əhəmiyyət kəsb edən vaxt itkisini aradan qaldırmağa imkan verər. Ali baş komandanlıq institutunun yaradılmasında məqsəd də məhz müharibə və ya ona hazırlıq dövründə hərbi-siyasi idarəçiliyin çevikliyinə nail olunmasıdır. Çünki ölkənin və cəmiyyətin bütün ehtiyatlarını öz əlində cəmləmiş olan dövlət rəhbəri onlarıln birbaşa hərbi ehtiyaclara istiqmətləndirilməsi imkanlarına malikdirbununla bağlı onun hər hansı bir orqan qarşısında məsələ qaldırmasına ehtiyac da qalmır. Hərbi ehtiyacların müəyyənləşdirilməsinin və onların aradan qaldırılmasının bir şəxsdə cəmlənməsi isə qarşıda duran vəzifələrin daha çevik həll edilməsinə şərait yaradır.

Beləliklə, ali baş komandan cəmiyyətin və dövlətin bütün potensialını səfərbərliyə almaqla ölkənin müdafiəsinin təmin və təşkil edilməsinin bütün məsuliyyətini öz üzərinə götürmüş ali vəzifəli və səlahiyyətli bir şəxsdir. Bu səlahiyyət, bir qayda olaraq, ölkə prezidentinə və ya dövlətin ali səlahiyyətli şəxsinə həvalə olunur.

Azərbaycanın dövlətçilik həyatında ali baş komandan institutunun nə dərəcədə əhəmiyyət kəsb etməsini elə yaxın tariximizdən də görmək mümkündür. Müstəqilliyin bərpasının ilk illərinin hərbi uğursuzluqlarının başlıca səbəblərindən biri, məhz, ali baş komandanlıq institutunun vaxtında yaradılmaması və ya tam formalaşdırılmaması idi. Bunun nəticəsi idi ki, ilk vaxtlar ölkənin potensialının hərbi məqsədlər üçün düzgün idarə edilməsinə nail olunmadı. Dövlətin rəhbərliyi isə orduya rəhbərliyi öz nəzarəti altına gətirə bilmədi.

Nəticədə, o dövrdə ordu rəhbərliyi milli maraqların müdafiəsindən kənarda qalmış, idarəolunmaz bir zümrəyə çevrilmişdi. Bunu elə o zamankı respublika rəhbərləri də öz açıqlamalarında etiraf etmişdilər. Dövlət idarəçiliyində yaranmış xaos və özbaşınalıq isə sonda Azərbaycanın müdafiəsində məlum ağır nəticələrə gətirib çıxarmışdı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev iyul ayının 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da müstəqilliyin ilk illərində Azərbaycanın rastlaşdığı bir çox bəlaların, məhz, bu xaosla bağlı olduğunu bildirdi: “O vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar (ermənilər–M.S.) bundan istifadə edib torpaqlarımızı zəbt etdilər”. Bu xaosanarxiya ölkəmizdə ali baş komandanlıq institutunun vəziyyətində də özünü göstərmişdi. Əslində, həmin illərdə bu institutun işlək və real bir qurum kimi mövcudluğundan söhbət açmaq da mümkün deyildi.

Azərbaycanda ali baş komandanlıq institutunun formalaşdırılması və onun dövlət idarəçiliyində strateji bir quruma çevrilməsi ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasi kursunun sadiq davamçısı cənab İlham Əliyevin Prezidentliyi dövründə isə bu institut öz inkişafının daha yüksək səviyyəsinə qalxaraq ölkənin müdafiəsinin bütün məsuliyyətini öz üzərinə götürmüşdür. Ölkənin hərbi-strateji orqanlarını özündə birləşdirən Ali Baş Komandanlığın bütün fəaliyyəti, sözsüz, cənab İlham Əliyevin şəxsində təmsil olunan Ali Baş Komandan tərəfindən müəyyənləşdirilir, planlaşdırılır və onun təşkilatçılığı altında da həyata keçirilir.

Bu təsisat kifayət qədər məxfi bir fəaliyyət sahəsidir və onun məsuliyyəti, işinin gərginliyi, ölkənin ali maraqları ilə bağlı qarşıya çıxan sınaqlardan necə çıxması, idarəçilik və təşkilatçılıq məsələləri geniş ictimaiyyət üçün açıq olmayan mövzudur. İnsanlar isə daha çox yüksək və dəqiq təşkilatçılıqla, mövcud potensialın məqsədyönlü və səmərəli şəkildə səfərbərliyə alınması və bütün reallıqların düzgün ölçülüb-biçilməsi ilə əldə edilmiş nəticələri görəndən sonra Ali Baş Komandanın fəaliyyətinə öz münasibətlərini ifadə edirlər.

