Mübariz Qurbanlı: Möminlərə məhərrəmlik mərasimlərini
öz evlərində ailələri ilə
birlikdə təşkil etmələri tövsiyə olunur
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
Trend-ə müsahibəsi
- Koronavirus pandemiyası dünya ölkələrini narahat
edən ciddi problemə çevrilib.
Pandemiya mənəvi sahəyə də öz təsirindən yan
keçməyib. Bu barədə fikirlərinizi
bilmək istərdik.
- Koronavirus pandemiyası hələ
də insan sağlamlığına böyük təhlükə olmaqda
davam edir. Onun təhlükəsi hansısa region və ya ölkə
ilə məhdudlaşmır, qlobal xarakter daşıyır. Amerika, Hindistan,
Rusiya, İran və
digər ölkələrdə hər gün
minlərlə insan pandemiyanın
qurbanı olur. Ümumdünya
Səhiyyə Təşkilatının, aparıcı
araşdırma mərkəzlərinin ekspertlərinin rəyinə
görə, koronavirus infeksiyasının birbaşa müalicəsi üçün
dərman və ya peyvənd
hazırlanmayana qədər ona
qarşı ən effektiv mübarizə yolu izolyasiya tədbirləri
həyata keçirmək, fərdi gigiyenaya
diqqəti artırmaq və qoruyucu vasitələrdən
istifadə etməkdir. Hazırda demək olar ki, dünyanın hər
yerində bu ümumbəşəri bəlanın
qarşısının alıması və onun
fəsadlarının minimalizə etmək məqsədilə
cəmiyyətin bütün sahələrində,
o cümlədən mənəviyyat sahəsində
də müəyyən məhdudlaşdırıcı
tədbirlər həyata keçirilir, təhsil
müəssisələri, mədəniyyət ocaqları və
ibadət evlərinin fəaliyyətinə qadağalar
tətbiq olunur.
Ötən dövr ərzində
müsəlmanlar Ramazan və Qurban, xristianlar Pasxa bayramlarını məscid və kilsələrdə
qeyd edə bilməyiblər. Hətta,
İslamın inanc sistemində önəmli
yeri olan və vacib əməllərdən sayılan Həcc
ziyarəti çox məhdud çərçivədə
qeyd olundu, dünya müsəlmanlarının Kəbə
evini ziyarət etmələrinə icazə
verilmədi. Eyni zamanda,
İran və İraqda
yerləşən, azərbaycanlı zəvvarların da ziyarət etdiyi müqəddəs
məkanların fəaliyyətinə müəyyən qadağalar tətbiq olundu.
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ölkəmizdə ilk yoluxma halı qeydə alınmamışdan əvvəl başlanılmışdı. Prezident İlham Əliyev tərəfindən həmin vaxtdan etibarən mübarizə tədbirləri nəzarət götürüldü, əhalinin sağlamlığı və insan həyatının qorunması əsas istiqamət kimi müəyyənləşdirildi. Bu məqsədlə Nazirlər Kabineti yanında Opretiv Qərargah yaradıldı, tibbi, sanitar-epidemoloji vəziyyəti öyrənmək və qabaqlayıcı addımların atılması üçün ekspert qrupları təşkil olundu, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edildi. Minlərlə vətəndaşımız, o cümlədən din xadimlərimiz dövlət başçısının bu təşəbbüsünə dəstək verdi.
Mart ayının əvvəllərindən etibarən
ÜST və yerli ekspertlərin tövsiyələri
nəzərə alınaraq Operativ Qərargah
tərəfindən ölkə ərazisində sərt karantin rejiminin tətbiq
olunmasına qərar verildi. 17 mart 2020-ci il tarixli qərara əsasən kütləvi tədbirlərin
keçirildiyi bütün
qapalı məkanların, o cümlədən
ibadət evlərinin fəaliyyəti dayandırıldı. Məlumat
üçün deməliyəm ki, buna qədər Azərbaycanda
fəaliyyət göstərən konfessiyaların rəhbərləri
məsələyə öz münasibətlərini
bildirmişdilər. Mart
ayının 5-də Qafqaz Müsəlmanları
İdarəsində keçirilmiş iclasda pandemiya
dövründə ibadət evlərinin fəaliyyəti ilə
bağlı bəyannamə qəbul edildi.
Həmin bəyannamədə dindarlara
moizə və birgə ibadətlərin təxirə
salınması, mümkün olduğu qədər ibadətlərin evdə
yerinə yetirilməsi, kütləvi mərasimlərin, mövlud və şəhadət günlərinin,
o cümlədən ehsan
mərasimlərinin keçirilməməsi məsləhət
bilindi. Ramazan və Qurban bayramları ərəfəsində
QMİ tərəfindən verilmiş fətvalarda
möminlərə namazlarını ailə daxilində
qılınması, karantin qaydalarına
riayət olunması tövsiyə olundu. Ramazan və Qurban bayramı
namazları məscidlərdə qılınmadı.
