Peşə
hazırlığının istiqamətləri ölkəmizin
iqtisadi inkişafına
uyğunlaşdırılır
Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri, əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dövlətimizin başçısı bu il iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etdiyi zaman peşə təhsili ilə də bağlı strateji istiqamətləri göstərməklə yanaşı, bu sektorun inkişafını nə dərəcədə yaxından izlədiyini bir daha göstərdi. Prezident beynəlxalq tərəfdaşlarımızla səmərəli işbirliyi quraraq peşə təhsili sahəsindəki kadr hazırlığını ölkəmizin sosial-iqtisadi inkişafına uyğun inkişaf etdirməyi qarşıya məqsəd qoyub.
Dünyanın inkişaf etmiş ölkələrində əmək bazarının əsas istiqamətlərindən biri, məhz, peşə təhsilidir. Dövlət və qeyri-dövlət təşkilatları ilə peşə təhsili müəssisələri arasında əlaqələrin təkmilləşmiş səmərəli sistemi formalaşıb ki, bu da peşə liseylərinə cəmiyyətin həyatında fəal iştirak etmək, yeni çağırışlara uyğun inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır. Həmin ölkələrdə nəinki məktəbyaşlı yeniyetmələrin, həmçinin yaşlıların, hərbi xidmətdən qayıdanların, mühacirlərin və fiziki cəhətdən qüsurlu insanların peşə hazırlığı alması reallaşdırılır. Orta məktəbi bitirən gənclərin 40-60 faizi peşə təhsilinə yönəldilir, işəgötürənlər öz gəlirlərinin müəyyən faizini məhz peşə hazırlığına yönəldirlər.
Azərbaycanda da bu sahədə müəyyən təcrübə var. Ölkəmizdə ilk peşə məktəbi 1843-cü ildə Şəkidə açılıb. Orada ipəkçi ustalar hazırlanırdı. Bundan 52 il sonra Bakıda mexaniki inşaat sənət məktəbi yaradılıb. 1914-cü ildə artıq on sənət məktəbində 2400-dən çox şagird peşələrə yiyələnirdi. İkinci dünya müharibəsindən sonra bu şəbəkə daha da genişləndi, artan tələbata uyğun yeni binalar tikildi, tədris-təcrübə bazaları möhkəmləndirildi.
Təəssüf ki, 1988-93-cü illərdə ölkəmizdə yaranmış mürəkkəb iqtisadi-siyasi şərait nəticəsində peşə təhsilinə münasibət heç də ürəkaçan olmayıb. Ənənələr pozulub, binalar qarət edilib və təcrübəli mühəndis-pedaqoji kadrlar dağılıb. Hətta, bu təhsil sahəsinin gərəkliyini lazımınca qiymətləndirə bilməyənlər sistemin bütövlükdə ləğv olunmasını təklif edirdilər.
Yaxşı ki, həmin təbəddülatlar dövrü arxada qalıb. Son illərdə bütövlükdə təhsil sistemimizdə olduğu kimi, onun peşə təhsili pilləsində də inkişafa nail olunub. 1996-cı ildə Nazirlər Kabineti “Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” qərar qəbul edib. Bəzi məktəblərin bazasında liseylər yaradılıb. Nəhayət, 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” təsdiq olunub. Bu dövlət sənədində texniki peşə təhsilinin hərtərəfli inkişafının kon-kret yolları aydın göstərilib. Məqsəd peşə təhsilinin ictimai statusunun yüksəlməsi və məzmununun müasir tələblər səviyyəsində yeniləşməsidir.