 Yeri gəlmişkən, xatırladaq ki, Tovuz hadisələri ilə bağlı istər Müdafiə Nazirliyinin mətbuat xidməti, istərsə də kütləvi informasiya vasitələri operativ-zəruri məlumat yaysa da, ölkə Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi bu hadisələrin idarə edilməsi ilə bağlı fəaliyyətinin bütün detallarını açıqlamaq və göstərmək, sözsüz ki, mümkün deyil. Bunu ölkə PrezidentiAli Baş Komandan İlham Əliyev özü də Nazirlər Kabinetinin iyulun 15-də olmuş iclasında etiraf edirdi: “Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı”.

 XIX əsrin birinci yarısında yaşamış böyük hərb filosofu Klauzevits özünün bu gündünya hərb nəzəriyyəçiliyinin zirvəsi sayılan “Müharibə haqqında” əsərində yazırdı ki, siyasi və hərbi hakimiyyəti özündə birləşdirən dövlət rəhbərinin məharəti yeni tətbiq edilən ideyanın səs-küylü görünüşündə deyil. Əksinə, burada heyranlığa səbəb sakit halda qərarlaşdırılmış məqsədin uğurla sonluğa çatması, planlaşdırılan və həyata keçirilən bütün fəaliyyətin səssiz harmoniyasıdır.

Bu sözləri, bütünlüklə, Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi altında Tovuz hadisələrinin uğurla başa çatdırılmasına da şamil etmək olar. Döyüş əməliyyatları zamanı pafoslu görüntü yaradılmadan Azərbaycan dövlətçiliyinə qarşı istiqamətlənmiş və arxasında böyük dövlətlərin dayandığı son dərəcə məkrli bir təxribatın qarşısı İlham Əliyevə xas olan bir inam və soyuqqanlıqla alındı. Bu zaman onun dövlətçilik məsuliyyəti ilə əməli fəaliyyəti məntiqi bir harmoniyada üzə çıxdı.

Əlbəttə, Tovuz hadisələrinin Azərbaycan dövlətçiliyi üçün uğurlu sonluğu İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir əməli nəticəsidir. Geniş planda isə Tovuz uğuru Azərbaycan dövlətçiliyinin uğurudur. Dövlətçiliyin möhkəmləndirilməsi üçün qarşıda duran strateji-müdafiə vəzifələrinin yönlərini isə Ali Baş Komandan İlham Əliyev belə açıqlamışdır: Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi; güclü müdafiə qüvvələrinin yaradılması, ölkənin haqq işinin beynəlxalq aləmdə daha geniş şəkildə dəstəklənməsi; xalqla iqtidar arasında möhkəm birliyə nail olunması, ölkə daxilində siyasi-iqtisadi sabitliyi, mübariz mənəvi əhval-ruhiyyənin qorunub saxlanması və s.

Bu gün qarşıya qoyulmuş bu vəzifələr artıq reallığa çevrilmişdir. Məhz bunun nəticəsidir ki, Tovuz təxribatının qarşısının alınması zamanı yeni bir tarixi qələbə əldə edildi, düşmənə layiqli cavab verildi. Bütün xalqın qürurunusevincini kükrədən həmin qələbənin təşkilatçısı isə Ali Baş Komandan kimi İlham Əliyev oldu.

Tovuz hadisələrinin qarşısının uğurla alınmasının bir neçə obyektivciddi göstəricisi vardır ki, onlar da Ali Baş Komandan kimi İlham Əliyevin məqsədyönlü, Azərbaycanın milli maraqlarına yönəlmiş fəaliyyətinin kimsə tərəfindən inkar edilməsi mümkün olmayan nəticələridir. Ən başlıca göstərici, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkənin müstəqil söz sahibinə çevrilməsi, onun iqtisadi və hərbi qüdrətinin artmasıdır.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi doğru-düzgün siyasət Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasına yol açmışdır. Bu gün ölkəmiz dünyada mövcud olan bütün obyektiv çətinliklərə baxmayaraq sürətlə və davamlı şəkildə inkişaf edir. Bu inkişafın təminatçısı isə Prezident, Ali Baş Komandan İlham Əliyevdir.

Tovuz hadisələrindən sonrakı çıxışlarının birində ölkə rəhbəri İlham Əliyev Azərbaycanın güclü dövlətçiliyə malik olması haqqında belə deyirdi: “Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub– istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə”.

Doğrudan da, indi Azərbaycan müstəqil və ardıcıl siyasət yeridən, dünya dövlətlərinin hesablaşdığı və dünya təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rolu olan bir dövlətdir. Azərbaycan öz inkişafının bütün parametrləri ilə öz müstəqilliyini miskin və kənar güclərdən asılı bir duruma gətirən Ermənistanı dəfələrlə qabaqlamaqdadır. Yalnız onu demək kifayətdir ki, İlham Əliyevin ölkə Prezidenti seçildiyi 2003-cü ildə respublikanın dövlət büdcəsi 1,5 milyard ABŞ dolları olduğu halda, bu gün həmin büdcə 25 milyard dollara çatmış, dövlətin valyuta ehtiyatları isə 51 milyard dolları ötmüşdür.

(ardı var)

Mehman SÜLEYMANOV,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru

Xalq qəzeti  2020.- 19 avqust.- S.3.