- Dini ayinlərin, mərasimlərin
keçirilməsinə də təsir edən pandemiya
şəraitində ibadətlər də dövrün
tələblərinə uyğun həyata
keçirilməsinə bəzi qüvvələr başqa don geyindirməyə
çalışırlar. Bu məsələyə
münasibətiniz?
- Görülmüş
tədbirlər nəticəsində ölkəmizdə koronavirus infeksiyasına yoluxma
sayının azalması, bir sıra sahələrdə
karantin rejimi
qaydalarının yumşaldılması ilə eyni vaxtda məscidlərin
açılması ilə bağlı müzakirələr
aparılmağa və çağırışlar səsləndirilməyə
başlanıldı. Bəziləri bunu qarşıdan məhərrəmlik
ayının gəlməsi ilə əlaqələndirirək,
məscidlərdə kütləvi tədbirlərin
keçirilməməsi barədə qadağanın qüvvədə
qalmasında Azərbaycan hökumətinin hansısa
marağının olduğunu iddia edirlər.
Bildirməliyəm ki, Azərbaycan cəmiyyətində dini və mənəvi dəyərlərə həmişə münasibət birmənalı olaraq yüksək olmuşdur. Ümumiyyətlə, belə məsələlər daim Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunub. Dövlət başçısı mütəmadi olaraq vətəndaşların ölkədə dini etiqad azadlığını həyata keçirmələri üçün bütün şəraitin yaradılması, məscidlərin, ziyarətgahların tikilməsi, təmir-bərpası, dini icmalar və din xadimlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə sərəncamlar imzalayır, göstərişlər verir. Bakının Təzə Pir, Əjdər bəy, Hacı Cavad, Şamaxı şəhər Cümə məscidləri, Bibiheybət, Bərdə rayonu İmamzadə, Gəncə şəhəri İmamzadə Ziyarətgah Kompleksləri dövlət vəsaiti hesabına tikilmiş və ya bərpa edilərək inanclı insanların istifadəsinə verilib. Hər il Prezident İlham Əliyev Şeyxülislam həzrətlərinin təşkil etdiyi iftar süfrələrində iştirak edir, mütəmadi olaraq dini bayramlar və digər əlamətdar günlərdə möminlərlə bir araya gəlir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən bölgələrdə iftar məclisləri təşkil edilir. Dövlət başçısı və birinci xanımın bölgə, habelə xarici səfərlərində müqəddəs məkanların ziyarət edilməsi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edilənlərə əsasən bildirməliyik ki, pandemiya ilə əlaqədar
məscidlərin fəaliyyətinin məhdudlaşdırılması
qərarının qüvvədə qalmasını Azərbaycan
dövlətinin məqsədli siyasəti kimi
təqdim olunması yolverilməz haldır. Xüsusilə də insanların
sağlamlığının həyatı təhlükə
altında olduğu dövrdə atılan
zəruri addımlara mahiyyətinə uyğun
olmayan mənaların axtarılması qərəzli
olmaqla yanaşı, cəmiyyət
qarşısında məsuliyyətsizlik kimi
qiymətləndirilməlidir. Bu məsələdə
yanlış müqayisələr əhali arasında
çaşqınlığa və arzuolunmaz
nəticələrə səbəb ola
bilər.
Ümumiyyətlə, koronavirusla bağlı izolyasiya tədbirləri yalnız Azərbaycanda tətbiq olunmur. Dünyanın əksər yerlərində, o cümlədən müsəlman dövlətlərində də COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ibadət evlərinin fəaliyyəti dayandırılıb və ya kütləvi dini mərasimlərin keçirilməsi qadağan edilib. Bizimlə qonşu ölkələrdə, Türkiyə, İran, Gürcüstan və Rusiyada da sərt izolyasiya tədbirləri həyata keçirilib və müxtəlif formalarda hələ davam etməkdədir. İranda mart ayından, Türkiyədə isə aprel ayından etibarən məscidlər və digər ibadət evlərinin fəaliyyəti dayandırıldı. May və iyun aylarında bu ölkələrdə “COVİD-19” xəstəliyinə yoluxma hallarının sayının azalması ilə mərhələli şəkildə və müəyyən qaydalara riayət etmək şərtilə məscidlərin fəaliyyətə başlamasına icazə verildi. Lakin həmin ölkələrdə hazırda virusa yoluxanların sayında artım müşahidə olunur ki, bu da mütəxəssislər tərəfindən narahatlıqla qarşılanır və yenidən sərt izolyasiya tədbirlərinin tətbiq edilməsi ilə bağlı müzakirələrə başlanılıb. Digər bir müsəlman ölkəsi, Azərbaycan möminləri üçün əhəmiyyətli olan İraqda da koronavirusla mübarizə çərçivəsində ölkə ərazisində yerləşən müqəddəs məkanlar və məscidlərdə kütləvi dini mərasimlərin keçirilməsinə məhdudiyyətlər tətbiq olunmaqdadır. Bu ölkənin nüfuzlu din xadimləri və alimləri qarşıdan gələn Məhərrəm ayı mərasimləri ilə bağlı müraciət ünvanlayaraq möminlərə Məhərrəmlik mərasimlərini öz evlərində ailə üzvləri ilə təşkil etmələri, sanitar-gigiyenik qaydalara riayət olunmasını tövsiyə ediblər. Din xadimlərinə fəaliyyətlərini televiziyalar, internet və onlayn informasiya vasitələri üzərindən həyata keçirmək, dindarlara kütləvi toplantılardan uzaq durmaq barədə çağırışlar ediblər.