Proqramın qəbulundan ötən müddətdə Təhsil Nazirliyi səviyyəsində xeyli iş görülüb. Xüsusi fəaliyyət planı təsdiqlənib və icrası ciddi nəzarətə götürülüb. Nazirliyin Avropa Komissiyası ilə birgə həyata keçirdiyi “Peşə təhsili və təlim sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində müəyyən işlər görülüb. KNAUF şirkəti ilə də birgə layihələr həyata keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun bildirdiyinə görə, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 55 peşə təhsili müəssisəsinin bazasında 24 peşə təhsili mərkəzi yaradılıb. Peşə təhsil mərkəzlərinin mərhələli olaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulub. İlkin olaraq ötən il Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, bu il isə 4 müəssisə publik hüquqi şəxs statusu alıb. Bunlardan üçü Bakı şəhərində, biri isə Sumqayıtda fəaliyyətdədir. Yeni yaradılmış müəssisələrdə təzə struktur tətbiq edilib. Bu da onların idarəetməsini daha effektiv təşkil etməsi baxımından vacib addımdır. Bu il ərzində daha bir neçə publik hüquqi şəxs yaradılacaq. Bunlar əsasən regionlarda aparılmış optimizasiyanın nəticəsi olaraq yaradılan müəssisələrin bazasında fəaliyyət göstərənlər sırasından olacaq.
Ölkəmizdə pilot təhsil proqramları ilə təhsil verən peşə təhsili mərkəzləri var. Belə mərkəzlərin sayını artırmaq nəzərdə tutulur. Pilot təhsil proqramlarının tətbiq ediləcəyi müəssisələrdə yeni hazırlanmış səriştə əsaslı təhsil proqramları (kurikulumlar) və modul tədris vəsaitləri tətbiq olunur. Beynəlxalq layihələr çərçivəsində hazırlanan bu proqramlar və tədris vəsaitləri işəgötürənlərin birbaşa tələblərini əks etdirir. Həmin müəssisələrdə istər qəbul zamanı, istərsə də tədris və təcrübənin təşkili zamanı işəgötürənlərlə sıx əməkdaşlıq qurulub. Bu il, həmçinin ilk dəfə olaraq yüksək texniki peşə təhsili səviyyəsi olaraq 2 ixtisas üzrə qəbul həyata keçiriləcək. Bunlar nəqliyyat vasitələrinin istismarı və informasiya texnologiyaları ilə bağlı ixtisaslar olacaq. Bu günə olan nəticələr göstərir ki, pilot peşə təhsil müəssisələrində təqdim olunan ixtisaslara maraq yüksəkdir.
Peşə təhsili müəssisələrinin mövcud infrastrukturu və güclü mühəndis-pedaqoji heyətinin olması inkişafı şərtləndirən amillərdəndir. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində yaradılan Peşə Təhsili Mərkəzində artıq ötən ildən pilot olaraq başlanmış və Koreya Respublikasının təcrübəsi əsasında yaradılmış tədris proqramlarından və materiallardan istifadə etmək nəzərdə tutulur.
Hazırda bütün sahələr kimi, peşə təhsili də pandemiya sınaqları ilə üz-üzədir. Təlim-tədris prosesinin mart ayından etibarən dayandırılması qısa zamanda alternativ çıxış yollarının tapılmasını və təlim-tədris prosesinin məsafədən təşkili məsələsini qaçılmaz etdi. İlk olaraq peşə təhsili pilləsi üzrə teledərslərin hazırlanmasına qərar verildi. Qısa müddətdə 80-dən artıq teledərs hazırlandı. Həmin teledərslər artıq müxtəlif sənaye sahələrində əməkdaşların təlimi üçün istifadə olunur. “Microsoft Teams” proqramı üzərindən aparılan dərslər tələbələrin və müəllimlərin iştirakı ilə interaktiv şəkildə təşkil edildi. Fərəhli haldır ki, pandemiya məhdudiyyətləri dövründə Azərbaycanın peşə təhsili pilləsi üzrə tətbiq etdiyi yanaşma Avropa Təlim Fondu tərəfindən də böyük maraqla qarşılandı və müvafiq hesabatda bu uğurlar qeyd olundu. Başqa sözlə, bu sahəyə cavabdeh şəxslər pandemiyanın yaratdığı yeni həyat qaydalarını problem kimi deyil, yeni imkan kimi dəyərləndirə bildilər. Artıq hazırlanan TV dərslərə baxıb dərziliyi, aşpazlığı, bitkiçiliyi və s. öyrənmək şansı əldə edən yüzlərlə insan var. Təkcə “Youtube” platforması üzərindən bu dərslərə 11000-dən artıq baxış olub. Hazırda bir sıra inkişaf etmiş ölkələrin məsafədən tədris metodikaları qiymətləndirilir.
