Bu bəlaya da qalib gələcəyik

Bəşəriyyəti cənginə almış koronavirus pandemiyası ­dünyada vəziyyəti tamamilə dəyişdi və nəticədə yeni reallıqlar meydana çıxdı. Azərbaycan yeni vəziyyətə çevikadekvat reaksiya verdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının videoformat şəklində Zirvə görüşlərinin keçirilməsi, həmçinin dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etməsi və qəbul olunması, səhiyyənin gücləndirilməsi, xalqın sosial güzəranının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər bunu bir daha sübut edir.

Türk Şurasının Zirvə görüşündəki nitqində dövlətimizin başçısı haqlı olaraq vurğulamışdır ki, pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü bir zamanda möhtərəm Prezidentimiz İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Zirvə görüşündəki nitqində “Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır” – hədəfini açıqladı. Bir-birinə əks qütblərdə dayanan dövlətlərin, beynəlxalq təşkilatların koronavirus infeksiyasına qarşı mübarızədə bir araya gəlməsi “Azərbaycan dünyanı birləşdirir” tezisini bir daha təsdiqlədi.

Azərbaycan real həqiqətlərə, real faktlara əsaslanan ağıllı təbliğatına, əlverişli coğrafi mövqeyinə güvənərək, dövlətlər, xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, bu aktual çağırışı edir ki, beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizm müəyyənləşdirilsin, bütün problemlərin, o cümlədən regional münaqişələrin həllində ədalət meyarı əsas götürülsün.

Ümumbəşəri bəla olan koronavirus pandemiyası dövlətlər, xalqlar arasında birliyin, həmrəyliyin vacibliyini bir daha aktuallaşdırdı. Mən pandemiya ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarını diqqətlə izləyirəm. Təşkilatın baş direktoru Tedros Qebreyesusun bu fikirlərinə diqqət çəkmək istəyirəm: “Biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır.”

Bu həmrəyliyin yaradılmasında Azərbaycan öndə gedən ölkələrdəndir. Hər zaman olduğu kimi, bu gün, pandemiyanın geniş yayıldığı və mübarizənin dərinləşdirildiyi bir zamanda da dövlətimiz yalnız özünü deyil, dünyanı düşünür.

Azərbaycanın ümumbəşəri bəlaya qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza müraciətlərində koronavirusdan xilas olmağın ən adi qaydalarına riayət edilməsinə çağırışlar olunur. Mehriban xanım Əliyevanın “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm!” kimi çağırışları bizi bu bəlaya qarşı birləşməyə yönəltmişdir.

Biz sənət adamları da bu çağırışları yüksək qiymətləndirir, dövlətimizin apardığı mübarizəni dəstəkləyirik.

 

Oqtay MİRQASIMOV,

 Xalq artisti

Xalq qəzeti  2020.- 19 avqust.- S.4.