Son 10 gündə Azərbaycanda koronavirusa
yoluxanların sayında kəskin azalma
qeydə alındı. Gündəlik yoluxma
sayı yüzün altına düşdü və karantin
rejimi qaydalarının mərhələli
yüngülləşdirmə prosesinə
başlanıldı. Lakin son
3 gündə yoluxma sayında yenidən
artım müşahidə olunmaqdadır. Mütəxəssislər
bu dalğalanmaya və
digər ölkələrin təcrübələrinə əsasən
arxayınlaşmamağı və ehtiyatı əldən verməməyi
tövsiyə edirlər. Hazırkı məqamda kütləvi
tədbirlər keçirilən bütün
məkanlarda, böyük ticarət mərkəzlərinin,
həmçinin, ibadət evlərinin fəaliyyətə
başlamasını məqsədəuyğun hesab
etmirlər. Artıq Operativ Qərargah tərəfindən
Azərbaycanda karantin rejiminin
müddəti avqust ayının 31-ə dək
uzadılıb. Həmin tarixədək ibadət evlərinin fəaliyyətinə
icazə verilməsi gözlənilmir.
Bu məsələyə azərbaycanlı
möminlər və din xadimləri də
artıq münasibətlərini bildiriblər. Onlar mütəxəssislərin
rəyinə yüksək etimad göstərərək
Məhərrəmlik mərasimlərində onminlərlə möminin iştirak etdiyini nəzərə alaraq
bu mərasimlər zamanı sanitar-gigiyenik, sosial məsafənin
saxlanması və digər qaydalara riayət
olunmasına nəzarət edilməsinin mümkünsüz olduğunun
vurğulayırlar. Din xadimlərinin
insanların mənəvi aləmi ilə yanaşı,
onların sağlamlığının qorunmasına da məsuliyyət
daşıdıqlarını bildiriblər. Artıq bəzi din xadimləri Məhərrəm ayı ərzində
internet vasitə ilə canlı yayım
edəcəklərini, dinimizin bu ali dəyəri barədə
verilişlər hazırlayacaqlarını
açıqlayıblar.
Yeri gəlmişkən, bu gün Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən keçirilən onlayn toplantıda səsləndirilən
QMİ-nın Qazılar Şurasının müraciətində
də bir sıra önəmli məqamlar öz əksini tapıb. Müraciətdə
öz əksini tapan məqamlara
qarşı din xadimlərimiz xüsusi diqqət yetirməli, bu
həssas dönəmdə bu məsələdən
təxribatlar üçün istifadəyə
imkan verməməlidirlər.
Sonda bildirmək istərdim
ki, Azərbaycan xalqı tarixinin
ən çətin dövrlərində də öz dini-mənəvi dəyərlərinə
sadiq qalmışdır. Dinimizi
qoruyaraq bugünkü
nəslə gətirib çatdırmışlar. Hazırda məscidlərmizdə hər gün vaxtlı-vaxtında azanlar
oxunmaqdadır, möminlərimiz bu bəlanın
tezliklə bitməsi üçün dualar etməkdədirlər. Ümid
edirəm ki, yaxın vaxtlarda
dünya bu bəladan xilas olacaq, yenidən normal həyatımıza dönəcəyik.
Möminlərimiz yenidən məscidlərimizdə öz vacib ibadətlərini
sərbəst şəkildə yerinə yetirəcəklər.
Eyni zamanda
qeyd etməliyəm ki,
biz bu prosesin
sürətlənməsinə tövhə də verə bilərik.
Xəstəliklə mübarizənin ön
cəbhəsində olan həkimlərimiz,
əsgərlərimiz, polislərimiz artıq neçə
aylardır ki, böyük
əzmlə çalışırlar. Onlardan
bəziləri evlərinə, ailələrinin yanına belə
gedə bilmirlər, bəziləri bu
mübarizədə həyatlarını itiriblər. Biz
hamımız onlara və onların ailələrinə
mənəvi dəstək üçün,
həmçinin, risk qrupuna
daxil olan yaşlı
insanlarımız, analarımız, atalarımız, nənə-babalarımız
və xəstə yaxınlarımız üçün
səylərimizi birləşdirməliyik. Bunun üçün bizdən
sosial məsafə saxlamaq,
fərdi gigiyenamıza diqqəti artırmaq və qoruyucu vasitələrdən istifadə etmək
kimi sadə qaydalara
riayət etmək tələb olunur.
Xalq qəzeti 2020.- 21 avqust.- S.3.