Bu sahədə görülən işlər peşə təhsilinin cəlbediciliyinin artmasında mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərdən biri bu ilin fevralında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, turizm-xidmət üzrə ixtisaslaşan PTM-lərin və “JW Marriott Absheron Baku” otelinin birgə təşəbbüsü ilə keçirilib. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar belə tədbirlər onlayn formatda təşkil edilir. İndiyədək peşəyönümü və əmək bazarında olan ixtisaslar barəsində gənclərin maarifləndirilməsi məqsədilə kənd təsərrüfatı, İKT, avtomobil təmiri və xidmət, mebel sənayesi, üzümçülük və şərabçılıq, turizm-xidmət, bitkiçilik üzrə “Peşə seçimi və iş imkanları” mövzusunda sosial şəbəkə vasitəsilə vebinarlar təşkil edilib. Bundan əlavə, peşə təhsili müəssisələri mövcud ixtisaslar və karyera imkanlarına dair mütəmadi olaraq virtual turlar təşkil edir. Eyni zamanda, Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin İnkişaf Proqramı (UNDP Azerbaijan), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclərinin Nailiyyəti – “Junior Achievement Azerbaijan” təşkilatının birgə əməkdaşlığı çərçivəsində peşəyönümü, karyera planlaşdırılması və ixtisas seçimi üzrə onlayn təlimlər təşkil olunub.
P.Yusifovun dediyinə görə, peşəyönümü xidmətinin təmin olunması üzrə hüquqi-normativ bazanın təkmilləşdirilməsi istiqamətində “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası” artıq müəyyən olunub. Nazirlər Kabinetinin 12 may 2020-ci il tarixli Qərarı ilə təsdiq olunan bu qaydalar təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanmasına xidmət edir.
– Peşə təhsilinin ölkədə təşviqi və imicinin yüksəldilməsi məqsədinə xidmət edəcək daha bir uğurumuz var. Bu ilin martından Azərbaycan “WorldSkills Asia” təşkilatının tamhüquqlu üzvüdür. Həmçinin, “WorldSkills International” təşkilatına assosiativ üzv olmaq üçün müvafiq müraciət formaları təşkilatın katibliyinə təqdim edilib. “WorldSkills” peşə təhsili sahəsində olimpiada, bacarıqların yarışı kimi qəbul edilir. Bu yarışlarda qalib olan ölkələr öz məzunları və işçi qüvvəsi ilə fəxr edə bilir. Dünyanın bir çox ölkələrindən bu yarışlarda qalib olan şəxslərə iş təklifləri gəlir. Gələcəkdə biz bu müsabiqəni həm yerli səviyyədə təşkil etməyi, həm də beynəlxalq səviyyədə iştirak edərək peşəkarlarımızı və ənənəvi sənətlərimizi sərgiləməyi planlaşdırırıq.
Bu ilin fevral ayında Peşə Təhsili üzrə Dövlət Agentliyi, özəl sektordan “Woodpecker” şirkətinin direktoru, Cəlilabad Peşə Təhsili Mərkəzinin mühəndis-pedaqoqları, özəl sektordan şirkət rəhbərləri, eləcə də BMT-nin İnkişaf Proqramı nümayəndələrinin Estoniya Respublikasına birhəftəlik işgüzar səfəri olub. Səfərin əsas məqsədi Estoniyada peşə təhsili elementlərinin tətbiqi ilə tanışlıq və peşə təhsili sahəsində ölkənin qabaqcıl təcrübəsini öyrənmək idi. Nümayəndə heyəti Tallində peşə təhsil sisteminin maliyyələşdirilməsi mexanimzləri, müsbət rəqabətliliyin tətbiqi ilə tanış olub. Vurğulamaq lazımdır ki, Estoniyada tədris prosesi tam olaraq rəqəmsallaşdırıb və təhsil müəssisələri özəl sektorla yaxından əməkdaşlıq edir. Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT İnkişaf Proqramının “Azərbaycanda peşə təlimi və tədrisi mərkəzlərinin müasirləşdirilməsi layihəsi” çərçivəsində də uğurlar var. Məsələn, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və “Woodpecker” mebel şirkəti arasında yaradılmış əməkdaşlıq nəticəsində üzlükçü-dizayner ixtisasından bu il məzun olacaq tələbələrin bir hissəsi adıçəkilən şirkətdə işə başlayacaq.
Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində dualabənzər Peşə Təhsili və Təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində işəgötürənlərin peşə təhsilinə cəlb olunması ilə usta yanında şagirdliyi özündə ehtiva edən “Dual peşə təhsili” elementləri tətbiq edilib və nəticədə 50-dən çox müəssisə Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə mərkəzləri ilə əməkdaşlığa cəlb olunub.
İşəgötürənlərin peşə təhsili müəssisələri ilə əməkdaşlığının gücləndirilməsi və istehsalat təcrübəsinin təşkili, onların peşəyönümü işinə dəstək göstərməsinə dair layihələr də uğurludur. Bunlara maşınqayırma və sənaye sahəsi üzrə “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək”, kənd təsərrüfatı və istehsal sahəsi üzrə “Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması” layihələrini, meyvəçilik və çayçılıq sahəsi üzrə isə Aqrar Məşğulluğun Artırılması Layihəsini (AMAL) misal ola bilər.
Bununla yanaşı, hazırda peşə təhsili müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirilir. Bu məqsədlə növbəti ildə Xaçmaz Peşə Məktəbində yeni istixananın, Quba Peşə Liseyində dəmirçi emalatxanasının, Qax Peşə Liseyində dəmirçi və dülgər emalatxanalarının, həmçinin yenidən qurulmuş Bərdə Peşə Liseyinin tələbələrin ixtiyarına verilməsi planlaşdırılır. Cəlilabad Peşə Təhsil Mərkəzinin tikintisi, Lənkəran Peşə Təhsil Mərkəzinin layihələndirmə işləri davam edir. Bu il Mingəçevir Dövlət Universiteti və Mingəçevir Peşə Məktəbinin birgə kampusunun layihələndirilməsi işlərinə də start veriləcək. Bu da sənaye üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, ali və peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması prizmasından çox vacib layihədir.
İndi peşə təhsili üzrə tələbə qəbulu dövrüdür. Əsasən, onlayn qaydada keçirilən qəbul prosesinin pandemiya şərtlərinə zidd olan hər hansı bir cəhəti, demək olar ki, yoxdur. Peşə təhsili müəssisələrinə qəbul üçün elektron informasiya sistemi yaradıllıb. Sözügedən elektron qəbul sistemi vasitəsilə vətəndaşlar istədikləri yerdən, heç kimlə birbaşa ünsiyyətdə olmadan müvafiq məlumatları yaratdıqları şəxsi kabinetlərində doldurmaqla sənəd qəbulu prosesində iştirak edə bilirlər. Qeyd edək ki, qəbulun bu formatda həyata keçirilməsi vətəndaşlarımızın rahatlığı və sağlamlığı baxımından vacibdir. Sənədlərin qəbulu məsələsində də bir sıra yeniliklər var. Belə ki, əvvəllər müsabiqədə uğur qazanan namizədlər müvafiq sənədləri qəbul olunduqları gündən etibarən peşə təhsili müəssisələrinə təqdim etməli idilər. Hazırda bu prosesin də elektron qaydada aparılması və ya sənədlərin sosial məsafəni qorumaqla müəssisəyə təqdim olunmasını təmin etməyin yolları nəzərdən keçirilir.
Bu il ərzində peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi də gözlənilir. Ölkə başçısının tapşırığına uyğun olaraq, peşə təhsilinə yeni ixtisaslar gətiriləcək, köhnəlmiş və lazımsız ixtisasların isə tədrisi dayandırılacaq. İxtisaslı kadrların hazırlanması üçün qısamüddətli təlimlər vasitəsilə peşə təhsili və təliminin əhatə dairəsinin genişləndirilməsi digər hədəflərdəndir. Burada ilk növbədə məsafədən, mümkün olduğu halda isə kiçik qruplar halında əmək bazarının tələblərinə uyğun kursların keçirilməsi planlaşdırılır.
“Peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır” – Prezident İlham Əliyevin yeni Təhsil nazirinə verdiyi bu tapşırıq onun fəaliyyət proqramında aparıcı yer tutmaqdadır.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti 2020.- 19 avqust.- S.6.